Naməlum qəhrəmana
abidə qoymaq
İyirmi
ildən çoxdu biz müharibə şəraitində
yaşayırıq. Torpağımız işğal olunub,
yüz minlərlə həmvətənimiz
yurdundan-yuvasından qovulub, minlərlə
oğul-qızımız şəhid olub, yaralanıb, itkin
düşüb, əsir götürülüb. On səkkiz
ildi atəşkəs müqaviləsi bağlanıb,
danışıqlar gedir, amma torpağı işğaldan azad
eləmək mümkün olmayıb, ölüm-itim də
dayanmayıb, cəbhə xəttində tez-tez atışma
düşür, ölən, yaralanan, əsir
götürülən olur.
Bu
illərdə, istər döyüşün qızğın
çağında, istərsə də atəşkəs
dövründə fədakarlıq eləyən neçə-neçə
oğul-qızımız mükafata layiq görülüb, bəzisi
sağlığında, bəzisi ölümündən sonra
orden-medalla, fəxri adla təltif olunub, bəzisinə Milli Qəhrəman
adı verilib, neçə-neçə şəhidimizə
abidə ucaldılıb, küçələrə, məktəblərə
şəhidlərimizin adı qoyulub. Bu proses gələcəkdə
də davam eləyəcək. Müharibə elədi ki, orda fədakarlıq
eləyən adamın qəhrəmanlığı illər
sonra da üzə çıxa bilər. Başqa müharibələrdə
də belə olub. İndi içində olduğumuz Ermənistan-Azərbaycan
müharibəsində də elə adamlar var onların qəhrəmanlığı
xeyli sonra bilinib, ictimai, rəsmi səviyyədə təsdiqini
sonradan tapıb. Müharibə başa çatana,
torpağımız işğaldan azad olunana qədər hələ
çox belə fədakarlıq olacaq, keçmişdən
çox heyrətamiz fakt üzə çıxacaq, gələcəkdə
çox heyrətamiz hadisə baş verəcək.
İnsanın fədakarlığı tarixdə yazılandan
qat-qat çoxdu. Tarixçilərin burda bir günahı
yoxdu, məsələ ondadı ki, insanın bütün fədakarlığından
xəbər tutmaq mümkün deyil. İnsanın fədakarlığından
nəinki başqaları xəbər tutmaya bilər, hətta
adamın özü öz fədakarlığından xəbərsiz
ola bilər, çünki başqalarının fədakarlıq
saydığı, yaxud saya biləcəyi işə o işi
görən adamın özü çox adi baxa bilər.
İkincisi də, insanda özünü göstərməmək,
özünü bildirməmək xüsusiyyəti də var, yəni
insan bilə-bilə öz fədakarlığını gizlədə
bilər. Şahid olmadığına, fədakarlıq eləyən
adam şəhid olduğuna, itkin düşdüyünə,
yaxud aldığı zədədən yaddaşı
korşaldığına görə də kiminsə
müharibədəki qəhrəmanlığı tarix boyu
naməlum qala bilər.
Bəzən müharibədəki qəhrəmanlıq
elmi kəşf kimi bir adamın adına yazılsa da, əslində
orda çox adamın rolu olur. İllər uzunu alimlərin həll
eləməyə çalışdığı məsələni
axırda bir alim həll eləyir. Sözsüz ki, onun bu
uğurunda ona qədərki alimlərin rolu var, onlar öz
axtarışlarıyla bu kəşfi yetişdirmişdilər,
məsələni həll olunmağa
yaxınlaşdırmışdılar. Ancaq kəşf tarixə
bu prosesi yekunlaşdırmış alimin adıyla
yazılır. Müharibədə də belə ola bilər.
Döyüşün uğurla başa çatmasında əməyi
olan adamın sayı döyüşü uğurla başa
çatdırdığına görə
mükafatlandırılan adamın sayından çox ola bilər.
Başqa müharibələrdə olduğu kimi, Ermənistan-Azərbaycan
müharibəsində də elə adamlar var qəhrəmanlığı
təkbaşına eləyib, heç kəs də bundan xəbər
tutmayıb. Elə adamlar var qəhrəmanlığı
mühasirədə, əsirlikdə eləyib, düşməni
heyrətə salıb, amma bizim bundan xəbərimiz
olmayıb. Ola bilsin, nə vaxtsa xalqımız, dövlətimiz
bu qəhrəmanlıqdan xəbər tutacaq, ola da bilsin,
heç vaxt xəbər tuta bilməyəcək. Elə qəhrəmanlıq
var ki, onun olduğu bəllidi, amma onu kimin, kimlərin həyata
keçirdiyi bəlli deyil. Fədakarlıq var, amma bilinmir bu fədakarlığı
kim eləyib. Bir sözlə, çox səbəb var ki, onlara
görə biz xalqımızın bir çox
övladının fədakarlığından xəbərsizik.
Həm də bunu təbii hal kimi qəbul eləmək
lazımdı. Həyatın qanunu belədi, insanın
bütün fədakarlığından xəbər tutmaq
mümkün deyil. Tarixə bəlli olmayan fədakarlığın
sayı tarixə düşən fədakarlığın
sayından çoxdu. Bu, qanunauyğunluqdu, həmişə
belə olub, həmişə də belə olacaq. Buna görə
kimisə qınamaq olmaz, sadəcə olaraq bunu bilmək
lazımdı. Bilmək lazımdı ki, fədakarlıq təkcə
məlum proses deyil, həm də naməlum prosesdi. Bilmək
lazımdı ki, məlum qəhrəmanlar olduğu kimi, naməlum
qəhrəmanlar da var. Yəni bu o deməkdi ki, bizim
müharibədəki qəhrəmanlıqların miqyası
bizim özümüzə, düşmənə, dünyaya bəlli
olandan daha çoxdu. Bizim qəhrəmanların sayı bizə,
düşmənə, dünyaya bəlli olandan artıqdı.
Biz bilməliyik ki, bütün qəhrəmanlarımızın
adını bilmirik. Biz bundan utanmamalıyıq,
dünyanın quruluşu, insanın taleyi,
xalqımızın düşdüyü şərait, tarixin
qanunu, müharibənin qaydası belədi – bütün qəhrəmanların
adını bilmək mümkün deyil.
Heç bir xalq bunu
bilmir, biz də bilmirik. Bizim adını bildiyimiz qəhrəmanlar da var,
adını bilmədiyimiz qəhrəmanlar da. Bizim məlum qəhrəmanlarımız
da var, naməlum qəhrəmanlarımız da. Ona görə
biz məlum qəhrəmanlarımızın xatirəsini əbədiləşdirdiyimiz
kimi, naməlum qəhrəmanlarımızın da xatirəsini
əbədiləşdirməliyik. Biz hələ ki, bu işi
görməmişik. Mənə elə gəlir, Ermənistan-Azərbaycan
müharibəsində göstərilən və bu müharibə
başa çatana, torpağımız işğaldan azad
olunana kimi göstəriləcək naməlum qəhrəmanlıqlara
xalq, dövlət səviyyəsində ehtiram bildirməyin
vaxtı çatıb. Biz naməlum qəhrəmanlarımıza
abidə ucaltmalıyıq.
“Naməlim qəhrəman” abidəsinin
ölkəmizin paytaxtında olması vacibdi. Başqa şəhərlərdə,
bəzi qəsəbələrdə, kəndlərdə də
belə abidələr qoymaq olar. Qoy hər kəs bilsin ki,
bizim ağrıya bilmədiyimiz ağrılar, əzizləyə
bilmədiyimiz adlar var. Biz “Naməlum qəhrəman” abidəsiylə
o ağrıları ifadə eləməliyik, o adları əzizləməliyik.
“Naməlum qəhrəman” abidəsi
– olan, ancaq məlum olmayan fədakarlığı simvolizə
eləməlidi. Ən başlıcası hər kəs bu abidəni
ürəyində ucaltmalıdı. Ən vacibi naməlum fədakarlıqların
olduğunu bilmək, bunu duymaq və məlum qəhrəmanlarla
yanaşı, naməlum qəhrəmanların da xatirəsini əziz
tutmaqdı. Ən başlıcası belə bir abidənin
olması da deyil, ən başlıcası belə bir əxlaqın
olmasıdı. O abidə bu əxlaqdan doğmalıdı,
sonra da istər-istəməz bu əxlaqı
aşılamalıdı. Naməlum qəhrəmanın xatirəsi
ürəkdən gəlməlidi, “Naməlum qəhrəman”
abidəsi ürəkdən qopmalıdı, sonra da istər-istəməz
ürəklərə toxunub daima bu xatirəni, bu əxlaqı
yaşatmalıdı.
Özümü
naməlum qəhrəmanın abidəsi önündə təsəvvür
eləyirəm. Kimə ağrıdığımı bilmirəm,
amma nəyə ağrıdığımı bilirəm.
Kiminlə fəxr elədiyimi bilmirəm, amma nəylə fəxr
elədiyimi bilirəm. Kədər və qürur. Eynən məlum
qəhrəmanın abidəsi önündəki kimi kədər
və qürur duyuram. Formasında fərq olsa da, mahiyyətində
heç bir fərq yoxdu. Bütün qəhrəmanların
xatirəsi kədər üfüqündə, qürur zirvəsindədi.
Azər QARAÇƏNLİ
525-ci qəzet.- 2012.- 11 may.- S.4.