Habil Əliyev: "Hələ getməli vaxt deyil..."

 

“VAXTIM AZALIB DEYƏ, HƏYAT ELƏ BİL ACIQ VERİR MƏNƏ, DAHA DA ŞİRİNLƏŞİR!"

 

Görkəmli kaman ifaçısı, Xalq artisti Habil Əliyevin mayın 28-də 85 yaşı tamam olacaq. Sənətkarın yubileyi ölkə səviyyəsində qeyd ediləcək.Yubiley öncəsi Xalq artisti ilə görüşmək qərarına gəldik. Zəngləşdik, bizi evinə dəvət etdi. Sevinə-sevinə getdim. Çünki ağlım kəsəndən heyranı olduğum sənətkarla ünsiyyətdə olmaq məni sevindirirdi. Beləcə, başladıq hal-əhval tutmağa. Söhbətə başlamazdan əvvəl Habil müəllim həyat yoldaşı Şərqiyə xanımdan xahiş etdi ki, onun lent yazılarından birini

qoşsun və birlikdə seyr etdik. Habil Əliyevin ifa etdiyi "Qaragilə" mahnısının sədaları altında söhbətimizə başladıq...

 

- Necəsiniz, Habil müəllim?

- Hələ dözürəm... Qocalığa dözə bilirəm. Belə getsə, dözə-dözə oturacağam...

- Habil müəllim, Sizə baş çəkməyə kimlər gəlir?

- Hə, qanan adamlar yanıma gəlirlər. Hal-əhval tuturlar. Sağ olsunlar, dəyərləndirirlər, dəstək olurlar. Onlarla 5 dəqiqə söhbət edirəm, rahat oluram. Bilirsənmi, daha səbrim qalmayıb. Hər adamla söhbət edə bilmirəm, əsəbiləşirəm. Amma mənə uyğun olan adamlar görəndə sevinirəm, dərdləşirəm. Sənətkar üçün biganəlik çətindir.

- Biganəlik sizi çox sıxır?

- Elə sıxır... Həm də mənim ayaqlarım bir az sözümə baxmır. Gəzə bilmirəm deyə, evdən çıxmıram. Ona görə də lap ürəyim sıxılır. Bu axşam bir yuxu gördüm (ağlayır). Görürəm ki, Filarmoniyanın bağında rəhmətə gedən bütün dostlarımla bir yerdəyəm. Hamısı pencək geyinib, başlarında ağ papaq. Mən də onların yanına gəlirəm. Məni görən kimi sevinirlər, alqışlayırlar. Öpüşüb görüşürəm onlarla. Guya yeni bir əsər yazmışam, onu ifa edirəm. Mən də dostlarımla görüşməyə o qədər şad oldum (fikirləşir). Onlardan ayrıldım, amma nahaq. Onların ölməkdən daha çox başı çıxır, nəinki qalmaqdan.

- Kamançanız sizdən küsməyib hələ?

- Küsüb, çoxdandır çalmıram. Hə, yubileyimdə çalacağam. Elə onunla da xudahafizləşəcəyəm. Hələ bilmirəm hansı mahnını ifa edəcəyəm. Mənim üçün fərqi yoxdur. Bizim mahnıların hamısı gözəldir. Elə çalacağam ki, hamı deyəcək: “Habil hələ indi çala bilirmiş”.

Axırıncı dəfə kamançanı əlimə alanda 74 yaşım var idi. Qalıb orada ağzı açıq, məni gözləyir. Hər gün gedib salam verirəm. Ona görə çalmıram ki, çalmağa oturanda 4-5 saat doymuram. Həm indi kimin üçün çalım? Desəm ki, dinləyənim yoxdur, haqsızlıq olar. Amma bilsəm ki, o adamlar mənə qulaq asacaq, çalaram. Mənə qulaq asan yaşlılar məni çox gözəl başa düşürlər. Əsl sənət yoldaşlarım ölüblər, mən qalmışam solo...

- Habil müəllim, Sizi əvəz edə bilən olacaqmı?

- Qızım, məni 85 ildə evimin içində əvəz edən olmayıb, sənətdə hardan olacaq? Amma hardasa elə ifaçılar var ki, onlarda mənim barmaqlarım var. Görürəm, uşaqlar çalır, mənim səsim gəlir, qəhərlənirəm. Müəllim o demək deyil ki, sinfə şagirdləri yığıb dərs desin, müəllim odur ki, dərs deməsin, amma şagirdləri olsun.

Məndən sonra kamançam qalacaq. Amma çox küskün qalacaq. Onu gərək danışdırasan. Kamançanın dilini bilmək lazımdır. Onunla düzgün rəftar etməlisən. Gərək onun dilini biləsən ki, o da ürək sözlərini desin, danışsın... Kamançanın deyilməyən çox sözü var. Sonradan musiqiçi olmaq çox çətindir. Bu, gərək qandan gəlsin. Doğulandan musiqiçi kimi doğulmaq lazımdır. Mən hələ uşaq olanda anam dovğa bişirərdi. Qazandan çömçəni götürüb oxlova sürtərdim. Anam üst-başımı dovğaya bulaşdırdığım üçün mənə acıqlanırdı. Getdikcə həvəsim artdı. Sonra baxdım çömçə çönüb oldu kamança. Gərək, sənətə yıxıla-yıxıla, iməkləyə-iməkləyə gələsən. Bu yolu kəşf edəsən, o zirvəni fəth edəsən. Yoxsa, gedim mağazadan kamança alım, gəlim ki, müəllim mənə nəsə öyrət. Onunla yaxşı sənətkar olmaz, bala. Mən heç özüm özüm kimi çala bilmirəm. Bir mahnını çalım, sonra təkrar sifariş ver. Əvvəlki kimi çala bilməyəcəyəm. Ya yaxşı, ya pis olacaq.

- Ən çox sevdiyiniz ifanız hansı olub?

- Hamısını sevirəm. Amma o vaxtlar Lətif Kərimov, Bəxtiyar Vahabzadə çaldığım “Segah”a “Habil Segah”ı adını verdilər. Dedilər, heç kimdə olmayıb, mənə aiddir. Ona nə qədər gözəllik versən də, yenə acdır gözü. Sevirəm onu ..

- Habil müəllim, nə çox siqaret çəkirsiniz? Axı, bu, ziyandır.

- Gün ərzində iki qutu çəkirəm. Hə, əlbəttə, ziyandır. Elə ona görə çəkirəm ki, kökü kəsilsin. Camaat siqaret tapıb çəkə bilməsin.

- Keşməkeşli bir ömür yaşamısınız. 85 illik ömür yolunuzda arxaya baxanda nə düşünürsünüz?

- Həəə... Yaşadığım ömür çox çətin vaxtlara düşüb. O zaman müharibə dövrü idi, ölüm-itim, aclıq, səfalət götürmüşdü hər yeri. Nəslin bütün kişiləri müharibəyə getdi. Çoxu geri qayıtmadı. Anam cavan qadın, çox çətinliklə böyütdü bizi. İşləyən yox, qazanan yox. Bir dilim çörəyə həsrət idik. Deyirdim, bircə dilim qara çörək olardı, yeyərdim. Fikirləşirdim ki, görəsən, kimsə qarın dolusu kimsə yemək yeyir?! O dövrü yadıma salanda indiki vaxta min dəfə şükür edirəm. Hər gün torpaqdan öpmək istəyirəm. Bilirsənmi, hərdən heyifslənirəm ki, mən gərək doğulduğum vaxtdan 50 il sonra doğulaydım.

- Amma bir tərəfdən də bəxtiniz gətirib ki, sənətə qiymət verilən vaxtı doğulmusunuz?

- Niyə? O vaxtı müğənnilər paltarla çıxırdı, indi paltarsız çıxır, ona görə? Deyirsən, yaxşı ki, paltarsızların vaxtında çıxmamışam hə? Razıyam. O vaxt sənət indikindən qiymətli idi. İndi bəziləri özlərini salıb ortalığa meymunluq eləyirlər. Təsəvvür edin, oxumaq sənətini meymunluğa çevirdilər. Gülünc vəziyyətə saldılar. Bunlar ağıllı çıxıb, adam güldürən oldular.

- Kimləri dinləyirsiniz?

- Gənclərdən Babək Niftəliyev, Ehtiram, Güllü, bir nəfər də xanım var, unutdum adını. Ancaq bu 4 nəfərə qulaq asıram. Qalan heç kimi dinləmirəm. Estradadır-nədir, onlar heç mənlik deyil. Onları başa düşə bilmirəm. Daha doğrusu, başa düşüləcək səviyyədə deyillər. Hər adamın danışığına da, sənətinə də qulaq asa bilmirəm. Mənə lazım olan nədirsə, onu izləyirəm.

- Başa düşülməyəcək səviyyədə dediklərinizin dinləyiciləri daha çoxdur...

- Çünki qanıb başa düşən yoxdur. Hamısının zövqü pozulub.

- Zövqsüzlüyümüz əsl sənəti kölgədə qoyacaq?

- Yox, əsl sənət heç vaxt kölgədə qalmaz. Sənət özü itmir. Əgər həqiqidirsə, yaşayır. Öz yaşıdlarımın hamısı ilə səfərlərdə olmuşam. Dünya səhnəsində çıxış etmişik. Mənim üçün fərqi yox idi, Amerikadayam, ya Avropada. Öz işimə, sənətimə diqqət edirdim. Mənimlə gedənlər də şahiddirlər. Elələri olub ki, səhnədə çıxış edib. Onlara heç əl çalan da olmayıb. İndi də elədir. Aralarında yaxşılar seçilib, qalacaq. Bilirsənmi, niyə belə oldu? Senzura ki ləğv olundu, bax ondan sonra kim ağzına nə gəldi, oxudu. 5-3 manat kanallara pul verib, hoqqalardan çıxırlar. Axı, oxumaq üçün illər lazımdır.

- Mədəniyyətimizin indiki durumunu necə qiymətləndirirsiniz?

- Yeri gəlmişkən, onu deyim ki, birinci dəfədir mən bu yaşımda mədəni bir mədəniyyət naziri görürəm (gülür). O da bizim Əbülfəs müəllimdir.

- Habil müəllim, sizcə, 20-30 il sonra musiqimizin vəziyyəti necə olacaq?

- Musiqimiz belə getsə, yaxşılığa doğru getmir. Çünki pislər yaxşıları ötüb. Pislər pul verirlər deyə, onları çox təbliğ edirlər. Yaxşıların ümumiyyətcə pulları yoxdur. Bax belə ..

- Görürəm, Şərqiyə xanım Sizə yaxşı baxır...

- Hə, zarafat edirəm. Onun qadasını alım. Məni o, yaşadır. Amma deyim ki, onu da yaşadan mənəm. İndən sonra arzum çox yaşamaqdır. Düzü, deyə bilmirəm nə vaxta kimi. Bəlkə sən cəsarətli olasan deyəsən.

-100?

- Yox, 100 nədir? Çox azdır. Mən istəyirəm, görüm dünyanın axırı necə olacaq.

- Habil müəllim, ahıl yaşında insan həyatdan bezirmi?

- Həyat getdikcə şirinləşir. Elə şirinləşir (ağlayır). Özü də bilir ki, vaxtım azalıb, həyat elə bil acıq verir mənə, daha da şirinləşir. Qollarımda, ayaqlarımda qüvvət yoxdur. Görək Allaha pənah. Hələ getməli vaxt deyil. Yaşamaq şəraiti gözəldir. O vaxtı çətinliklə böyümüşəm deyə, indi həyat mənə çox şirin gəlir.

- İndiyədək demədiyiniz söz qalıb?

- İnan ki, yox. Mənim ağzımda söz duran deyil. Hamısını demişəm. Buna görə məndən inciyənlər də olub, hələ də olur. Amma neynəyim? Məndən asılı deyil. Gücüm çatmır, sirr saxlaya bilmirəm. Söz gəldisə, gurpadan ağzımdan çıxır çölə (gülür).

- Habil Əliyev onu sevənlərə nə demək istəyir?

- İstəyirəm gənclərə bir balaca nəsihət verim. Gənclik Allah vergisidir, insan həyatının bahar fəslidir. Ona qiymət verib, səmərəli istifadə etmək lazımdır. Gənclikdə elə hərəkət etmək, yaşamaq, danışmaq lazımdır ki, qocalıqda utanmayasan. Bir az pis çıxmasın, mən ağıllı olmuşam. İşimi, oturuşumu-duruşumu bilən olmuşam. Uşaq vaxtı rəhmətlik Xan əminin qabağına qaçdım ki, qavalını götürüm. Dedi, Habil, oğul, mən sənin kamançanı götürməyəcəyəm. Amma vaxt gələcək sənin də kamançanı götürəcəklər. Doğrudan elədir. İndi mən harasa gedirəm. Orada nə qədər adamlar mənə kömək edirlər. Qucaqlarına alıb qaldırırlar. Bundan artıq mənə heç bir şey lazım deyil. Elə cavan olmaq istəyirəm... Kaş o günlərə qayıdardım. Konsertlərimdə bilet tapılardı?!

- “Tikmədim özüm qalam, tikdim ki, izim qala” - bu sözü Sizə aid etmək olar?

- Hə. Ürəyimdən dedin. Mən özüm üçün çalmamışam. Həmişə Azərbaycan xalqı üçün, Azərbaycanın adı üçün çalışmışam. Ona görə də gərək unudulmağa qoymasınlar bizi. İnanıram ki, unudulmayacağam. Televiziya kanallarından çox şey asılıdır. Tək Habildən getmir söhbət. Biz ölüb gedirik, gərək qalanlar da sübut etsinlər ki, diridirlər. Görüləsi işləri görsünlər, ölüb gedənləri yada salsınlar.

 

Lent.az

 

 

525-ci qəzet.- 2012.- 12 may.- S.16.