DUYĞULAR İMPERİYASI
BİR AXŞAM...
Bir axşam
otağıma qalxıb işığı yandırdım, sakitliyin ən qatı hissəsində diz çöküb
ürəyimdə:
-
Yazdıqlarımı mənə izah et, dedim...
...və qəfildən
səyriməyə başlayan
işığın hərəkətindən, dörd bir yandan
nisgil dolu tanış
baxışlarla üzümə zillənən əşyaların
halından hürküb cəld ayağa qalxdım.
ÇEVRİLMƏ
İllər
ötdükcə, sirli ilahi
axıntılarla dünyanın ayrı qatına keçən,
keçdikcə, şahə qalxıb dalğalanan,
dalğalandıqca, bərkliyini, çəkisini itirib bulanıq görüntüyə
çevrilən, çevrildikcə bədəninin, ha tərəfinəsə ağırlıq gətirən
quyruğabənzər əlavə olduğunu hiss
edən, hiss etdikcə özündən, bişmiş ət sümüyündən
ayrılan tək, hissə-hissə ayrılan,
ayrıldıqca, əllərinin, sahibi ölmüş yiyəsiz əlcəklərə,
saçlarının, diriliyini itirmiş bir ovuc yuna çevrildyini
anlayan bir qadın barədə
yazmaq istəyirəm...
İNTİHAR
Sakit, səssiz gecələrin birində, qaranlıq yataq otağının kitablarla
dolu rəfindən sıçrayıb
şarappıltıyla yerə dəyən nəyinsə səsinə
dik atılıb qalxdım...
İşığı yandırdım və gördüyüm
mənzərədən çaşdım...
Bu, mənə
bağışladığı son
şeirlər kitabını çoxdan əlimə
almadığım Vaqif Bayatlının
"Yupyumru bir eşq ilə" kitabı idi...
Hansı möcüzəyləsə rəflər boyu sıxlaşdırılmış
kitabların arasından sıçrayıb, özünü
çoxmərtəbəli binanın ən uca
mərtəbəsindən atan kimi, döşəməyə
atmışdı.
İLAHİ SƏXAVƏTLƏRDƏN
Yer üzünü sel-sularla
yuyub, bəyaz qar
örtüyünə bələyən bol
yağıntıların şəhər və kəndlərdə,
maşın yollarında və əkin sahələrində
törətdiyi dağıntıları, daşqın və zəlzələlərı
rahat evlərimizdən, yumşaq
kreslolarımızdan müşahidə etdikcə, özümüzü
"hardasa, uzaqlarda baş verən" bu fəlakətlərdən
qorunmuş bilsək də,
üstümüzə yağmaqda olan daha təhlükəli
axıntıların - İlahi Məlumatlar
Selinin ruhumuzda törətdiyi
dağıntılardan, daşqın və zəlzələlərdən
xəbərsizik.
QURAN YARĞANLARI
Qurani-Kərimdə
surələr var ki,
onları oxuyarkən, özünü sətirlərin
arasıyla açılan nəhəng Kainat
uçurumlarının astanasında hiss edir, kosmik Qara
Dəlikləri andıran bu möhtəşəm
Zaman çalalarına sümrülməmək
üçün bəzən mütaliəni
yarıda saxlamalı
olursan.
PAYIZ ETÜDÜ
Bozumtul küləkli bir payız səhəri
evdən çıxıb işə yollanarkən gözüm səhər-axşam o baş-bu başa
şütüyən maşın çarxlarının
altında qalmaqdan əzilib, yapıxıb
tozlu çəkmə tayı tək, yolun ortasında qaralan siçovul qaxacına sataşanda,
həyatın sərt
döngələrində özünü
və nələrisə qoruyub saxlamaq uğrunda
çarpışmalarda əzilib, tapdanıb, məhv edilmiş ruhlarıyla nəyinsə
qabığına, ya qutusuna
çevrilmiş bir qisim tanış adamları xatırladım.
MADDİYYAT İNFEKSİYASI
Bu yay bağ evimizin elektrik şəbəkəsində
təmir işləri aparan elektrikdən -
üzü əzablı sürgündə
yaşayan dustaq
üzüntüləri və qorxular saçan ortaboylu, dolu bədənli kənd adamından duyduğum anlaşılmaz təhlükə
havasının, onun özü
dediyi kimi, "məxsusi
olaraq, yalnız dövlətlilərin
bağ evlərində" işləməsi
ilə əlaqədar olduğunu mən,
yalnız o, işini başa vurub gedəndə
- bayaqdan bura qəribə
bir ehtiyatla pusquda yatan tək, nəyinsə
arxasında gizlənib aşağı enən
işığın, gücünü qəfildən
artıranda anladım...
RUH ÇƏKİSİ
Dəqiq yadıma
gəlmir, yuxuda, yoxsa,
hansısa yazıda üzünü dəqiq
xatırlamadığım kiməsə astadan:
- Ruhunu sənə dəxli olmayan
məlumatlarla ağırlaşdırma ki,
öləndə, bədənindən rahat
çıxa biləsən... - demişdim.
XƏBƏRDARLIQ
Bu qışın anomal,
şaxta-boranlı havalarında pəncərə
şüşələrini titrədən küləyin, dolunun səsini dinlədikcə, Quranın Təkasür
surəsində oxuduğum "Sizi qarşıda böyük
hadisələr gözləyir..." ayəsini
xatırlayırdım...
HADİSƏLƏR KÜLƏYİ
Gün-gündən
sürətlənən vaxt axarı
içrə, gecəylə gündüz
qapanmaları arasında vurnuxduqca,
yaddaşlarını, niyyət və arzularını itirib çaşqınlığa düşən
insanların halını və vaxtın sürətinə məhəl
qoymadan, təmkinini pozmadan,
öz əvvəlki ritmi
ilə işləyən saat mexanizmlərinin
sabit hərəkətini müşahidə
etdikcə, Zamanın bir daha
əbədi və dəyişməz olduğunu,
insanları cənginə alıb, bu sabit və sakit Ərazinin
kənarından ötüşənin isə - Hadisələr
Küləyi olduğunu anlayırsan...
DUALAR BARƏDƏ
Ömrü uzunu özünü oda-közə vurub,
"topdağıtmaz" varidat
toplamış, yaşı yetmişi
adladıqda hacılıq eşqi ilə Kərbəla
ziyarətinə yollanmış, orda
canı İlahi qorxulardan
vəcdə gəlib titrədikcə, dua
oxumağın hansısa vacibliyini
anlamış möhtərəm bir
hacıya dualarla bağlı Allahın bir kəlamını xatırlatmalı oldum:
"Oxuduğunuz dualar Mənim
üçün deyil.
Qəlblərinizi qoruyun".
YARILMA
(hekayə əvəzi)
Bu qışın çovğunlu
axşamlarından birində, gecəyə az
qalmış işıqlarımız söndü.
Televizorun və bayaqdan
mətbəxin yuxarı başında öz
işində olan paltaryuyanın səsi kəsildi.
Qalın pərdələrlə örtülmüş
pəncərələrin o üzündə
əsən küləyin uğultusu dərhal
içəri dolub qapıların
arasıyla vıyıldadı.
...Mən mətbəx
şkafından şam götürüb
yandırdım, şamdana keçirib
jurnal mizinin
üstünə qoydum və bayaqkı
yerimə əyləşib:
- Olsun, transformator yüklənib,
ya da külək hardasa xətti qırıb... - dedim
və divar saatına baxdım.
Saat onun
yarısını göstərirdi.
-
Başımızı yarımca saat qatsaq, sonrası asandı. - dedim
və televizorun qapqara,
nəhəng ekranına baxdım.
- Sənə asan gəlir. Bu vaxtlar onsuz da
yatırsan. - Üzbəüzdəki divana
yayxanmış Rüstəm matəm dolu
kədərlə dilləndi.
- Neyləmək
olar?.. - deyib
qollarımı çarpazladım.
Rüstəm şamın
hisini ovuclarına doldura-doldura:
- Qədimlərdə işıq olmayanda, neyləyirdilər?.. - dedi, sonra başını
qaldırıb, maddım-maddım
üzümə baxdı.
- Qədimlərdə hava qaralanda, yatırdılar.
- Mənim yuxum gəlmir.
...Küləyin növbəti həmləsi
çardağın dəmirlərini
titrədib guruldatdı.
Səsə dikələn
Rüstəm bir qulağı çöldən
eşidilən uğultuda:
- Gəl, söhbət eləyək.
- dedi və qəribə bir ehtiyatla divanın belinə söykəndi.
- Nədən?..
- Mənə özündən danış.
Lap əvvəlindən.
Lap uşaqlıqdan yadında
nə qalıb...
Mən güldüm:
- Balaca vaxtlarım,
düzü, yadımda
qalmayıb. - dedim..
- Yaxşı, onda məktəb illərindən danış.
Mən məktəb illərini
xatırlamağa çalışsam
da, yadıma oxuduğum məktəbin döşəməsinə sürtülən
qatı kerosin iyindən və bir neçə əzazil müəllimin sifətindən savayı heç nə düşmədi.
- Onda sonrasını
danış...
...Mən sonrakı illəri də xatırlamağa çalışdım, lakin
ürəyim yadıma
düşən adda-budda
görüntülərdən sıxıldığından:
- Bəlkə sənin üçün
piano çalım?.. -
dedim...
...Biz, il
uzunu istifadə edilmədiyindən qapısı
daim bağlı qalan və bu
səbəbdən, qış
ayları çox soyuq olan qonaq
otağına keçdik.
Mən
pianonun arxasına keçib,
qapağını qaldırdım, barmaqlarımı, neçə
illərdən bəri toxundurmadığım dillərin
üzəriylə gəzdirib, bir neçə
akkord vurdum və bir vaxtlar ata-anamın çox sevdiyi həzin bir melodiyanı - Cilbertonun
xəfif payız çiskinini andıran məşhur
bir mahnısını çalıb pəsdən oxumağa
başladım. Rüstəmə sarı dönmədən:
- Bu mahnı bizim ailə tarixçəmizdi...
- dedim. - Qulaq as, hər şeyi özün anlayacaqsan.
Lakin azca sonra musiqinin necəsə
otağın yarıqaranlıq dərinliklərinə işlədiyini,
orda nəyəsə toxunub
dayandığını hiss edib, əl saxladım... Zəif şam işığında sirli
qəsri andıran otağın dərinliklərinə
baxdım...
...Bir vaxtlar həmin bu otaqda, dəyirmi
masanın başından dahiyanə sağlıqlar deyən atam yerində əyləşmişdi, üzlərini
dəqiq seçə bilmədiyim adamların arasından sevgi və mərhəmət dolu
qəmli gözləri ilə mənə baxırdı. Anam da budu-burdaydı…
otağın aşağı başındakı divanda
xalalarımla yanaşı əyləşib mənə, mənzərə
şəklinə baxan kimi
baxır, elə bil oxumağımı
gözləyirdi.
...Gözlərim qaraldı...
- Mən bayaqdan hiss edirəm...
...Rüstəm təhlükəli həqiqətin
üstünü açmış
casus kimi, gözlərini
otağın yarıqaranlığına
zilləmişdi...
- Nə hiss edirsən?
- Sən oxuduqca, burda nələrin baş verdiyini.
- Nələr baş verirdi ki?..
- Sən oxuduqca, buralara nə isə dolurdu...
Məni soyuq
tər basdı...
- Nə dolurdu?..
Rüstəm otağın
dərinliyindən ehtiyat
edən tək ağarmış bənizi
ilə:
- Səsində o qədər ağrı vardı ki... Otağın içinə
dolan o idi, - dedi.
...Qəhər boğazımı tutdu... Ağlayacağımdan ehtiyat
edib, pianoya sarı döndüm, musiqini dəyişib "Aginskinin Polonez"ini çalmağa başlasam
da, heç nə dəyişmədi...
lll
...İşıqlar
çoxdan yanmışdı. Televizor işə düşüb öz-özünə
danışır, paltaryuyan
çarxını hərlədib
içindəkiləri yaxalayırdı...
Rüstəmlə mən
isə hələ də sirli labirintlərində
azdığımız qonaq
otağının yarıqaranlığında
bir-birimizə baxa-baxa
qalmışdıq...
A.MƏSUD
525-ci qəzet.- 2012.- 12 may.- S.19.