BİR DAHA
MİRZƏ FƏTƏLİ AXUNDOVUN DƏFNİ HAQQINDA
Məni
otuz il bundan əvvəl, Nizami adına Ədəbiyyat
İnstitutunun aspirantı olduğum dövrdə ötəri
şəkildə toxunduğum bu mövzuya yenidən
qayıtmağa vadar edən səbəb əsərlərinin
axtarış ruhunu, tədqiqatçı kimi ilkin mənbələrə
bələdliyini həmişə yüksək dəyərləndirdiyim
akademik İsa Həbibbəylinin “525-ci qəzet”də çap
edilmiş (17 mart 2012-ci il) “Xoş gördük, Mirzə Fətəli
Axundzadə” adlı yazısı oldu. Həmin məqalədə
o, Mirzə Fətəlinin doğma xalqı, eləcə də
və türk-müsəlman dünyası
qarşısındakı mühüm xidmətlərini
xatırlatdıqdan sonra yazır:
“Bütün bunlara baxmayaraq M.F.Axundzadənin həyatının sonu çox nisgilli olmuşdu. Belə ki, o, Tiflis vağzalından çağırılmış dörd nəfər hambalın çiyinlərində şəhərin kənarındakı müsəlman qəbiristanlığında torpağa tapşırılmışdır. Başqa bir məlumata görə “mərhumu canişinin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı” (Cəlil Məmmədquluzadə). Belə bir məlumat da var ki, “Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat pul verməli olublar” (Əbdürrəhim bəy Haqverdiyev)”.
Mirzə Fətəlinin sanki meyidi ortalıqda qalmış sahibsiz və urvatsız bir adam kimi “Tiflis vağzalından çağırılmış dörd nəfər hambalın çiyinlərində” son mənzilə yola salınması haqqındakı akademikin də tərəfdar çıxdığı fərziyyə həqiqətə nə qədər uyğundur? Nə üçün təkcə böyük tarixi missiyasını yerinə yetirib dünyadan köçmüş Mirzə Fətəliyə deyil, bütünlükdə xalqımıza, mədəniyyətimizə, mentalitetimizə ləkə sayılacaq bu fakt heç kəsi, ilk növbədə də axundovşünas-alimləri düşündürməmiş, onları yeni, daha dərin axtarışlara vadar etməmişdir?
Puşkinin xatirəsinə göstərilən sayğısızlığın rusları, Rustaveli haqqında deyilən əsaslandırılmamış bir fikrin gürcüləri bu dərəcədə laqeyd buraxacağını təsəvvürə gətirmək çətindir. Bir daha təkrar edirəm: söhbət yalnız ayrı-ayrı şəxsiyyətlərdən deyil, bütöv xalqdan, onun mənəviyyat və insanlığından gedir.
Doğrudur, İsa müəllim yetərincə həssas məsələyə toxunduğunun fərqinə vararaq bu fərziyyəni dərhal ədəbiyyatımızın C. Məmmədquluzadə və Ə.Haqverdiyev kimi korifeylərindən gətirdiyi sitatlarla möhkəmləndirməyə çalışmışdır.
Şübhəsiz, həm Mirzə Cəlil, həm də də Əbdürrəhim bəy Axundov məktəbinin yetirmələri idilər. Onların böyük ustada sayğı və məhəbbətlərinin üzərinə kölgə salmağa da əlimizdə hər hansı əsas yoxdur. Lakin istənilən halda mən böyük insanlıq və millət sevgilərinin pərəstişkarı olduğum bu iki böyük şəxsiyyətin Mirzə Fətəlinin dəfni haqqında yazdıqları ilə razılaşmaqda çətinlik çəkirəm. Ən azı onların söylədikləri fikirləri son instansiya həqiqət saya bilmirəm.
Əvvəla Mirzə Fətəli vəfat edəndə birincinin 9, ikincinin 8 yaşı vardı. Heç biri Tiflisdə doğulmamışdı, dəfn mərasiminin isti izinə düşərək böyük dramaturqun yaxınları ilə təmasda olmamışdı. Yəni istər zaman, istərsə də məsafə baxımından baş verənlərə şahidlik etmələri inandırıcı deyildi. Demək, dəqiq mənbə göstərmədikləri bu məlumatı yanlış qaynaqlardan almaları tamamilə mümkün idi.
Bir qədər aşağıda görəcəyimiz kimi Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy öz böyük ustadlarının adına və xidmətlərinə, eləcə də xalqımızın adət-ənənələrinə və dinimizin tələblərinə qətiyyən yaraşmayan dəfni ilə (əgər həqiqətən də belə olmuşdusa!) bağlı xoşagəlməz versiyanı səsləndirən yeganə müəlliflər deyildilər. Mirzə Fətəlini Tiflisdəki evində görən, onunla üzbəsurət söhbət edən tanınmış pedaqoq, uşaq yazıçısı Rəşid bəy Əfəndiyev və ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli də təxminən oxşar fikirlər səsləndirmişdilər.
Bəlkə də ehtimal etmək olardı ki, ədəbiyyatımızın görkəmli simaları rəngləri bilərəkdən bu şəkildə tündləşdirərək Mirzə Fətəlinin dəfninin ümumxalq miqyası almamasından, xalqın böyük itkini dəyərləndirə bilməməsindən irəli gələn təəssüf və hiddətlərini ifadə etməyə çalışmışdılar. Lakin istənilən halda həm böyük dramaturqun, həm də xalqımızın adı ciddi təhrif təhlükəsi qarşısında qalmışdı.
M.F.Axundovun ikinci vətəni olan qonşu Gürcüstanda da “dəfn məsələsindən” özünəməxsus şəkildə yararlanmağa təşəbbüs göstərilmişdi.
Çaçanidze
nağılı
Yuxarıda bu məsələyə ilk dəfə 1982-ci ildə toxunduğumu qeyd etmişdim.
Gürcüstan Mədəniyyət Nazirliyi və ölkə Yazıçılar İttifaqının “Literaturnaya Qruziya” jurnalı 1981-ci il 6-cı sayında Vaso Çaçanidze adlı müəllifin “Qriqol Orbeliani və Mirzə Fətəli Axundov” adlı məqaləsini çap etmişdi. Yazı Azərbaycan və gürcü ədəbiyyatlarının iki görkəmli siması arasındakı yaradıcılıq əlaqələrindən daha çox Mirzə Fətəlinin dəfninə və XIX əsr gürcü ədəbi-ictimai mühitinin tanınmış simalarından sayılan şair və hərbçi Qriqol Orbelianinin (1804-1883) başçılığı ilə soydaşlarının dəfn mərasimini təşkil etmələrinə həsr olunmuşdu.
Doğrudur, yazı Çaçanidzelər nəslinin M.F.Axundova minnətdarlığı ilə başlayır. İlya Çavçavadzenin “Katsia adamiani?” (“Bu da insandırmı?”) povestindəki iyrənc mülkədar Laursab Tatkaridzeni xatırladan Coraşvili bu nəslin torpağa qanuni sahiblik haqqındakı sənədlərini oda atıb yandıranda və mülkü mənimsəyəndə Çaçanidzelər Mirzə Fətəlinin simasında öz müdafiəçilərini tapmışdılar. Ədalət və insanlığı həyat amalına çevirən azərbaycanlı sənətkar gürcü torpağında gürcü əsilzadələrinin adam yerinə qoymadıqları “alçaldılmış və təhqir edilmişlərə” qahmar durmuşdu.
Minnətdar Çaçanidzelər xatirə müəllifinin iddiasına görə Mirzə Fətəli haqq dünyasına qovuşanda bu xeyirxahlığın əvəzini artıqlaması ilə çıxmışdılar. Burada əslində qeyri-inandırıcı görünəcək bir şey yoxdur. XIX əsr Tiflisində M.F.Axundov yalnız həmvətənləri deyil, ruslar, gürcülər və ermənilər arasında da populyar şəxsiyyət idi. Onu həmin xalqların ziyalıları ilə sıx dostluq telləri bağlayırdı.
Uşaqlıq illəri Tiflisdə keçən görkəmli ziyalımız, Mirzə Fətəli haqqında bir sıra bədii və elmi əsərlərin müəllifi, səfir həmkarım Həsən Həsənovun xatırladığına görə hətta ötən əsrin 50-ci illərində də yazıçının Kürün kənarındakı mülkü milliyyətindən asılı olmayaraq şəhər əhalisi arasında “Mirzənin evi” kimi tanınırdı. Bir sözlə, ilk dramaturqumuz kifayət qədər zəngin və koloritli Tiflis mühitinin ayrılmaz tərkib hissəsi, həm də bu mühitə yeni rəng və hava gətirən şəxsiyyət idi.
Bu mənada Mirzə Fətəlinin həyatı və ölümü yalnız Tiflis azərbaycanlılarının deyil, həm də digər xalqların, ilk növbədə isə yerli gürcülərin maraq və diqqət dairəsindən kənarda qala bilməzdi. Vaso Çaçanidze də ilk növbədə təmsil etdiyi xalqın bu mövzu ilə bağlı hisslərini ifadə etməyə çalışmışdı.
Lakin böyük dramaturqumuzun şəxsiyyətinə və irsinə nabələdliklə yazılmış xatirədə həqiqətdən uzaq məqamlar da az deyildi. Şübhəsiz, “Literaturnaya Qruziya” həssas milli məsələdən bəhs edən belə bir yazının çapından əvvəl onu mütləq axundovşünas-alimlərə, gürcü-Azərbaycan ədəbi əlaqələri ilə məşğul olan mütəxəssislərə göndərməli, zəruri dəqiqləşdirmələr aparmalı idi. Lakin görünür redaksiya qarşı tərəfin reaksiyasına, daha doğrusu, belə bir reaksiyanın ortaya çıxmayacağına əmin olduğundan istədiyi kimi hərəkət etmişdi.
Vaso Çaçanidzenin atasına istinadən qələmə aldığı xatirələrdən belə çıxırdı ki, Mirzə Fətəli Tiflisdəki evində tamamilə tənha yaşayırmış. Qonşular onun ölümündən yalnız aradan üç gün ötəndən sonra xəbər tutmuşdular. Məhəllə pristavı polislərin köməyi ilə qapını sındırmışdı. Bunun ardınca isə ev əşyalarını siyahıya almış, yazıçının meyitini də içəridə qoyaraq hər yeri möhürləmişdi. Yalnız İbrahim və Qurban adlı qohumlar gələndən sonra dəfn hazırlıqları başlanmışdı.
Bu zaman ortaya yeni problem çıxmışdı. Qəbir
qazmağa gedənlər həyəcanlı halda geri
qayıdaraq mollanın Mirzə Fətəlini müsəlman qəbiristanlığında
dəfn etməyə icazə vermədiyini bildirmişdilər.
Onları həm də qorxutmuşdu ki, bu dinsiz
adamın dəfni ilə məşğul olsalar, Allahın qəzəbinə
gələcəklər. Hədə-qorxudan
başlarını itirən qohumlar və qonşular nə edəcəklərini
bilmirlər.
Vaso Çaçanidzenin atası vəziyyəti belə
görəndən sonra dövrəyə girir. M.F.Axundovun
istedadının pərəstişkarı kimi
tanıdığı şair Qriqol Orbelianiyə müraciət
edir. Orbeliani müəyyən
çıxış yolu tapmaq və Mirzə Fətəlinin
cənazəsini bəd ayaqda heç olmazsa xristian qəbiristanlığında
layiqincə torpağa tapşırmaq üçün Tiflis
polismeysteri ilə danışmağa qərar verir.
Ertəsi gün şairlə görüşən
Çaçanidze-ata onu çox qəzəbli görür. “Nə
xristian, nə də müsəlman din xadimləri Mirzənin dəfninə
razılıq verməmişdilər. Polis
idarəsi yeganə çıxış yolunu Mirzə Fətəlini
adətən ölümə məhkum olunanların
basdırıldıqları qəbiristanlıqda (indiki Nadikvari
küçəsinin sonunda) dəfn etməkdə
görmüşdü” - deyə müəllif sağlam məntiqə
sığmayan uydurmalarını davam etdirir.
Qriqol Orbeliani Zaxari Çaçanidzeyə 100 manat verərək
Tiflisin güclü, cəsur adamlarını bir yerə
toplamağı, lazım gələrsə müsəlmanları
qorxudub onların mümkün etirazlarının
qarşısını almağı tapşırır. Dəfn
işini isə bütünlüklə gürcülər
öz əllərinə alırlar. “Müsəlmanı
xristian adəti üzrə dəfn etməyimizin eybi yoxdur,
hamımız bir Allahın bəndəsiyik” - deyə Orbeliani
öz hərəkətlərinə haqq qazandırır.
“Atam
puldan imtina etmiş və demişdi ki, lazım olan məbləği
ustalar öz aralarında da yığa bilərlər” - Vaso
Çaçanidze atasının nəcib obrazına yeni
ştrixlər əlavə edərək mötərizə
içərisində aşağıdakı qeyd verməyi də
yaddan çıxarmır: “Adətən köhnə Tiflisdə
yoxsul, yaxud yurdsuz-yuvasız bir adam öləndə
sənətkarlar onun dəfni üçün öz
aralarında pul yığırdılar”.
Yəqin
ki, diqqətli oxucular buraya qədər qısa şəkildə
anladılanların yalnız Mirzə Fətəlinin deyil,
bütünlükdə o dövrdə Tiflis əhalisinin
üçdə birini təşkil edən Azərbaycan
türklərinin bostanına atılmış iri bir daş
olmasının fərqindədirlər. Şübhəsiz,
həmin daş bu günün azərbaycanlılarına da
toxunmamış deyildir.
Mirzə Fətəlinin meyiti artıq dördüncü
gündür ki, ortalıqdadır. Gürcüstanın hər
yerindən toplanmış pəhləvanlar, kintolar və
“karaçoxelilər” (“qara çuxalı”, Tiflisdə sənətkarlara
verilən addır - V.Q.) nəhayət hərəkətə
keçirlər. Onlar dəstə ilə
müsəlman qəbiristanlığına gəlirlər.
Gözətçiyə aşağı tərəfdə
qonaqlıq düzəldəcəklərini, yeyib-içəcəklərini
bildirir, ona görə də həmin sahəni təmizləməli
olacaqlarını xəbər verirlər. Üstəlik
hədə-qorxu gəlirlər ki, bu barədə heç kimə,
xüsusilə də din adamlarına bir söz deməsin.
Yoxsa o biri dünyaya səfərini tezləşdirə
bilər.
Beləliklə gürcü kintoları son dərəcə
konspirativ şəkildə Mirzə Fətəli
üçün qəbir qazır, üstünü taxta ilə
örtür və diqqəti yayındırmaq
üçün taxtanın da üzərinə torpaq
tökürlər. Bütün bu işlər gecə
görülür. Səhər tezdən isə
qonaqlıq düzəldiləcək yerdə, yəni boş qəbrin
ətrafında tonqallar tüstülənir, ət və
balıq bişirilir, bardaqlarda şərab gətirilirdi.
Xatirə müəllifinin yazdığına görə məşhur
yumruq döyüşçüsü, “Meydan, Şeytanbazar və
Xarpuxi müsəlmanlarının bir qədər çəkindikləri
Dunab Vaquanın” zurnaçılar dəstəsi də ara vermədən çalıb-çağırırdı.
Elə bu zaman dəfnin əsas təşkilatçısı
kimi çıxış edən Zaxari Çaçanidze yerli
müsəlmanların mümkün təxribatlarının
qarşısını almaq üçün öz pəhləvanlarını
cənazə mərasiminin keçəcəyi yerlərə
düzürdü. Nəhayət, Mirzə Fətəlinin cənazəsi
polisin müşaiyəti ilə evdən
çıxarılır. Qanun
keşikçiləri bir qədər sonra hər şeyin
gürcü pəhləvanlarının nəzarətində
olduğunu görüb dəstədən ayrılırlar.
Tabutu aparanlar isə xatirə müəllifinin
yazdığına görə “müsəlmanların diqqətini
yayındırmaq üçün Gorxanaya (yəni məzarlığa
- V.Q.) doğru birbaşa deyil, dolama yollarla irəliləyirdi”. Bir sözlə, sən demə,
gürcülər islam
dünyasının ən böyük şəxslərindən
birinin dirisini deyil, ölüsünü onun həmdinlərindən
və soydaşlarından qoruyur, ona son və zəruri
ehtiramı göstərirmişlər.
Həmin
səhnəni fantaziyası o qədər də güclü
olmayan xatirə müəllimi göz önündə belə
canlandırmışdı: “Dəfn mərasimi Gorxananın
şimal-qərb səmtinə yaxınlaşdı. Aralıda bir neçə iri qazanda xeyrat
üçün ət bişirilirdi. İki
araba dolusu şərab və başqa ərzaqlar gətirilmişdi.
Mirzənin tabutu ehtiyatla qəbirə endirilir.
Musiqiçilər gürcü mahnıları
çalırlar. Hərə “Mirzə əminin”
təzə məzarına bir ovuc torpaq atır. Altı nəfər pəhləvan iri bir daş
sürüyüb gətirir və onu qəbrin üstünə
qoyurlar. Daşın üzərində
heç bir yazı yox idi. Yoxsa fanatik
müsəlmanlar ədibin məzarını tanıyıb ona
hörmətsizlik edə bilərdilər”.
Məsələ bununla da bitmir. Təzə qəbrin
bir neçə addımlığında Vaso
Çaçanidzenin atasının tamadalığı ilə
ehsan süfrəsi açılır. Mərhum
Mirzə Fətəlinin qohumları - nədənsə “fanatik
müsəlmanlardan” qorxub çəkinməyən İbrahimlə
Qurban da buradadırlar. İslamın tələblərini
və Quranın qadağalarını unudaraq gürcü
kintoları ilə birlikdə “Mirzə əminin” ruhunun o biri
dünyada şad-xürrəm bərqərar olmasının
şərəfinə içirlər. Gürcülər
isə hər növbəti sağlıqdan sonra adətlərinə
müvafiq şəkildə xaç çevirməyi yaddan
çıxarmırlar. Dunab Vaquanın
zurnaçıları ilə birlikdə daha iki sazanda dəstəsi
hay-küylü yas məclisinə rövnəq verir.
Gecə yarısından keçəndən sonra Mirzə
Fətəlinin əsas xeyirxahı və yas sahibi kimi təqdim
olunan şair Qriqol Orbeliani də özünü yetirir. Yataqda xəstə
yatmasına baxmayaraq belə vaxtda kənarda qalmağı
ağlına da gətirmir. Vasonun
atasına yasa gələnlərin hamısına təşəkkürünü
çatdırmağı tapşırır. Ehsanın sabah da davam edəcəyini nəzərə
aldığından ərzaq və musiqi təminatı ilə
bağlı bəzi göstərişlər verir. Sonra çətinliklə kolyaskasına əyləşib
geri qayıdır.
“Köhnə Tiflis üç gün öz oğlunun
şərəfinə badə qaldırdı” - deyə Vaso
Çaçanidze fantastik gəzişmələrinə yekun
vuraraq yazırdı. Sən demə bu arada kintolar da alverlərini
dayandırıbmış! Əgər
gürcülər Mirzə Fətəlinin vəfatını
həqiqətən də öz milli kədərləri kimi qəbul
ediblərsə, biz sadəcə onlara minnətdar
olmalıyıq. Lakin Tiflis azərbaycanlılarının
bunu bacarmadıqları, yaxud kimdənsə qorxaraq etmədikləri
haqqındakı nağıllar inandırıcı
görünmür. Çaçanidzeyə görə,
axundovsevər gürcülərin həmrəyliyi
qarşısında məğlub olub geri çəkilən
müsəlman din xadimləri isə təsəllini Mirzə Fətəli
ilə bağlı son fitvanı verməkdə görürlər:
bundan sonra müsəlmanlardan kimsə ölüsünü
onun məzarına yaxın yerdə basdırmamalıdır!
XIX əsr Tiflisinin mədəni simasını müəyyənləşdirən
görkəmli şəxsiyyətlər koqortasına daxil olan
azərbaycanlı sənətkarın şəxsi həyatına
belə kobud və uydurma müdaxilə, onun xatirəsinə
hörmətsizlik hiddət doğurmaya bilməz.
Amma təbii ki, həmin dövrdə bu müdaxilə
cavabsız qaldı. Məsuliyyətsiz, tarixi əsasdan və
elementar etika normalarından kənar yazını
çapına görə “Literaturnaya Qruziya” jurnalına
heç bir etiraz bildirilmədi. Tbilisiyə, redaktorun adına göndərdiyim məktub cavabsız
qaldı. Müraciət etdiyim bir neçə
tanınmış alim məsələni şişirtməməyi
məsləhət gördü. “Literaturnıy
Azerbaydjan” hazırladığım cavab yazısının
çapını məqsədəuyğun saymadı.
Yalnız o dövrün “ən cəsarətli redaktoru” hesab
olunan xalq yazıçısı Əkrəm Əlyisli “Azərbaycan”
jurnalında Vaso Çaçanidze ilə polemika aparmaq
üçün tribuna verdi.
Amma uzun məsləhətləşmədən sonra nisbətən
yumşaq variant seçməli olduq. Yəni Əkrəm
müəllimin təklifi ilə Vaso Çaçanidzenin xatirələrini
dilimizə çevirdim və razılaşmadığım məqamlarla
bağlı “Tərcüməçidən” adlı qeydlər
yazdım. Həmin material “Azərbaycan” jurnalının
1982-ci il yanvar sayında (s. 151-159) çap
olundu. Düşünürdüm ki,
“gürcü uydurmasının” bu şəkildə yayılması
bizim ədəbi mühitdə yeni etiraz və təpkilərə
meydan açacaq. Lakin ənənəvi laqeydliyimiz fonunda
Mirzə Fətəlinin xatirəsi qarşısındakı
son borcun onun doğma xalqı, yaxınları və
doğmaları deyil, mədəniyyət və insanlıq
dostu gürcülər tərəfindən yerinə yetirilməsi
barəsində Vaso Çaçanidzenin uydurmaları diqqəti
çəkmədi və istər rəsmi, istərsə də
ədəbi-tənqidi səviyyədə cavabsız
buraxıldı.
Nağıl necə
yaranıb?
Əslində heç bir dəlil-sübut olmadan
şişirdilən gürcü amilini, habelə
başqasının fəlakətindən yararlanaraq öz
xalqını şöhrətləndirmək təşəbbüsünü
bir kənara qoysaq Vaso Çaçanidzeni çox sərt
şəkildə qınamaq üçün əldə o qədər
də əsasım yoxdur. Mirzə Fətəlinin son mənzilə
adına və xidmətlərinə layiq
olmayan şəkildə yola salınması barədə əvvəldə
qeyd etdiyim kimi, özümüz də az yazmamışıq.
Nə qədər
təəccüblü görünsə də belə
şahidliklərdən əvvəlincisi ilk ədəbiyyat
tarixçimiz, Mirzə Fətəli haqqında bir sıra diqqətəlayiq
əsərlər qələmə alan, onun 1911-ci ildə Gəncədə,
Bakıda və Tiflisdə keçirilən yubiley təntənələrinin
əsas təşəbbüskarı kimi (1909-cu ildə Qoqolun
100 illiyi ilə bağlı yazısında Azərbaycan
türklərinin diqqətini M.F.Axundovun qarşıdan gələn
yubileyinə çəkərək yazırdı: “Aya, Mirzə
Fətəlinin 100 illiyi də bizim yadımıza düşəcəkdirmi
və bizdə yeni milli hiss və milliyyət damarı
ayılacaqdırmı, biz də öz ədiblərimizin
şan və şərəfini, qədir və qiymətini dərk
edəcəyikmi ?”) çıxış edən Firudin bəy
Köçərliyə məxsusdur.
Firudin bəy
ilk nəşri 1925-ci ildə işıq üzü görən
“Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar”
kitabında ədibin həyatının kədərli
sonluğu haqqında yazırdı: “Axundov azadfikirli, saf əqidəli,
əqli-səlimə itaət edici bir vücud olduğu
üçün çoxları onu bidin və laməzhəb
adlandırıb, təkfir edirmişlər, əqidəsi
üzündən onun ən yaxın dostları və əqrəbası
axırda ondan üz döndərib iba etmişlər, vəfatında
tənuni-cənazəsinə və namazına bir kəs gəlməyib,
dörd nəfər hammal artıq zəhəmatla ol mərhumun
tabutunu məzarıstana aparıb, namazsız, duasız və
təlqinsiz dəfn etmişlər”.
1928-ci ildə
M. F.Axundovun vəfatının 50 illiyi qeyd ediləndə dəfnlə
bağlı məsələ yenidən aktuallıq
qazanmışdı.. Özlərini onun
yaratdığı milli dramaturgiya məktəbinin
davamçıları sayan C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
A.Şaiq və b. dövrü mətbuat səhifələrində
Mirzə Fətəlinin həyatına, şəxsiyyətinə,
mühitinə və əsərlərinə dair maraqlı
yazılarla çıxış etmişdilər.
Cəlil Məmmədquluzadə “Mirzə Fətəli
Axundov və qadın məsələsi” (“Şərq
qadını, 1928, 3) və “Mirzə Fətəli Axundov dinlər
haqqında” (yenə orada, 1928, 5-6) adlı məqalələrində
başıbəlalı dəfn məsələsi üzərindən
də sükutla keçməmiş və bunu ilk dramaturqumuzun
dinə münasibəti ilə əlaqələndirmişdi. O, yazırdı: “Nə qədər
ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət
qazanmışdı, o dərəcədə də Mirzə
camaat içində dinsizlikdə məşhur idi; ta o yerə
kimi ki, onun dəfninə öz dost və əqrəbasından
da gedən olmayıbmış”.
İkinci
məqalədə isə Mirzə Cəlil fikirlərini bir qədər
də konkretləşdirir və ad çəkməsə də
hansısa özünə bəlli olan mənbələrə
istinad edirdi: “Mirzə Fətəlinin vəfatının
şahidləri və raviləri yazıblar və rəvayət
ediblər ki, onun namazına, təlqininə və təşyi-cənazəsinə
əqrəbasından da duran olmadı. Ta o yerə kimi ki, onu
Tiflis qəbiristanında quyulamaq üçün dörd nəfər
hambal aparsın. Və bir rəvayətə
görə mərhumu canişininin dörd nəfər kazak əfradı
aparıb torpağa tapşırdı”.
Ə.Haqverdiyevin 1928-ci ildə yazılan, eyni ildə
“Maarif və mədəniyyət” jurnalında (1928, 3) dərc
olunan “Mirzə Fətəlinin faciəsi” məqaləsində
də oxşar notlara təsadüf edilir: “Mirzə
ömrünün axırına qədər camaatı
bürümüş zülmət və mövhumatla
mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik
adlandırıb cənazəsini götürmək istəmədilər.
Üç gün cənazəsi evdə qalandan
sonra canişin divanxanasının qulluqçuları tərəfindən
qaldırılıb qəbiristanlığa aparıldı.
Möminlər onun cənazəsinin dalınca da
getmədilər. Bir neçə nəfər
hər birisi üç rublə alıb onu qəbirə
qoymağa razı oldular”.
Mirzə
Fətəlini dəfn edənlərin tərkibi fərqli olsa
da (dörd nəfər hambal, dörd kazak,
canişin dəftərxanasının qulluqçuları)
mahiyyət dəyişməz olaraq qalır.
Rəşid
bəy Əfəndiyev də böyük ədib
haqqındakı xatirələrində ölümündən
sonra ona göstərilən sayğısızlığı
dinlə əlaqələndirərək yazırdı: “Mirzə
Fətəlinin tutduğu vəzifə xalqın nəzərində
çox yüksək olduğundan ruhanilər və avam xalq
onun ilə açıqdan-açığa mübarizə
aparmağa cəsarət etməmişdilər. Çünki
xalq, xüsusən də ruhanilər öz müqəddəratlarını
asan həll edə bilmək və müvəffəqiyyətlərini
qoruyub saxlamaq üçün Mirzə Fətəliyə
yaltaqlanmaqdan geriyə dura bilməzdilər. Fəqət əhali batində onu kafir və dinsiz
kimi tanıyırdı”. Müəllifin
fikrincə, elə bu səbəbdən də “Mirzə Fətəli
öləndə camaat onun cənazəsini aparmağa gəlmədi”.
Burada bir
həssas məqama diqqət yetirmək lazımdır: Firudun bəy
Köçərlini çıxmaq şərti ilə istinad
etdiyim digər müəlliflər Mirzə Fətəlinin həyatının
son günləri və dəfni ilə bağlı mülahizələrini
sovet hakimiyyəti dövründə qələmə
almışdılar. Burada istər-istəməz
köhnə və yeni dövrün müqayisəsi,
çarizmin milli mədəniyyətlərə qənim kəsilməsi,
sovet rejiminin isə inkişaf və tərəqqi
üçün münbit zəmin yaratması kimi ideoloji qəliblərdən
uzaqlaşmaq asan deyildi. Ona görə də
digər klassiklər kimi Mirzə Fətəlinin də şəxsi
həyatı ilə, idealları uğrunda mübarizəsi ilə
bağlı bəzi məqamları tündləşdirmək,
ora faciəvi notlar əlavə etmək meyli qaçılmaz idi.
Hər cür analogiya ziyanlı olsa da, məhz
belə müqayisələr əsasında sənətkarın
əsl qiymətinin yalnız sovet quruluşunda alması təəssüratı
yaradılırdı.
Bu cəhət Ə. Haqverdiyevin məqalələrində
daha qabarıq sezilirdi. O, “ölüsünə belə sahib durulmayan” M.F.Axundovun
yalnız sovet şəraitində xalqın mədəniyyət
tarixində layiq olduğu yer tutması fikrini vurğulayaraq
yazırdı: “Bununla belə Mirzə naümid getmədi. Gələcəkdə ona qiymət veriləcəyinə
xatircəm idi. Mirzənin dedikləri
doğru çıxdı. Zəhmətkeş
hakimiyyəti zamanında o artıq qiymətləndi. Onun üçün abidə tikildi, onun şərəfinə
bir çox təntənəli iclaslar düzəldildi. Bir çox müəssisələr onun adı ilə
adlandı. Budur böyük bir elm işçisinin zəhmətkeşlərdən
aldığı qiymət !”.
“Azərbaycanın
öz böyük oğlunu layiqi ilə qiymətləndirmək
üçün zəhmətkeşlər hökumətinin
qurulması lazım idi” - fikrinin leytmotiv kimi təkrarlandığı
məqaləyə Əbdürrəhim bəyin
yaradıcılığı ilə dissonans təşkil edən
şüar xarakterli ifadələrlə yekun vurulurdu: “İndi
Mirzənin vəfatından əlli il keçir. Əgər
ona qəbirdən bir dəqiqəliyə baş
qaldırıb ətrafa nəzər salmaq mümkün
olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini,
yeritmək istədiyi və yolunda üqubətlər (əzab,
işgəncə - V.Q.) çəkdiyi ideyalarının tətbiqini
görüb dərin bir nəfəs çəkib həmişəlik
rahat yatardı”.
Bütün
ideoloji bəraətlərə baxmayaraq fakt
faktlığında qalır: XİX-XX əsrlər Azərbaycan
ədəbiyyatının bir deyil, bir neçə klassiki Mirzə
Fətəlinin dəfni ilə bağlı acı və
xoşagəlməz həqiqəti ortaya qoymaqdan çəkinməyib.
Lakin qəti qənaət hasil etmək və hökm vermək
üçün əvvəlcə bu suala cavab tapmaq
lazımdır:
Yazılanlar həqiqətdirmi?
Şübhəsiz, bizim klassiklərə sevgimiz
onların yazdıqlarının, yaxud dediklərinin
hamısını mütləq həqiqət kimi qəbul etməyə
əsas verə bilməz. Ortada ya konkret fakt, ya
da tutarlı məntiqi dəlillər olmalıdır. Təəssüf ki, Mirzə Fətəlinin dəfni
ilə əlaqədar əlimizdə müasirlərinin xatirəsi,
yaxud yazılı sənəd şəklində hər
hansı bir fakt yoxdur. Ona görə də
məntiqə əsaslanmaqdan başqa çıxış
yolu qalmır. Məntiq isə bu məsələ
barəsində ədəbiyyat və milli düşüncəmiz
qarşısında böyük xidmətləri olan
tanınmış şəxsiyyətlərin fikirlərinə
şübhə ilə yanaşmağa əsas verir.
Böyük dramaturqun yaxınları və
doğmaları ilə bağlı məsələyə bir qədər
aşağıda qayıdacağam. Bəs Tiflis azərbaycanlıları
nəyə görə M.F.Axundovu son mənzilə yola salmaqdan
boyun qaçırmalı idilər? Soydaşları
millətin ağsaqqalı və mənəvi lider sayılacaq
bu möhtərəm şəxsdən hansı pislik, yaxud xəyanət
görmüşdülər? Hələ mən
onu demirəm ki, dünyasını dəyişmiş insana
hörmətsizlik bütünlükdə Azərbaycan mənəviyyatına
və mentalitetinə yad hadisədir. “Ölünün
dalınca danışmazlar “- deyən xalqımız hətta
cəmiyyətdə nüfuzu, müsbət imici olmayan
adamların da yasını yola vermək üçün
incikliyi, umu-küsünü bir tərəfə
qoymağı bacarıblar.
Mirzə Fətəli Tiflis müsəlmanlarının ən
tanınmış şəxsiyyətlərindən
sayılırdı. Cəmiyyətdə hörməti,
dövlət yanında etibarı var idi. Polkovnik
rütbəsində Qafqaz canişinliyinin baş idarəsində
xidmət edirdi. Həyatı boyu onlarla
insana yaxşılığı dəymiş,
xeyirxahlığı keçmişdi. Ən
başlıcası isə yenə də Ə. Haqverdiyevin
sözləri ilə desəm, “epoletlərlə, imtiyazlarla,
xaç və medallarla bəzənmiş paltarın
altında od tutub alışmaqda olan bir ürək”
daşıyırdı. Bu ürək təkcə öz
xalqına deyil, bütün islam
dünyasına və insanlığa xidmət amalı ilə
döyünürdü.
Müasirlərinin və onu yaxından tanıyanların
xatirələri Mirzə Fətəlini nəcib, xeyirxah,
hamıya yardım əli uzadan, son tikəsini başqası ilə
bölməyi bacaran bir insan kimi səciyyələndirir. Mirzə Fətəlinin
evində aşpaz kimi çalışmış Nəcəf
adlı şəxsin oğlu Qafar Qafarov 1938-ci ildə
atasının dilindən eşitdiyi xatirələri qələmə
almışdı. Bu xatirələrdə oxuyuruq:
"Atam nağıl eləyirdi ki, on iki ildən artıq mən
Mirzə Fətəlinin yanında xidmət elədim. Bu on iki il müddətində bircə dəfə də
olsun Mirzə Fətəlidən incimədim və bu on iki ildə
yadıma gəlmir ki, Mirzə Fətəli evində tək
çörək yemiş olsun". "Mirzə Fətəli
həyətində olan kirayənişinlərin heç birindən
ev kirayəsi almazdı - deyə müəllif
onun digər xeyirxah əməllərindən bəhs edərək
yazırdı: - Məşədi Allahverən adlı bir qoca
kişi də bu həyətdə olurdu. Bu
qocanın səkkiz baş uşağı vardı və
dolanışığı da çox ağır
keçirdi. Mirzə atama
tapşırmışdı ki, hər gün evdə
hazırladığı xörəkdən Məşədi
Allahverənin evinə göndərsin".
Dramaturqun
qız nəvəsi Mahmənzər xanım Qacar isə
anasından eşitdiklərinə əsaslanaraq ədibin maddi
çətinliklərə baxmayaraq qohum-qardaşlarına
havadarlıq etməsindən söz açırdı:
"Mirzə Fətəlinin evi qələbəlik
idi. Kasıb qohumları böyük bir ailə
halında yaşayırdı. Tiflisə gələn
kəndli qonaqları da çox olurdu. Əmisinin
(Axund Hacı Ələsgər nəzərdə tutulur - V.Q.)
tərbiyəsi ilə böyümüş Mİrzə Fətəli
heç də varlı olmadığına baxmayaraq onun
qohumlarını saxlamağı özünə borc
sayırdı".
Sual oluna
bilər: ömrü boyu Mirzə Fətəlidən
yaxşılıq görmüş belə adamlar nə
üçün onu son məzara yola salmaqdan, dar gündə
ailəsinin kədərinə şərik olmaqdan imtina etməli
idilər? Hansı gözə görünməyən
qüvvə bu sadə, səmimi adamlara
yaxşılığa yamanlıqla cavab vermək hissini
aşılaya bilərdi?
Ümumiyyətlə, insanlar, ilk növbədə isə
soydaşları Mirzə Fətəlidən nə
üçün, hansı bəd əməllərinə
görə üz döndərməli idilər?
Şübhəsiz,
ilk ağla gələn M.F.Axundovun ateizmi, onun islam
dininə, müsəlman ruhanilərinə mənfi münasibəti
olur. Lakin bu kəskin münasibəti özündə əks
etdirən "Kəmalüddövlə məktubları"
müəllifin sağlığında çap
olunmamışdısa, əsərin mövcudluğundan sadəcə
bir neçə yaxın, inanılmış şəxs xəbərdar
idisə, sadə insanlar haqqında eşitmədikləri əlyazmasına
görə Mirzə Fətəliyə necə arxa çevirə
bilərdilər, necə ona düşmən kəsilib hətta
ölü namazına durmaya bilərdilər? Məgər
hansısa nüfuzlu din xadimi məscid minbərindən onu təkfir
etmişdi, müsəlmanları ondan üz döndərməyə,
tabutunun arxasınca getməməyə
çağırmışdı?
Məsələnin bu tərəfi C. Məmmədquluzadənin
də diqqətindən yayınmamışdı. O yazırdı: "Diqqət
etməli burasıdır ki, Oktyabr inqilabınadək Mirzənin
tərcümeyi-halından rəvayət edənlər bu barədə
heç bir isnad və işarə eləməyiblər və
onun dinsizliyindən söhbət düşəndə bir
müəyyən dəlil və sübut göstərməyiblər;
mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə
təsdiq, mərbut (bağlı, rabitəli - V.Q.)
tutmayıblar". Ona görə də müəllif
özü də fərqinə varmadan dəfnlə
bağlı məlumatla ziddiyyət təşkil edən belə
bir qənaətə gəlirdi: "Bunu gərək bura qədər
mülahizə edək ki, burayadək yenə məsələnin
bu cəhəti qaranlıqda qalır və bilmək olmur ki,
aya Mirzə Fətəlini laməzhəb adlandıranların
və onun dəfnindən iba edənlərin (boyun
qaçı
Vilayət QULİYEV
525-ci qəzet.-
2012.- 12 may.- S.20-21.