Türkiyəli
şair, professor Nurullah Gənc: “Cəmiyyətə yol
göstərən şairlərdir...”
–
Özünüzü Azərbaycan oxucusuna necə təqdim edərdiz?
Adətən, təqdimat şairin öz dilindən olanda daha
axıcı, rəngli və təsiredici olur.
– Mən 1960-cı ildə Ərzurumun Xorasan mahalında dünyaya göz açmışam. Orta məktəbi də Ərzurumda oxumuşam. Sonra Atatürk Universitetinin İqtisadi və idarə elmlər fakültəsindən məzun olmuşam. 1984-cü ildə həmin fakültəyə asistent olaraq qayıtmışam. 1990-cı ildə doktor, 1995-ci ildə dosent, 2001-ci ildə professor oldum. Həmin fakültədə illərlə işlədim və “yoruldum” demədim. İndi isə İstanbul Ticarət Universitetinin Ticarət elmləri fakültəsinin işlətmə hissəsində müəllim işləyirəm. 1980-ci ildən bu yana çox sayda mədəni və sənət jurnallarında şeirlərim, yazılarım dərc olunub. Hamıya məlum olan bir sənət keçmişim var. Həmçinin bu günə qədər 17 şeir kitabım, 3 romanım, ixtisasıma aid olan kitablarım çap olunub və təbii ki, bir fotoqraf kimi çap olunan “Ruhumdan yansıyanlar” kitabım var. Çox gərgin bir qrafiklə işlədiyimi deyə bilərəm...
– Bakıda olduğunuz iki gün ərzində çıxışlarınızı dinlədim, pozitiv təsir bağışladı. Enerjinizin qaynağı hardan gəlir? O sehrli aləmdən bizə danışın...
– Azərbaycanın Odlar Yurdu Universitetinə uğurla və bacarıqla əlaqəli bir konfrans vermək üçün dəvət almışdım. Mən də bu konfransda sadəcə sözlər, cümlələr olsun deyə danışmadım. Çünki nə edirəmsə edim, yaşayaraq edirəm və burda da yaşayaraq, hiss edərək çıxış etdim. Bu tamamilə mənim kəlmələrimin ağlımla, qəlbimlə, ruhumla birləşib dinləyiciyə olduğu kimi getməsindən qaynaqlanan bir haldır. Bəlkə də mənim səmimi olmam o insanları mənim çıxışıma indeksləyir və sonuna qədər də o təsirdə saxlayır. İkincisi isə öz işlərimi sırf akademik bir elmlərlə izah etmirəm, həyatdan alınan, yaşadığım hadisələrlə, bəlkə də çoxumuzun da yaşadığı, duyduğu hadisələrlə əlaqəli olan şeyləri danışıram. Üçüncüsü, əlaqə quraraq izah edirəm. İnsanların gözləri mənim vətənimdir. Mən onların gözlərinə baxaraq danışıram. Əgər onların gözlərində özümə bir yer ala bilməmişəmsə, qəlblərində də ala bilmərəm. Çünki gözlər qəlbin aynasıdır demişlər. Ona görə də danışıq əsnasında dinləyicilərin gözləri ilə təmas qururam. Sanki onlarla söhbətimin o tayından da o yana danışa bilirəm və onlar istəsələr də, istəməsələr də, gözlərini məndən ayıra bilməz bir hala gəlirlər.
– Yaradıcılıq uğurlarınıza necə nail olursunuz?
– Allah hər bir insana fərqli istedad və qabiliyyətlər verib, insanlar da bu qabiliyyətlərini kəşf etmələrinin nəyə bağlı olduğunu öyənməlidir. Bir insan nəyi yarada biləcəyini, nəyi edə biləcəyini, hansı əsəri yaza biləcəyini bilmirsə, həyatını da ona görə də plana sala bilməz, nizamını belə qura bilməz. Ona görə də insanların öz qabiliyyətlərini, hünərlərini və istedadlarını bilmələri lazımdı. İkincisi zamanı düzgün idarə etmək lazımdı. Çünki gün ərzidə olan planları da o saatları necə idarə etməsindən asılıdır. Mən hər hansı bir işi gördüyümdə və eyni zamanda könül dünyamda bir şeiri də yaza bilirəm.Bu içimdə, qəlbimdə var olan bir haldır. Sanki ürəyin bulud kimi dolur və şeir də qəlbimdən vərəqlərə bir yağış kimi yağa bilir. Amma qarşımda olan insanlar o daxilimə axan göz yaşlarımı görə bilmir. Amma bəzəm də olur ki, məni anlamadıqları üçün qəlbimə və o buludlara toxunurlar və dağıdırlar. Amma bən belə bir iqlim şəraitində yazıram əsərlərimi. Bacarıq, zamanı idarə etmək və şeirlə iç-içə yaşamaq. Mənim əsərlərimin də sirri bundan ibarətdir.
– Siz dediniz ki, günün saatlarını qrafikə uyğun bölürsünüz, amma yaradıcı insan nə öz duyğularını, nə də özünü bir qrafikə sığdıra bilər. Daşar və bu sərhəddən o yana keçmək istər. Yaradıcı insan qəlbə sığmaz.
– Yox, bu plan qurmağım o anlama gəlmir ki, mən özümü bir qəlibə sığdırıram. İstənilən an şeir gələ bilər və mən yazaram. Sənət işlərində bircə ilhamın qrafiki olmaz. Amma nəyi planlamalısız biliriz? Ona dəstək olacaq fəaliyyətlərinizi, oxumağınızı və o yolu dəqiqləşdirməyinizi... Digərlərini də sərbəst buraxın nə zaman istəyirsə gəlsin.
– Belə bir enerjiyə sahib olan insanın yaradıcılığında kədər də yer alıbmı?
– Mənim şeirlərimin təməl daşı kədər və hüzündür. Üzümün belə güldüyünə baxmayın, çünki qəlbimdə, içimdə qan ağlayan bir dünya var. Bəzən olur ki, bütün dünyanın dərdini çiyinlərimə alıb daşıyıram. Öz millətimin, xüsusən də Qarabağın dərdini zaman-zaman öz çiyinlərimdə daşıyıram və bu enerji bu təbəssüm insanlara hüzursuzluq verməmək üçündür. Mən özümlə tək olduğum zamanlarda öz içinə, öz dünyasına qapanan bir insanam. Özü ilə hesablaşan və bəzən də özümü belə bəyənməyən bir insanam. Amma yenə də deyirəm şeirlərimin təməl təması kədər, ölüm, ağrılıqdır. Çünki bu dünya əbədiyyən qala biləcəyimiz bir dünya deyil. Çox şeyə sahib ola bilərik, amma zamanla da onları itirmiş oluruq. Ən sonunda da ölümlə özümüz də bu dünyadan ayrılırıq. Kədərlə, problemlə dolu olan bir dünya mənə şeirlərimdə sevinclə yazmağa mane olacaq. Mütləq də belə olur.
– Səhv etmirəmsə, siz əvvəllər təxəllüsünüzdə bir Qərib sözünü də işlədirdiniz. Bu sizin ananızın ailəsinin nə zamansa Gəncədən köçüb getməsi və sizin qəriblikdə yaşamanızla əlaqəli ola bilərmi?
– Mən elə deməzdim, çünki mənim qəriblik duyğularım ondan da üstün bir mərtəbədədir. Mənim anam Gəncədən gəlib, mənim qohumlarım orda qalıb və “burda qəribəm” deyə bir duyğum belə olmayıb. Bu qəriblik mənim öz dünyamla əlaqəlidi. Bir insan olaraq qəribliyimdən irəli gələn bir təxəllüs olub. Bu dünyada bir insan olaraq çox qəriblik duyğuları çəkirəm. Mənim bu dünya ilə uyğun gəlməyən bir tərəfim də var. Ta uşaqlığımdan belə bir duyğunun içindəyəm. Mən arada buludlarla, dağlarla da söhbət edərdim. Oturub saatlarla bir çiçəyi seyr edərdim. Bu da mənim yazı aləminə ilk başladığım anlarda təxəllüsümdə Qərib sözünü də işlətməyimə səbəb oldu. Soyadım da Koyuncu idi. Çünki mən kənddə böyüdüm və atamın da kənddə evi, qoyunları vardı. Qərib təxəllüüsü isə mənim ailəmlə əlaqəli olmayan bir üst məqamdan irəli gəlirdi.
– Kənd həyatında böyümüsüz və bu sizə təbiətin hər daşı, hər çiçəyini daha da yaxından duymağa, onlara təmas etmənizə yardımcı olub. Bu sizin ruh dünyanızdanmı irəli gəlir?
– Mən təbiəti çox sevirəm. Çünki təbiətdə yaşayan canlı və cansız nə varsa, zərərsizdir. Amma insanlar bir-birinə daha çox xətər və zərər yetirə bilər. Həm də mənim ruhum təbiətlə çox sıx bağlıdır.
– Təbiətdə nə varsa idealdır və Tanrı da onları çox gözəl yaradıb. Bəs siz bu təbiət təsvirlərində gördüklərinizi fərqli şəkildə çatdıra bilirsizmi? Yəni fotoqraflar çoxdur, amma fərqli şəkildə insanlara çatdıra biləni isə təəssüf ki, çox azdır.
– Mən də fərqli şəkildə
çatdırmağa çalışıram. Amma belə bir şey var ki,
fotoaparat bir anı yaxlaya bilər. Amma həmin anı qəlbiniz,
aparatın düyməsi və bacarığınız tuta
bilirsə, fərqli bir şəkil alınacaq. O
çiçək və böcək belə sizin qəlbinizdən
təsirlənə bilər. Mən buna çox
inanıram. Su verib
danışdığım çiçəklərlə, su
vermədiyim çiçəklər fərqli bir boyda
açılarlar. Bütün cansız və
canlı varlıqların da bir dili vardır. Sənət bu dili tuta bilmək
üçündür. Və fotoaparatda o
dili tutub bir ömür boyu ölümsüzləşdirmə
sənətidir. Çünki dünyada
işıq gündə bir neçə milyon dəfə dəyişir
və heç bir anın təkrarı yoxdur. Hətta bir böcəyin belə təkrarı yoxdur
və o böcək bir dəfə yaşayır, ölür.
Mənim şəkil albomumda bir kəpənək
şəkli var və mən ikinci dəfə də onu çəkə
bilmərəm axı o ölüb. Mən
o şəkilləri sizə buraxdım və insanlar da bunu
mutləq duymalıdırlar. Bir daha həyata
dönə bilməyəcək bir kəpənəyin şəklinə
baxan kimi baxmalıdırlar.
– Fotoqraf
olduğunuz zamanlarda çoxlu şəkillər çəkirsiniz
və təbii ki, bu da təsirdən irəli gələn bir
yaşantıdı. Sonradan nə zamansa həmin
bu çəkdiyiniz şəkillər sizə təsir edib
hansısa bir şeirinizə və ya fəlsəfə
dünyanıza da köçə bilirmi?
– Mənim
belə bir xəyalım var ki, nə zamansa çəkdiyim bu
şəkillərin hər birisinə ayrı-ayrılıqda
bir şeirlər yazım. Bu günə qədər
məncə şairin özünün çəkdiyi şəkillərə
yazdığı şeirlər olmayıb. Amma bu şəkil albomumda hər bir şəkilin
başlığında bir beyt yazmışam. Bunu nə zamansa mütləq həyata keçirmək
istərdim.
– Həyatınızda
belə bir hadisə olubmu ki, sizə təsir edən hər
hansı bir hadisə beyninizdə formalaşsın, amma
misralara çevrilmədən qəlbinizdə ölsün. Və zaman-zaman onu ağrısı,
sızısı sizi incitsin və göynətsin?
– Bəzən
olur ki, hansısa şeiri yazmaq istəyirəm, amma yaza bilmirəm.
Daha doğrusu həmin misraları tuta bilmirəm
ki, şeirə çevrilsin. Bəzən
isə şeiri yazırsan və bitənsə anlayırsan ki,
bunlar mənim yazmaq istədiyim misralar deyildi. Mən daha fəqrli bir şeylər
düşünmüşdüm. Amma bəzən də
elə olur ki, ağlıma gözəl sözlər gəlir
və həmin an yaza bilmirəm, sonra da
unuduram. Olur ki, həmin misraları nə qədər
etsən də xatırlaya bilmirsən. Yazmaq
istəyib yaza bilmədikləriniz, ya da ki, unutduqlarımız
sonradan qəlbimizdə bir acıya çevrilir. Bəzən də o acı zamanla insana özü o
şeiri yazdırır.
– Tədbirdə
çox böyük sevgi ilə oxuduğunuz Gülnarə
şeirini kimə yazmısınız?
–
1996-cı ildə bir qrup azərbaycanlı tələbə məni
ziyarət etdi. Universitedəki otağımda mənim
qonağım oldular və mənim şeirlərimi oxudular.
Onlar İzmirdən gələn tələbələr
idi və məni çox heyran qoydular. Çox
fərqli bir dünyaları olduqlarını anladım və
anamın da kökünün Gəncədən olduğu
üçün o tələbələr dayım
uşaqları kimi baxdım. Onlar gedəndən
sonra isə arxalarından bir xeyli baxdım. Bir də Azərbaycanda ən çox işlənən
adı soruşdum və mənə Gülnarə dedilər.
Mənası da atəş çiçəyi imiş və
bu torpaqlarda atəş torpaqları olduğu üçün
Gülnarə dedim və yazdım. O Gülnarə
isə tam simvolikdir. O ana Vətəni ifadə edir. O
şeir bir ada sığacaq qədər kiçik bir
anlamlı deyildir və bir Azərbaycan, bir Vətən
şeiridir.
– İki gün ərzində tədbirlərdə sizin
şeirlərinizi elə öz dilinizdən dinlədim və mənə
elə gəldi ki, bu şeirləri dinləməklə
yanaşı bir filmi də izlədim. Ssenari də
yazırsınız?
– Bu fikirlə
tam razıyam və həqiqətən mənim şeirlərimin
bir film kimi görünüşü və
yaşantısı var. Bu günə kimi də bir ssenari
yazmağı düşünmüşəm, amma belə deyək
də, bir zaman tapa bilməmişəm bu iş
üçün. Buna da mütləq zaman
ayırmalıyam, amma düşünüəm ki, yenidən
nəsə yazmalı olsam, bu mütləq roman olacaq.
Çünki 90-cı ildən bu yana
hardasa 20 il olacaq ki, mən roman yazmıram. Amma
yenidən yazma arzum var.
– İlk
şeirləriniz neçə yaşınız olanda
yazmısız və nədən təsirlənmisiz
?
– Mənim
uşaqlıq illərim Ərzurumun Xorasan mahalnın bir kəndində
keçdi və
orada heç məktəb belə yox idi. Amma mənim
atam, əmim və qohumlarım çox savadlı və irfan əhli
olan insanlar idi. Özlərini çox yüksək
səviyyədə yetişdirməyi bacarmış insanlar
idi. Bir əmim isə daim kitab gətirib
oxumaqla və oxutmaqla məşğul idi. Gecələr
oturub Koroğlu və başqa dastanları oxuyurdular. Tarixdən və şeir sənətindən də
uzun-uzadı danışardılar. Arada
çay fasiləsi edəndə belə, şeir deyirdilər.
İlk dəfə Nizami Gəncəvini,
Füzulini, Yunus Əmrəni orda eşitdim. Mənim uşaqlıq illərim şeir məclislərində
keçib və şeir yazmağım üçün bəlkə
də ilk təsir elə bu olub. Mən
uşaqlığımı bu şeirlərin işində
keçirtmişəm və orta məktəbdə oxuyanda ilk
dəfə yazmağa başladım. Və
bu günə qədər də usanmadan yazıram.
–
Qarabağla bağlı yeni bir şeirinizi eşitdim. Çox təsiredici bir şeirdir. Bu Qarabağla bağlı birinci şeirinizdi, yoxsa
ayrı şeirlər də var?
–
Qarabağla bağlı birinci şeirim idi, amma eyni zamanda
Gülnarə şeirim də Azərbaycana, Vətənə həsr
olunub. O da bir Qarabağ və Azərbaycan şeiridir.
– Siz
portret şəkillərində daha çox nəyə
üstünlük verirsiniz və gördüklərinizi o
şəkillərdə də yarada bilirsinizmi? O insanların kədərini,
dərdini, acılarını da çəkə bilirsiniz?
– Portret sənətində
duyğuları göstərmək çox önəmlidir. Portretini çəkmək
istədiyim insan onu hiss eləsə, çox süni şəkil
alınacaq. Ona görə də mən öncə o insanlarla
dialoq qururam, söhbət edirəm və sonra onların tam
rahat olduqlarına əmin olduqdan sonra dost oluram və onları
sərbəst buraxıram. Sonra da deyirəm ki,
gündəlik işlərinə davam etsinlər və elə
düşünsünlər ki, mən yanlarında yoxam.
Ona görə mənim rəsmlərimdə təbiilik
var və insanların duyğuları demək olar olduğu
kimi də əks olunub.
– Şairlərin oxuculara ümid verməyə
ixtiyarları varmı?
– İlk öncə buna özləri inanmalı, sonra əsərlərinə
köçürməli və daha sonra insanları
inandırmalıdırlar. İnsanlara ümidi onlar verməsə,
kim verəcək ? Kim
onların yolunu aydınladacaq? Cəmiyyətə yol
göstərən şairlərdir, onlar yeni üfüqlərə
doğru getməsələr, bəs kim gedəcək?
O zaman hər kəs qaranlığa qərq olar. Şairlərin də dik durmaları və yeni
yolları açmaları lazımdı, ya
açılmış yolları genişlətməlidirlər,
ya da yoldan çəkilməlidirlər.
– Bir az da bizə tələbəlik illərinizdən
danışın, çünki bildiyim qədər
ağır iş həyatınız olub.
– Mən
daim işləmişəm və hələ də işləməyə
davam edirəm. Mənim də bir ailəm var və
onları dolandırmaq üçün də hər zaman
işləməliyəm. Mən 13
yaşından sonra demək olar ki, hər gün işlədim
və sonra tələbə olanda da ağır işlərim
oldu. Gah çörək bişirdim, gah ev boyadım. Hətta
restoran və
inşaatlarda da işlədim, heç vaxt tənbəl
olmadım. Bir sözlə mən bir iş adamıyam.
– Bəs
bu işlərin ağırlığı sizi sıxmır
ki?
– Bəzən
yox, elə çox vaxt ağır işlərin olduğunu
anlayıram. Amma buna baxmayaraq, işə davam
edirəm və bir də düşünün ki, bu
ağırlığın içində indi Azərbaycandayam
və burda sizinlə bunları danışıram.
– O zaman
sizin uğurlarınızın açarı da elə burdan bilinir .
– Əlbəttə ki, mən hər zaman bütün
işlərə qaçdım və yoruldum demədim. Ona görə indi bu an burdayam.
– Sizin
özünüzlə bir bütöv olduğunuzu
düşündüyünüz məkanlar varmı
?
– İstanbulda olan bütün tarixi məkanlar mənə
təsir edir.
Boğazın hər tərəfi məni
özünə cəlb edir və çəkir. Həm şəkil çəkmək
üçün, həm də ədəbiyyat
baxımından çox maraqlı və təsiredici məkanlardı.
Sonra Ərzurumda rahatlıq tapıram,
çünki mən orda böyümüşəm. Həm də bir ayağım evimdə, bir
ayağım işimdə, bir ayağım isə təbiətin
qoynundadı. Bax bunların arasında həyatım
keçir. Həm də bu rahatlıq, bu məkanlar
insana təsir edir və yarada bilirsən.
– Sizin
şeirlərinizdə, romanlarınızda
özünüzü və ailənizi əks elətdirən
məqamlar varmı? Adətən, şairlər
deyirlər ki, onların xarakterini, dünyasını və həyatlarını
əsərlərində axtarmaq lazımdı.
– Bu ancaq
romanlarımda var. “Kədərlər hüzün oldu”
romanımda məktəb illərində olan vaxtlarımdan bir
qəhrəman kimi varam. Sonra dostlarım və
yoldaşlarım da var. “İntizar” romanım var, orda demək
olar ki yoxam, amma “Yollar dönuşə gedər” romanımda isə
dədəm, atamın atası var. Həmin romanın qəhrəmanı
odur. Romanlarımda da həyatımızdan
müəyyən izlər var. Amma tam olaraq həyatımı əks
elətdirən bir əsərim yoxdur.
– Azərbaycanın
gənc yazarlarına nə arzu edərdiz?
– Dörd
qrup insan vardır, 3-dən olsunlar, amma birindən
olmasınlar. Bu dörd qrup insanlar bunlardır: oxuyanlar, öyrədənlər,
öyrədilənlər və dinləyənlər.
– Həyatımız
başdan –ayağa fəlsəfədir, bu fikirlə
razısız?
– Nə
üçün, nəyə görə sualını
soruşmaq məcburiyyətində qalırıq bəzən.
Heyvanlar nə üçün sualını
soruşa bilirlər? Yox ... Ötüb
keçən hər hansı bir it nə üçün
sualını soruşa bilərmi? Yox ....
Ya da it deyə bilərmi ki, bu kəməri
boğazıma bağlamayın, ya at deyə bilərmi ki, mənim
belimə minməyin? Amma bir baxın onun
işi bundan ibarətdir, amma mən yoldan ötən bir
insanın barmağından tutsam, mənə həmin an nə
üçün mənim barmağımdam tutdun sualını
verəcək. Yoldan ötən birinə
bir tərs baxışla baxsam, həmin an mənə nə
üçün belə baxdın deyə soruşar. Fəlsəfə də suallardan ibarətdir və elə
bu dediklərim də bir fəlsəfədir. Həyat niyə var? Niyə
yaşayırıq? Bu sualları daim
soruşuruq. Nə üçün belə
olduğumuzu soruşmalıyıq ki, səhvlərimizi də
düzəldə bilək. Belə olmasa,
özümüzü belə hesaba çəkə bilmərik.
Biz soruşmalıyıq Qarabağ niyə
işğal altındadır? Biz soruşmalıyıq
niyə insanlar öz doğma torpaqlarından uzaqda bir
çadırda yaşayır? Niyə belə
hala gəldik? Bunların
hamısını soruşmalıyıq ki, reallıq ortaya
çıxsın. O zaman biləcəyik ki, ya
silahımız zəif idi, ya da ayrı bir hiylələr oldu
və bunun nəticəsində fəlsəfi bir addım atmaq
olar. Bu addımı atmasan boş söhbətlərdən o yana keçməyəcəyik.
– Bir insan
kimi, bir ata kimi, bir yazıçı kimi fəlsəfə
sizin həyatınızda hansı önəmi
daşıyır?
– Mənim
fərqli-fərqli rolları uğurla həyata keçirməyim
üçün fəlsəfənin böyük bir rolu var. Fəlsəfə
bir vasitədir. Fəlsəfə olmasa, həyat
da olmaz. Həm də mənim işimin və
fəaliyyətimin qarşısında suallarım olmasa
inkişaf da etmərəm. Bir yerdə
dağılaram, ya işi, ya şeiri, ya da ailəmi
buraxmalı olaram. Mən bu
ağırlığı, bu fəlsəfəmi sadəcə
gücümlə davam etdirə bilirəm.
– Şeir
sizin həyatınızdırsa siz onu heç vaxt buraxa bilməzsiniz .
– Şeir mənimlə iç-içə yaşayan bir
dünyadır. Sizinlə danışdığım an
belə bir şeir yaza bilərəm.
Könül SƏİD
525-ci qəzet.-
2012.- 11 may.- S.7.