Jurnalistika IV hakimiyyət rolunda
III YAZI
Bütün elm sahələrində olduğu kimi,
jurnalistikanın nəzəri sahəsində yaranan terminlərdə
də bir-birinə yaxın, bir-birindən ancaq xüsusi
çalarları ilə fərqlənən anlayışlar
mövcuddur. Bu mənada jurnalistin sosial məsuliyyəti ilə
jurnalistin məsuliyyəti anlayışları bir-birinə
yaxınlıq, oxşarlıq təsəvvürü yarada bilər.
Lakin bu anlayışların hər birinin
özünəməxsus mənası, necə deyərlər,
açması var.
Jurnalistin sosial məsuliyyətini izah etdik. Və bu
izahdan belə bir nəticəyə gəlmək olar ki,
jurnalistin sosial məsuliyyəti onun xeyli dərəcədə
öz peşəsinin mahiyyətindən doğan mənəvi
tələbatdır, cəmiyyət qarşısında messiya
rolunu yerinə yetirmək iddiasından doğan keyfiyyətdir.
Bir sözlə, jurnalistin sosial məsuliyyəti
onun mənəvi və yaradıcılıq
dünyasının qovuşduğu yüksək ideala xidmət
edir.
Jurnalistin məsuliyyəti isə hüquq
anlayışıdır. Bu məsuliyyətə
laqeydlik onu məhkəmə kürsüsünə aparıb
çıxara bilər. Jurnalist məsuliyyəti iki
istiqamətdən tənzimlənir: 1. KİV-in hüquqi əsaslarını
müəyyənləşdirən Qanunlar məcmusu ilə;
2. Peşə etikasının tələblərinə diqqət
yetirməklə. Birincidə hər şey Qanuna
tabedir və bu qanunlara “yaradıcılıqla” yanaşmaq
olmaz. İkincidə peşənin bir
çox məqamı jurnalistin vicdanının,
yaradıcılıq qabiliyyətinin, humanist
baxışların... öhdəsinə buraxılır.
İkinci məsuliyyət mətbuatın,
jurnalistin özünütənzimləmə sisteminə
aiddir. Lakin son nəticədə hər
şey jurnalistin peşəsinə, özünə, cəmiyyətə
münasibətindəki məsuliyyətə bağlanır.
Dünyada söz və mətbuat azadlığı
genişləndikcə jurnalistin sözə məsuliyyəti də
artmaqdadır.
Çünki azad söz çox böyük məsuliyyət
tələb edir. Bu yuridik məsuliyyət
son vaxtlar getdikcə daha çox maraq doğuran jurnalist məsuliyyəti
anlayışını aktuallaşdırır.
Alimlərdən biri məsuliyyəti “müasir
jurnalistikanın ən böyük həll olunmamış
problemlərindən” hesab edir. (Desbarats, 1990) Daha bir nəzəriyyəçi
isə məsuliyyət probleminin həllində əsas çətinliyi
onda hesab edir ki, “alimlər və jurnalistlər bu məsuliyyəti
düzgün anlamaqda çətinlik çəkirlər”.
(Xristiane, 1989). Bəzi alimlərsə,
məsələn, Dennis və Gilmor hesab edirlər ki, “kütləvi
informasiya vasitələrinin məsuliyyəti məsələsi
hələ də konseptual cəhətdən dolaşıq
problem kimi qalmaqdadır.”
Jurnalistin
məsuliyyəti ilə bağlı maraqlı bir ədəbiyyatda
göstərilir ki, “medianın məsuliyyəti” ifadəsinin
mənası cəmiyyətin, yəni KİV məhsulunun
istehlakçılarının nöqteyi-nəzərindən
araşdırılır; məsuliyyətə məhz mediadan
inciyən, ondan şikayətçi düşən adamlar tərəfindən
işə salınmış bir proses kimi baxılır.
İndiana Ştatı Universiteti jurnalistika məktəbinin
əməkdaşı Devid Pritçardın fikrincə, məsuliyyət
baxımından KİV-in fəaliyyətini tənzimləyən
mexanizmlər sırasında Mətbuat şuraları
xüsusi yer tutur.
Təsadüfi deyil ki, Azərbaycanda mətbuatın
özəl sektorunun yaranması, söz və mətbuat
azadlığına qanunvericilikdə təsbit olunmuş
hüquqlar jurnalistikaya hər cür qüvvələrin
ziyanlı axınına şərait yaratdığı bir
vaxtda 2000-ci illərin əvvəllərində Azərbaycanda
da Mətbuat Şurası yaradıldı. Mətbuat
Şurası mətbuat-cəmiyyət münasibətlərini
tənzimləyən müstəqil qurumdur. Jurnalistlərin
ali məclisində-qurultayında təsis
edilmiş və demokratik əsaslı dövlətin heç
bir müdaxiləsi olmadan media əməkdaşlarının
özlərinin yaratdığı bu qurum indi mətbuatın özünütənzimləmə
mexanizmi kimi uğurla fəaliyyət göstərməkdədir.
Bu qurumun əsas fəaliyyət istiqamətlərindən
biri jurnalistə məsuliyyətini dərk etdirmək, onu dəqiq,
qərəzsiz, vicdanlı informasiya
yaradıcılığına yönəltməkdir. Bu gün Azərbaycanda Mətbuat Şurasının
fəaliyyət diapozonu o qədər çoxsahəli
olmuşdur ki, bu qurum hətta jurnalistlərin sosial şəraitinin
yaradılması işinə də öz töhfəsini
verir. Məhz Mətbuat Şurasının
təklifi ilə indiyədək cinayət törədib həbsdə
olmuş bir sıra jurnalist Azərbaycan Prezidentinin əfv fərmanı
ilə azadlığa buraxılmış, Azərbaycan
Respublikası Prezidentinin yanında KİV-ə Dəstək
Fondu yaradılmışdır. Azərbaycan
Prezidentinin göstərişi ilə Mətbuat Şurası
üçün hətta Avropada bənzəri olmayan ofis
inşa edilmişdir.
Azərbaycan Mətbuat Şurası indi bəzi jurnalistlərin
öz peşəsindən sui-istifadəsinin
qarşısını almaq üçün geniş tədbirlər
görür.
Xüsusilə böhtan, təhqir, şantaj yolu
ilə şəxsi mənfəət güdən jurnalistlər,
hətta bütöv qəzet redaksiyaları Mətbuat
Şurasının ciddi qınağına tuş gəlir və
əksər hallarda bu qınaq onları neqativ fəaliyyətdən
çəkinməyə məcbur edir.
Əlbəttə, bu kontekstdə söhbət jurnalistin
hüquqi məsuliyyətindən gedir. Biz isə, əslində,
jurnalistin cəmiyyət-sosium qarşısında
könüllü götürdüyü öhdəliyindən
danışırıq. Bu öhdəlik yaradıcı,
istedadlı adamın, bir az da artıq desək,
cəmiyyətin doğru yolda inkişafının
qayğısını çəkən ziyalının
jurnalistikaya gəlişinin ən güclü motivasiyası
hesab olunur.
Bütün ölkələrdə qəzetin ilkin
çağlarında jurnalistikanın maarifçilik funksiyası
birinci yerdə dayanıb. Aydındır ki, əsl
qəzet insanın ictimai həyatı, insanın ictimai maraq
dairəsi genişlənən zamandan formalaşıb. İnsanın dar ailə, qəbilə, tayfa şəklində
yaşaması çağında qəzetin geniş mənada
fəaliyyətinin mümkünlüyündən
danışmaq da olmazdı. Belə “cəmiyyətdə”
insanın informasiyaya tələbi də olmurdu. Qəzet cəmiyyət üzvlərinin
maraqlarının genişləndiyi və qovuşduğu
dövrün məhsuludur. Belə cəmiyyətin
artıq yavaş-yavaş informasiya tələbatı güclənirdi.
Bu tələbat sistemində insanın savad əldə
etməsi, məlumatlanması, maariflənməsi əsas yer
tuturdu. Ona görə də təsadüfi
deyildi ki, ilk qəzetlərdən tutmuş yaxın tarixə qədər
qəzet işi ilə daha çox maarifçi adamalar,
ziyalı qüvvələr məşğul olmuşlar.
Qəzet işi biznes növünə çox
gec gəlib çıxmışdır. Hətta
ən kəskin iqtisadi rəqabət və iqtisadi
çarpışmalar dövrünü yaşayan kapitalizmin
özündə də uzun müddət jurnalist cəmiyyətə
xidmət məqsədilə və həm də məhz
maarifçilik xidməti məqsədilə qəzet işinə
girişmişdir.
Hələ
1892-ci ildə məşhur alman tədqiqatçısı
Karl Byüxer bir az da təəssüf
hissilə qəzetçilik peşəsinin gəlir mənbəyinə,
kapitalist istehsal prosesinə çevrildiyini qeyd edərək
yazırdı: “Müasir qəzet – vahid rəhbərlik
altında müəyyən əmək haqqı ilə
çalışan böyük miqdarda şəxslərin
(müxbirlərin, redaksiyaların,
yığıcıların, korrektorların,
makinaçıların, elan toplayanların, yayımla məşğul
olanların və s.) xəbərlər
istehsal edən kapitalist müəssisəsidir”. Beləliklə,
təxminən XV əsrdən meydana gələn qəzet
dünyası XIX əsrdən bir sıra ölkələrdə
kapitalist müəssisəsinə çevrilir.
Lakin bununla belə jurnalist – altruistlər, məsələn,
Azərbaycanda XX əsrin əvvəllərinə qədər
maarifçilik işilə məşğul olmağı
özlərinə şərəf saymışlar. Yuxarıda geniş qeyd etdik
ki, ilk Azərbaycan milli mətbuatı “Əkinçi”nin banisi H.B.Zərdabi qəzetdən hansısa
bir qazanc götürməyi ağlına belə
sığışdırmamışdır. H.Zərdabi
qəzet çap etmək üçün özünün
son maliyyə imkanlarını sərf etmiş və buna
heç vaxt peşman olmamışdır. Böyük
C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu və başqa onlarca Azərbaycan
ziyalısı özlərinin maarifçilik ideyalarını
məhz mətbuat vasitəsilə gerçəkləşdirmişdir.
Mətbuatı maarif işinin əsas vasitəsi hesab edən
M.Ə.Rəsulzadə yazırdı: “Çünki əkinçiyə
toxum səpmək üçün münasib münbit və təmiz
yer lazımdır. Maarifin də inkişafına
və genişlənməsinə azad mühit və qələm
azadlığı lazımdır”. M.Ə.Rəsulzadə
göstərirdi ki, yazıçı və qələm əhli
mətbuatsız “xalqın təlim-tərbiyəsi ilə
bağlı heç nə edə bilməzlər”. 1918-1920-ci illərdə fəaliyyət göstərən
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
jurnalistika maarifçilik ideyalarına xidmət etmişdir.
Ədalətlə qeyd edək ki, sovet dönəmindəki
bütün nöqsanlarına baxmayaraq, Azərbaycan
jurnalistikası maarifçilik funksiyasını xeyli uğurla
davam etdirmişdir.
Bütün sovet mətbuatı sırf kommunist
ideologiyasının təbliğat maşını rolunu
oynasa da, hər halda bu dövr jurnalistikasının
maarifçiliyə diqqətini də inkar etmək olmaz. Azərbaycan
sovet jurnalistikasında, əsasən, yazıçı
publisistikası maarifçiliyə xidmət etmişdir.
1930-cu illərdən bu mövzuya diqqət göstərən
yazıçı və şairlər sırasında
M.S.Ordubadini, S.Vurğunu, M.İbrahimovu, M.Hüseyni, XX əsrin
II yarısından F.Mehdini, Anarı, Elçini, Ə. Əylislini
və başqalarını qeyd etmək olar.
Sovet dönəmində mətbuat kommunist
partiyasının və hakimiyyətin ideologiyasına xidmətə
istiqamətləndirilmiş və bunun üçün həmişə
dövlət büdcəsindən maliyyələşmişdir. Bu dövrdə
həmin monoton, eyni məzmunlu və hətta eyni formalı qəzetlər
rəqabətin nə olduğunu hiss etməmişdir. Sovet sistemində ideoloji mənada çox önəm
verilən “sosializm yarışı” anlayışı
vardı ki, guya mətbuat da bu yarışda inkişaf edib təkmilləşirdi.
Lakin “sosializm yarışı” heç bir sahədə
inkişafa təkan verə bilmədi. Jurnalistlərin
hansısa bir kollektivə aid etdikləri “sosializm
yarışını genişləndirərək planı
vaxtından xeyli əvvəl və artıqlaması ilə
yerinə yetirmişlər...” tipli cümləsi stereotipləşərək
ictimai rəydə gülünc qarşılanma prosesi
keçirirdi.
Jurnalistikanın bazar
münasibətlərindən, rəqabətdən
uzaqlığı onun inkişafını ləngidən
çox güclü fakta çevrilmişdi.
Bütün bu dövr ərzində Qərb
dünyasında jurnalistika artıq biznesin çox gəlirli
bir sahəsi idi. 70 il davam edən sovet
jurnalistikası dönəmində bütün mətbuat – qəzet,
radio, televiziya tamamilə dövlət monopoliyasında
olduğuna, büdcədən maliyyələşdiyinə
görə KİV-in biznes keyfiyyətindən söhbət gedə
bilməzdi. 1990-cı illərin əvvəllərində
SSRİ-nin dağılması, kommunist rejiminin süqutu ilə
hər şeydə olduğu kimi, jurnalistikada da yeni keyfiyyət
dəyişikliyi baş verdi. KİV-in özəl sektoru meydana gəldi və
jurnalistika ciddi biznes faktına çevrildi. KİV-in tipologiyasında ciddi dəyişiklik meydana
çıxdı. Bu da iki mühüm
faktorla şərtlənir, əvvəla cəmiyyətdə
sosial strukturun dəyişməsi ilə, ikincisi, mətbuatın
tipologiyasının bütün dünyada dəyişməsinə
gətirib çıxaran texnoloji məqamlarla. 70 il müddətinə KİV-in dünya təcrübəsindən
təcrid olunmuş SSRİ məkanındakı jurnalistika, o
cümlədən Azərbaycan jurnalistikası 1990-cı illərin
əvvəllərindən özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu. Yuxarıda qeyd etdiyimiz kimi, bu
mərhələdə ən böyük yenilik KİV-in
özəl sektorunun spontan şəkildə meydana
çıxması və inkişafı sayıla bilər.
Müasir KİV-in ümumi inkişaf
qanunauyğunluqları sırasında bu keyfiyyət
başlıca yer tutur. Özəl sektorun bu cür
inkişafı ilə biznesə çevrilən jurnalistika
gerçək fakt oldu.
Maarifçilik təməli üzərində qurulan və
uzun müddət bu təməldə inkişaf edən Azərbaycan
jurnalistikasında istər praktik, istərsə də nəzəri
cəbhədə iki istiqamət formalaşdı. Birincilər
jurnalistikanın klassik ənənələrini əsas
götürərək və bu ənənələrə
söykənərək KİV-in rolunu cəmiyyətə təmənnasız
xidmətdə, xalqın maariflənməsində
görür, H.Zərdabi, C.Məmmədquluzadə,
Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə kimi
ziyalıların yaradıcı məktəblərinə
söykənməyi, mətbuatı müstəqillik və milli
azadlıq uğrunda mübarizənin önündə görməyi,
jurnalistikanı bazar münasibətləri ilə heç
cür uyğun olmayan bir ictimai institut kimi qəbul etməyi
özlərinə şərəf işi bildilər və
bilməkdədirlər.
Jurnalistikanın bu cəbhəsində atalar – ənənəyə,
kökə sadiqliyi üstün tutan yaşlı nəsil
dayanır. Jurnalistikanın digər qütbündə bu sahədə
Qərb ənənələrinə söykənən,
KİV-in bazar münasibətləri sistemində daha kamil
olacağına bel bağlayan, özəl sektorun
inkişafına hər cür yardımın tərəfdarı
olan yeni nəsil dayanır. Təsadüfi deyil ki, Azərbaycanda
hələ 1958-ci ildən təsis edilmiş “Azərbaycan
Jurnalistlər İttifaqı”nın
alternativi kimi “Yeni nəsil” Jurnalistlər Birliyi
yaradıldı və bu təşkilatda “yeni jurnalistikanın”
nümayəndələri birləşdi.
Əlbəttə, həyat öz işini görür. Dünyanın
aparıcı, sivil dövlətlərinin bazar münasibətlərinə
üstünlük verdiyi indiki çağda bu münasibətlərin
bütün sahələrdə inkişafın qarantına
çevrildiyi halda bizim ölkə və eləcə də
bizim jurnalistika ondan imtina edə bilməz.
Doğrudan
da, bazar münasibətlərinə keçidlə
bağlı meydana çıxan özəl KİV sistemi bu
sahədə inkişafa güclü təkan verdi.
Biz bu barədə xeyli dərəcədə
yuxarıda danışmışıq. Ancaq
yenə də qeyd etməliyik ki, KİV-in tipologiyasının
bu sayaq genişlənməsi ilə cəmiyyətin demokratikləşməsinə
güclü təsir göstərən özəl qəzetlər,
radio və telekanallar yaranır və inkişaf edir. Yeni jurnalistika özünü həm
yaradıcılıq sahəsində, həm də KİV-in
mükəmməl təşkilati məqamlarının meydana
gəlməsində göstərməkdədir.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 9 may.- S.6.