Dan yeri qanla sökülən Şuşam...
Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində hər gün efirdən həyəcanlı xəbərlər gəldi. Elə bil ki, Şuşa hələ zəbt olunmayıb, hələ işğal ediləcəyi gözlənilir və adamları ayıq-sayıq olmağa çağırırdılar. Şuşada isə nə dünyanın o başından gəlib istirahət edənlərin, nə də onun gözəlliyindən zövq alıb kef-damaq sürənlərin heç biri gözə görünmür. Bir döyüşçülər qalıb, bir də ata-baba ocağından qopa bilməyən yaşlı kişi və qadınlar. Müharibənin öz qanunları var. Ağdamda qonşumuzda Xocalıya gəlin köçən qızımız deyirdi ki, bizə Xocalıdan çıxmağa icazə vermirlər. Xocalıların aqibəti isə misli görünməmiş bir soyqrımla hər kəsə məlumdu. Biz o buz bağlamış dəhşətli vəziyyətdə olan körpə meyitlərini televiziyada dəfələrlə ürək ağrısı ilə seyr etmişik. Axı kim doğma evindən köçüb başıqapazlı yaşamaq istəyər? Amma bıçaq sümüyə dirənəndə adam balasını düşmənin əlindən alıb qaçmasın neyləsin?...
...Xəbərlər yaman həyəcanlıdı, Şuşanın işğalına ...5 gün, sonra 4 gün, 3 gün, 2 gün və nəhayət 1 gün qalıb! Şuşa fəryad edir, köməyə çağırır. Bir döyüşçü söyləyir ki, bu çətin anlarda qoy Qarabağ Azərbaycanın paytaxtı olsun, axı bundan biz nə itiririk ki? Amma dinləyən kimdi, Bakıda vəzifə davası gedirdi onda... Şuşa köməksiz qaldı, igid döyüşçü oğulların səsinə səs verən tapılmadı. Amma onlar geri çəkilmədilər, sonadək vuruşdular, çoxu şəhid oldu əllərində silah, dilində Şuşa fəryadı...
Beləcə 1992-ci il mayın 8-də möhtəşəm memarlıq və incəsənət abidələri ilə zəngin Xan qızı Natəvanın, Vaqifin, Üzeyirin, Xanın... ana yurdu –göz bəbəyi Şuşa sonadak mücadilə aparsa da düşmən əlinə keçdi. Havası, suyu dərdlərə dəva, əsrarəngiz gözəlliyi dillərdə dastan olan Şuşa... Bundan sonra da Şuşa həsrəti başladı. Həsrəti gözündə dünyasını dəyişənlərin sayı artır, qalanların ürəyini görməyə ürək lazım... Və qələmlə cihada başladı həqiqi söz adamları. İndi adını çəkəcəyim şairi bəlkə çoxu tanımayacaq. Əvvəllər Şuşada yaşayıb-yaradan, sonra sanki özündən, sözündən küsüb içinə çəkilmiş, həsrəti ilə baş-başa qalan, nə isə bir tutarlı iş görməyə çalışan, yaşayan, yaşadan, yanan şairdi Əli Mahmud. Pafosdan, qalmaqaldan uzaq, təmənnasız, xeyirxah bir adam. Uzun illər “Qarabağ” qəzetində çalışan, sonra özü də “Qarabağa aparan yol” adlı qəzeti ilə oxucuya ürəyini açan, yurddaşlarına, dərddaşlarına bir az da yaxın olan şair...
Çoxdan, bəlkə on il əvvəl olar onun bir
şerini oxumuşdum.
“Şuşada nəyim
qaldı
?”
...Dan yeri qanla sökülən
şəhərim,
Kişnərtisi qızıl qayada
qovulub itən
Tövləsi, axuru sökülmüş
Nalları tökülmüş
Yüyəni, yəhəri yandırılmış
İnadı sınldırılmış kəhərim.
...Bağrıqan dağının
üstündə
bir əlçim yağışsız buludum
segahı yarımçıq
kəsilmiş
tankların tırtılı
altında
nalə çəkə-çəkə
əzilmiş
kamanım, udum
ürəyim, gərəyim,
duzum, çörəyim...
...Düz 20 il
oldu Şuşa həsrətinin yaşı.
Bir igidin ömrü. Amma sağalmayan yarası var bu həsrətin.
Çünki Şuşanın
dolama yollarında ayaq izim var. Könlümdə havası
olduğundan gözlərimdə
ümid qığılcımları
da var... May ayında dərdi ilə birgə doğulan şair özünə-özümüzə inanır, daha oturub kimisə, nəyisə gözləmir...
...Zülmət olsa, duman olsa, qar
olsa,
Ürəyimi məşəl edib yandırım.
Baş qoyduğum bir müqəddəs amalsa ,
Qandalımı inadımla sındırım
–
deyir. Elə bu müqəddəs
amal uğrunda bizlərə yumruq kimi birləşib bir olmaq qalır.
Yoxsa Şuşanın
o dolama yollarında büdrəyər, dumanında
qeyb olarıq...
Mina RƏŞİD
525-ci qəzet.- 2012.- 11 may.- S.7.