Böyük missiyanın əyani göstəriciləri
Çağdaş Azərbaycan dövlətçiliyinin baş memarı Heydər Əliyevin anadan olmasının 89 illiyi ərəfəsində ölkə ərazisində və onun hüdudlarından uzaqlarda Ulu Öndərə həsr olunan tədbirlər silsiləsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də öz payı, öz töhfəsi vardır. Bu da təbiidir. Çünki Azərbaycan tarixnin taleyüklü hadisələrlə dolu böyük bir dövrü onun adıyla bağlıdır və bu dövrün hər bir mərhələsində Heydər Əliyev xalqımızın mədəniyyətinə, onun mənəvi potensialının zənginləşməsinə xüsusi önəm vermişdir. Ulu Öndərin milli mədəniyyətimizə olan sonsuz sevgi və qayğısından dönə-dönə bəhrələnmiş ADMİU öz fəaliyyəti boyu bu sədaqəti uca tutmuş, gənc nəslin təlim-tərbiyəsində, tədris prosesində onun arzu və ideallarından çıxış etmişdir. Son günlər ADMİU-da Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər bir daha sübut edir ki, ümummilli liderə bu ali təhsil ocağında rəğbət sonsuzdur. Universitetin “Kulturologiya” fakültəsinin “Mədəniyyətşünaslıq” kafedrasının təşkilatçılığı ilə keçirilən elmi-nəzəri konfrans Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə həsr olunmuşdu. 90 yaşlı ali təhsil ocağının həyatında hadisə kimi dəyərləndirilə biləcək konfransı giriş sözü ilə fakültənin dekanı, dosent Apdin Əlizadə açdı. Sonra “Mədəniyyətşünaslıq” kafedrasının müdiri, dosent Sədaqət Əliyevanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Tətbiqi kulturologiya” kafedrasının müdiri, professor İlqar Hüseynovun “90 illik yubiley ərəfisində professor – müəllim heyətinin elmi pedaqoji fəaliyyəti”, AMEA – nın “İngilis dili” kafedrasının müəllimi Gültəkin Mirqasımovanın “Heydər Əliyevin Azərbaycan heykəltəraşlığının inkişafındakı rolu”, Tamilla Əhmədovanın “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”, dosent Minaxanım Əsədovanın “Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafında rolu” mövzularındakı çıxışları maraqla dinlənildi, yüksək ideya və elmiliyi ilə diqqəti cəlb etdi. Məruzə və çıxışların ümumi ruhundan bir fikir, bir inanc qırmızı xətt kimi keçirdi: Azərbaycanımızın, xüsusən də onun paytaxtı Bakının bədii-estetik, memarlıq simasının kordinal surətdə, müasir dünya standartlarına uyğun dəyişməsində Heydər Əliyevin xidmətləri danılmazdır. Və bu böyük missiyasının həyata keçirilməsində o, mədəniyyət xadimlərimizin, rəssam və heykəltəraşların, mühəndis və memarların yaradıcı potensialından məharətlə istifadə edə bilmişdir. Bu gün Bakımızı bəzəyən, ölkəmizə təşrif gətirən xarici qonaqları heyran edən onlarla memarlıq abidələri, parklar, xiyabanlar, heykəllər, fəvvarələr, küçə və meydanlar bu potensialın əyani göstəriciləridir.
İ.Alıoğlu
525-ci qəzet.- 2012.- 9 may.- S.7.