Mətbuat və ictimai fikir tariximiz haqqında maraqlı tədqiqat işi

 

LALƏ OSMANQIZININ “ƏHMƏD BƏY AĞAOĞLUNUN PUBLİSİSTİKASI (“KASPİ” QƏZETİNİN MATERİALLARI ƏSASINDA )” MONOQRAFİYASI BARƏDƏ QEYDLƏR

 

Azərbaycan ictimai fikir tarixinin görkəmli şəxsiyyətləri – C.Məmmədquluzadə, Ə.Topçubaşov, Ü.Hacıbəyli, İ.Qaspiralı, Ə.Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə.Rəsulzadə kimi jurnalist və publisistlərin irsinin və fəaliyyətinin yeni baxış müstəvisindən öyrənilməsi həmişə aktuallıq kəsb edir. Bu şəxsiyyətlər Azərbaycan jurnalistikasında seçilən və daha çox təsir gücünə malik olan qələm sahibləridir. Onlar xalqa öz sözünü ən uca tribuna vasitəsilə – mətbuatla deməyin necə vacib olduğunu əsaslandırmış və bütün həyatları boyu mətbuatın ictimai həyatda rolunu yüksəltməyə çalışmışlar.

Avropanın müxtəlif təhsil ocaqlarında təhsil alıb oradakı qabaqcıl ideyalarla yaxından tanış olduqdan sonra Azərbaycana dönən bu ziyalı nəsil millətin və xalqın xoşbəxt gələcəyi uğrunda mübarizə aparmış, elmin, maarifin yayılmasına səy göstərmişlər. Onlar milli kimliyin, demokratik təfəkkürün və millətin özünüdərkində ziyalı sözünün mətbu ifadəsinin əhəmiyyətinə həmişə diqqət yetirmişlər. Lakin tariximizin “Sovet dövrü” adlanan qara kölgəsi bir çox böyük şəxsiyyətləri və həqiqətləri təhrif etdi. Bu, Ə.Ağaoğludan da yan keçmədi. Onun haqqında yazılan tədqiqatlar, söylənən fikirlər bir qayda olaraq antimilli, inkarçı ruhda, qeyri-obyektiv mahiyyətdə olurdu.

Mənəvi dəyərlərimizə, mədəniyyətimizə yeni müstəvidən baxış, tariximizi yaşadan və tariximizdə yaşayan bu şəxsiyyətlərin mətbuat salnaməmizdəki yerinə və mövqeyinə obyektiv qiymət vermək, onun həyat yolunu, yaradıcılıq irsini öyrənmək müasir Azərbaycan ziyalılarının vətəndaşlıq borcudur. Bu mənada mətbuat tariximizdə 70 il “burjua ideoloqu”, “panislamist”, “pantürksist” kimi təqdim edilən Ə.Ağaoğlu irsinin yenidən qiymətləndirilməsi, onun haqqında tədqiqat aparılması, əsərlərinin elmi-təhlil süzgəcindən keçirilməsi bu gün mətbuatşünaslığımızda uğurlu addımlardan biri kimi dəyərləndirilməlidir. Filologiya üzrə fəlsəfə doktoru Lalə Osmanqızının (Hacıyevanın) “Əhməd bəy Ağaoğlunun publisistikası (“Kaspi” qəzetinin materialları əsasında)” monoqrafiyası bütün türk dünyasının böyük şəxsiyyəti Ağaoğlusevərlərə, eləcə də Şuşa ziyalı mühitinə bir ərməğandır, Ə. Ağaoğlu haqqında sovet dövrü tədqiqatlarında yer alan təhriflərə, riyakar yalanlara layiqincə cavabdır.

Monoqrafiyada Ə.Ağaoğlu dünyagörüşünün formalaşması, böyük ədibin publisistikasının mövzu dairəsi, elmi axtarışları tədqiqat obyektinə çevrilmişdir.

Monoqrafiyanın giriş hissəsində əsərləri toplanmamış, haqqında çox az yazılmış, əksər hallarda haqsız yerə tənqid olunmuş Ə.Ağaoğlunun kimliyi barədə suala onun özünün “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrinin birində dəqiq cavab verilir: “şair, mühərrir, müəllim, professor, vali, müstəşar, bank müdiri, səfir, tacir, millət vəkili”. Ə.Ağaoğlunun fəaliyyəti ilə bağlı informasiyanı tədqiqatçı-alim ədibin dili ilə təqdim edir: “Yazdıqlarımı yan-yana düzsələr, Bakıdan İstanbula çatar”. Lalə xanım 70 il müddətində adının çəkilməsinə yasaq qoyulmuş, ləkələr yağdırılmış Ə. Ağaoğlu haqqında yazan tədqiqatçıları qiymətləndirir, belə bir şəxsiyyətin ədəbi-publisistik görüşlərinin bugünkü tarixi-ictimai proseslərin təsiri ilə yeni məzmun qazandığını, bu məqamlara aydınlıq gətirilməsinin vacibliyini vurğulayır.

Tiflis, Peterburq, İstanbul, Ankara, Paris, Londanu əhatə edən 50 illik fəaliyyət coğrafiyasının genişliyini vurğulayan L.Hacıyeva ilk yazısını fransızca yazan ədibin dünyagörüşünün formalaşmasında rus, ingilis, ərəb, fars dillərinə yiyələnməyinin rolunu xüsusi qeyd edir.

Monoqrafiyanın uğurlu cəhətlərindən biri “nadan obrozovannı” kimi dəyərləndirilən Ə.Ağaoğlu haqqında sovet dövrü tədqiqatçılarına münasibət bildirməsidir. Tədqiqatçı-alim mübahisəli nəzəri məsələlərə aydınlıq gətirməyə çalışmış, yeri gəldikcə bu məsələlərlə bağlı polemika aparmaqdan çəkinməmişdir.

Monoqrafiyada Ə.Ağaoğlunun çoxşaxəli ədəbi irsi onun “Kaspi” qəzeti səhifələrində dərc olunmuş publisistik yazılarının əsasında oxuculara təqdim olunur. Təqdirəlayiq haldır ki, bu publisistik yazıların əksəriyyəti ilk dəfədir ki, Lalə xanım tərəfindən araşdırılıb öz elmi təhlilini tapmışdır.

 “Əhməd bəy Ağayevin dünyagörüşünün formalaşması” adlanan I fəsildə Şuşa şəhərində dünyaya göz açan bu böyük mücahidin formalaşmasında iki ayrı-ayrı istiqamətin–dünyəvi elmlərlə islami dəyərlərin vəhdətinin böyük rol oynaması, onun elmi-ədəbi fəaliyyətinin qayəsini təşkil etməsi diqqətə çatdırılır. Avropaya meylli Əhməd bəyin “Kaspi” qəzetindəki yazılarında onu dünyagörüşündə əsil müsəlman, islami dəyərlərə söykənən bir ziyalı kimi görürük.

Monoqrafiyada panislamizmin böyük ideoloqu Şeyx Cəmaləddin Əfqaninin Ə.Ağaoğlunun dünyagörüşünün formalaşmasında həlledici rol oynadığı xüsusi vurğulanır. C.Əfqaninin siyasi modelinə görə Avropaya meyl həm Şərq ölkələrini Avropanın istismarından xilas edəcək, həm də Avropanın yeniliyini çəkib Şərqə gətirəcək, yerli xalqda milli şüuru, milli mənliyi yüksəldəcək. Bu ideya Ə. Ağaoğlunun tədqiqata cəlb olunan əksər məqalələrinin ana xəttini təşkil edir. Burada onun nəzəri baxışları məsləkdaşı Ə.Hüseynzadə ilə birləşir. L.Hacıyeva Ə.Ağaoğlunun Avropaya meylini islami dəyərlər üzərində yüksəlməkdə görür.

Sovet dövründə yazılmış əsərlərdə “pis” hökmdarlara qarşı individual terror taktikası tərəfdarı kimi təqdim olunan və tənqid edilən C.Əfqaninin bu islahat arzusu Avropa düşüncə tərzinə malik, islami dəyərləri, şəriət qanunlarını ali hesab edən Ə.Ağaoğlunun xalqın azadlığı, milli dirçəlişi uğrunda mübarizəsində gerçəkləşir və 1905-1906-cı illərdə- erməni-müsəlman qırğını dövründə qələminin gücündən əlavə fəaliyyətini də genişləndirir. L.Hacıyeva “Difai” özünümüdafiə təşkilatının məhz Ə.Ağaoğlu tərəfindən yaradılmasını C.Əfqaniyə məxsus mübarizə məfkurəsinin onun təfəkkürünə nüfuz etməsi kimi dəyərləndirir və bu təşkilatın fəaliyyəti ilə bağlı yanlış faktlara da münasibət bildirərək göstərir ki, Əhməb bəy Ağaoğlu kəskin çıxışları ilə bir tərəfdən nəyin baş verdiyini anlamaq və anlatmaq istəyir, digər tərəfdən azərbaycanlılara qarşı rus mətbuatındakı böhtan yazılara cavab verməli olurdu.

Tədqiqatda ədibin Rus hökumətinin qərarı ilə Zaqafqaziyada yaşamaq hüququndan məhrum olması, yaşamaq üçün Türkiyəyə üz tutması, 1918-ci il Parisə sülh konfransına yollanmaq əvəzi Maltaya sürgün olunması və digər bir çox məqamlara aydınlıq gətirilir.

Monoqrafiyanın uğurlu cəhətlərindən biri də Ə.Ağaoğlunun “Kaspi”dəki bədii yaradıcılığının tədqiqata cəlb olunmasıdır. Tədqiqatdan görünür ki, böyük ədib “Kaspi” qəzeti səhifələrində publisistika və ədəbi tənqidlə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuş, kicik həcmli hekayələr yazmışdır. Şərq və Qərb mədəniyyətləri, dünyagörüşləri, fərqli həyat tərzləri haqqında söhbət açan bu hekayələr ilk dəfə tədqiq və təhlil olunur, oradakı dini, fəlsəfi, milli, etik, məişət məsələləri ön plana çəkilir ki, o dövr üçün adi görünən bu problemlər böyük həqiqətlərdən xəbər verirdi. Monoqrafiyada Ə.Ağaoğlunun bədii yaradıcılığında nəsr ilə publisistika qarşılıqlı əlaqədə təqdim edilir. Ədibin öz fikirlərini daha qabarıq izah etmək üçün hekayə janrına müraciət etməsi əsaslandırılır.

Azərbaycanda XIX əsrdən sonra inkişafa başlayan və o dövrdə oxucu üçün ən münasib və təsirli formalardan biri olan nəsrin inkişafını əhəmiyyətli hesab edən tədqiqatçı Ə. Ağaoğlunun hekayəçilik fəaliyyətinə C.Məmmədquluzadədən əvvəl başlamasını və onun ilk hekayələrinə hələ XIX əsrin son illərində rast gəlindiyini qeyd edir və bu hekayələrin tədqiqatlardan kənarda qaldığını göstərir.

L.Hacıyeva bunun başlıca səbəbini ədibin 1905-ci ilə qədər rusdilli “Kaspi” qəzetində çalışmasında, hekayələrinin əsasən rus dilində yazılmasında görür. Təqdim olunan hekayələrin təhlilindən aydın olur ki, Ə. Ağaoğlu yaşadığı dövrün, cəmiyyətin bütün problemlərini öz içindən keçirmiş, dini, əfsanəvi, fəlsəfi, milli, etik, məişət məsələlərindən bəhs edən hekayələrində o dövrün Azərbaycan gerçəkliklərinə ayna tutmuş, bütövlükdə insanlığın taleyinə biganə qalmamış, dövrün bütün qlobal problemlərini bu bədii əsərlərdə əks etdirməyə çalışmışdır.  Onun bədii yaradıcılığında müəllifin baxışlarındakı ardıcıllıq, bütövlük və dərin mühakimə, problemlərin mahiyyətinə varmaq dərhal nəzərə çarpır.

Monoqrafiyada “Kaspi” qəzetinin 14 yanvar 1900-cü il tarixli nömrəsində dərc olunmuş “Müsəlmanın ramazan axşamı” hekayəsi geniş təhlilə cəlb olunur.

Ümumiyyətlə, tədqiqatda XX əsrin əvvəlləri publisistikada, eləcə də Ə. Ağaoğlunun bədii nəsrində özünü göstərən xarakter tiplər analiz edilir. Maraqlı cəhət budur ki, bu hekayələrin xarakter tiplər rus yazıçılarının əsərlərinin qəhrəmanları ilə müqayisəli şəkildə təhlil olunur. Ə.Ağaoğlu “Dostlar arasında”, “Ziyalılarımızın vəzifələri”, “Konfusiy və Nitşe” , “Zərdüşt belə deyirdi” hekayələrində ictimai məsələlərə, eləcə də Şərq və Qərb mədəniyyətinə, fəlsəfəsinə baxışları, milli adət-ənənələrə və onun tarixinə, Avropa cəmiyyətində baş qaldıran meyllərə öz münasibətini bildirir. Monoqrafiyada ədibin Şərq və Qərb mədəniyyətlərinə, Qərb və Şərq ideoloqlarının fəlsəfi nəzəriyyələrinə münasibəti də araşdırılır və Ə.Ağaoğlunun filosof kimi öyrənilməsinə xüsusi diqqət yetirilir.

Tədqiqatda Azərbaycan tarixinin ədibin əsərlərində yer tapan bir çox məqamları ictimai-siyasi hadisələr fonunda işıqlandırılır. Qafqaz regionunda hökmranlıq edən çar rejiminin iç üzünü, xalqların inkişafına mane olan, tərəqqisinə əngəllər törədən rus imperiyasının boğucu siyasətini tənqid edən “Unqa (Şərq nağılı)” və “Peterburqdan məktublar” əsərləri Rusiya müsəlmanlarının acınacaqlı vəziyyətinə ədibin sərt münasibətini özündə əks etdirir. “40 il müsəlmanların ana dilində qəzet nəşr etmək xahişinə rədd cavabı verilir”, “bu qeyri-normal vəziyyətə münasibət bildirilməlidir”, “...dilimiz yox, ədəbiyyatımız yox”.

L.Hacıyeva Ə.Ağaoğlunun publisistikasından, habelə bu publisistikanın meydana gəldiyi ictimai mühitdən, onun mövzu dairəsindən bəhs edərkən əsərlərin ideya-məzmun keyfiyyətlərinə, bədii-estetik gücünə diqqət yetirir, sənətkarlıq axtarışlarını qiymətləndirməyə səy göstərir. Tədqiqatçı ədibin publisistik yaradıcılığını səciyyələndirən əsas cəhətlərdən biri kimi mövcud bədii-estetik ənənələrdən bəhrələnməsini əsas götürür və onu yüksək qiymətləndirir.

Monoqrafiyada Ə.Ağaoğlunun cəmiyyətin həyatında jurnalistikanın yeri və rolu haqqında mülahizələrinə də münasibət bildirilir. Mətbuatın millətə verə biləcəyi xeyri düzgün müəyyənləşdirən publisist “Şərqdə jurnalistikaya bir nəzər” və “Şərq jurnalistikasının icmalı” adlı məqalələrində dəqiqlik və hadisələrə birbaşa müdaxilə tələb edən jurnalistıkanın Şərqdə lazımınca dərk edilməməsini dərin təəssüf hissi ilə qeyd edir. O yazır: “Uzun müddət Avropa sivilizasiyasına yabançı olmuş Şərq son 20-30 ildə bu sivilizasiyanı qəbul edir, onu məktəblər, hökumət idarələri və ticarət-sənaye fəaliyyətinin formaları şəklində özündə tətbiq edir; bütün bunlar bəzi yerlərdə elə həmin Avropanın təzyiqi altında, Avropa sivilizasiyasının üstünlüklərini təcrübədə çətin sınaqlardan keçirdikdən sonra, bəzi yerlərdə isə könüllü şəkildə edirdi; lakin Avropa sivilizasiyasının bütün formalarından müsəlman Şərqinə ən çox çətinliklə nüfuz edən jurnalistika və mətbuatdır. Bu ona görə deyildir ki, müsəlmanlar mətbuatın və jurnalistikanın vacibliyini və zəruriliyini hələ başa düşmürlər; əksinə...mütərəqqi adamlar onu daim təbliğ edir, dövlətlərin və xalqların həyatında mətbuatın və jurnalistikanın vacibliyi və zəruriliyi barədə uca səslə danışmaqdan yorulmurlar”.

Şərqdə mətbuatın xarakterinin müxtəlifliyini vurğulayan mütəfəkkirin “maneələrin təsir qüvvəsi konkret xalqın mədəniyyət və tərəqqi səviyyəsi ilə tərs mütənasibdir və müsəlmanlar arasında mətbuat milli xüsusiyyətlərin və cəmiyyətin vəziyyətinin ifadəçisinə çevrilməyə başlamışdır” fikirlərinə münasibət bildirən L. Hacıyeva onu ədibin həm yaradıcılıq təcrübəsi, həm də nəzəri axtarışları ilə əlaqələndirərək mükəmməl bir konsepsiya adlandırır. Bu konsepsiya bu gün də öz aktuallığını saxlayır.

Ədibin dini-teoloji görüşlərini islam və islami dəyərlərlə əlaqələndirən tədqiqatçı “Müsəlman xalqlarının vəziyyəti”, “Menşikov və islam”, “İslamda qadın və islama görə qadın”, “Qurban Ba yramı”, “İslamın yaranışı və onun xristianlığa və yəhudiliyə münasibəti” və sair məqalələrdə irəli sürülən müddəaları əsaslandırmağa, Ə.Ağaoğlunun faktlara sosioloji, kulturoloji, sosial-psixoloji müstəvidə müqayisəli şəkildə yanaşmasını qiymətləndirməyə çalışır.

Ə.Ağaoğlu publisistikasında qadın azadlığı məsələsinə toxunan ilk tədqiqatçılardan biri kimi L.Hacıyeva “Zibeydə və Abbas”, “Qadın və islam”, “Müsəlman qadınları üçün yeni məktəb”, “Müsəlman qadınının emansipasiyasına dair” və sair əsərləri təhlilə cəlb edərək onun M.F.Axundov, H.Zərdabi yolunu davam etdirdiyini sübut edir və köhnə həyatın bir çox çürük cəhətlərinin, mənəvi-əxlaqi keyfiyyətlərinin atəşə tutmasında Ə. Ağaoğlunun mövqeyini təqdir edir.

Bütün Türk dünyası üçün dəyərli olan Ə. Ağaoğlu bu gün xalqı tərəfindən daha artıq sevilir, daha artıq öyrənilir, yaradıcılığı, qoyub getdiyi irs yeni-yeni nəsillərin müraciət etdiyi zəngin bir xəzinəyə çevrilir. O yalnız öz dövrünün deyil, bəlkə də daha artıq dərəcədə bu günün və gələcəyin böyük publisisti kimi ictimai-siyasi və kulturoloji fikir tarixində əhəmiyyətli yerlərdən birini tutur.

Ümumilikdə, monoqrafiya klassik irsin dəyərləndirilməsi, dövrün-zamanın kontekstində qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Şübhə yoxdur ki,  Ə.Ağaoğlunun publisistikası çağdaş milli şüurumuzun, sağlam dini təfəkkürümüzün formalaşmasında və Qərb sivilizasiyasına baxışlarımızın gerçəkləşməsində həmişə öz dəyərini qoruyub saxlayacaq .

 

 

Aygün ƏZİMOVA,

fəlsəfə doktoru

BDU-nun jurnalistika fakültəsi

 

525-ci qəzet.- 2012.- 11 may.- S.6.