Azərbaycan mədəniyyəti İsveçrədə nümayiş etdirilib

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Əsasən Azərbaycan xalqının sahib olduğu milli-mənəvi dəyərlərin təbliğinə, onların dünya ictimaiyyətinə tanıdılmasına yönələn belə layihələrdən daha biri İsveçrədə keçirilən “Millətlərin Dostluq Bayramı” və “Xarici ölkələrin mədəniyyət günləri” adlı tədbir olub. Aprelin 25-də İsveçrənin Bern şəhərində fəaliyyət göstərən Bern Tələbə Təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan azərbaycanlı tələbələr ölkəmizin mədəniyyətini bu bayramda layiqincə nümayiş etdiriblər. Tədbirdə dünyanın müxtəlif millətlərinin nümayəndələri öz milli-mənəvi dəyərlərini, maddi sərvətlərini, milli mətbəxini tədbir iştirakçılarına təqdim edirdilər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan azərbaycanlı tələbələr də milli mətbəximizin nümunələrini, mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirən guşə yaratmaqla tədbir iştirakçılarına ölkəmiz haqqında geniş məlumat veriblər. Burada ölkəmizin qarşılaşdığı Qarabağ problemi və işğal altında olan şəhərimiz haqında da digər xalqların nümayəndələrinə məlumatlar verilib. Tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən mədəni quruculuq işləri barədə ətraflı məlumat verilib. Qafqaz dövlətlərindən yalnız Azərbaycanın bu tədbirdə təmsil olunması iştirakçıların ölkəmizə marağını daha da artırıb. Bu il Bakıda keçiriləcək Avropanın ən böyük musiqi yarışması ilə əlaqədar olaraq tədbir iştirakçıları Azərbaycan guşəsinə xüsusi maraq göstəriblər. Tədbirdə ölkəmiz haqqında kitablar, CD və broşürlar paylanıb.

 

 

Rəşad HACIYEV

 

525-ci qəzet.- 2012.- 9 may.- S.3.