Məhəmməd Əmin Rəsulzadə
Nəşrin redaktorları:prof.
Şamil Vəliyev və elmi
işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Molla Nəsrəddin
Avamın da, xəvasın
da, kişinin də, arvadın da, böyügün də,
kiçigin də tanıdığı bir ad!
Molla Nəsrəddini
bütün Şərq tanıyor. Şərqi tanımayanlar
da tanıyorlar.
Bu şöhrət,
1906-cı ilin aprelindən (“Molla Nəsrəddin" zihurundan)
daha əskidir. Xacə Nəsrəddin, Molla Nəsrəddin, Nəsrəddin
Babay, İranda da, Turanda da, ərəblərdə də, əcəmlərdə
də, mərufdur. Xülasə, İslam Şərqi
"Molla"nı biliyor. Onun duzlu hekayələrini, ibrətli
təmsillərini dillərdə dastan ediyor.
Bəli, Xacə
Nəsrəddin məşhur xəvas, məqbul alimdir.
1906-cı ildə,
Tiflisdə, zəmanə qiyafəsinə bürünüb də
həftəlik gülgü qəzetəsi şəklində
çıxması ilə "Molla" tazə bir həyat,
yeni bir şöhrət qazandı.
Xacə Nəsrəddin
nə dərəcədə məruf idisə, “Molla Nəsrəddin"
də o dərəcədə məşhur oldu.
Xacə Nəsrəddini
İslam Şərqinin dühasi, xəlq dühasi
yaratmışdı. “Molla Nəsrəddin"i isə Azərbaycan
türklərinin dühası, məzhəkədəki məharətləri
vücuda gətirdi.
Şəxsi bir
məxluq olan 2-ci “Molla"nın növi bir məxluq olan
birinci Molla qədər xəlqcə məruf olması
şübhəsiz ki, xəllaqinin, daha doğrusu, xəllaqlarının,
fövqəladə olmasa, böyük bir məharətə
malik olduqlarını göstərir
lll
Şərq
istibdadi İslam aləmini qaplamışdı. Azad söz,
hürr fikir bəsləmək müşkül olmuşdu.
Şairlərin yazdığı mədhiyyə,
filosofların düşündügü təbəsbəs,
mühərrir və münəqqidlərin qələmi isə
tərif və tövsifə müxtəs olub
qaldığı zamanlar - doğru sözlər, şiddətli
tənqidlər, azad fikirlər ancaq istehza təriqi ilə
"təlxəkliklə" söylənə bilmişdir.
Xacə Nəsrəddinin
iştə vücudi zəruri olan böylə bir təlxəklikdən
ibarət idi.
1905-ci il Rusiya həyatında
dərin bir inqilab vücudə gətirmişdi. Bu inqilabdan
Rusiya müsəlmanları, əzcümlə Azərbyacan
türkləri də mütəəssir olmuşlardı. Ciddi
qəzetələr təssis olunmuş - yeni duyğular,
sağlam nəzəriyyələr, parlaq fikirlər tərvic
olunmaq istənilmiş, heyrət və qaranlıqda qalan cəmaətimiz
hürriyyət və işıqlığına
çıxarılmaq istənilmişdi. Zülmə,
hüquqsuzluğa, əsarət və səfalətə
baş əgən azəriləri milliyyət və bəşəriyyət
fikirlərinə tərəf çəkmək, onları əski
bütlərə sitayiş bəlasından qurtarıb da tazə
allahlara, qızdırıcı atəşlərə ibadət
etdirmək lazım gəliyordu. Bunun üçün də
yeni bir atəşgədə, hürriyyət məbədi
tikilmək istənilirdi.
Fəqət
mümkünmü?
Sabit bir həqiqət
şəklinə girmiş olan köhnə batillərdən
tikilmə hasarlar əsil həqiqət şüai təşkil
edən yeni fikirlərə hayil oluyordu.
Burada müvəffəqiyyətlə
bənnalıq edə bilmək üçün məharətli
bənna qədər, qüvvətli və bacarıqlı bir
külünkçiyə də ehtiyac vardı.
Hürriyyətin,
hürrəndişligin məbədi, şübhəsiz ki,
xürəfatın, əbatiligin bütxanəsi yerində
tikilməli idi. Buna görə birincisinin tikilməsi, ikincinin
yıxılmasına bağlı idi.
Bu vəzifəyi
kim görəcəkdi?
“Təlxək"
Molla Nəsrəddin?
lll
Təxrib vəzifəsini
"Molla Nəsrəddin” kamali-müvəffəqiyyətlə
görüyordu. O yakıcı, yıkıcı
istehzasını köhnəligi təmsil edən nərsə
və kimsələrdən əsirgəmiyordu. Ən qüvvətli
hücumunu gözübağlı təəssübə, fikir
və təsəvvürdəki əsarət və təhəmmülsüzligə
tövciyə ediyordu. Ölü fikirlər, ölgün məişətlər
onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri
doğuruyordu. O ağlanacaq hallara gülüyordu.
Güldürərək ağladıyordu. O, hətta
ağlamağa da gülüyordu. Çünki
ağlaya-ağlaya yaman günlərə
qaldığımızı yaxşıca dərk etmişdi.
İran təsiri
ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi
haman il boyu ağlamaqdan ibarət olub qalmışdır.
“Çox gülən
çox ağlayar” - deyərlər. Fəqət “çox
ağlayan çox gülər” - denilsə də, doğru
çıxar.
Azərbaycan ədəbiyyati-milliyyəsi
əksərən məzhəkə şəklinə
girmişsə, bunun səbəbi ibtidai ədəbiyyatımızın
haman mərsiyyədən ibarət olduğudur: məzhəkənəvislik,
mərsiyyənəvisligə bir növ intiqamdır. Başqa
türk qövmlərinə nisbət Azərbaycan türklərinin
dühası məzhəkəyə daha mahir isə, bunun səbəbi
iştə əsrlərcə ağlargözlü
qaldığındandır. Biz çox
ağlamışıq. Ona görə də çox
gülüyoruz.
Molla Nəsrəddin
mənalı gülüşləri, dərin istehzaları ilə
tutqun qəlblərimizi açıyor, ağlaya-ağlaya fəci
bir şəklə girmiş simamızda bir növ müvazinə
hasil ediyordu.
Müvəffəqiyyətin
səbəbi də burada idi.
lll
Bu hər zaman belə olur. Bir mühit həyatının
narəva olduğunu, etiqadlarının, nəzəriyyələrinin
çürüklügünü hiss etməgə başlarsa,
o zaman bunlara qarşı vaqe olan həcvləri sevər,
onlardan bir təşviqəlb hasil edər. Kəndisini təzyiq
edən qüvvətlərin məğlub olduğunu hiss edərək
zəhərxəndələrlə gülməgə və bu
vasitə ilə özündə bir qüvvət görməgə
başlar. Məfkurəsi sabit bir həqiqət şəklinə
girmiş olan batil fikirlərin çəngalindən xilas olar.
Hürrəndişlig hasil olur.
Fikrin azad olması, fərdin xarici təsirlərdən,
təəssüflərdən xilas olub da əhatəli bir əql
və tənqidedici bir nəzərə malik olunması hər
hanki bir tərəqqinin ilk zamini, birinci amildir.
Bu hürrəndişligdir.
Nafiz istehzaları, qəhqəhəli
gülüşləri ilə əski fikirləri, köhnə
binaları, batil həqiqətləri yıxması ilə
“Molla Nəsrəddin” mühitimizin ən çox möhtac
olduğu bu “hürrəndişlig”in tövlidinə xidmət
ediyordu.
Ən böyük xidməti, ən
böyük məziyyəsi də bu idi.
lll
Mədəni həyatımız, milli tərəqqilərimiz
üçün bu qədər əsaslı bir xidmət
görmüş olan “Molla”nın təsisindən indi on ildir
keçiyor.
Möhtərəm Məhəmmədquluzadə
cənablarının Bakıya kağız almaq
üçün gəldikləri və çoxdan bəri yazmış
olduqları “Ölülər” komediyasını dəxi
Bakıda səhneyi-tamaşayə qoydurmaq istədigi
münasibətilə “Molla” haqqında
danışılır. O xüsusda bəzi şeylər
yazılır. Bu yazılarda Mollanın ən böyük xidmətlərindən
birisi də dilinin sadəligi, xəlqin anladığı bir
dildə yazdığı göstərilir. Şübhəsiz
ki, “Molla Nəsrəddin”in yazıları Azərbaycan məzhəkənəvisliginin
şahkarıdır. Xəlqin anladığı bir dildə
yazması ilə bərabər “Molla”nın dili eyna zamanda da ədəbi
idi. Molladan sonra çıxan başqa gülgü qəzetələrimiz
də sadə yazmışlardır. Fəqət bunlar
heç bir zaman Molla qədər sənətkarlıq, onun qədər
ədəbilik qüdrətinə haiz olmamışlardır.
“Molla Nəsrəddin”in sadənəvisligindən
bəhs olunduğu zaman bir məziyyət olaraq ancaq
burasını göstərmək olar. Yoxsa, sırf sadə
yazması kəndisindən ötrü böyük bir fövqəladəlik
sayılamaz. Çünki gülgü qəzetəsi olduqdan
sonra başqa cürə də ola bilməzdi. Olduqca sadə
mövzulardan bəhs edib də əvam bir mühitə xitab edən
gülgü qəzetəsi ciddi və yüksək bir
üslub işlədirsə, özü-özünə zidd
getmiş olurdu.
lll
Yazılarının əksəri xəlq
tərəfindən əzbərlənmiş, zərbülməsəl
yerinə keçmiş olan “Molla Nəsrəddin” əsasının
dörd rükni-mühümmi vardı. Məcmuənin
müdiri möhtərəm Cəlil Məhəmmədquluzadə
ki, “Molla Nəsrəddin” imzası ilə baş məqalələr
yazardı. Milli şairimiz mərhum “Sabir” “Hophop” imzası və
parlaq həcv və həzlləri ilə “Molla”ya iştirak
edirdi, Ömər Faiq Əfəndi ki, məcmuənin ictimai və
siyasi yaşayışımıza təəllüq edən
kiçik, fəqət, ötgün fəqərələrini
tərtib edərdi. Molla Nəsrəddinin rəssamı ki,
işlədigi karikaturalar, xəlq elədigi tiplərlə adətən
məcmuəni yalnız müsəlman mətbuatı aləmində
degil, beynəlmiləl mümtaz bir halə qoyurdu.
Molla Nəsrəddin asari-nəfisəmizdən
olmaq üzrə vücudu ilə həqiqətən də
iftixar oluna bilər. Asari-mədəniyyəmiz arasında
“Molla əmi” ən böyük qiymətə malik dəgərli
bir asardır. “Molla”nın kolleksiyonlarının vəqtilə
ən ziqiymət asari-ətiqə hökmünə keçəcəginə
şübhə yoxdur.
lll
“Molla” bir boyuna dörd il dəvam elədi.
Sonra tətilə uğradı. Bədə dirildi. Yenə
sürünclu bir uyğuya daldı. Hər kəs öldü
- deyə düşündü.
Uyğuya dalmadan dəxi “Molla”nın
gözlərində çaşqınlıq, başında dəngəsərlik
əlaməti vardı. Hətta bir çoxlarınca öylə
sərsəm bir halda qalmaqdansa, uyuması daha əvəli idi.
“Molla”nın bu müvəqqəti tətilinə
səbəb nə idi? Gözəl surətdə nəşr
olunub da ümumin rəğbətini qazanmış və
dörd il dəvam edərək bütün İslam Şərqində,
qismən də bütün mədəniyyət aləmində
məşhur olan bir məcmuə necə oldu da ki, təmini-həyat
edəmmədi.
Burasının bir təfsili-təhlilini ədəbiyyat
tariximizi yazan münəqidlərə vagüzar edəlim də,
uzun uyğu keçmiş ola, deyəlim.
lll
“Molla” imdi gərnəşiyor. Oyanmaq
istiyor.
Tarix təkrardan ibarətdir - deyərlər.
Bu kərə də öylə oluyor. 1906-cı ildəki
fövqəladə əhval “Molla Nəsrəddin”i cəmaət
təsəvvüründəki müxəyyəl şəkildən
çıxarıb da həqiqi bir məcmuə halına qoydu.
1916-cı ildəki aləmşümul gurultu dəxi xəstə
döşəginə yatmış olan “Molla Nəsrəddin”i
əhya ediyor.
Molla Nəsrəddinin sərmayəsini
qüvvətləndirmək üçün Mirzə Cəlil
Məhəmmədquluzadə cənablarının
“Ölülər”i aprelin 29-da səhneyi-tamaşaya qoyulacaq.
Usta Zeynal, İranda hürriyyət hekayələrinin
sənətkar mühərririnin qələmilə bundan
beş-altı il əvvəl yazılmış olan
“Ölülər” həqqində çox eşitmişik.
“Ölülər” məşhur rus məzhəkənəvisi
Qoqolun əsərləri qədər mahiranə
yazılmışdır deyənlər var.
Mövzusi İsfəhandan çıxan
bir Şeyxin Qafqasiyadaki xəlqin cəhalət və əvamlığından
nə surətlə istifadə etdigini bəyan ediyor. Şeyx xəlqi
o qədər təsxir ediyor ki, hər kəs onun ölüləri
diriltməsinə inanıyorlar. Fəqət eyni zamanda xəlq
o qədər əxlaqsız və çürükdür ki,
Şeyxin təklifinə qarşı kimsə cürət edib
də bənim atamı, qardaşımı, yaxud filan əqrabamı
dirilt demək cəsarətini göstərə bilmiyor.
Çünki dirildər də kəndisi ilə
hesablaşmağa başlar - deyə ehtiyat ediyor.
Görünüyor ki, 1916-cı il Azərbaycan
türkləri üçün bir Şeyx işi görəcək,
“Molla Nəsrəddin”i dirildəcəkdir.
Fəqət bunun üçün
lazımdır ki, oxucular “Molla Nəsrəddin”in dirilməsindən
qorxmasınlar. Onun təkrar uykusundan qalxıb da gəlməsini
canüdil ilə istəsinlər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 22 aprel 1916,
166.
Xəvas - əsilzadə
Təbəs - pozulmuş, pis
Mövsif - tanıtma
Müxtəs - məxsus
Batil - yalan, həqiqətə zidd
Hayil - əngəl
Xəndə - gülüş
Rükn - dayaq, istinadgah şəxs
Təəlluq - xas olan
Övla - daha yaxşı
Müxəyyəl - xəyalat
Zemstvo
Şurası
Hələ yetişməmisiniz!
Qafqasiyalıların zemstvo istədiklərində
haman aldıqları cavab budur.
Gəlin görək necə zemstvo istəyirsiniz
- deyə hökumət imdi artıq özü zemstvonun
Qafqasiyaya lazım olduğu etiqadına gəlmişdir.
Əlahəzrət Canişinin vaqe olan məxsus
dəvətinə görə yarın aprelin 26-da
yığışacaq məşvərət məclisi
iştə Zaqafqasiyaya nə cür zemstvo müvafiq olduğu
həqqində fikrini söyləyəcəkdir.
Məlum olduğu üzrə yarınki məclisin
etibar və heysiyyəti ancaq şurəvidir, oradakılar məsələni
qəti surətdə həll degil bu yaxud o şəkildə həllinin
müvafiq olduğu həqqində fikirlərini
açacaqlarıdır.
Yarınki məclis bir məşvərət
məclisi olmaq əsəbilə olsa da, Qafqasiya əfkari-amməsinin
tamamilə tərcümani hesab oluna bilərmi? Əlbəttə,
bu xüsusda çox mübahisə etmək olar. Demək olar
ki, burada nə kəndistan xəlqinin, nə əməlinin, nə
Qafqaziya türklərinin, nə mətbuatın və nə də
sair geniş xəlq müəssisələrinin lazım
olduğu qədər nümayəndələri var. Bununla bərabər
inkar etmək də olmaz ki, bu şurada müxtəlif mənfəətlərlə,
ayrı-ayrı cərəyanların düşündügi,
zemstvo həqqində bəslədikləri arzular söylənəcək
və bu söylənən sözlər heç şübhə
yoxdur ki, bir takım heyətlərin əfkarına tərcüman
olacaqdır.
Məlum olduğu üzrə Qafqasiyada
öylə bir millət, sinif və silk tapılmaz ki, əsas
etibarilə zemstvonun əleyhində olsun. Bu kibilər
yalnız yerli xəlqin yarasızlığına köhnə
bir etiqad bəsləməkdə olan əski qafalı məmurlar
arasında tapıla bilər ki, böylələri də
ayaqları altındaki toprağın
yumuşaldığını, əlbəttə hiss edərlər.
Qafqasiyaya zemstvo idarəsi lazımdır.
Burada iki rəy ola bilməz, bilxassə bu rəy yarınki
şurada ola bilməz. Fəqət Qafqasiyaya nə cür
zemstvo lazımdır?
- Burada rəylər müxtəlifdir.
Başlıca olaraq bu ixtilaflar iki mühüm və biri-birinə
müariz nəzəriyyələri doğurmuşdur. Nəzəriyyələrdən
birisi Qafqasiya üçün üç mərtəbəli
bir zemstvo üsuli-idarəsi təsəvvür ediyor ki, bu, qismən
imdi Daxili Rusiyada düşünülməkdə olan xırda
zemstvo vahidləri və əsasi üzərinə bina olunub da
qismən də sırf Qafqasiyaya məxsus olmaq üzrə
mütəvəffa Voronsov-Daşkov cənabları tərəfindən
təsəvvür olunan ümumqafqasiya vilayət zemstvosundan
ibarətdir. Bu nəzəriyyəcə Qafqasiyanın idari təqsimatı
da qovmiyyət etibarilə bölünməli, hər millətin
mümkün olduğu qədər özünəməxsus
bir zemstvo təşkilatı vücudə gətirməlidir.
Bu nəzəriyyənin tərəfdarları
əksəriyyətlə erməni məhfilləri ilə mətbuatıdır.
Buna müariz olan nəzəriyyə isə
zemstvo təşkilatını sırf məhəlli ehtiyacat
üçün vücudə gətirilmək istənilən
yerli bir idarə kibi təsəvvür edərək, buraya
milliyyət və siyasət daxil etmək fikrindən kəndisini
uzaqda saxlıyor. 1890-cı il qərardadi mövcibincə
Daxili Rusiyada hökmfərma olan zemstvo qaidələrinə əsas
etibarilə əl dəgilməyib də o surətlə vilayətimizə
tətbiq edilməsini tələb ediyor.
Bu nəzəriyyə sahibləri
ümumqafqasiya vilayət zemstvosunu qəbul etmiyorlar.
Çünki diyorlar, zemstvo hər şeydən əvvəl
yerli bir idarədir. Mərkəzi və daimi bir idarə isə
buna siyasi bir rəng verib, eyni zamanda da işə mərkəziyyət
daxil ediyor. Halbuki zemstvo idarəsi ədəmi-mərkəziyyət
əsasına bağlanmışdır. Vilayət zemstvosu
yerinə böylə düşünənlər, bəzi
ümumi məsələlərin həlli üçün
zemstvo yığınları təsəvvüründədirlər.
Böylə düşünənlərcə Qafqasiya zemstvosu
iki mərtəbəli olmalı, zemstvo quberniya təşkilatına
razı olub, 1890-cı il qəaradadına bəzi islahat tələb
etməklə baqi qalmalıdır.
Bu nəzəriyyə ələümum
gürcü məhfilləri ilə müsəlman ürəfası
tərəfindən müdafiə olunmaqdadır. 1909-cu ildəki
quberniya şuralarının əksəri dəxi bu üsula tərəfdar
çıxmışlardı.
Qafqasiya millətlərinin ancaq biri-birinə
kömək etmələri, birisində olmayan qüvvətin o
birisinin qüvvəti ilə təşkil olunmasındaki faidəyi
nəzərə alaraq biz dəxi ikinci nəzəriyyənin
hal və ovzaə daha müvafiq olduğunu qəbul edəriz.
Fəqət bununla bərabər Qafqasiyada
tətbiq olunacaq zemstvo idarəsinin mütləqa demokratik əsaslar
üzərinə qurulmasını tələb edər.
Böylə olmazsa, zemstvodan gözlənilən faidə
tamamilə əldə edilməz - deyə etiqad edəriz.
Qafqasiya zemstvosu təşkilat və idarə
təqsimati etiabrı ilə, varsın, 1890-cı il qərardadına
müvafiq olsun. Fəqət o qərardaddaki mülkdarlara, verilən
nüfuz qubernatorlara verilən böyük ixtiyar Qafqasiyada
olmasın.
Qoy Qafqasiya zemstvosu 1864-cü il qərardadına
doğru gedib, əsil cəmaət müəssiəsi olsun.
Buna görə də lazımdır ki, yarınki məşvərət
məclisi seçgiçilik istehqaqının
azadılması və mümtaz sinifərin mumtaz olmaması tərəfində
olsun.
Qoy qubernatorlar zemstvo idarələrinin qərarlarını
yalnız qanuna müğayir gördükləri təqdirdə
rədd etmək ixtiyarına malik olsunlar. Yoxsa “məqsədə
müvafiq görmədikləri” tədbirləri də rədd
edə biləcək böyük və hədsiz bir səlahiyyətə
malik olurlarsa, yeni doğmaqda olan Qafqasiya cəmaət idarəsi
qubernatorların keyfinə tabe bir müəssisə olmaqdan
xilas ola bilməz.
Qafqasiyanın müxtəlif cins və
milliyyətlərdən ibarət qovmlər məcmui olduğu
nəzərə alınsın da, qoy Qafqasiyaya tətbiq
olunacaq zemstvolarda yerli dillərə əhəmiyyət
verilsin. Qlasnılar öz dillərində rəylərini
söyləyə bilsinlər. Xəlq öz dərdini öz
yazısı ilə yazıb zemstvo idarələrinə verə
bilsin. Qoy Qafqasiya zemtsvolarının səlahiyyəti daha
geniş olsun, xəlqə hüquqi müavinət edə
bilsin, məktəblərə yalnız maddətən degil, mənən
də kömək edə bilsin. Su nizamatının tərtib və
tənzimi onun əlində olsun.
Xülasə, əsasən ikimərtəbəligini
mühafizə etməklə bərabər, Qafqasiya zemstvosu
demokratik əsaslara, milli ehtiyaclara, yerli mənfəətlərə
xadim ola bilər. Yarınki məclis verəcəgi məşvərətləri
ilə Qafqasiya zemstvosunun böylə demokratik və beynəlmiləl
bir halə vəz edilməsinə icrayi-təsir edə bilərsə,
bizim gümanımıza görə vəzifəsini
hüsni-ifa edə bilmiş olacaqdır.
Qoy məşvərətə iştirak edən
ağalar müdafiə edəcəkləri müxtəlif nəzəriyyə
və mənfəətlərin fövqündə ümumi və
müştərək bir Qafqasiya həmvətənligi ilə
mütəhəssis olub, aralarında çıxan ixtilafda bu
ali hissi özlərinə mürşid qərar versinlər.
Böylə işıqlı və rəhbər bir ulduza malik
olurlarsa, o zaman şübhəsiz ki, doğru yoldan
çıxmaz, çıxılmaz yollara girməzlər.
Bu vəqtə qədər zemstvo həqqində
bizə vədlər çox verilmiş. Məşvərətlər
də olunmuşdur. Bu məşvərət özü ədədcə
üçüncüsüdür. Ümid edəlim ki, artıq
sözdən işə keçiləcək və bu
axırıncı məşvərət olacaqdır.
Yaxşı yol!
M.Ə.Rəsulzadə
”Açıq söz”, 25 aprel 1916, 168
Müariz - etiraz edən
Mütəvəffa - vəfat etmiş
Məhfil - məclis
Vəz - qoyma, təyin etmə
Mütəhəssis - hiss edən
Anlaşılması lazım bir nöqtə
Deyirsiniz ki, zemstvo lazımdır. Diyorsunuz
ki, cəmaətə faidəsi var. Diyorsunuz ki, məktəb
açacaq, yol çəkəcək, su gətirəcək,
həkim qoyacaq, azarxana qayıracaq. Bunlar hamısı gözəl,
hamısı da yerində.
- Ancaq…
- Nə ancaq?
- Ancaq o ki yenə xərc artacaq, vergilərimiz
yenə çoxalacaq.
Onsuz da xəlq tədhik üzündən
təngə gəlməkdə, verginin
ağırlığından şikayət etməkdədir. Məlum
a, zemstvonun idarəsi olacaq, evi olacaq, adamı olacaq, bunlara məvacib
veriləcək, bu xərclərin hamısını da xəlq
verəcək degilmi?
- Öylə - O halda zamanın böylə
ağır bir çağında, bahalıqda, vergilərin
çoxluğunda bir də tazə xərc açmaq
müvafiqmidir?
İştə, zemstvonun lüzumi
münasibətilə anlaşılması lazım olan bir
nöqtə, bir nöqtə ki, əvamca böyük bir əhəmiyyətə
malikdir.
Əvvəla burasını bilməli ki,
faidəli şeyə xərclənən pulun bir qəpigi də
boşa getməz. Məktəbə, həkimə, yola və
bu işləri idarə edən idarələrə xərc
olunacaq pulun müqabilində kəndistanın gözü
açılacaq, yolu rahatlanacaq, bədəni sağalacaq. Kimsədən
ötrü örtülü bir şeymidir ki, bunların
düzəlməsi ilə də xəlqin
çalışqanlığı artacaq, işi düzələcək,
ona görə də mədaxili çox olacaqdır?...
Biz əhvalımızı düzəltmək
üçün bir iş başlayırız. Bir dükan
açır, yainki, bir bağ salmaq istiyoruz. Şübhəsiz
əvvəl əmrdə bunun üçün bəzi məsrəflər
görüyoruz. Dükan tutuyoruz, qəfəsə
qayıtdırıyoruz. Yer alıyor, koma salıyor, əmələ
çalışdırıyoruz. “Nisyə” faidə
üçün “nəqd” maya qoyuruz. Neçün?
Çünki başladığımız işin nəticə
etibarı ilə faidəli olduğunu biliyoruz.
Hətta zemstvo bundan da asandır.
Çünki Qafqasiyada bu vəqtə qədər zemstvo idarələri
olmamışsa da, zemstvo vergisi olmuşdur. Bizdən həmişə
zemstvo vergisi alınmış və imdi də
alınmaqdadır. İntəhası bu zemstvo adı ilə
alınan məbləğlər çinovniklər əli ilə
xərcləniyor. Ona görə də faidəli və gərəkli
bir surətdə sərf oluna bilməyib istənilən nəticəni
verə bilmiyor.
Məsələn, bəzi kəndlərdə
xəstəxanələr açılmış, bəzilərində
alayarımçıq məktəblər qonulmuş, bəzilərində
həkimlər təyin olunmuş, quberniya və bəzi uyezdlərdə
qaramal həkimi (baytar) və fəlahət alimləri
(aqronomlar) qoyulmuşdur. Bunlar hamısı haman cəmaətdən
yığılan zemstvo məbləği ilə
görülmüşdür. Bu zemstvo məbləği də
az degildir. Bittəb zemstvo idarələri açıldıqda
bu pullar zemstvolara veriləcək işin ibtidasında bəlkə
də bu məbləğlər bəslik edəcək və xəlqi
tazə vergilər verməgə məcbur etməyəcəklərdir.
Sözümüzün qüvvəti
üçün rəqəmlərə rücu edəlim:
“Z.Reç” mühərririnin istixraci ilə son üç il
smetasına görə Qafqasiya quberniya zemstvolarının mədaxili
bu fəqərə ilə təsəvvür olunur:
Tiflis quberniyası: 1269452 manat
Kutaisi quberniyası: 561699 manat
İrəvan quberniyası: 730078 manat
Gəncə quberniyası: 965343 manat
Bakı quberniyası (şəhər ilə):
2060506 manat
Bu hesablar imdiki halda Daxili Rusiyada işləyən
zemstvo idarələrinin mədaxili ilə tutuşdurulursa, o
zaman görülür ki, yerdən-gögə qədər fərq
vardır. Çünki 1903-cü il hesabına görə
Daxili quberniyaların əksərinin zemstvo büdcəsi 2
milyon manatdan artıq idi. Hətta büdcələri 4-5 milyon
manata varanlar da var idi. Fəqət yaddan
çıxarmamalıdır ki, bu zemstvoların ömrü əlli
ildir və bu müddətdə şübhəsiz ki,
artmış, böyümüş, tərəqqi etmişlərdir.
Fəqət, bununla bərabər bəzi quberniyalar var ki,
onların 1903-cü ildəki büdcələri bir milyon
yarımdan az idi. 1868-ci ildə Daxili Rusiya zemstvolarından ən
böyük quberniyaların büdcəsi 140 min, 233 min və
297 min manat miqdarında idi. Hələ 1864-cü ildə
zemstvo qurulan bütün 30 quberniyadaki zemstvoların məcmu gəlirləri
2 milyon 2 yüz min manatdan artıq degil idi. Bu təcrübəyə
görə Qafqasiya zemstvolarının əvvəl illərdə
əllərinə veriləcək gəlirlə əsasları
qoyula biləcək və xəlqi tazə bir taqım vergilərlə
hürkütməyəcəklərdir. Əlbəttə, vəqtin
bahalığı, zamanın dəgişməsi nəzərə
alındıqda 7 milyon bu qədər əhalisi olan
böyük bir məmləkətin məhəlli
ehtiyaclarına yetişə bilmək üçün
yuxarıda göstərilən məbləğ kifayət etməz.
Fəqət işlərini yaxşı idarə edən
sahibkarlar həmişə ayaqlarını yorğanlarına
görə uzadarlar, qənaətlə iş görərlər.
Zatən istənilmə belə Qafqasiyanın bütün
ehtiyacları birdən-birə görülə bilmiyəcəkdir.
Yuxarıda göstərilən məbləğ
bu vəqtə qədər hər il xəlqdən
alınırdı və xəlq üçün də
çinovniklər əli ilə, fəqət bacarıqsız
olaraq xərclənirdi. İmdi bu pullar cəmaətin öz
idarəsi tərəfindən xərclənəcək.
Burada anlaşılması lazım gələn
ikinci bir məsələ araya gəlir ki, xub zemstvolara quberniya
və zemstvo idarələri lazım olacaq. Bunlar da artıq xərc
istəyəcək.
Bəs bu xərclər haradan alınacaq?
Bu sualın cavabını yuxarıda zikr etdigimiz mühərrir
aydın bir surətdə izah ediyor. O, bu xüsus
üçün hesablar və rəqəmlərlə misallar
gətiriyor. Məsələn, Tiflis quberniyasının
smetasına görə 1.269.452 manat mədaxili və 1.013.021
manat məxarici var. Diyor ki, arada 256.431 manat bir fərq
qalmış oluyor ki, bu fərq hər halda bir quberniya ilə
9 uyezd idarəsi təşkilatının xərcini ödəyə
bilər.
Bu hesaba baxanda Bakı quberniyasının
halı daha da yaxşıdır. Çünki Bakı
quberniyasının zemstvo vergisindən artıq 1.300.000
manatı bu vəqtə qədər Qafqasiyanın sair
quberniyalarına sərf olunuyordu. Halbuki imdi böylə
olmayacaq. Bu məbləğdən bir qədərini bu quberniya
və altı uyezd zemstvo idarəsi məsarifi
üçün lazım yüz min manat qədər bir məbləği
çıxsaq belə, yenə 1.200.000 manat qədər bir məbləğ
qalıyor ki, bu vəqtə qədər olduğu kibi başqa
quberniyalara getməyib Bakı quberniyasının öz zemstvosunda
qalacaq. Və quberniyanın ehtiyaclarına sərf
olunacaqdır. Demək ki, bu vəqtə qədər zemstvo
ehtiyacatı üçün Bakı quberniyasından 2
milyondan artıq pul yığıldığı halda, bura
ehtiyacatına ancaq bir milyon qədər bir şey sərf
olunuyordu. Halbuki zemstvo təşkilatından sonra buraya 2
milyondan artıq bir məbləğ sərf olunacaqdır.
Digər Zaqafqasiya quberniyalarının əhvali-maliyyələri
bir az başqa cür isə də, hər halda, onlar da ilk illərdə
ayaqlarını yorğanlarına görə uzadacaq bir
haldadır.
Anlaşılmasına lüzum
gördügümüz nöqtə iştə burası idi
ki, zemstvo təşkilatının başımıza yeni vergi
bəlaları açması xəyali qoy heç bir ğafil
zehnləri qarışdırmasın. Çünki zemstvo gəlincə
haman tazə vergilər gəlməyəcək. Bəlkə
biləks bu vəqtə qədər verib də
lazımınca faidəsini görmədigimiz vergilər öz
adamlarımızın əlilə öz ehtiyaclarımıza
sərf olunacaqdır.
M.Ə.
“Açıq söz”, 28 aprel 1916, 171
Fəlahət - əkinçilik, ziraət
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2012.- 12 may.- S.26-27.