“Xocalı-1992”
kitabı Harvard Universitetinin kitabxanasında
Heydər Əliyev İrsini
Araşdırma Mərkəzi tərəfindən Xocalı
soyqırımının 20-ci ildönümü ərəfəsində,
Azərbaycan, ingilis, fransız və rus dillərində
çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri
ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Bu
barədə kitabın yaradıcı heyətinin rəhbəri,
siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev məlumat
verib. O, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin
nəşrlərinin Azərbaycan dili ilə yanaşı digər
xarici dillərə də tərcümə edildiyini bildirib:
“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin
(www.aliyevheritage.org) nəşrləri bir qayda olaraq Azərbaycan
dili ilə yanaşı geniş yayılmış xarici dillərdə
də çap edilir. Cari ilin fevral ayında işıq
üzü görmüş “Xocalı-1992” kitabı həm də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı
yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri
olan ölkələrin dövlət dillərində
çıxdı. Bu kitab Azərbaycan-Belçika parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycanda Vətəndaş Cəmiyətinin
İnkişafına Yardım Assosiasiyasının sədri
Elxan Süleymanovun təşkilatçılığı ilə
bir müddət öncə Belçika Federal Parlamentində
keçirilmiş “İşğal olunmuş ərazilər,
unudulmuş ərazilər – Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hüquqi və
humanitar aspektləri” mövzulu müzakirələrdə də
təqdim edilib. Təbii ki, kitab dünyanın ən
nüfuzlu kitabxanalarına da göndərilib. Bu günlərdə
isə biz Harvard Universiteti kitabxanasından “Xocalı-1992”
kitabı nüsxələrinin fondlara daxil edilməsi
haqqında məlumat aldıq”.
AQİL
525-ci qəzet.- 2012.- 9 may.- S.4.