Dərin qatlardakı zəngin xəzinə
ONU HƏLƏ
UZUN ILLƏR TƏDQIQ ETMƏK LAZIM GƏLƏCƏK
Xalq, dövlət və millət
qarşısında xidmətlərinə görə tarix
yazmış və adını tarixə yazdırmış
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
siyasi bioqrafiyası, dövlətçilik taleyi, idarəetmə
məktəbi haqqında hələ onun
sağlığında çoxsaylı sənədli filmlər,
nəşrlər işıq üzü görüb, məqalələr
yazılıb. Təbii ki, onların müəllifləri bu
böyük siyasət adamının tam obrazını
geniş ictimaiyyətə təqdim etmək üçün
imkanları və intellektləri daxilində araşdırmalar
aparıblar. Lakin tarix sübut edir ki, liderlərin həyat və
fəaliyyəti təkcə onların
sağlığında deyil, haqq dünyasına qovuşandan
sonra da uzun müddət öyrənilir, təbliğ olunur, bəzən
təftişlərə və hücumlara da məruz qalır.
Lakin bütün hallarda onlar milyonların gücü
çatmayan problemləri öz qüdrətli zəkaları
hesabına həll etdiklərindən subyektiv
baxışların fövqündə durur və əbədiyaşarlıq
qazanırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev məhz belə tarixi şəxsiyyətlərdən
biridir.
Bir var dünyanın
tanıdığı siyasi xadim barədə hər hansı
mülahizə söyləyərkən tarixi məxəzlərə
söykənmək, onun haqqında yazılan əsərləri,
məqalələri oxuyaraq, imzaladığı sənədləri
öyrənərək qənaətə gəlmək, bir də
var liderin fəaliyyətini onunla birbaşa təmasda olmaqla izləmək
imkanı qazanaraq fikirlər söyləmək. Zənnimcə,
məhz ikincilər liderinin daha dolğun obrazını yaratmaq
üçün geniş imkanlar əldə edirlər. Bir
şərtlə ki, onlar zaman və məkan
anlayışlarının qarşılıqlı münasibətlərini
və təsirini düzgün qiymətləndirsin, şəxsiyyətin
tarixdəki rolunu, ölkəsində və dünyada gedən
proseslərə liderin adekvat reaksiyasını ikinci plana
keçirməsinlər. Əlbəttə ki, bütün
yanaşmalarda intellektual səviyyə həlledicidir.
Mən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevi 1993-cü ildən
1996-cı ilədək çoxsaylı xarici səfərlərdə
müşaiyət etmiş, həmin səfərlərə həsr
olunmuş 20-dən çox sənədli televiziya filminin
ssenarisini yazmış, onun keçirdiyi müşavirə,
yığıncaq və toplantılarla bağlı 2000-dən
çox reportaj və şərh hazırlamışam. Mətbuat
səhifələrində Heydər Əliyevin daxili və
xarici siyasəti, dövlət quruculuğu məsələlərinə
həsr olunmuş yüzlərlə məqalənin müəllifiyəm.
Eyni zamanda, 2003-cü ildən bu günədək ümummilli
liderin diplomatiya və idarəetmə məktəbinə həsr
olunmuş “Arena” qəzetinin 10-dan çox xüsusi
buraxılışının (eyniadlı jurnalların)
baş redaktoru olmuşam. Lakin dərk edirəm ki, Heydər Əliyev
fenomenini öyrənmək üçün daha çox dərinliklərə
baş vurmaq lazımdır. Bu dərinliklərə isə tədqiqatçı
alim və filosofların baş vurması daha çox
vacibdir.Çünki məhz onlar “dərin qatlarda daha çox
inci” görə bilirlər. Digərləri isə
ümmanın içində uzağı nəsə gözəgəlimli
bir şey tapa bilərlər. O qənaətdəyəm ki,
Heydər Əliyev şəxsiyyətini, onun siyasət
adamı və dövlət xadimi kimi fəaliyyətini öyrənib
tədqiq etməkdə xarici ekspertlər,
araşdırmaçılar və araşdırma mərkəzləri
azərbaycanlı həmkarlarından daha çox irəli
gediblər. Bunu təsdiq edəcək kifayət qədər
sanballı faktlar var. Bu həm də o deməkdir ki, lider
dünyanın diqqət mərkəzində olub və bu
gün də var. Bu səbəbdən də vaxtilə “Heydər
Əliyevin jurnalisti” kimi çağrılan mən qeydlərimi
ümummilli liderin siyasi gedişləri barədə bəzi qənaətlərim
və xatirələrimlə sınırlamağın
doğru olduğu qənaətindəyəm. Çünki
“daha dərin qatlar”ın müəllifləri sırasında
deyiləm.
Qətiyyət
“Azərbaycanı informasiya
blokadasından Heydər Əliyev çıxardı”
reallığını çoxları dilə gətirib. Bu
fikrin alternativi yoxdur. O, xarici ölkələrə səfərləri
zamanı bütün görüşlərində ilk olaraq
Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini,
Ermənistanın təcavüzünü və ölkəmiz
üçün ağır nəticələrini, beynəlxalq
seperatizmin və terrorçuluğun bəşəriyyət
üçün təhlükəsini dəmir məntiqi ilə
tərəf-müqabilinə çatdırır və fikrini
“Əgər dünya ədalətlidirsə, təcavüzkarı
və təcavüzə məruz qalanı fərqləndirməlidir”
kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin
prezident, baş nazir, yaxud da adi bir jurnalist olması fərq
etmirdi. Heydər Əliyev həmsöhbətinə yorulmaq bilmədən,
bəzən eyni fikri dəfələrlə təkrar etmək
məcburiyyətində qalaraq Azərbaycan
reallığını çatdırırdı. Və nəinki
çatdırırdı, onu buna inandırırdı. Onun
üçün böyük və kiçik auditoriya
anlayışı yox idi. Onun üçün daha bir nəfərin
(olsun dövlət xadimi, yaxud əcnəbi bir diplomat və ya
xarici iş adamı) Azərbaycan haqqında həqiqətləri
bilməsi önəmli idi. Bu səbəbdən də
danışıqlar zamanı vaxtının böyük əksəriyyətini
ölkəmizin ətrafında yaradılmış informasiya
blokadasını yarmağa, dünyanın kor olmuş gözlərini
açmağa sərf edirdi. Bir çox hallarda müəllim
şagirdinə dərs izah edirmiş kimi xəritədə
Ermənistanın təcavüzü nəticəsində
işğal olunmuş torpaqları göstərir, bu problemlə
bağlı ona verilən təkrar sualları
cavablandırmaqdan yorulmurdu.
Siyasi polemika zamanı o, heç vaxt
müdafiədə oynamırdı. Məsələn, 1994-ci
ilin sentyabrında ABŞ-a səfəri zamanı senator
Şelbi ilə görüşdü. Onun “biz demirik ki, ABŞ
zorakılıq edənlərə qarşı ciddi münasibət
göstərsin, biz ədalətli münasibət istəyirik.
Bəli, Amerikada ermənilər
çoxdur. Prezident Klinton dedi ki, burada bir milyon erməni
yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə bir
milyon adam necə təsir göstərə
bilər? Onlar ABŞ-ın adından
danışa bilməzlər”. Bu fikirlər
qətiyyətli dövlət başçısının
ABŞ administrasiyasına, konqresinə və senatına
ünvanlanmış açıq və ədalətli tənqidi
idi, özü də düz Amerikanın göbəyində.
Heydər Əliyev həlledici anlarda
həlledici məqamları elə incəliklə seçir,
öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə
elə çatdırırdı ki, bunu yalnız O edə bilərdi.
1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci
ildə ABŞ konqresi tərəfindən “Azadlığı
müdafiə aktı”na edilmiş 907-ci düzəlişə
diqqət çəkərək dedi: “Bizim siyasətimiz o deyil
ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən
edilə biləcək humanitar yardımsız
yaşamışıq və bundan sonra da
yaşayacağıq. Söhbət ədalətsizlikdən
gedir. Ədalətsizlik etmək isə
olmaz. Sizin vasitənizlə Azərbaycanın
adından Azərbaycan dövlətinin başçısı
kimi ABŞ hökumətinə qarşı öz ciddi
narazılığımı bildirirəm”. ABŞ səfiri ilə belə sərt formada
yalnız Heydər Əliyev danışa bilərdi.
Heydər Əliyev Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli
üçün Azərbaycanın imkanları ilə
yanaşı, özünün xarizmasını da ortaya qoyur,
danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə
çox məharətlə birləşdirirdi. O,
İslam dünyasında yüksək səviyyədə qəbul
olunan lider idi. 1994-cü ildə Mərakeşdə
keçirilən İslam Konfransı Təşkilatının
zirvə toplantısında bu təşkilata üzv olan
dövlətlərin Ermənistanı təcavüzkar bir
dövlət kimi yekdilliklə tanımaları da məhz onun
şəxsiyyəti ilə bağlı idi. İslam dünyası Heydər Əliyevi kommunist
rejimində belə öz dinini qoruyub saxlayan böyük siyasət
adamı kimi qəbul edirdi. Şübhəsiz, bu məsələdə
onun sabiq SSRİ-nin rəhbərlərindən biri kimi islam dövlətlərinin liderləri ilə
qurduğu əlaqələr müstəqil Azərbaycanın
problemlərini çözmək üçün kara gəlirdi.
Ümummilli liderimizin Dağlıq
Qarabağ probleminin həlli istiqamətində
yürütdüyü siyasətin görünən tərəfləri
haqqında çox yazılıb, çox deyilib. Bir məsələyə diqqət çəkmək
istəyirəm. Heydər Əliyev
münaqişənin həlli üçün Azərbaycanın
real müstəqilliyi, ərazi bütövlüyü və
suverenliyi məsələsinin ikinci plana çəkilməsinə
heç vaxt yol vermirdi. Onun
üçün yarımmüstəqillik anlayışı
yox idi. Bu səbəbdən idi ki, zaman-zaman
münaqişənin həlli ilə bağlı Rusiyanın bəzi
dairələri tərəfindən edilən təklifləri
(münaqişə bölgəsində Rusiyanın sülhməramlı
qüvvələrinin yerləşdirilməsi də daxil) qətiyyətlə
rədd edirdi. Yaxşı
yadımdadır. 1995-ci ilin mayında Rusiya
Federasiya Şurasının sədri Vladimir Şumeyko
Bakıya səfər etmişdi. Milli Məclisdə Rəsul
Quliyevlə görüşündən sonra mənə
eksklüziv müsahibə verən Şumeyko dedi:
“Dağlıq Qarabağ və Laçın istisna olmaqla digər
rayonlarınızı istəyirsinizsə, gedin bu gün
götürün”. Daha sonra Şumeykonu qəbul edən
prezident Heydər Əliyev çox aydın və qətiyyətli
formada bu fikirləri söylədi: “Biz kimdənsə pay istəmirik.
İstəmirik ki, az və ya çox
versinlər. Bəziləri təklif edir ki,
Dağlıq Qarabağ və Laçın istisna olmaqla Ermənistan
işğal olunmuş digər rayonları qaytara bilər.
Mən qətiyyətlə bu fikirləri rədd
edirəm. Azərbaycanın ərazi
bütövlüyü tam halda bərpa olunmalıdır və
olunacaq”. Prezident bu fikirləri söyləyərkən
təxminən iki-üç saat əvvəl müsahibə
verən Şumeykonun üzünə baxdım.
Çaşqın və bir az da hürkək
bir görkəm almışdı.
Heyrətləndirməyi
bacarırdı
1994-cü ildə prezident Heydər Əliyev
Fransaya səfər etmişdi. Diplomatik
korpusun nümayəndələri qarşısında
çıxış edirdi. Söz alanlardan biri Azərbaycan
prezidentinə belə bir sual verdi: “Cənab
prezident, siz keçmiş sovetoloqsunuz. Necə
bilirsiniz, MDB-nin taleyi necə olacaq”? Prezident
zəndlə onun üzünə baxdı və üzünə
bir qədər yumor hissi verərək “Ovanesov, siz hələ
də keçmiş SSRİ və onun üzərində
qurulan müstəqil ölkələrin taleyi ilə
maraqlanırsınız? Axı, mən
sizi 1983-cü ildə Kremldə qəbul edərkən
SSRİ-nin taleyi ilə bağlı fikirlərimi çox
aydın söyləmişdim. Deyəsən,
yaddaşınız zəifləyib. Mən
isə sizi yaxşı xatırlayıram. Bizim düz 30
dəqiqə dialoqumuz oldu” – dedi. Bu sözlərdən
sonra erməni Ovanesov stola çökdü. Zaldakılar prezident Heydər Əliyevin hafizəsinə
heyrət etdilər. Onu “kompüter adam”
adlandıranlar yanılmırlar.
1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanının
kralı Fəht Əbdül Əziz əl-Səudun dəvəti
ilə onun ölkəsinə səfər edən liderimizi
böyük hörmət və izzətlə
qarşıladılar. Kral məhz Heydər Əliyevin islam dininə olan münasibətini,
bağlılığını yüksək qiymətləndirərək
müqəddəs Kəbənin qapılarının onun
üzünə açılmasına icazə verdi. Belə icazələr tarixdə barmaqla sayıla bilər.
Bu, Heydər Əliyevə olan xüsusi diqqət
və Allah-Təalanın onun taleyinə yazdığı
müqəddəs bir əməl idi. Kəbəni
ziyarət zamanı namaz mərasimi isə nümayəndə
heyətini müşaiyət edən ərəb şeyxini,
sözün əsl mənasında,
çaşdırmışdı. Prezident
Heydər Əliyev həmin mərasimdə bütün
rituallara dəqiqliklə əməl etməklə ətrafdakıları
heyrətləndirmişdi.
Heydər Əliyev islam
dininin də kamil bilicilərindən idi. Kəbə ziyarətindən
sonra Məkkə valisi Maacid Əbdül Əziz əl-Səudla
görüş zamanı islami dəyərlərdən,
müqəddəs Məkkə və Mədinənin tarixindən
geniş söhbət açan prezident Heydər Əliyev belə
bir fikir də söylədi: “Bəzi məlumatlara görə
Kəbənin özülü Misirdən gələn
qaçqınlar tərəfindən qoyulub”. Heydər Əliyevin
islam dini, Məhəmməd peyğəmbərin
həyatı və fəaliyyəti, islamın mövcud durumu
və perspektivi haqqındakı fikirləri Məkkə
valisini gerçəkdən təəccübləndirdi. O, “cənab
prezident, sizin islama bu qədər
bağlılığınız, dinimiz haqqında zəngin
biliyiniz bizə imkan verir ki, sizi Məkkənin fəxri vətəndaşı
elan edək. Siz buna layiqsiniz. Müqəddəs
şəhərimizin qapısı həmişə
üzünüzə açıqdır” – dedi.
Prezidenti müşaiyət etdiyim
bütün xarici səfərlərdə ona göstərilən
böyük jurnalist marağının şahidi olmuşam. Hər hansı ölkənin paytaxtında, elə
aeroportdaca Azərbaycan liderini ən azı 25-30 jurnalist
qarşılayırdı. Onların arasında hər
zaman “Assoşeytedpress”, “Röyter”, “Bİ-Bİ-Sİ”,
“Vaşinqton Post”, “Nyu-York Tayms”, “Qardian”, “Fiqaro” və başqa
nəhənglərin nümayəndələri olurdu. Prezident Heydər Əliyev heç vaxt jurnalistlərdən
qaçmaz, ən sərt sualları belə cavablandırmaqdan
yayınmazdı. Eksklüziv müsahibələr
vermək üçün istirahət vaxtını “xərcləyirdi”.
O, xarici səfərlər zamanı 14-16 saat işləyirdi.
Diqqət çəkən bir məqam
var idi. Zirvə
toplantılarında iştirak edən jurnalistlər digər
dövlətlərin rəhbərlər ilə müqayisədə
Azərbaycan prezidentinə daha çox suallar verirdilər.
Yaxşı yadımdadır. 1995-ci ildə Alma-Atıda MDB dövlət
başçılarının zirvə toplantısı
keçirilirdi. Sonra mətbuat konfransı
təşkil olundu. Giriş sözü ilə
mətbuat konfransını Rusiyanın Baş naziri Viktor
Çernomırdin açdı (Boris Yeltsin bir qədər əvvəl
ziyafətdə iştirak etdiyi üçün mətbuat
konfransına qatılmamışdı). Suallar
verilməyə başlandı. Onlar əsasən
Çernomırdin və Heydər Əliyevə
ünvanlanırdı. Növbəti suala cavab verən
prezident həmkarlarını vəziyyətdən
çıxarmaq üçün gülə-gülə dedi:
“Viktor Stepanoviç, bəlkə digər prezidentlərin
vaxtını almamaq üçün mən ayrı bir zala
keçim?” Zalda alqış səsləri
ucaldı. Bax, jurnalistlərin Heydər Əliyevə
marağı belə idi. Eyni münasibəti
türkdilli dövlətlərin Ankarada, İslam Konfransı Təşkilatının
Kasablankada keçirilən zirvə toplantılarında da
görmüşəm. Onda da
görmüşəm ki, böyük dövlətlərin
başçıları, tanınmış siyasət
adamları bu və ya digər taleyüklü məsələlərlə
bağlı Azərbaycan liderinin mövqeyini öyrənməyə
çalışırdılar. 1994-cü ilin
sentyabrında Heydər Əliyevin Nyu-Yorka səfəri
zamanı keçirilən görüşlərdən birində
Bil Klinton dedi: “Siz, cənab prezident Heydər Əliyev
keçmiş sovetlər birliyinin rəhbərlərindən
biri olmusunuz. Deyə bilərsinizmi ki, mən
ruslarla münasibətləri necə qurum?”
Prezident Heydər Əliyev BMT Baş
Məclisinin sessiyasında ilk dəfə Azərbaycan
reallıqlarını və Ermənistanın təcavüzünün
ağır nəticələri barədə
çıxış etdi. Beynəlxalq
birliyi təcavüzkara qarşı durmağa
çağırdı. Səfər
başa çatdı və biz Bakıya qayıtdıq.
Yalnız onda bildik ki, Heydər Əliyev səfərdə
olarkən Prezident yanında Xüsusi İdarənin rəisi
Şəmsi Rəhimov və Milli Məclis sədrinin
müavini Afiyəddin Cəlilov vəhşicəsinə qətlə
yetiriliblər... Prezidentin ABŞ səfərilə
bağlı materialları efirə hazırlayırdıq.
Montaj zamanı bir kadr diqqətimi çəkdi.
Statik planda dövlət
başçısının portreti sanki donub
qalmışdı. Onun nəzərləri
çox qayğılı bir formada uzaqlara dikilmişdi.
Mən onda başa düşdüm ki, dəhşətli qətllər
barədə prezident elə həmin andaca məlumat almış,
lakin nümayəndə heyəti üzvlərindən
heç kim bunu sezməmişdi. Bəli, Heydər Əliyev ən çətin və
ağır məqamlarda özünün
soyuqqanlığını qoruyub saxlaya bilirdi.
Mətbuata
açıq qapı
Azərbaycan lideri jurnalistlərə
çox açıq şəxsiyyət idi. Səfər zamanı onu müşaiyət edən
jurnalistlərin hamısını şəxsən
tanıyırdı. Onlara xüsusi
qayğı və səmimiyyətlə yanaşırdı.
Uçuş zamanı təyyarənin salonunda gəzərək
hər bir jurnalistin kefini soruşur, bəzən duzlu-məzəli
atmacalar da atırdı. Mütləq və
mütləq vətənə dönəndə təyyarənin
salonunda onu müşaiyət edən jurnalistlərə
müsahibə verirdi. Bu zaman tam sərbəstlik
atmosferi yaradırdı. Mənə elə
gəlirdi ki, o, jurnalistlərin ürəyini oxuyur və bizim
hansı sualı verəcəyimizi bilirdi. Mətbuat
üçün açıqlama bitəndən sonra bir
çox hallarda: “Hə, daha nəsə soruşmaq istəyirsiniz?”
– deyə mətbuat nümayəndələrinə
“açıq qapı” saxlayırdı.
Ümummilli lider xarici ölkələrə
səfərləri zamanı onu müşaiyət edən
jurnalistlərə işləmək üçün
xüsusi şərait yaradılmasına ayrıca diqqət
yetirirdi. O, böyük beynəlxalq tədbirlərdə,
zirvə görüşlərində, habelə ikitərəfli
danışıqlardan sonra keçirilən mətbuat
konfranslarında Azərbaycan jurnalistlərini çox fəal
görmək istəyirdi. Mən bunu onun zalda
sual vermək üçün basabas salan jurnalistlər
arasından onu müşaiyət edənləri nüfuzedici
baxışlarla süzərkən sezirdim. Bizim zalda necə mövqe tutduğumuz, kameraların
necə işlədiyi, mikrofonun necə qurulduğu da Heydər
Əliyevin diqqətindən yayınmırdı. Bəli o, məhz idarə edirdi. Mən hiss
edirdim ki, Azərbaycanın taleyüklü məsələlərinin
həlli ilə bağlı beynəlxalq birliyin və
dünyanın nəhəng dövlətlərinin
başçılarına ünvanladığımız
suallar onda razılıq doğurur. Ümummilli
lideri Az.TV-nin əməkdaşı kimi xarici səfərlərdə
müşaiyət etdiyim zamanlar mətbuat konfranslarında
verdiyim suallardan əsasən ciddi narahatlıq keçirmirdim.
Lakin iki dəfə hədəfə tam
düşmədiyimi Heydər Əliyevin nəzərlərindən
sezmişəm. Onunla və onun yanında
işləmək hər bir jurnalist üçün
böyük bir məsuliyyət olduğu kimi, həm də
böyük şərəf idi.
Prezident Heydər Əliyevin
“Ağababalı, (o həmişə mənə
Ağbabalı yox, Ağababalı deyirdi) bura gəl
görüm” ifadəsini işlətməsi o demək idi ki, sərbəst
şəkildə ona bir neçə sual verə bilərəm. Lakin bu sərbəstlik nisbi sərbəstlik idi.
Həyəcanımı bir çox hallarda zorla
boğurdum. Ondan müsahibəni ən sərbəst
formada təyyarənin salonunda üzbəüz əyləşərkən
alırdım. O buna baxışları və oturuşu,
üzündəki xoş təbəssüm və səmimi
ifadələri ilə şərait yaradırdı. Ən böyük həyəcanı isə
prezidentin özəl dəftərlərə
yazdığı qeydləri oxuyarkən keçirirdim. Çünki onun dəmir məntiqindən
süzülüb gələn və tam səhvsiz yazılan
qeydləri qüsursuz da oxumaq lazım idi. Mən
səsimin titrəməsinin qarşısını
almalıydım. Bu, o qədər də
asan deyildi, çünki Heydər Əliyevin hüzurunda
baş verirdi.
Alma-Atı zirvə toplantısından
qayıdırdıq. Yenə də təyyarənin
salonunda üzbəüz əyləşmişdik. Mən də sual verirdim, digər həmkarlarım
da. Əhvalının yaxşı olduğunu sezib belə
bir sual verdim: “Cənab prezident, Orta Asiya ölkələrinin bəzilərində
ömürlük prezidentlik məsələsi gündəliyə
gəlib. Əgər Azərbaycan xalqı sizin
haqqınızda da belə bir məsələni gündəliyə
gətirsə, münasibətiniz necə olar?” Özünəməxsus incə gülüşlə
“Biz başqa ölkələrin daxili işlərinə
qarışmırıq. Azərbaycan
hüquqi-demokratik dövlətdir. Ölkəmizdə
bütün məsələlər Konstitusiyaya uyğun,
seçki yolu ilə həll edilir və bundan sonra da elə
olacaq. Heydər Əliyev heç vaxt
ömürlük prezident məsələsinin gündəliyə
çıxarılmasına yol verməz. Kim
ömürlük olur-olsun, mən ömürlük prezident
olmaq istəmirəm” – deyə cavab verdi.
Xarici səfərlərdən birindən
dönürdük. Yolüstü
İstanbuldakı Atatürk hava limanında qısa müddətə
dayanmalı olduq. Ermənistan nümayəndə
heyəti də orada idi. Bir az
aralıda Levon-Ter Petrosyanı gördüm. Ona
bir neçə sual vermək üçün gözəl məqam
yaranmışdı. Mən prezidentin
köməkçisi Eldar Namazova yaxınlaşıb niyyətimi
bildirdim. O, “əzizim, mən bir şey deyə bilmərəm”
dedi. Prezident Heydər Əliyev dörd-beş
metr kənarda Azərbaycan nümayəndə heyətinin
üzvləri ilə söhbət edirdi. Ani
olaraq nəzərlərim ona dikildi. Dövlət
başçısını niyyətimi hiss etmiş kimi
gördüm. Onun üzündəki ifadədən
bir cəsarət tapıb operatorla birlikdə Ter-Petrosyana
yaxınlaşdım. Müsahibə
alındı.
...İş otağımdakı xidməti
hökumət telefonu zəng çaldı. Dövlət başçısının köməkçisi
Tariyel Ağayev bildirdi ki, prezident mənimlə
danışacaq. Təxminən bir dəqiqədən
sonra “”İzvestiya” qəzetində çıxan materialı
oxumusan?” sualını eşitdim. “Xeyr, cənab
prezident” deyə astaca cavab verdim. “Bəs, nə
işlə məşğulsan? Oxu, mənimlə
əlaqə saxla” deyərək dəstəyi asdı.
Telefonun dəstəyi əlimdə donub
qalmışdı...
...Sədrin birbaşa telefonu zəng
çaldı: “Hazır ol, prezident çağırır,
gedirik”. Bir gün əvvəl “Xəbərlər”də
Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə
bağlı gedən bir süjetdə yol verilən çox
ciddi nöqsan mənə bəlli idi. Lakin
bu nöqsanın müəllifi mən deyildim. Onun müəllifi Prezident Aparatının indi ekslər
sırasında olan yüksək vəzifəli şəxsi
idi. Prezidentin bizi həmin məsələ
ilə əlaqədar çağırdığının fərqinə
vardım. Dövlət başçısının
iş otağına daxil olanda mənə veriləcək suala
necə cavab verəcəyim barədə düşünmək
halında belə deyildim. Lakin içəridə
gedən qısa söhbətdən mənə aydın oldu
ki, dövlət başçısı həmin ciddi
nöqsanın haradan gəldiyini yaxşı bilir. O, Azərbaycanın
milli maraqlarının, dövlətin və dövlətçiliyinin
qorunmasında informasiyanın rolu barədə öz fikirlərini
qısa formada bildirəndən sonra mənə “sən get”
dedi. Mən bir daha əmin oldum ki, prezident Heydər
Əliyev həm də AzTV-də gedən bütün proseslər
haqqında ən dəqiq məlumatlara malikdir.
Dövlət o zaman məhvə
yuvarlanır ki, onun gələcək taleyi barəsində həm
də fikirlər, ideyalar tükənir. Müstəqil dövlətimiz bu təhlükədən
birdəfəlik xilas edilib. Çünki Azərbaycanın
gələcək taleyi üçün nəinki fikirlər,
ideyalar mövcuddur, həm də Ümummilli Lider tərəfindən
işlənib hazırlanan, ölkənin intibahının
sabit iqtisadi, siyasi, sosial yüksəlişini, onun dünyaya
inteqrasiyasını təmin edən strateji xətt
mövcuddur. Bu strateji xətt çox
böyük uğurla Prezident İlham Əliyev tərəfindən
həyata keçirilir. Ümummilli liderin
89 illik yubileyinə ən böyük hədiyyə də elə
budur.
Səyyad
AĞBABALI
525-ci qəzet.- 2012.- 9 may.- S.4.