Yeddi cildə sığmayan yetmiş
beş il
Professor Qəzənfər
Paşayevin “Seçilmiş əsərləri”nin
yeddi cildliyi haqqında düşüncələr
Görkəmli folklorşünas və ədəbiyyatşünas
Qəzənfər Paşayevin həm imzası, həm əsərləri,
həm də efirdən və ekrandan eşidilən fikir və
düşüncələri geniş oxucu kütləsinə,
elmi və ədəbi ictimaiyyətə yaxşı məlumdur.
Pedaqoji
mühazirələrin çevrəsində, folklor nümunələrinin
axtarışlarında, bədii tərcümələrin
sorağında, elmi araşdırmalar aləmində keçən
əlli ildən artıq dövrün uğurları və dəyərləri
ilə diqqəti cəlb edən və bu ilin qızmar
avqustunda 75 yaşını qeyd edəcəyimiz ədəbiyyatşünas
alim, pedaqoq, tərcüməçi, dilçi, filologiya elmləri
doktoru, professor Qəzənfər Paşayev çox maraqlı
və olduqca zəngin həyat və yaradıcılıq yolu
keçmişdir.
Onun imzasını təkcə Azərbaycanda deyil,
İraqda, Türkiyədə, İranda da tanıyanlar kifayət
qədərdir. Bu məqamda bir neçə ay əvvəl
dünyasını dəyişmiş dəyərli ustad,
akademik Bəkir Nəbiyevin beş il bundan əvvəl
yazdığı bu sətirlər yadıma düşdü:
“Qəzənfər Paşayev 40 ildən artıqdır ki, Azərbaycan
ədəbiyyatının, mədəni və elmi əlaqələrinin
tədqiqi və təbliği sahəsində yorulmadan
çalışır. İstedadlı alimin
indiyə qədər Azərbaycan, rus, ingilis, ərəb və
türk dillərində müxtəlif ölkələrdə
30 kitab və monoqrafiyası, 200-dən artıq elmi məqaləsi
çap olunmuşdur.
...Maraq
dairəsinin genişliyindən asılı olmayaraq hər bir
elm adamının bir sevimli baş mövzusu da olur və o,
öz çalışmalarının müxtəlif mərhələlərində
həmin mövzuya dönə-dönə qayıdır, bu sahədə
heç vaxt azalmaq bilməyən bir məhəbbətlə qələm
çalır”. (Bəkir Nəbiyev. Alim haqqında dost
sözü. - Ədəbiyyat qəzeti, 2007, 24 avqust)
Unudulmaz Bəkir müəllimin dediyi həmin mövzu
hansı mövzudur? Əlbəttə ki, bunu hamı çox yaxşı
bilir: Bu, İraq türkmanlarının (İraqda yaşayan Azərbaycan
türklərinin) ədəbi - mənəvi dəyərlərinin
araşdırılması və təbliğidir.
Bir
anlığa Qəzənfər müəllimin bu istiqamətdə
apardığı araşdırmalarının mövzu və
adlarına diqqət yetirək: “Kərkük bayatıları”
(1968), “Arzu-Qəmbər” dastanı (1971), “Kərkük
mahnıları” (1973), “İraq - Kərkük atalar sözləri”
(1978), “İraq - Kərkük bayatıları” (1984), “Altı
il Dəclə-Fərat sahillərində” (1985), “Nəsiminin
İraq divanı” (1987), “Kərkük folkloru antologiyası”
(1987), “Azərbaycan folkloru antologiyası”nın
İraq-türkman cildi (1999), “Bu sevda ölüncədir”
(2001), “Kərkük folklorunun fonetikası” (2003), “Azərbaycan
və Kərkük xalq mahnılarının müqayisəli
tədqiqi” (2011).
Q.Paşaevin
həyatının bir neçə ili
İraq Respublikası ilə bağlıdır. O, üç
dəfə (1962-1964, 1964-1966, 1972-1976-cı illərdə)
İraq Respublikasına tərcüməçi kimi göndərilmişdir.
“Altı il Dəclə-Fərat sahillərində”
kitabı məhz müəllifin İraqda tərcüməçi
işlədiyi illərin təəssüratları əsasında
yazılmışdır.
Bakıda
ilk dəfə İraq türkman kitabxanası yaradan, hansı
sahədə çalışırsa-çalışsın,
hansı mövzuda yazırsa-yazsın, hər zaman Kərkük-türkman
folkloruna, ədəbiyyatına sadiq qalan Q.Paşayev bu istiqamətdə
göstərdiyi səmərəli fəaliyyətinə
görə dəfələrlə İraq dövlətinin, Kərkük
Vəqfinin, İraq-Türkman Cəbhəsinin yüksək
diplom və ödüllərinə layiq
görülmüşdür. Təsadüfi deyil ki,
AMEA-nın müxbir üzvü, professor
Tofiq Hacıyev Q.Paşayevi Azərbaycan kərkükşünaslığının
banisi adlandırmışdır.
Q.Paşayev 1968-ci ildə “Kərkük dialektinin
fonetikası” mövzusunda namizədlik (fəlsəfə
doktoru) dissertasiyasını müdafiə etdikdən sonra, elmi
axtarışlarını Azərbaycan-İraq (Kərkük-türkman)
ədəbi əlaqələrinin öyrənilməsi istiqamətində
aparmışdır.
Q.Paşayev ədəbiyyatşünas alim və tərcüməçi
kimi eyni zamanda Azərbaycan-ingilis, Azərbaycan-fransız ədəbi
əlaqələri tarixinin öyrənilməsi istiqamətində
də maraqlı və qiymətli axtarışları,
tapıntıları ilə tanınır. Müxtəlif
illərdə onun bu sahədə yazdığı maraqlı
məqalələri, ingilis və fransız ədəbiyyatlarından
tərcümə etdiyi bədii nümunələr həm ədəbi
və elmi ictimaiyyətimiz, həm də geniş oxucu kütləsi
tərəfindən rəğbətlə
qarşılanmışdır.
Təxminən
50 illik elmi axtarışlar və yaradıcılıq yolu
keçmiş Q.Paşayev Çin mütəfəkkiri
Konfutsinin bu kəlamının qəlbinə hakim kəsildiyini
bildirir: “Elm, bilik elə bir həzz mənbəyidir ki, o, insana
hər şeyi, hətta fiziki iztirabı, necə
qocaldığını belə unutdura bilir.” Gözəl
fikirdir!
Yeri gəlmişkən,
Qəzənfər müəllimin özünün də elm
haqqında qiymətli və maraqlı deyimi var: “Elm əvvəli
görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik görülmüş işlərin sayəsində
yaranır”.
Olduqca mənalı elmi və yaradıcılıq yolu
keçən Q.Paşayev əlamətdar yubileyi ərəfəsində
(anadan olmasını 75 illiyi) seçilmiş əsərlərinin
yeddi cildliyini nəşr etdirmişdir (Bakı, “Təhsil”,
2012).
Seçilmiş
əsərlərin birinci cildi müəllifin bu sözləri
ilə başlayır: “Ömrün yarpaqtökən
çağı o qədər də ürəkaçan
deyilmiş. İllərlə dostluq etdiyin
insanların, qohumların itkisi, nisgili, qocalığın təəssüfü
adama rahatlıq vermir. Get-gedə ömrə ümidi
azalan yaradıcı adam təsəllini
qoyub gedəcəyi əsərlərdə tapır. Odur ki, 75
yaşımın tamam olduğu 2012-ci ildə
“Seçilmiş əsərləri”mi 50 ildən artıq mənalı
ünsiyyətdə olduğum oxuculara və tədqiqatçılara
ərməğan etməyə tələsdim...
Elm, bilik insanı yazıb-yaratmağa ruhlandırır. Elə bu səbəbdən
də gələcək nəsillərə gərəkli ola biləcəyini düşünərək
“Seçilmiş əsərləri”mi yadigar qoymağa qərar
verdim”.
Çox
doğru və faydalı bir iş görmüsünüz Qəzənfər
müəllim!
Müxtəlif
dövrlərdə yazılmış, lakin arxivlərdə
yatıb qalmış əlyazmalar, yaxud yarımçıq nəşrlər
o qədərdir ki!...
Hər bir araşdırmanın və bədii tərcümə
nümunəsinin zamanında oxuculara
çatdırılması, layiqincə nəşr olunması
və yayılması çox vacib məsələlərdəndir.
Q.Paşayevin
“Seçilmiş əsərləri”nin birinci
cildi müəllifin 1992-ci ildə “Yazıçı” nəşriyyatında
çap etdirdiyi “İraq-türkman folkloru” əsəri ilə
açılır. Seçilmiş əsərlərin
ilk cildinin həmin əsərlə başlanması heç də
təsadüfi deyil. Bu əsərin mahiyyəti, dəyəri
elə onun 1992-ci ildəki nəşrində verilmiş bu
annotasiyasında açıqlanır: “Xalqın ən
böyük milli sərvəti onun folklorudur. Əsatir
və bayatıda, nağıl və dastanda ədəbiləşən,
canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini,
zatını unutmağa qoymayan, şüurda,
düşüncədə, mənəviyyatda xalqın
bütövlüyünü təmin edən folklorudur.
Bu baxımdan, müəyyən ictimai-siyasi səbəblər
üzündən soykökündən ayrı
düşmüş, İraqın şimalında, əsəsən,
Kərkük vilayətində toplu halda yaşayan, Azərbaycanca
danışan elatın folkloru xüsusi əhəmiyyət kəsb
edir.
Canlı bir dildə, elmi-kütləvi şəkildə
yazılmış bu əsərdə İraq - Türkman
folkloru, ilk dəfə olaraq sistemli monoqrafik təhlildən
keçirilir, onun epik, lirik, arxaik janr və növləri ətraflı
tədqiq olunur. Əhəmiyyətli səciyyəvi
xüsusiyyətlər üzə çıxarılır”.
Əslində bu əsər Q.Paşayevin elmi fəaliyyətinin
ən uca-şah zirvəsidir. Belə ki,
folklorşünas alim 1993-cü ildə bu mövzuda doktorluq
dissertasiyası müdafiə etmiş və filologiya elmləri
doktoru elmi dərəcəsinə layiq
görülmüşdür.
Birinci cildə daxil edilmiş ikinci əsər isə
müəllifin 1985 və 1987-ci illərdə iki dəfə nəşr
olunmuş məşhur “Altı il Dəclə-Fərat- sahillərində”
əsəridir.
Bu əsərində
Q.Paşayev “Müxtəlif illərdə tərcüməçilik
fəaliyyəti ilə əlaqədar İraqda olarkən xidməti
işindən əlavə dincəlib istirahət etməli
olduğu vaxtı dost ölkənin xalqlarının ictimai həyatını,
ədəbiyyatını, mədəniyyətini, İraqda
yaşayan azərbaycanlıların maddi-mədəni
varidatını böyük həvəslə öyrənməyə
sərf etmişdir” (Ayaz Vəfalı).
“Altı il Dəclə-Fərat- sahillərində”
kitabını mən müəllifin çox qiymətli əsəri
hesab edirəm.
Təsadüfi deyil ki, səksəninci illərdə geniş
oxucu kütləsi tərəfindən çox böyük rəğbətlə
qarşılanan həmin kitabın ilk nəşri (1985) on min
nüsxədə, iki il sonra isə təkrar
nəşri yüz iyirmi min nüsxədə işıq
üzü görmüşdür.
İkinci cilddə müəllifin 2011-ci ildə nəşr
etdirdiyi “Dilimiz - varlığımız” kitabına daxil
edilmiş məqalələri, eləcə də
“Könüldən-könülə yollar
görünür”... başlığı altında
toplanmış ədəbi-tənqidi məqalələr və
yazılar verilmişdir.
Burada bütün məqalələri, xüsusən də
“Azərbaycan dilinin qərib dialektləri” adlı məqaləni
həyəcansız oxumaq olmur.
Tədqiqatçı Azərbaycanın əzəli
torpaqlarında yaşayan soydaşlarımızın qürbət
ünvanlı Dərbənd və Kərkük dialektlərindən,
onların məxsusi oxşar xüsusiyyətlərindən
söz açır və bu xüsusi oxşarlığın
kökünə varır. Məlum olur ki, XVI əsrin əvvəllərində
Şah İsmayıl İraqda məskunlaşan Bayat qəbiləsinin
bir hissəsini Dərbəndə
köçürmüşdür (Bax: ASE, III cild, s. 418).
Professor Qəzənfər
Paşayev bu məqalədə danılmaz faktlardan, tarixi həqiqətlərdən
söz açaraq yazır: “Acı olsa da, etiraf edək ki,
tarixin yaddaşı qısa, insanlar unutqan olurlar. Əcəba indi çoxmu soydaşımız bilir
ki, İraqda iki milyondan artıq qardaş-bacılarımız
yaşayır. Görəsən çoxmu
soydaşımız bilir ki, indi Rusiya Federasiyasının tərkibində
olan Dərbənd və Tabasaran rayonlarının 30 kəndində
(biz hələ Dərbənd şəhərini demirik)
yalnız azərbaycanlılar yaşayırlar”.
Bu cilddə verilmiş iri həcmli əsər
İraq-türkmanlarına həsr edilmiş, Kərkük
dialektinin fonetikasına dair “Kərkük dilinin fonetikası”
monoqrafiyasıdır.
Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri
sırasına daxil edilmiş Kərkük dialekti ilə
bağlı Q.Paşayevin hazırladığı namizədlik
dissertasiyası həm aktual, həm də dilçilik və
folklor araşdırmaları baxımından böyük maraq
doğurur. Ötən əsrin altmışıncı illərində
hazırlanmış həmin əsər elmi ictimaiyyətimiz
tərəfindən yüksək qiymətləndirilmişdir.
Hazırkı nəşrdə bir sıra mətnlər
və iri həcmli lüğət də verilmişdir.
Q.Paşayev bu araşdırması ilə bir daha təsdiq
etmişdir ki, “Azərbaycan ədəbi dilinin təsir dairəsindən
kənarda qalan Kərkük dialekti qədim dövrlərə
aid dil faktlarını daha çox saxlaya bilmişdir”. Müəllif
1962-1966, 1972-1975-ci illərdə İraq Respublikasında
uzunmüddətli ezamiyyətlərdə olarkən Kərkük
dialekti üzərində müşahidələr
aparmış və zəngin material toplamışdır.
Üçüncü cild müəllifin 2003-cü ildə
“Elm” nəşriyyatında nəşr olunmuş “Kərkük
folklorunun janrları” kitabı ilə açılır.
Türkiyədəki
Erciyes Universitetinin professoru Mahir Naqibin “Abidə bir əsər”
adlandırdığı bu monoqrafiya Kərkük folklorunda
janr baxımından təsnifatın aparıldığı Kərkük
türkmanlarının mərasim, epik, lirik növlərinin məzmun
və poetik quruluş baxımından öyrənildiyi ilk
fundamental araşdırmadır.
Bu əsərin 1998-ci ildə İstanbulda
“İraq-Türkman folkloru” adı altında nəşrinə
giriş məqaləsi yazmış professor Mahir Naqib
xüsusi olaraq vurğulayır ki, “Bir zamanlar tək torpaq
parçası halında olan Kərkük və Azərbaycan,
XX yüzilin başlarında iki ayrı adda halına gəlmişdir. Bu gün iki
adanı bir-birinə bağlayan körpünün memarı
Q.Paşayevdir. Şübhə yoxdur ki,
günümüzdə adacıqlar halına gələn
Türk Dünyasını bir-birinə bağlayan mədəni
körpülərin ağırlığını
Q.Paşayev kimi şüurlu elm adamları çiyinlərində
daşıyacaq və gələcəkdə də yüksək
tutacaqdır. Möhtərəm Qəzənfər
Paşayevin məna və ciddiyyət dolu, əhatəli və
birləşdirici çalışmalarını, sadəcə,
Kürkük və Azərbaycanda deyil, bütün Türk
Dünyası minnətdarlıq və şükranlıqla
anacaqdır”.
Üçüncü cilddə həmçinin
Q.Paşayevin ünsiyyətdə olduğu, uzun illər dostluq
etdiyi, dünyasını dəyişmiş ziyalılar
haqqında yazdığı məqalə və xatirələri
verilmişdir.
“Borcumuzdur bu ehtiram” başlığı
altında toplanmış otuzdan artıq məqalə və
yazı maraqlı müşahidələr, qiymətli xatirələrlə
zəngindir. Həmin yazıları oxuduqca
müasir Azərbaycan ədəbiyyatının və elminin
tanınmış nümayəndələrinin həyat və
yaradıcılığının bir çox qiymətli səhifələri
gözlərimiz önündə canlanır.
Dördüncü
cilddə altı bölmədən ibarət “Nəsimi
haqqında araşdırmalar” monoqrafiyası və bu
yaxınlarda dünyasını dəyişmiş akademik Bəkir
Nəbiyevə həsr olunmuş “Ədəbiyyatşünaslıq
elmimizin patriarxı” araşdırması verilmiş və “Sevərək
yaşayanlar”, ədəbi-elmi əlaqələr, “Kərkük
dünyası” başlıqları altında
hazırlanmış məqalələr verilmişdir. Bu məqalələrin də coğrafiyası
çox genişdir. Müəllifin elm
haqqında düşüncələrindən
başlamış bitib-tükənməyən Azərbaycan
folkloru incilərinə qədər uzanan fikir və mülahizələrini
əhatə edən bu məqalələrdə həm
müasir Azərbaycan və Kərkük ədəbiyyatının
ayrı-ayrı nümayəndələrinin həyat və
yaradıcılığının maraqlı epizodları, həm
də ədəbi əlaqələrimizin bir sıra qiymətli
səhifələri əhatə olunmuşdur.
Bu cilddə
“Sevərək yaşayanlar” başlığı altında
Şeyxülislam Hacı Allahşükür Paşazadə,
Elcin Əfəndiyev, Vasim Məmmədəliyev, Budaq Budaqov, Nəriman
Həsənzadə və digər görkəmli
ziyalılarımıza həsr olunmuş maraqlı məqalələr
verilmişdir.
Cildin ən maraqlı səhifələrinin bir qismi ədəbi-elmi
əlaqələr mövzusunda yazılmış məqalələri
əhatə edir. Azərbaycan-İraq, Azərbaycan-İran,
Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ ədəbi və
elmi əlaqələrindən bəhs edən həmin
yazılarda xeyli qiymətli və yeni fakt və materiallara rast
gəlmək olar. Bu baxımdan “Kərkük
dünyası” başlığı altında toplanmış
məqalələr də öz orijinallığı ilə
seçilir. Kərkük-türkman ədəbiyyatı
xadimlərinin həyat və yaradıcılıq yollarını
əks etdirən bu məqalələr həm elmi ictimaiyyət,
həm də geniş oxucu kütləsi üçün
İraqda yaşayan soydaşlarımızın folkloru,
müasir ədəbi ab-havası haqqında kifayət qədər
məlumatı əhatə edir.
Dördüncü
cildə Q.Paşayevin müxtəlif illərdə qələmə
aldığı publisistik yazılar da verilmişdir ki, onlar
“Ürəkdən gələni deməsən olmur” və
“Sazlı-sözlü dünyamızdan” başlıqları
altında toplanmışdır.
Beşinci cilddə Q.Paşayevin müxtəlif vaxtlarda
bir sıra ədəbi məclislərdə, kütləvi
informasiya vasitələrində etdiyi
çıxışları, müsahibələri, müxtəlif
yubileylərdə, doğum və anım günlərində,
kitabların təqdimatı mərasimlərində, radio və
televiziya kanallarındakı söylədiyi fikir və
mülahizələri verilmişdir. Həmin qiymətli fakt və
materiallarla bağlı haqq qazandırıram ki, “Xalq qarşısında
böyük və danılmaz xidmətləri olan şairlərimizdən
Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli,
Qasım Qasımzadə, Hüseyn Arif, Tofiq Bayram, Nəriman Həsənzadə,
Fikrət Qoca, şair-tərcüməçi Vladimir Qafarov,
yazıcılardan Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev,
Əzizə Cəfərzadə, Manaf Süleymanov, Anar,
Elçin, Fərman Kərimzadə, Nahid Hacızadə, ədəbiyyatşünaslardan
Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Gülrux Əlibəyli,
Əjdər Xanbabayev, İmamverdi Əbilov, Ayaz Vəfalı,
İlyas Tapdıq, Xeyrulla Məmmədov və bir çox
başqa görkəmli şəxsiyyətlər barədə
çıxışlarım (mən hələ akademiklərdən
Budaq Budaqov, Ziyad Səmədzadə, Vasim Məmmədəliyev,
Bəhram Əsgərov, Tofiq Hacıyev, professorlardan Müseyib
Müseyibov, Camal Mustafayev, Qəzənfər Kazımov, Cəfər
Quluzadə və s. kimi başqa elm sahəsinin
adamlarını demirəm), nə gizlədim, mənə fərəh,
sevinc və qürur hissi bağışlayıb. Eyni zamanda təmənnasız zəhmətimin izsiz
qalması barədə düşünmüşəm. Ürək ağrısı ilə
düşünmüşəm ki, rəsmi dövlət səviyyəsində
keçirilən tədbirlərdəki çıxışlar
xaric, yerdə qalanlar unudulmağa məhkum olurlar. Baxmayaraq ki, onların bir çoxunda ədəbiyyatımız
üçün gərəkli olan mətləblər qədərincədir.
Məhz buna görə də
düşünürəm ki, ədəbi məclislərdə,
doğum və anım günlərində, yas mərasimlərində
görkəmli şəxsiyyətlərimiz, qələm sahiblərimiz,
alimlərimiz barədə səslənən fikirləri,
çıxışları it-bat olmaqdan qoruyaraq gələcək
nəsillərə yadigar qoymaq faydalı olardı”.
Beşinci
cilddə həmçinin Q.Paşayevin tanınmış
şəxsiyyətlərə və ədəbiyyat xadimlərinə,
qəzet və jurnal redaktorlarına məktubları (həmçinin
məşhur fransız ədibi Aleksandr Dümanin (Ata) Azərbaycanda
çap olunmamış, 1858-ci ildə Bakıdan Parisə
göndərdiyi məktubu da daxil edilməklə), müxtəlif
illərdə müdafiə olunmuş namizədlik və
doktorluq dissertasiyalarına onun verdiyi opponent rəyləri,
ayrı-ayrı namizədlik və doktorluq
dissertasiyalarının avtoreferatlarına yazdığı rəsmi
rəylər, eləcə də müəllifin Xalq şairi Zəlimxan
Yaqub, Xalq yazıçısı Elçin Əfəndiyev,
akademik Fuad Qasımzadə haqqında yazdığı məqalələri
verilmişdir.
Altıncı cild bütünlükdə Q.Paşayevin
ingilis və fransız ədəbiyyatlarından etdiyi tərcümələri
əhatə edir. Burada A.Dümanın məşhur “Qafqaz səfəri”
kitabının tərcüməsi, eləcə də məşhur
Amerika alimi, professor Sula Benetin “Necə yaşayasan-yüzü
haqlayasan” kitabının (Nyu-York. 1976) bütün dünyada
“detektiv əsərlər kraliçası” kimi
tanınmış məşhur romanlar müəllifi Aqata
Kristinin “Mavi qatarın sirri” romanının dilimizə tərcümələri
verilmişdir.
Orijinaldan bədii tərcümənin uğurları
baxımdan yüksək peşəkarlıqla Azərbaycan
dilinə edilmiş həmin tərcümələr ayrıca
bir məqalə və araşdırma mövzusu olduğunu nəzərə
alaraq, adları sadalanan tərcümələrin nəşrini
yüksək qiymətləndirir və bu istiqamətdə Qəzənfər
müəllimin bu xeyirxah işi davam etdirməsini çox arzu
edirəm.
“Seçilmiş əsərlərin” sonuncu cildinin əvvəlində
müəllifin “İraq türkman folklorunun janrlar sistemi”
monoqrafiyasının rus dilinə tərcüməsi verilir (tərcüməçi
Vladimir Qafarov).
Bu araşdırma orijinalda “Seçilmiş əsərlərin”
üçüncü cildində çap olunmuşdur.
Cildə həmçinin Q.Paşayevin rus dilində
hazırlanmış məqalələri, ingilis dilində
ölkəşünaslıqdan bəhs edən “İngiltərədən
söz açaq “ adlı universitet tələbələri
üçün dərs vəsaiti, ingiliscə və türkcə
çıxan, məqalələri daxil edilmişdir.
Yeddinci cilddə həmçinin müəllifin ingilis
dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən
ingilis dilinə tərcümə etdiyi elmi, publisistik və bədii
tərcümələr də yer almışdır. Professor
Q.Paşayevin əsərini xüsusi olaraq qeyd etmək istərdim.
Bunlar “Nostradamusun möcüzəli aləmi” və
“M.F.Axundzadənin ədəbi tənqidi” əsərləridir.
Q.Paşayev 2007-ci ildə iri həcmli (760 səh.) “Nostradamusun
möcüzəli aləmi” kitabını çap
etdirmişdi (Bakı, “Təhsil”). Həmin
nəşr çox böyük maraq doğurmuşdu. Əslində bu tədqiqat əsəridir.
Bu da maraqlıdır ki, “Təqribən 500 ildir
böyük fransız alimi və öngörücüsü
Mişel Nostradamusun bəzən peyğəmbərcəsinə
dəqiqliklə söylədiyi mətləblər həqiqətə
çevrilib öz yerini alır, dünyanın ən müxtəlif
ölkələrində cəmiyyətin diqqət mərkəzində
qalaraq dönə-dönə tərcümə və nəşr
olunur.
Q.Paşayev onun bütün görücülük irsini Azərbaycanda
ilk dəfə olaraq tam şəkildə tədqiq və tərcümə
etmiş, ömrünün 7 ilini sərf edərək 757 səhifəlik
sanballı bir kitab kimi meydana qoymuşdur (Bəkir Nəbiyev).
Hazırkı nəşrdə “Nostradamusun möcüzəli
aləmi” kitabının bir fəsli - “Dərk olunmayan aləm”
verilmişdir.
Məlum olduğu kimi, M.F.Axundzadələr nəslinin
nümayəndəsi Pərirux xanım və onun həyat
yoldaşı - Tokio universitetinin professoru İrəc Parsinecad
(Onların hər ikisi 1987-ci ildə Bakıda səfərdə
olmuş və M.F.Axundzadənin anadan olmasının 175 illik
yubiley tədbirlərində iştirak etmişlər) görkəmli
Azərbaycan mütəfəkkirinin həyat və
yaradıcılığını araşdırırlar. Və
İ.Parsinecad 1988-ci ildə ABŞ-da ingilis dilində “M. F.
Axundzadənin ədəbi tənqidi” araşdırmasını
çap etdirmişdir.
Vaxtilə Q.Paşayev bu əsər barədə
dövri mətbuatda məqalə çap etdirmiş (“Ədəbiyyat
qəzeti”, 1994, 23 sentyabr), daha sonra isə onu Azərbaycan dilinə
tərcümə etmişdir.
Q.Paşayevin seçilmiş əsərlərinin yeddi
cildliyi çox nəfis və yüksək poliqrafik səviyyədə
nəşr olunmuşdur. Hər cildi təxminə 45 çap vərəqi həcmində
nəşr edilmiş “Seçilmiş əsərlər”in hər
birinin sonunda onun çap etdirdiyi bütün əsərlərin
üz qabığının foto-şəkilləri tarixi
ardıcıllıqla təqdim edilir ki, bu da yaradıcı ziyalı
üçün qiymətli amildir. Onu da qeyd edim
ki, hər bir cilddə müvafiq əsərlə bağlı
onun müəllifinə və mövzuya dair çoxlu sayda
foto materiallar da verilmişdir.
Q.Paşayevin
“Seçilmiş əsərləri”nin yeddi cildliyinə
yazdığı ön sözdə (Müəllifdən)
vurğulanır ki, “Seçilmiş əsərləri”ni vərəqlədikcə, görülən
işlərin miqyasına vardıqca qədim Çin mütəfəkkiri
Konfutsinin kəlamı qəlbimə hakim kəsildi: “Elm, bilik
elə bir həzz mənbəyidir ki, o insana hər şeyi, hətta
fiziki iztirabı, necə qocaldığını belə
unutdura bilir.”
Bu, həqiqətən də, belədir. Eyni zamanda məlum
bir həqiqət də vardır. Elm, bilik
insanı yazıb-yaratmağa ruhlandırır.
Yaradıcı adam dərk edir ki, dahi Səməd
Vurğunun “Deyilən söz yadigardır” kəlamında
böyük bir hikmət vardır. Elə bu səbəbdən
də gələcək nəsillərə gərəkli ola biləcəyini düşünərək
“Seçilmiş əsərlər”imi yadigar qoymağa qərar
verdim”.
Bu qeydlərdə hər şey gözəldir, təbiidir,
hikmətlidir.
Lakin bir istisna ilə. Üzümü 75
illik yubileyini qeyd edəcəyimiz qiymətli, dəyərli
ziyalımıza tutaraq belə deyərdim: “Qəzənfər
müəllim! Bu yeddi cildlik Sizin 75 illik həyat
və ədəbi fəaliyyətinizin elmi, bədii
aynasıdır. Axı, Siz indi də
yazıb-yaradırsınız, hələ uzun illər də
yazıb-yaradacaqsınız. Hələ Sizin elmi, ədəbi
ictimaiyyətə, geniş oxucu kütləsinə ərməğanlarınız
çox olacaq...
İnanıram ki, hələ seçilmiş əsərlərinizin
on cildliyini də yadigar qoymağa fürsətiniz
imkanınız olacaq. Sizə bu yolda yeni-yeni yaradıcılıq
uğurları, möhkəm cansağlığı arzu edirəm!
Əminəm
ki, Sizin gələcəkdə nəşr
edəcəyiniz on cildlik seçilmiş əsərləriniz
haqqında da fikirlərimi geniş oxucu kütləsi ilə
bölüşməyə fürsət tapacağam.
Vaqif ARZUMANLI,
Filologiya üzrə elmlər
doktoru,
professor
525-ci qəzet.-
2012.- 12 may.- S.24-25.