İlqar Fəhminin
"Aktrisa" romanı: Özbək-Azərbaycan ədəbi
əlaqələrinin yeni mərhələsi rakursunda
İlqar
Fəhminin "Aktrisa" romanı gənc özbək tərcüməçisi
Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən
Özbək dilinə iki millət arasında çox qədim
olan mədəni, maarifləndirici və ədəbi
dostluğun nəticəsi kimi tərcümə edilmişdir.
Eyni zamanda, bu, vasitəçi dilin iştirakı olmadan
birbaşa tərcümənin aparılmasına bir işarədir.
Başqa sözlə, bu onu göstərir ki, ölkələrimiz
arasında münasibətlər yeni mərhələyə
yüksəlmişdir.
Müasir
Azərbaycan ədəbiyyatının görkəmli gənc
yazarlarından biri olan İlqar Fəhminin detektiv romanı
Özbək oxucularının diqqətinə
çatdırılan ilk sənət əsəridir. İlk
olaraq roman “7x7” qəzetində dərc edilmişdir. Daha sonra əsər
ayrıca kitab şəklində işıq üzü
gördü. Yazıçının bəzi ədəbi əsərləri
türk, rus, tacik, gürcü və s. dillərə tərcümə
olunmuşdur.
Tanınmış
Azərbaycan şairi və publisisti Rəşad Məcidin
dediyi kimi, Azərbaycanın Corc Simenonu olan İlqar Fəhminin
romanının özünəməxsus xüsusiyyəti nədən
ibarətdir?
Haqqında
danışdığımız romanın adının niyə
məhz “Aktrisa” olması və müəllifin niyə məhz
teatr aktrisasının həyatı haqqında roman
yazmasının müəyyən səbəbi vardır. Vəziyyət
onu göstərir ki, bir şair olmaqla bərabər, eyni
zamanda İlqar Fəhminin teatra çox böyük
marağı vardır. Bundan əlavə, romanda təsvir
olunan hadisələr məkan və zaman baxımından məhdudlanmışdılar.
Əsas rolu mərkəzi süjet oynayaraq hadisələr
çox sürətlə inkişaf etmişlər. Hadisələrin
baş verdiyi məkan və zaman bir -birinə çox yaxındır.
Eyni zamanda, süjet hadisələrinin baş verdiyi məkan
iki qonşunun bağı ilə məhdudlaşır.
Bütün bunlar onu göstərir ki, müəllif
süjetin dramatik konstruksiyasını və ifa
imkanlarını çox yaxşı müəyyənlşdirmişdir.
Buna görədir ki, o, bu roman üzərində işləyərkən
səbəb-nəticə əlaqələrinə əsaslanmışdır.
“Aktrisa”
romanı birdən-birə oxucunu özünə
bağlamır. Bizə elə gəlir ki, bu cür vəziyyət
romanın arxitektonikası ilə bilavasitə
bağlıdır. Çünki roman iki bərabər həcmli
hissəyə bölünmüş və bu iki hissənin vəhdəti
vasitəsilə müəllifin konsepsiyası ifadə
edilmişdir.
Aristotelin
dediyi kimi, təsvir üslubu müəllifin hekayətində
hadisələrlə qarışmayaraq, hekayətin
bütün inkişafı boyunca müəllifin
özü-özlüyünün qorunub saxlanması və
yaxud təsvir olunan personajların ifadəsi vasitəsilə
baş verir. Romanın izahat üslubunun təsdiq edilməsi
üçün müəllif hekayəti qəflətən
istintaq orqanlarının əlinə keçmiş qatilin
(Rüfət Hüseynzadə) elektron gündəliyi vasitəsilə
danışır.
Bir ədəbi detal kimi çatdırılan gündəliklə tanış olduqca oxucunu romanın əvvəlində müşayiət etdiyi qənaətlər tədricən yox olur. Bunun yerinə oxucunu insan və bəşəriyyətin qərarı, insan və tale haqqında aydın fikirlər və sonsuz hisslər bürüyür. Başqa sözlə desək, ədəbi detal insan xarakterini özündə birləşdirərək onu daha parlaq etmiş, reallığı daha canlı şəkildə təsvir edərək xülasəyə gətirmiş, həmçinin də, yazıçının fikirlərini daha gücləndirmiş və bitginləşdirmişdir.
Müəllif Lalə xanımın gözəlliyi və məftunluğunu Mark Antoni və Yuli Sezarın qəlbini ovsunlamış Misirin əfsanəvi şahzadəsi Kleopatra ilə eyniləşdirmişdir.
Doğrudan da, qəribə və anlaşılmaz davranış tərzi, dəlisov və yüngül xarakterli istəklər, gözlənilməz və qeyri-adi hərəkətlər, hər gün özünü müxtəlif görünüşdə nümayiş etdirməsi bu qadını daha da cəlbedici edirdi. Bir tərəfdən onunla bir yerdə yaşamaq kişi üçün əsl həzzə çevrilsə də, digər tərəfdən onun xasiyyətini anlamaq olduqca çətin idi.
Beləliklə, Lalə üçün həyat
oyun, insanlar isə bir təskinlikdir. Onun fikrincə, həyat da
bir teatr səhnəsidir. Onun ailə üçün
yaranmadığı açıq şəkildə
aydındır - o, sadəcə olaraq, bir aktrisadır.
Buna görədir ki, öz qonşusu Rüfət Hüseynzadə
ilə yeni “ifasına” başladıqda o, heç
düşünməzdi ki, bu “maraqlı oyun” bir faciə ilə
nəticələnəcək. Lalənin həm
sevilməyə, həm də nifrət edilməyə layiq bir
qadın olması aydındır.
Romanın qəhrəmanlarından biri olan
yazıçı Rüfət Hüseynzadə insanlar
arasında böyük hörmət qazanmış bir şəxsdir. Bəs onda niyə
o, belə bir faciəvi bir əməl törətmişdir.
Bu iki qətli törədəndən sonra o,
öz həyatının da faciəvi nöqtəsini
qoymuş olur. Biz bu sualın
cavabını onun gündliyində tapmış oluruq. Baxmayaraq ki, bu gündəlik çox şəxsi idi
və Rüfət Hüseynzadə onu özünün gözəl
qısa vaxt çərçivəsində
yaşanmış hisslərini yadda saxlamaq üçün
yazırdı, o, bu gündəliyi bir yazıçı
olduğundan məhv etmir. Bu gündəlik
yazıçının son əsəri kimi qalır.
Dolaşıq hadisələrdən söhbət açaraq
Rüfət Hüseynzadə doğru tərəfə istiqamətləndiyini
hiss edir. O, anlayır ki, bu cinayətləri törətməklə
Allahın qarşısında bağışlanılmaz və
ağır günah işlətmiş olur. Buna
görə də, o, vicdanı qarşısında əzab
çəkir. O, özünü çox qəti şəkildə
mühakimə edir və onu həyata keçirir.
Şübhəsiz
ki, qeyrətli bir kişi üçün
yad bir qadını seyr edərək əylənmək
düzgün hərəkət deyildi. Lakin bu həm
təbiətcə romantik olan yazıçı Hüseynzadə
üçün, həm də eyvanda və yaxud pəncərənin
qarşısında dayanaraq öz davranışı ilə
yad bir kişini cəlb edən aktrisaya böyük zövq bəxş
edirdi. Təəssüf ki, Rüfət
Hüseynzadə öz hiyləgər hisslərini cilovlaya bilmədiyi
üçün çox mürəkkəb vəziyyətlə
qarşılaşaraq özünü ağır günaha
sürükləmiş olur. O, qadının nəzakətli
və qəmgin baxışlarından, ümidlə və
göz yaşları ilə dolu baxışlarından xeyli təsirlənmişdir.
Hüseynzadə heç zaman düşünməzdi
ki, Lalə sadəcə olaraq özünün qəddar ərinin
əllərindən əzab çəkən qadının -
yalqız və ümidsiz bir qadının rolunu
professionallıqla ifa edirmiş. Onun fikrincə,
arvadını teatrı atmağa təhrik edən, onu sənətindən
ayıran və durmadan ona əl qaldıran ər, sözün
əsl mənasında, qəddar bir insandır. Buna görə də, o, bir hörümçək
kimi qəddar kişinin toruna düşmüş bu
qadını xilas etmək qərarına gəlir. Bunun nəticəsi kimi, o, nağıllarda olduğu
kimi, bu qadını amansız quldurlardan xilas edərək
şər fikirlərini yox etməyi özünə öhdəlik
bilir.
Lalə özünün onun həm müəllifi, həm
prodüseri, həm də ifaçısı olduğu bu mono
tamaşada rolunu yüksək zövqlə ifa etdi, onun
seyrçisi isə Hüseynzadə idi. O, bundan çox razı idi.
Lakin bunun faciəvi sonluğu heç zaman onun
ağlına gələ bilməzdi. Bank
sahibinin ölümündən sonra Hüseynzadə hiss
etmişdi ki, Lalə tərəfindən ona qarşı həm
müəyyən maraq, həm də, nə isə bir qəribəlik
mövcuddur.
Lalənin
fikirlərini təsvir edərkən yazıçı
İlqar Fəhmi C.Berkley, İ.Kant və F.Nitşenin
psixoanaliz, post strukturalizm və sürrealistlərin xüsusi
istiqamətinə əsaslanmış insanın
davranış və əməllərinin məntiqi şəkildə
izah olunmasının mümkünsüzlüyü haqqında
ideyalarından bəhrələnmişdir. Bunun
vasitəsilə romanın qəhrəmanı
özünün tam şüurluluq səviyyəsinə
çatmağına çalışır.
Ən vacibi odur ki, romanın müəllifi həyatı
məntiqi olmayan bir oyun - absurd kimi qiymətləndirmir. Lalə və
Hüseynzadənin personajlarının münaqişələrində
o, iki cür mənəvi-əqli konsepsiyanı müzakirəyə
qoyur ki, bunların birincisi onun tərəfindən qəbul,
ikimcisi isə inkar edilir. Buna görə də
oxucu Lalə və Hüseynzadənin ölümlərinə
eyni müstəvidən yanaşmır. Romanı
bitirərkən oxucunu bu cür fikirlər narahat edir - Lalə
bütün bu faciəyə səbəb olan əsas şəxsdirmi?
Doğrudan da, Lalənin eqoistik həyat tərzi
“təxəyyül məntiqinə” əsaslanmışdır.
Bu cür xudbin istək həyat
reallığı ilə ziddiyyət təşkil etdiyinə
görə onu xəyali əməllərə sürükləyir.
Səhnə həyatına dərin ehtirasla
yaşayan aktrisa artıq oynamış olduğu rollara və
oxuduğu kitablara əsasən həyat səhnəsi
yaradır. Nəticədə, o,
reallığı öz arzusu ilə
qarışdırmış olur.
Aydındır ki, Lalənin yanaşması
üçün xarakterik olan ikilik yalnız auditoriya və
ifaçı üçün nəzərdə tutula bilər. Biz bu
ideyanın məğzini diqqətlə öyrənsək,
müəyyən edəcəyik ki, Lalə insanların həyatını
absurd sayır və Yaradanın rolunu inkar edir. Buna
görə də, o, qürurla söyləyir: “Mən öz
kiçik ifamı insanların absurd teatrından
yığışdıra bilərəm” .
O, incəsənət və ədəbiyyatın onun
üçün bir əyləncə vasitəsi kimi xidmət
etdiyini belə gizlətmir. Əslində, Lalə
sənət əsərləri və ədəbiyyatı xəyalpərəstlərin
cəfəng yaradıcılığının nəticəsi
kimi qiymətləndirir. Buna görə də, qatilin kim olduğunu bildiyi halda, polisə bu barədə
heç bir məlumat vermir. O, Hüseynzadəni onun ərini
öldürdüyünə görə deyil,
özünün uğursuz ifasını pozmuş olduğuna
görə günahlandırır.
Sonda Hüseynzadə anlayır ki, onun gördüyü
Lalənin obrazı yalnız xəyalındakı mələkdən
ibarət idi və qatil rolunda çıxış etdi. Beləliklə,
bank sahibini öldürərək o, ağır cinayət
etmiş oldu. Buna görə də,
Hüseynzadə öz dəhşətli əməlinə
nifrət bəsləyir. O, bankirin bir aktrisa tərəfindən
həyata keçirilən murdar oyunun qurbanına
çevrildiyindən çox heyfslənir. O, şairlərin
öz əsərlərində təsvir etdikləri
qadınlara nifrət bəsləyir və uzun illər boyu qiymətləndirdiyi
qadının təravət və düzgünlük simvolu
olmadığını, əksinə, hiyləgərlik və
mənasızlığa gətirib
çıxardığını anlayır.
Bu qəzəb gündən-günə böyüyərək
özünün yalnız xarici gözəlliyə deyil,
planlaşdırılmış riyakarlığa
aldanmış olduğuna görə
özü-özünün bağışlamamasına gətirib
çıxarır. Hüseynzadə anlayır ki, öz səhvi
ucbatından bir iblisin əlinə düşmüşdür.
Romanın qəhrəmanı iddia edir ki, həyat
Yaradan tərəfindən göndərilmiş insanlar
üçün çox böyük sınaqdır. Beləliklə, o, bu qənaətə gəlir ki,
özünün doğru yolunu artıq itirmiş və bu sınaqdan
keçə bilməmişdir, yalnız insanlar deyil, Yaradan
daha onun bu günahından keçməyəcəkdir.
Laləyə
qarşı daha çox niftət və qəzəb hiss etməkdənsə,
Hüseynzadə onun gözəlliyi və cazibədarlığına
susayır. Nəticədə o yenə və yenə
günaha əl atmış olur. Maraqlıdır
ki, Lalə dəhşətli ölüm və cinsi
zorakılıq mərhələsini də səhnədə
oynadığı bir rolu kimi qəbul edir. Özünün düşündüyü bu faciənin
fantastik final səhnəsini o, həm inilti, həm ağlama, həm
qəzəb, həm nifrət, sonda isə səmimiyyət və
təbəssümlə “ifa” edir. Təəssüf
ki, o bu dünyanı bütün kainatda yalnız bir
yaradanın - Allahın olduğu və insanın onun tərəfindən
yazılan taleyini dəyişə bilməməsini anlamadan tərk
edir. Romanın sonunda iblis gözəlliyinin
simvolu olan Laləni və onun günahsız ərini
öldürən günahkar şəxs - Rüfət
Hüseynzadə də faciəvi ölümlə üzləşir.
İlqar Fəhminin yaradıcının - şair və yazıçının personajını romanın mərkəzinə yerləşdirməsi məqsədəuyğundur. Bizə aydın olur ki, romanda bu situasiya həyatın reallığı, faciəvi münaqişələr, faciəvi vəziyyətlər, faciəvi personaj konsepsiyasının anlamı ilə sıx əlaqə vasitəsilə meydana gəlir. Əslində, aydındır ki, roman boyu qəhrəmanların üzləşmiş olduğu situasiyalar, ağıllarında meydana gələn konfliktlər faciəvi şəkildə nəticələnir. Bundan başqa, romandakı faciəvi konflikt yalnız insani məqsədlərlə deyil, şəxsiyyət və tale fəlsəfəsi ilə sıx surətdə bağlıdır. Bunun üçün də Hüseynzadə təkbaşına mübarizə aparan dərin mənəvi və ruhi çətinliklərdən əzab çəkirdi. Lakin o, özünün faciəvi situasiyasında belə Yaradanın itaətindən boyun əymir. Hüseynzadə bunu Allahın qərarını gözləmədən, özünün özünü cəzalandırması ilə sübut edir. Bu xüsusiyyətlərinə görə o, Allahın qərarını gözləməyən Edipə, özünə cəza üsulunu seçmiş Anna Kareninaya və yaxud özünün ruhunda iblisi inkar edən İvan Karamazova bənzəyir.
Qonşu Azərbaycan roman yazı üslubunda müşahidə edilən bu cür situasiyalar Özbəkistanda baş verən roman yazı prosesinə oxşardır. Məsələn, müstəqillik dövrü Özbək roman janrında həyatın real hadisələrinin insanın şüuruna, düşüncələrinə, mənəvi-ruhi dünyasına təsiri yüksəlmişdir. Çünki bu dövrə xas olan sürətli inkişaf ədəbi düşüncələrdə öz əksini taparaq milli-fəlsəfi və estetik baxışlar sisteminin əhatə edilməsinə gətirib çıxarmışdır. İnsan intellektinə itaət edilə bilməyən həyatın müxtəlif və sonsuz imkanlarının sübut edilmə nümunələri vardır.
Janrın əhatəliliyinə xas olan keyfiyyət-struktur dəyişiklikləri milli roman janrının formasını yeniləmiş və onun ədəbi təsvir imkanlarını genişləndirmişdir. Başqa sözlə, Özbək romanları bu təbiətdən olan bir çox ədəbi nümunə və janrların özünəməxsus xüsusiyyətlərini mənimsəmişdir. Hal-hazırda, reallıqla yanaşı, vicdan və fikirlər, sərbəst süjet bizim romanlarımızın özünəməxsus təbiətini istiqamətləndirməyə başlamışdır.
“Qurani Kərim”-in Özbək dilinə izahlı tərcüməsi və hədislərin geniş şəkildə yayımı, Nizami, Nəvai, Rumi kimi klassik Şərq ədəbiyyatı nümayəndələrinin xəzinəsinin əks etdirilməsi, Cədid ədəbiyyatının şərhi müasir Özbək ədəbiyyatının inkişafına təsir etmişdir. Həmçinin, Z.Freydin psixoloji assosiasiya nəzəriyyəsi, E.Fromun insan psixoanalizi, N.A.Berdyayevin ekzistensial konsepsiyaların spesifik xüsusiyyətləri kimi əsərlər müsbət şəkildə mənimsənilmişdir. F.Dostoyevski, C.Coys, F.Kafka, A.Kamünün roman və hekayələri, C.Yakobi, N.Qartman, M.Haydeger kimi XX əsr filosofların nəzəriyyələrinin geniş şəkildə yayımlanması insanları müxtəlif aspektlərdən anlamağa imkan vermişdir.
Yuxarıda müşahidə edildiyi kimi, müasir Özbək və Azərbaycan roman yazı üslubunun çoxlu sayda ümumi cəhətləri var. Biz düşünürük ki, bu proses ilk əvvəl onu göstərir ki, müasir müəlliflərin təfəkkürlərində ümumi bir proses yer alır. İkincisi, bu bir daha onu sübut edir ki, ədəbiyyat və incəsənət insanlararası mədəni yaxınlığın əsas vasitələridir. Üçüncüsü, poetik ifadənin nəzəri izahı müqayisəli - tipoloji şəkildə ədəbi prosesin təbiətinin məğzini yenidən tədqiq etməyə imkan verir. Dördüncüsü, ədəbi situasiya və qaynaqların hərəkətverici qüvvəsinin müəyyən edilməsi bizim ədəbiyyatımıza unikal nəzəri-metodoloji yanaşma prinsiplərini formalaşdırmağa yardım edə bilər.
İslamcan YAQUBOV,
Nizami adına Daşkənd
Dövlət
Pedaqoji Universitetinin dosenti
525-ci qəzet.- 2012.-
12 may.- S.18.