“Bizim
rəhbərimiz bütün kiçikləri
böyüdürdü...”
Pərvinin
həmsöhbəti “Yuğ” teatrının aktyoru,əməkdar
artist Məmməd Səfadır.
Pərvin:
Məmməd Səfa müəllim, son günlərdə
haqqınızda yazılan məqalələrlə, müsahibələrinizlə
tanış olmuşam. Əksər hallarda sizin kinodakı fəaliyyətiniz
işıqlandırılıb, mən bir qədər
başqa tərəfdən yanaşmaq istərdim
yaradıcılığınıza. Ən əsası da siz,
“Yuğ” və Vaqif İbrahimoğlu kontekstindən...
Məmməd
Səfa: Əlbəttə! Çəkdiyiniz “üçbucaq”
olduqca maraqlıdır və hesab edirəm ki, bu mövzuda
geniş söhbət edə bilərik.
Pərvin:
Lap əvvəldən başlayaq. Siz Şabranda doğulmusunuz.
Bilirik ki, oranın əhalisi (dağlılar) mentalitet
baxımından bir qədər konservativ təfəkkürə
malikdirlər. Belə bir mühitdə
böyüdüyünüz halda incəsənət sahəsinə
meyliniz hardan yarandı və sizdəki bu marağı ilk
olaraq ətrafınızdakı insanlar necə
qarşıladılar?
Məmməd
Səfa: Doğrusu, bu günə kimi nə qohumların, nə
də qonşuların seçdiyim sənət haqqında
fikirlərini bilmirəm. Heç vaxt da maraqlanmamışam
bununla. Ailə üzvlərimdən isə əsasən anam
etirazını bildirib. O da çox yumşaq formada.
Çünki mənim həmişə öz fikirlərim
olub. Ailəm, əzizlərim də arzularıma,
düşüncələrimə hörmətlə
yanaşıb, qarşı çıxmayıblar. Aktyorluq
seçimimə də həmçinin. Bəlkə də bu
onların inamından irəli gəlib ki, üstünlük həmişə
mənim tərəfimdə olub.
Pərvin:
Tez-tez müxtəlif adamların hansısa məqsədə
çatmaqçün “aktyor”luq etməsinin, dondan-dona girib min
sifətə düşməsinin şahidi oluruq. Elə bil həyatda
“artist”lik edənlər səhnədəki aktyorları
sıxışdırırlar...
Məmməd
Səfa: Tamamilə razıyam. Allah bizim hər birimizi həyatda
oynayaraq məqsədə çatanlardan, karyera quranlardan uzaq
eləsin. Amma mənim bu barədə fikrim birtərəfli
deyil. Əgər bir insan hansısa arzusuna çatmaq
üçün heç kimə ziyan etmədən, xələl
gətirmədən canfəşanlıq edirsə,
çalışırsa və nəticə gözəl
olursa, bunun nəyi pisdir ki? Qoy olsun! Amma başqalarına qara
yaxaraq, fədakar obrazını süni şəkildə
yaradaraq irəliləyən, qabağa gedən adamlar
qorxuludurlar. Və onların oyununun üstü gec-tez
açılır. Mühit özü onları ifşa edir.
Pərvin:
Sizi yaxından tanıyan adamlar bir ağızdan eyni
sözü deyirlər ki, Məmməd Səfa səhnədə
nə qədər peşəkar aktyordursa, həyatda bir o qədər
özüdür, səmimidir. İndiki dövrdə bir sifəti
olan kişinin sənətdə irəli getməyi, ümumiyyətlə,
özünü göstərməyi çoxmu çətindir?
Məmməd
Səfa: Çətindir deyəndə ki, Pərvin xanım, bəlkə
də irəli getmək, dediyiniz kimi özünü göstərmək
istəyi ruhumu işğal etsəydi, çətin olardı.
Amma nə qədər inanılmaz görünsə də, məndə
o istək yoxdur. Mən öz işimlə məşğulam.
Heç vaxt nəyəsə can atmamışam. Bütün
rollarım sadəcə, qismət olub mənə, rastıma
çıxıblar. Əvvəlcədən heç bir rolu
arzulamamışam, yalnız iş mənə
tapşırılandan sonra onu necə ortaya qoyacağım barədə
düşünmüşəm. Bu mənada sualınıza
cavab olaraq bir daha vurğulayardım ki, elə bir ciddi
arzularım yoxdur ki, onlara çatmaq üçün müxtəlif
yollar, variantlar axtarım və səmimiliyim mane olsun mənə...
Pərvin: Məmməd Səfa deyəndə ilk olaraq “Yuğ” teatrı yada düşür, “Yuğ” teatrı deyəndə isə təbii ki, Vaqif İbrahimoğlu. Siz aktyorluq fəaliyyətinizin ilkin dövrlərindən, ali məktəbi bitirəndən sonra bu teatrda fəaliyyətə başlamısız. Yuğdan əvvəlki fikirləriniz maraqlıdır mənə. Sizcə, həmin mərhələdə həyatınızda, düşüncələrinizdə nə çatmırdı, hansı yer boş idi ki, fərqli, hətta bir çoxları üçün indiyəcən anlaşılmaz olan Yuğ estetikasına üz tutmalı oldunuz?
Məmməd Səfa: “Yuğ”dan əvvəlki həyatım tələbəlik dövrü olub. Tələbəlik də insanın arzularla, xəyallarla, romantik düşüncələrlə yaşayan, göylərdə uçan vaxtıdır. Allah Vaqif müəllimə rəhmət eləsin. Tale elə gətirdi ki, mən universiteti bitirəndə rast gəldim ona və həyatının sonuna kimi onunla işlədim. Mən o zamana qədər təcrübəsiz, sadəcə, nəzəriyyə oxuyan tələbə idim. Səhnə, tərəf müqabili ilə münasibət, onu hiss eləmək, tamaşaçını ələ almaq, auditoriyanın fikrini aktyor oyununa kökləmək nədir, bilmirdim. Bütün bu dediyim vərdişlərə məhz Vaqif müəllimin sayəsində yiyələndim. Ona görə əminliklə deyirəm ki, “Yuğ”a qədərki ehtiyac Vaqif İbrahimoğlu kimi müəllimə ehtiyac idi, elə boşluq da bundan ibarət idi.
Pərvin: Bəs, tələbəlikdə qurduğunuz romantik xəyalları “Yuğ” səhnəsində reallaşdıra bildiniz?
Məmməd Səfa: Vallah, indi heç çoxu yadımda deyil. Ola bilməz ki, hansısa xəyallar qurmayım və sonralar da reallaşdırmağa çalışmayım. Elə bir aktyor varmı ki, belə arzular onun beynindən, düşüncəsindən süzülməsin?! Amma mən realist yanaşıram arzuların gerçəkləşməsinə. Həyat, qismət başqadır. Heç də həmişə bizim düşündüyümüz, fikirləşdiyimiz kimi olmur. Bir daha vurğulayıram ki, bu gün dəlicəsinə arzıladığım, can atdığım rol yoxdur. Hansı qarşıma çıxsa, onu canlandırmaq istiqamətində düşünəcəyəm.
Pərvin: Sənətdə də gözütoxluq mümkündür deməli. Həyatda gözütox adamlar çox az olur. Sənətdə isə demək olar ki, ilk dəfədi görürəm...
Məmməd Səfa: (gülür) Mümkündür. Əlbəttə, mümkündür. Amma mən bu yanaşmamı bilərəkdən yaratmamışam. Təbiətimdən irəli gəlir.
Pərvin: Səfa müəllim, “Yuğ” teatrı fəaliyyətə başlayanda Azərbaycanda çox sahələrdə sırf sosrealizm estetikası hökm sürürdü. Düşüncələr bir qədər sərbəstləşsə də, tam olaraq açılmamışdı, insanlar sənətə hələ də köhnə kriteriyalarla yanaşırdılar. Elə indinin özündə də “Yuğ”a qarşı münasibət birmənalı deyil. “Tamaşadan nə isə anlamadım” - deyən tamaşaçılarınız da olur.
Məmməd Səfa: Olsun da... Bu belə də olmalıdır. Bunun nəyi pisdir? Tamaşaçının öz fikri varsa, “mən bunu bəyənirəm”, yaxud “bəyənmirəm” deyə bilirsə, çox yaxşı. Siz hər rəngi, hər musiqini, tamı mənə sevdirə bilərsiz? Xeyr! Çünki mənim öz zövqüm var. Məni hansısa musiqinin, yaxud əsərin peşəkarlığına, gözəlliyinə nə qədər inandırmağa çalışsalar da, o əsər mənim ruhuma, zövqümə uyğun deyilsə, qəbul edə bilməyəcəyəm. Tamaşaçı da öz dünyasına, düşüncələrinə yad sənət nümunəsini qəbul etməyə bilər. Buna hörmətlə yanaşmaq lazımdır. “Yuğ”u qəbul edə bilməyən tamaşaçı bizim digər teatrlarımıza gedə bilər. Təki sənət yaşasın və teatr salonları tamaşaçı sarıdan korluq çəkməsin.
Mənə görə isə “Yuğ” teatrı kinodur. Təsəvvür edin ki, bu səhnədə heç vaxt ikinci planda qalmaq mümkün deyil. Əgər “Yuğ” teatrının səhnəsindəsənsə, deməli, iri plandasan. Hansı rolu ifa etməyindən asılı olmayaraq. Adi bir gözün qaçırılması da tamaşaçının nəzərindən yayınmaz. Böyük səhnədə bəlkə nəyisə müəyyən bir dekorasiya, yaxud başqa nə iləsə gizlətmək olar. Amma “Yuğ” səhnəsində hər şey göz önündədir. İndi və burada baş verir. Bu həm gözəl, fərqli yanaşmadır, həm də çox çətin və məsuliyyətlidir. Burada improvizə xarakterli məqamlar daha çox olur.
Pərvin: “Yuğ”un tamaşalarında adam özünü teatrda yox, hansısa fərqli məkanda hiss edir. Çünki burada insan beynindəki standart teatr kanonları dağılır. Aktyorla tamaşaçı arasında sərhəd silinir, sanki formadan keçib aktyorun, rejissorun əsl mahiyyətinə yaxınlaşırsan. Əgər o biriləri teatr adlandırırıqsa, “Yuğ”a bir başqa ad vermək lazımdır. Bu, tamaşaçının gördüyüdür. Bəs sərhədlərin silinməsi, tamaşaçıyla nəfəs-nəfəsə dayanmaq aktyor tərəfdən necə görünür?
Məmməd Səfa: Bu aktyor üçün nə qədər çətindirsə, bir o qədər faydalıdır. Aktyorun yetişməsində, özünü tapmasında mühüm məqamdır. Siz bizim teatrda tamaşaçı-aktyor münasibətini dəqiq təsvir etdiniz. Həqiqətən də bizim elə tamaşalarımız olub ki, tamaşaçını səhnəyə də çıxartmışıq. Burda hədsiz peşəkarlıq və iti düşüncə tələb olunur. Yəni aktyor bir an içində tamaşadan ayrılıb, tamaşaçı ilə ünsiyyətə girib yenidən o auraya qayıtmaq. Bu çox zehni, dinamik və sürətli bir işdir. Hesab edirəm ki, bu vərdişlərə yiyələnməyim mənə həmişə kömək edib. Kinoda hansısa rolları ifa etməyi asanlaşdırıb. Ona görə bayaq dedim ki, “Yuğ” teatrı məndən ötrü kinodur.
Bütün bu sirləri də məhz müəllimimiz Vaqif İbrahimoğlunun sayəsində öyrənmişik. Ən əsası o bizə səhnədə tərəf müqabilini hiss etmək, ona düzgün münasibət göstərmək qaydalarını öyrədib ki, bu çox sivri məsələdir. Partnyora qayğı, onun xətrinə dəyməmək çox vacib şərtdir səhnədə. Tərəf müqabilinə nə qədər diqqət göstərsək, işimizin keyfiyyəti bir o qədər yüksək olar.
Pərvin: Bəzən “Yuğ” teatrının poetikasını inkişafsızlıqda, hərəkətsizlikdə günahlandırırlar. Yəni teatr yaranan gündən hansı estetikanı ortaya qoymuşdusa, indiyəcən heç nəyi dəyişmədən bunu sadəcə, təkrar etməklə məşğuldur. Siz “Yuğ”da ilk illərdəki oyununuzla son tamaşalardakı oyununuz arasında hansı keyfiyyət fərqlərini görürsüz?
Məmməd Səfa: “Yuğ” teatrında inkişafın olmaması fikri ilə qətiyyən razı deyiləm. Bu teatr yarandığı gündən indiyə kimi, 25 ildən çoxdur ki, mən bu səhnədəyəm. Və ilk vaxtlarda ortaya qoyduğum aktyor oyunu ilə indikinin arasında yerdən göyə qədər fərq var. Təsəvvür edin ki, ilk vaxtlarda müəllim mənə hər hansı tapşırıq verəndə bəzən edə bilmirdim, qızarıb-bozarırdım. Məsələn, xatırlayıram ki, Vaqif müəllim “Koroğlu” dastanının motivləri əsasında çox gözəl bir tamaşa qurmuşdu. Orda bir epizod vardı ki, Koroğlu Nigarı qaçıranda Nigarın qardaşı atına minib onların arxasınca çapır. Təsəvvür edin ki, taxtadan düzəldilmiş atı minib çapırdım və atın qalxmasını, enməsini, kişnəməsini hamısını özüm, səslə, plastikayla yerinə yetirməliydim. O zaman bu mənə çox çətin görünürdü, indi isə gülməlidir. Bundan da çətin səhnələri asanlıqla oynaya bilirəm. Bu mənada “Yuğ”u inkişafsızlıqda günahlandırmaq ən azı günahdır. Müəllim həmişə deyirdi ki, mənim arzum odur ki, teatra gəlim və bildirim ki, bu gün filan tamaşanı səhnəyə qoyuruq və məşqsiz- filansız səhnəyə çıxıb oynaya biləsiz onu... Son vaxtlarda bunu edə bildik. Bir neçə elə tamaşa oynadıq. Əgər “Yuğ” teatrı yerində sayıbsa, bu keyfiyyət necə meydana gəlib?!
Pərvin: Səfa müəllim, çox kiçik teatr, çox kiçik səhnə, kiçik auditoriya, kiçik qrim otağı. Bu kiçiklərin içində böyük sənətin yetişməsi möcüzədi, yoxsa təbii?
Məmməd Səfa: Bu kiçikliklərin içərisində böyük olan ürəyimizdir. Bizim rəhbərimiz bütün kiçikləri böyüdürdü. Bu baxımdan burada yaranan sənətin də böyük olması təbiidir. Sadəcə, o yaxşı iş görmədi, işi yarımçıq qoyub getdi. Amma bu məbədi, məkanı o qurub yaratmışdı. İndi hər birimizin borcu buranı qoruyub saxlamaqdır.
Pərvin: “Yuğ”, Vaqif İbrahimoğlu və Məmməd Səfa... İndi bu üçbucağın bir bucağında boşluq görünür. Son olaraq soruşmaq istəyirəm ki, Vaqif İbrahimoğlunun vəfatından sonra nələri itirdiniz?
Məmməd Səfa: Mən təkcə istedadlı rejissoru, qayğıkeş rəhbəri itirmədim. Məndən ötrü bu, böyük qardaş, ata itkisinə bərabərdir. Çünki bizim hər dərdimiz Vaqif müəllimlə idi. İstənilən çətinliyimizi, narahatlığımızı onunla bölüşə bilirdik. Amma təbii ki, onun yoxluğu ilə ən böyük boşluq sənətdə yarandı. Bu boşluğu heç kim, heç vaxt doldura bilməz. İndi yalnız onun qurub-yaratdığı sənəti qorumaqla, davam etdirməklə təsəlli tapırıq.
525-ci qəzet.-
2012.- 12 may.- S.22.