Gülüzlü
Əli
Həyatım boyu tanıdığım onlarla Əlidən üçü məndən ötrü daha doğma, daha əziz olub. Tarixilik baxımdan bu üç Əlidən birincisi Həzrət Əlinin (s) adını və onun haqqındakı rəvayətləri uşaqlıqdan eşitmişəm. Vətənimiz müstəqillik qazanandan sonra Həzrət Əlinin (s) farscadan ana dilimizə sətri çevrilmiş kəlamlarını redəktə edərkən onun ağlına, ədalətinə, böyüklüyünə, iradəsinə, əyilməzliyinə, igidliyinə heyran olmuşam.
İkincisi, bircə dəfə yaxından ötəri gördüyüm, şeirlərini dönə-dönə oxuduğum sevimli şairimiz Əli Kərimdir.
Üçüncüsü, ötən yüzilin altmış ikinci ilindən, universitetin filoloji fakültəsinə daxil olub bu günəcən ayrıla bilmədiyim yazıçı, proza ustası Əli Həsənlidir. Sadəlik, saflıq, ədalətlilik, dözümlülük, nəfsinə hakim olmaq... xüsusiyyətləri bu üç Əlinin üçündə də var.
Mənim məqsədim daha çox tanıyıb bələd olduğum Əli Həsənlidən yazmaqdı. Əlli il ərzində ən çox oturub durduğum, dərdləşdiyim, bir-birimizə ən gizli sirlərimizi açsaq da, yenə də Əli Həsənlidən, onun ləngərli, ağır taxtalı, çoxqatlı yaradıcılığından, istər şerindən, istərsə də mürəkkəb nəsrindən yazmaq mənim üçün son dərəcə müşkül bir məsələdir. Tofiq Abdindən yazmağa nə var! Oğulsan, Əli Həsənlidən elə yaz, onun qızılgül ləçəyindən də zərif qəlbinə toxunmayasan, onun ucaltdığı sənət qalalarının qapısından içəri girə bilməməyin bir yana, heç olmasa o qapıları çala biləsən. Əgər yanılmıramsa, təmizliyinə, düzlüyünə, insaflı, tərbiyəli olmasına, həssaslığına, xeyirxahlığına görə çoxları yüksək əxlaqlı, təmiz vicdan simvolu Əli Həsənliyə borclu olduğu halda, Əli Həsənli çox vaxt elə bilir, o, hamıya borcludur. Tünlükdən, qələbəlikdən qaçır, ağlı kəsəndən üzündəki maskasını çıxarıb atıb, maskalılardan xoşu gəlmədiyindən onlardan gen gəzməyə çalışır. Əliylə görüşəndə maskamı çıxarıb atdığıma görə mənimlə darıxmır, ancaq yolüstü mən bir idarəyə, bir təşkilata dəymək istəyəndə o, sanki binanın qapısından girməyə xoflandığından, daha doğrusu, adamlarla üz-üzə gəlməyə ürək eləmədiyindən "Mən burda gözləyim, işini qurtar, gəl" deyir. Bəlkə bu səbəbdən universiteti bitircək, o, şəhər tünlüyündən, basırığından uzaqlaşaraq ucqar bir kəndə işləməyə getdi. Dördmü, beşmi il işlədi, yadımda deyil. Məktublarında göndərdiyi kövrək, lirik, qəlb titrədən duyğusal şeirlərində də onun tənhalığı, zərifliyi, qəribliyi duyulurdu.
Görkəmində bir qüsuru olan adam öz eybindən sıxılan kimi Əli də öz utancaqlığından, həyalılığından çəkinir. Bir dəfə sıxıla-sıxıla məndən "Utanmağım bilinir?" soruşanda yenə də üzü qızardı, onu rahatsızlıqdan qurtarmaq üçün "yox əşşi!" dedim. İnanıb inanmadığını bilmədim.
Yazılarımın birində qeyd etdiyim bir məqamı yenə yada salmalı oluram. Hamıyla zarafat edən, yeri gələndə dolayıb ələ salan Vidadi Məmmədov təkcə Əliylə qarşılaşanda, onun üzündəki duruluğu, paklığı, bəlkə də həddindən çox həyalılığı gördüyündən onunla şit zarafat etməyə qıymırdı. Burda şair Ramiz Rövşənin fikirlərini yada salmamaq olmur: " Əzizim Azər! "Oğuz eli" qəzetinin yeni buraxılışını köhnə dostumuz Əli Həsənliyə həsr etməyin məni sevindirdi. Əli heç vaxt gözə soxulmağı sevən adam olmayıb. Hətta 40 il bundan əvvəl hay-küylü şeir dərnəklərində də su kimi sakit üzüylə bir qıraqda əyləşən Əlinin səsi az eşidilirdi.
Bu yaxınlarda mənə göndərdiyin "Oğuz eli" qəzetinin "Allah sevgisi” adlı" xüsusi buraxılışında Allaha üz tutub yazılan bir çox şeirlərin, həyəcanlı misraların arasında da Əlinin şeiri qəribə sakitliyi ilə seçilir. Allaha bu cür sakit münasibət yalnız Allahı öz içində tapan adamda ola bilər. Bir məşhur kəlam var: "General olmaq istəməyən əsgər pis əsgərdi."
Bizim ədəbiyyatımız bircə gün də əsgərlik çəkmədən general olmaq iddiasına düşənlərlə həmişə dolu olub, bu gün də doludu. Mən bilən Əli heç vaxt generallıq iddiasına düşməyib. Bir qələm sahibi kimi, bəlkə də onun eybidi. Amma hər halda, ən böyük hörmətə layiq olan əsgər ordular məğlub olandan, generallar təslimçilik aktını imzalayandan sonra da öz silahını atmayan, səngərini tərk etməyən əsgərdi. Və bu gün həm "milli", həm "bəşəri" libasda dörd yandan üstümüzə hücum çəkən nadanlığın, həyasızlığın, əxlaqsızlığın qarşısında təkcə ədəbiyyatımız, mədəniyyətimiz yox, mənəviyyatımız da get-gedə təslim olduqca, zədələndikcə, uçulub töküldükcə, heç bir tərif və təltif ummadan mənəviyyatımızı qorumağa çalışan, əlində qələm bu yolda vuruşan söz adamları da ən böyük hörmətə layiqdi. Və bu söz adamlarının, bu mənəviyyat əsgərlərinin arasında bizim köhnə dostumuz Əli Həsənli də var". ("Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışı, fevral 2006)
Əli yazıçı olaraq okeanı, dənizi, gölü, dalğanı, ləpəni yox, bir damcıda okeanın nəhəngliyini, genişliyini, sonsuzluğunu, dərinliyini təsvir etmək, canlandırmaq qüdrətindədir.
Əli Həsənlinin "Qayıq", "Ağ yol", "Səs- yol yoldaşı", "Xof", "Sovxa adam" hekayələrini, "Aşıq" povestini oxuyanlardan kimisi Heminqueyin "Qoca və dəniz", Buninin "Sanfransiskolu cənab", kimisi Lev Tolstoyun "İvan İliçin ölümü", Çexovun "Altı nömrəli palata" hekayələrini, kimisi də Laksnesin, Kafkanın, Folknerin, Platonovun hansısa əsərini xatırlaya bilər. Əli Həsənlinin uzundan uzun cümlələri bəzən bir vərəq, bəzənsə vərəqdən də artıq nəfəsi kəsən iri-iri abzasları, ədəbiyyatda şüuraxının yaradıcısı kimi tanınan Prustu yada salır. Ancaq bir həqiqətdir, bu vaxtacan Əli Marsel Prustun bir kitabını da əlinə almayıb.
Şair Qabil yazır: "70 illik yubileyimlə bağlı Şəki, İsmayıllı, Qusar rayonlarında keçirilən görüşlərdə sakit, az danışan Əli Həsənlinin bədii, obrazlı, gözləmədiyim şəkildə, daha doğrusu, yüksək səviyyədə söylədiyi nitqi-çıxışı bədii əsər kimi yadımda qalıb.
Günlərin bir günü Azər Abdullanın bir az yalvarışla, bir az da israrla elədiyi xahişə görə mən Əli Həsənlinin sıx sətirli, dialoqsuz vərəqlərinə baxanda adamın gözü dirənən "Qayıq" hekayəsini oxumalı oldum. Gənclər mən yaşa çatanda, gözləri zəifləyib hövsələsiz olanda təkcə yazmağın deyil, oxumağın da çətin olduğunu anlayacaqlar. "Qayıq" hekayəsini oxuyandan sonra bəstəboy, arıq bir insanın daxilən nə qədər böyüklüyünü, sonsuz gücə, iradəyə malik olduğunu gördüm. Sözləri, cümlələri hörə-hörə, "kurjeva kimi toxuya-toxuya" bir ilmənin, bir naxışın yerini səhv salmadan, dərin psixoloji ovqat yaradan, zəngin söz ehtiyatı olan Əli Həsənlini bircə hekayəsi ilə yenidən tanıdım, onu peşəkar yazıçı səviyyəsində gördüm". ("Oğuz eli" qəzetinin "Yazıçı" buraxılışı, fevral 2006)
Əli Həsənli Binədə yaşayır. Qəzetdə işlədiyi vaxtlar sifarişli məqalələr yazmaq istəmədiyinə, öz istədiyi yazıları da redaktor həzm edə bilmədiyindən o, qonorar almır, ancaq azacıq aylıqla ailəsini dolandırmaq zorundaydı. Onun üç balaca övladı atasından saflıq, duruluq, təmiz vicdandan, namusdan başqa həm də konfet, şokolad, dondurma, oyuncaq, ayaqqabı, pal- paltar istəyirdi. Əli gül becərib firavan dolanan qonşularına baxıb, kiməsə ağız açmamaq, minnət etməmək amacıyla bapbalaca həyətyanı torpağında "parnik" düzəltdi. Günlərin bir günü mən "parnik"in qapısından içəri girəndə heyrətdən yerimdə donub qaldım. Qış günü yaşıllıqdan boylanan al qırmızı qərənfillərin işığı, görkəmindəki doğmalıq, məsumluq, gülümsəməyə bənzər simsarlıq məni elə bil xorla, urrayla salamlayırdı. Qəlbimdə yüngüllük hiss elədiyimdən elə bil ayaqlarım yerdən üzülmüşdü, özümü havada, çəkisizlik mühitində duyurdum. İlk dəfə Əlinin saflığını, məsumluğunu nizam- intizamlı, səliqəli, yığcamlığını o gülxanada gördüm. Sanki xətkeşlə ölçülüb-biçilmiş, iplərə vurulub sıralanmış qərənfillərin arasında Əli addımladıqca elə bilirdim o da havada üzür. Gül becərənlərin dediyinə görə Əlinin güllüyündə 6-7 min rubl pul vardı. Demiyəsən, saatlar, günlər, aylarla sərf edilən əməyin bəhrəsini görmək üçün sahə müvəkkili, gül satılan köşklərdəki adamlarla, Rusiya şəhərlərinə gül aparanlarla danışmaq, dil tapmaq, yalvarmaq, yeri gələndə yarınmaq, sonrasını bilmədiyim neçə - neçə baryerlərdən keçmək üçün ayrıca səriştə, ütüklük, xüsusi bacarıq - istedad gərəkmiş. Əlininsə bacarığı ancaq təkbaşına günlərlə becərib bəslədiyi gülləri güldürmək həddinə çatdırmaqmış. Sonrasısa onluq deyilmiş. Yaxşı ki, o gülən güllərin "parnik"dəcə saralıb solduğunu mən görmədim.
Yumurtadan yenicə çıxmış cücələrin yerlərinin bir temperaturda qalması üçün gecələr neçə dəfə şirin yuxudan oyanmağın, vaxtlı-vaxtında yemini, suyunu verib günlərlə bəsləyib fərə çağına çatdırmağın əziyyətinə dözməyi daha namuslu iş sayan Əli, həmkarları kimi işlədiyi qəzetə məqalə yazmaq amacıyla rayonlara, kəndlərə gedib bir gün vaxt itirməklə polisdən, prokurordan, raykom katibi, yaxud kolxoz sədrindən, məktəb direktorundan yazacağı məqalənin "şirinliyini" almaqdan üstün tuturdu. Çəkisi bir kiloqrama yaxın o fərələrin satılması məsələsi ortaya çıxanda Əlinin kələfinin ucu yenə dolaşıq düşür. Qəfildən bir işıqucu görünür. Rayondan bir simsarı ona yardım etmək məqsədiylə "gətir, mən satım" deyir. Havası bol olsun deyə yanları səliqəylə deşik- deşik açılmış qutulara (karobkalara) yerləşdirilib "UAZ" maşınına yüklənmiş fərələr rayona yola düşür. Ağsu dolamasında maşın qəzaya uğrayır, yamacaşağı dığırlanan qutuların ağzı açılır, əksəriyyəti sağ qalmış fərələr yamac yuxarı dırmaşaraq özlərini palıd, ulas, cökə pöhrəliyinə, ordan da çıxıb meşəyə dağılışırlar...
Əziz oxucu, qutulardan qurtulub azadlığa çıxmış fərələrin dənləyə- dənləyə, eşələnə- eşələnə yamacyuxarı arxayın dırmaşdığını təsəvvür edirsənmi?..
Günlərin bir günü Əliylə pullanmaq eşqinə düşdük.
- Əli, üçüncü sinfi bitirən savadsız uşaqların əli pulnan oynayır. İki ali savadlının ağlı, bacarığı o savadsız uşaqlarcan olmayacaq!?...- bunları mən dedim. Göyçaya yola düşdük. Tanımaza-bilməzə Potu kəndinə gedib çıxdıq. İki evdən 600 kilo nar alıb geri qayıtdıq. Bakının girəcəyində bizə doğma olan bir adama təsadüfən rast gəldik. Həmin adam narın hamısını bizdən Potu qiymətinə alıb Rusiyaya aparacağını, sövdələşdiyimiz məbləği verəcəyini söylədi. İşimizin uğuruna əmin olduğumuzdan kefimiz ala buludlara qalxmışdı. - Bu vaxtacan yuxudaymışıq!- bunu da mən dedim. Həftənin sonu yenə Potu kəndinə gedib kilosu bir rubl otuz qəpikdən (keçən dəfə bir əllidən) narımızı alıb ustalaşdığımıza sevindik. Bakıya qayıtdıq. Malımızı baha satmaq məqsədiylə "dekabrın son on günlüyündə bazara çıxararıq" yolda qərarımızı verdik. Yüz kiloqramını bizim, dörd yüzünü Əlinin yaşadığı bağ evinə yığdıq. Bir həftə ötəndə bəzi narlarda sarı xalların peyda olduğunu görəndə o xalın biri də ürəyimizə yapışdı. Qabaqca narlar iki-iki, üç-üç, çürüməyə başlayanda onları yeyirdik. Günlər ötdükcə evdə balacaların nar yeməkdən ağzı uçuqlamışdı. Bir aydan sonra narlar gündə on-on, on beş-on beş çürüyəndə yeməklə öhdəsindən gələ bilmədiyimiz Göyçayın gülövşə narlarını vedrəyə yığır, qonşuluqda yaşayan bacım, əmimqızıgilin meyvəyə tamarzı uşaqlarına verə bilmədiyimdən (o vaxtkı düşüncəyə görə ziyalının alver eləməsi ayıb, şərəasiz iş sayılırdı) sinə-sinə, oğrun-oğrun aparıb ürək ağrısıyla küçədəki zibil yeşiyinə tökürdüm. Qonşuların, lap elə yeznəmin mənim alver işinə qurşandığımdan xəbər tutacaqlarından necə qorxurdum, İlahi!.. O vaxt hardan biləydim, bir vaxt gələcək, ali savadlıların əlli-altmış faizi alver, taksiçilik etməklə ailəsini dolandıracaq.
Əligilin yaşadığı yer gözdən uzaq yerdə olduğundan, bir az da çevik, fərasətli olduqlarından çürüməyə yenicə başlamış narların şirəsini çəkib şüşələrə yığırmışlar.
Dekabrın sonuncu ongünlüyü başlayanda malımızı lap baha satmaq iştahıyla hərəmiz bir qutu nar doldurub milyonçular bazarı kimi tanınan "Pasaj" bazarında görüşdük. Axşam tərəfi narın yarıdan çoxunu qaytarıb evimizə apardıq. Hər gün Bakının bir mərkəzi bazarına baş vurduq, bazarlarda narlar gördük, elə bil budaqdan yenicə dərib gətirmişdilər. Harda, necə saxladıqlarını öyrənməyə nə qədər cəhd eləsək də düz-əməlli cavab verən olmadı. - Bəlkə ucqardakı bazarlara gedək? - bu Əlinin ideyası idi. Növbəti dəfə Bayıl bazarına yolumuzu saldıq. Ora fəhlə, yoxsullar bazarı olduğundan bahalı malımızla maraqlanan olmadı.
Səhərisi keçmiş Kirov qəsəbəsi adlanan rayonun bazarına özümüzü verdik. Günortaya az qalmış yeddimi, səkkizmi kiloyacan malımız satıldığından kefimiz saz idi. - Əvvəldən bura gəlsəydik... - bunu da Əli dedi, o yenə nəsə demək istəyəndə uzaqdan piştaxta boyunca mallara saymazyana baxa-baxa, dodaq büzə-büzə ədaları özlərindən böyük geyimli-kecimli gözəgəlimli iki xanımın bizə sarı gəldiyini gözüm alcaq həyəcanla Əlinin sözünü kəsib, gələnləri ona göstərdim. On beş il qabaq universitetdə eyni qrupda birgə oxuduğumuz filoloji fakültəsinin dəblə geyinən ən gözəl qızlarıydı. Sonuncu kursda olarkən onların, özlərindən yaşlı iki imkanlı ticarət sahəsində işləyən adamla nişanlandıqları üçün onları "yoxsul mənəviyyatlı xanımlar" adlandırmışdım. Bu sözü kimsə onlara çatdırmışdı. Həmişə qoşa gəzən qızlar Əliylə mənim yanımızdan ucadan "ha-ha-ha!" edərək bizə baxmadan ötüb keçərdilər. Əli onların bizə ünvanlanmış qəhqəhəsinin şifrəsini belə açmışdı: "Pişiyin əli ətə çatmayanda, iylənmiş ətdi deyər..." Malımızı yiyəsiz qoyub vaxtında aradan çıxmağımıza sevinirdik. Xanımlar yuxarıdan gəlmiş nəzarətçilər kimi saymazyana piştaxtalar boyunca tələsmədən bütün malları gözdən keçirə-keçirə irəliləyirdilər. "Başa düşmürəm, - əsəbi-əsəbi gülərək - bu ucqar, yoxsul bazarda bunların nə iti azıb?.. "- dedim. Əlisə sualıma cavab vermək əvəzinə pıçıltıyla "Deyəcəklər on beş ildən sonra ağlınız başınıza gəlib..."
Biz aralıdan ovunu güdən ovçular kimi əyilib sinə-sinə bir an onları gözdən qoymadan bəzən dalı-dalı geniyir, adamlarla toqquşaraq, bəzən yanı-yanı çəkilərək bir neçə dəfə bazarın başına hərləndik. Onlar heç nə almadan bazarı tərk edəndə böyük bir xatadan sağ-salamat qurtulmuş kimi dərindən nəfəs alıb köks ötürərək rahatlandıq. Ancaq hələ bu harasıymış...
Alverimizin son günü iki qutu seçmə narla Mərdəkan bazarındaydıq. İkimizin də düşündüyümüzə görə yeni il axşamı Mərdəkanın varlı, həm də sanatoriyada dincələn, müalicə olunan imkanlı adamları bizim iki qutu seçmə narımızı günortayacan alıb qurtarmalıydılar. Günortadan ötsə də satıcı və alıcıları seyrəlmiş bazarda darıxa- darıxa qalmışdıq. Son ümidimiz yeni il axşamı işdən çıxıb bazara gələsi adamlar idi. Qarlı tül pərdəyə bürünmüş havada bazarın qapısından içəri girən bəstəboy xınayı kürklü adamı gözüm alçaq şübhə, həyəcan və təlaş içində: - Əli! Əli, o adam Cəmil Əlibəyova oxşuyur! - dedim. Əlinin çevrilib baxmağıyla dönüb bazarın əks tərəfinə yeyin addımlarla irəliləməyi bir oldu. Mən də onunla dabanbasdı.
Cəmil Əlibəyov o vaxt Azərbaycan Radio Verilişləri Komitəsinin sədriydi. Biz ikimiz də ştatdan kənar müxbir kimi radioya verlişlər hazırlayırdıq. Cəmil müəllimlə şəxsən tanışlığımız olmasa da komitə binasının dəhlizində bir- iki dəfə üz-üzə gələndə O, başını tərpətməklə bizə salam verib yanımızdan ötmüşdü.
Səksəkə içində biz divar
arxasından boynumuzu tez- tez uzadıb çəkir, Cəmil
müəllimin kübar yerişlə alverçiləri seyrəlmiş
adamların mallarına biganəliklə baxıb
addımladığını müşahidə edirdik. Cəmil
müəllim gedib bizim narların qarşısında
dayandı. Sağına, soluna baxıb yiyəsini axtardı,
qonşu qadından nəsə soruşdu. Bir az da dayandı,
hövsələsi daraldığından bazardan bir şey
almadan çıxıb getdi. Qaranlıq düşənəcən
gözlədik. Günortadan sonra malımızın beş
kilosunu da satdıq. Yerdə
qalan altı kiloyacan narı Əli, qardaş malı
kimi iki pay elədi.
Əlinin hesablamasına görə (taksilərə
verdiyimiz pullar, çürüntüyə çıxanlar)
nar alverindən mayasını çıxandan sonra hərəmizə
on rubl çatırdı. Mənə düşən on rublun
hamısını yeni il axşamına xərclədim...
...Bir il ötsə də narımızı Rusiyaya
aparan o doğma adamımızdan səs-soraq
çıxmadı...
Bir yerdə
qərar tuta bilmədiyindən, darıxdığından Əlinin
ayda, iki aydan bir Azərbaycanın rayonlarına baş çəkməyi
var. Dediyinə görə rayon-kənd yerində
başındakı duman çəkilir, yaz səhəri kimi
aydınlaşır, qələmi daha yaxşı işləyir.
Redaksiyadan uzaqlaşandan sonra rayona, lap ucqar kəndlərin
birində müəllim işləmək həvəsinə
düşdü, bir neçə dəfə bağlı səlahiyyətli
təhsil idarələrə müraciət eləsə də
istəyinə nail olmadı.
Beşmi, altımı ay Binə Ticarət Mərkəzində
işlədi.
Hər gün işlədiyi balaca sexə sakit,
başıaşağı gedib gələndə nələri,
kimləri gördü, onu söyləməkdə, təsvir
etməkdə qələmim acizdir. Altı ay ərzində
Binə Ticarət Mərkəzində Əlinin nələr
qazandığını, nələr gördüyünü
bilmək istəyən, onun rəngarəng, bənzərsiz
insan xarakterləri, insan tipləri ilə zəngin psixoloji,
möhtəşəm "Aşıq" povestini, yüksəkliyi
fəth edən alpinist təkin, iradəylə, səbrlə, ədəbiyyat
sevgisiylə oxumalıdır.
Son vaxtlar Əli Həsənli iki inəkli təsərrüfat
yaratdı. O
iki inəyi səhərlər naxıra qoşanda bəzən
qəsdən gecikdi, naxır qəsəbədən
uzaqlaşdı, onda Əli Binənin əkin yerlərinə,
otlaqlarınacan gedib çıxdı, kimsəsiz təbiətin
qoynunda özünü rahat hiss etdi. Bir axşam
inəyin biri örüşdən qayıtmadı. Səhərisi Əli on kilometrlərlə Binənin
tarlalarını, əkin yerlərini, qobularını, bəzən
xəndəkli, bəzən hamar bozqır səhrasını
ayaqdan saldı.
İtkinin nigarançılığı olsa da səhradakı
tənha tut ağacından, ulğumdan tutmuş çoxunun
adını bilmədiyi növbənöv
gül-çiçək, ot-ələf, hörümçək,
böcək, tısbağa, kirpi, kərtənkələ,
ilanla rastlaşan, bəzən səksənib qorxan Əlinin
içində bir sevinc də sayrışırdı. Onda Binə
torpaqları hələ özəlləşməmişdi.
Əlinin o iki inəyi yamyaşıl, təzə-
tər yağlı, şirəli otlarla qarnını, südlə
yelinini doldurub hər axşam örüşdən nazlana-
nazlana qayıdırdı. Hektarlarla torpaq
çəpərləndi, daş hasarlara alındı.
Sonsuz torpaqlardan Əliyə bir qarış da pay
düşmədi. Ancaq...
Ancaq iki inəkli balaca təsərrüfatın
hesabına böyük ədəbiyyat ərazisində
özünə arxayınlıq, əminliklə yer tutan,
dünya klassiklərinin yaratdıqları incilərlə
yanaşı dayanıb duruş gətirə bilən "Səs
- yol yoldaşı", "Ağ yol" hekayələri
yarandı.
Örüşlərin
özəlləşməsiylə Əlinin inəkləri ev dustağı olduğundan biri satıldı,
Əlinin iki cildliyinin işıq üzü görməsi
üçün.
Torpaqdan, sudan, günəşdən, havadan yaranan alma, nə
torpaq, nə su, nə günəş, nə də havadı.
O, almadı. Almanın tərkibində şəkər, dəmir,
yod, duz... bir çox elementlər olsa da, alma
o elementlərin heç biri deyil, alma ancaq almadır. Əli Həsənlinin yazılarında bəlkə
də dünya ədəbiyyatının azmanlarından nəsə
qırıntılar, qəlpələr tapmaq olar. Ancaq alma elementlərin heç biri olmayıb
yalnız ALMA olduğu kimi, Əli Həsənlinin
yazıları da yalnız ƏLİ Həsənlinindir.
Bu
günlərdə Tofiq Abdin telefonda mənə: - Azər, gəl
gedək Anar müəllimin yanına, xahiş edək,
yalvaraq, Əlini birillik prezident təqaüdü
siyahısına salsın-dedi.
-Tofiq, gəl
əvvəlcə Əli Həsənliyə yalvaraq, təqaüd
almağa razılaşsın, sonra Anar bəyə ağız
açaq.- dedim. Tofiq məni anlamayanda bir il öncə Əliyə, Anar bəyin
yanına gedəcəyimi söyləyəndə Əlinin qətiyyətlə
etiraz elədiyini, gedəcəyimi israrla bildirəndə
anamın ruhuna and içib bu işdən əl çəkməyimi
sərt şəkildə söylədi.
-Bu nə
cür adamdı, başa düşmürəm?-
Tofiq əsəbi və təəccüblə söylədi.
Tofiq
Abdindən yazmağa nə var, oğulsan Əli Həsənlidən
yaz, elə yaz, onun şeir, hekayə, esse, povestlərində təsvir
elədiyi qaranlıqlı, işıqlı
dünya(lar)nın görünən yox, görünməyən
mənzərəsini, insanın görünən və
gördüyü işləri, başına gələnləri
yox, keçirdiyi yeni ağılagəlməz
yaşantılarını, haldan hala
düşdüyünü, enib qalxan ovqatından azacıq da
olsa yaza biləsən... Maddiyyat baxımından
Əlinin vur-tut bir inəyi var. Ancaq mənəviyyat
baxımdan yazı leksikonundakı sözlərin zənginliyinə,
hələm-hələm yazıçıya nəsib olmayan dəst-xət
yiyəsi kimi, iki-üç yazıçımızdan
biridir. Əlinin təsərrüfat sahəsi,
yəni həyətyanı torpağı vur-tut səkkiz
sotdur, ancaq nəsrindəki ucsuz-bucaqsız, hüdudsuz ərazini
gəzib dolaşmaq üçün adamın Qıratı
yox, Burakı olmalıdır.
İndiki gənclərimizin, qələmləri iti,
başları uca olsun, posmodernizmdən dəm vurub 60-cılar
nəslini geri qalmış "sovet düşüncəli"
deyə ittiham edirlər. Görəsən o gənclərin
(onların arasında 20-30 yaşlarında roman yazmağa
başlamış istedadlı gənclərə qibtə edirəm)
Mayakovskinin futurist, Nazım Hikmətin simvolist, modernist,
konstruktivist yaradıcılıq dövründən xəbərləri
varmı? Rüşeym halında bətndə olub
analarının qarnını təpikləməyə hələ
gücləri çatmadığı indiki gənclər,
yetmişinci illərdə Anar bəyin rəhbərliyi ilə
nəşr olunan "Qobustan" dərgisində çap
olunan memar Karbüze, müğənni Karuzo, Cili, Del Monako,
Şalyapin, səsi daşıb oktavadan qırağa
çıxan İma Sumak, prima balerina Anna Pavlova, Maya
Plisetskaya, sürrealist rəssam Salvador Dali, "alla prima"
texnik stili ilə tanınan niderlandlı Bosx, realist və
sürrealist İbrahim Balaban, kubist Pikasso, impressionist Sezan, Klod
Mone, Eduard Mane, Modilyani, Van Qoq, miniatürçü Soltan Məhəmməd
və onun şagirdləri... monumentalçı Dieqo Rivero,
Orocka sənətini acgöz oxuculara çatdıran
60-ıncılardan xəbəri varmı? Bu korifeyləri
sadalamaqla öz bilgimi nəzərə
çarpdırmağımı zənn edənlər ola bilər. Ancaq bu korifeylərdən
yazanların ədəbiyyatı, məxəzi hardan, necə əldə
etdiklərinin çətinliyi əsla ağlınıza gəlməz.
Sizlərə nə var, evinizdə əyləşib
barmağınızı sehirli bilgisayarın düyməsinə
tıklamağınızla istədiyiniz qarşınızda
zühur edir. Allah işinizi avand eləsin!
Demiyəsən,
Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatı",
İsa Muğannanın "Şəppəli", Sabir Əhmədlinin
"Qan köçürmə stansiyası", Yusif Səmədoğlunun
"Qətl günü", Anarın "Asılqanda",
"Otel odası", Əkrəm Əylislinin "Ürək
yaman şeydi", "Mənim nəğməkar bibim",
Elçinin "Baladadaşın ilk məhəbbəti",
Mövlud Süleymanlının "Köç", Məmməd
Orucun "Köçürülmə", Rahim
Dünyamalının "Tərsinə addımlayan kölgələr",
Azər Abdullanın "Qəmərlidən keçən
qatar", hətta Əli Həsənlinin "Qayıq",
"Xof"...əsərləri də sovet dönəmində
yazıldığına görə ədəbiyyata dəxli
yoxmuş... O cümlədən şairlərdən Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Musa Yaqub, Məmməd
İsmayıl, Ramiz Rövşən, Vaqif Bayatlı da... sovetlər
dönəminin adamı olduğundan yazdıqlarının ədəbiyyata
dəxli yoxmuş. Ədəbiyyat ancaq postmodernizmdən
başlayırmış! U. Ekodan, C. Faulzdan, Pelevindən,
Sarokindən... Onda Çexov, Lev Tolstoy, Dostayevski, Buninin də
ədəbiyyata dəxli yoxmuş... Ayıldıq!
Ancaq ey
bizim sonucumuz gənclər, sizlər abırına
bürünmüş yaşlıların bir nümayəndəsi
Əli Həsənlinin 60-cı illərin sonlarında
yazdığı təkcə bir essesini, bir il öncə
yazdığı "Bayraq" şeirini ("Oğuz
eli" qəzetinin "Yazıçı"
buraxılışı, 2012, N3) oxusaydınız, lütf edib
"60-cıları" topa tutmazdınız.
Əli Həsənlinin gözəl yazıçı
olmasından nəinki gənc yazarların, heç
qohumlarının, doğma bacı- qardaşlarının, ailəsinin,
heç "60-cı" yazarlar nəslinin doxsan faizinin də
xəbəri yoxdu. Keçən yüzilliyin son onilliyindəki qəzet,
jurnal, kitab yazılarımda, üç televiziya
çıxışımda, qələmdaşlarımla
söhbətlər zamanı, sayılıb seçilən tənqidçilər,
ədəbiyyatşünaslar, naşirlərin, ədəbi aləmin
ən nüfuzlu və səlahiyyətli şəxslərin
diqqətini Əli Həsənliyə yönəltməyə
çalışsam da istədiyimə nail olmadım. Ədəbi aləmin Əli Həsənli
yaradıcılığına soyuqluğun, biganəliyin səbəbini
həm də öz gücsüzlüyümdə görüb
kədərləndim.
Onun hekayələrindəki
"kiçik" insanların monumental bədii obrazları
ilə rəssam Rasim Babayev, Mircavad Cavadov, Oroska, Dieqo Rivera
obrazları arasında bir bənzərlik var. Azərbaycan
boyakarlığında özəl yeri olan Mircavad Cavadov həyatın
bütün şirin şeylərindən, əyləncələrindən
uzaqlaşaraq ehtiyac içində emalatxanasında
ömrünü başa vurdu. Dünyadan köçməsinə
az qalmış Çingiz Aytmatov kimi məşhur
yazıçı onu görüb böyüklüyündən
xəbər verdi. Yazıqlar olsun, Əli Həsənlinin
qarşısına Çingiz Aytmatov kimi tanınmış sənətçi
çıxmadı.
Əli Həsənlinin
cansız-cələfsiz bədəninə uyuşmayan,
qabarlı, cadar- cadar iri əlləri var. Çox fizik iş
görməyinnəndi. Bəmbəyaz qalın
saçında bir dənə qara tük yoxdu.
Üzündə dünya xəritəsinə bənzər dərin
qırışlar, cizgilər var...
Əzizim Əli bəy, sənə olan istəyimi bərk- bərk sıxdığım yumruqlarımı iri gürz təkin möhkəm yumruqlarına dirəyib itələməklə bildirirəm, illər öncə sənin gülxananın qapısından girərkən mehriban, doğma, utancaq sifətinə bənzər üzümə gülüb məni xorla salamlayan qərənfillərini xatırlayıb yetmiş yaşını sevinclə qutlayıram, mübarək insan, Tanrı səni qorusun. Amin!
Azər ABDULLA
525-ci qəzet.-
2012.- 12 may.- S.29-30.