Mətbuatşünaslığa
və ədəbiyyatşünaslığa dəyərli
töhfə
PROFESSOR, ƏMƏKDAR JURNALİST
ŞAMİL VƏLİYEVİN YENİ ƏSƏRİ
HAQQINDA BİR NEÇƏ SÖZ
2003-cü
ilin son ayı. Qarlı-boranlı bir qış günü. Azərbaycan
Milli Elmlər Akademiyasının N. Gəncəvi adına Ədəbiyyat
İnstitunda "Füyuzat" ədəbi məktəbi"
mövzusunda doktorluq müdafiəsi kecirilirdi. Ölkənin
sayseçmə alimləri
yığışmışdı bura. Deyərdim ki, bu
möhtəşəm elm məbədi uzun illərdir belə
bir müdafiəyəyə həsrət idi. Bu bəlkə də
onunla bağlı idi ki, Türk-islam dünyasının
möhtəşəm, parlaq simalarından biri olan, təpədən
dırnağa türkcü, millətci, vətənpərvər
Əli bəy Hüseynzadə irsinə müraciət
olunmuşdu. Bilmirəm, bəlkə də. Amma onu bilirəm
ki, Əli bəy irsindən, şəxsiyyətindən,
dünyagörüşündən yazmaq üçün gərək
elə Əli bəyin yarısı qədər bu dahi şəxsiyyəti
duyasan, dərk edəsən, anlayasan. Bu da hər kəsə
qismət olan bir xoşbəxtlik deyil - desəm, yəqin ki, hər
bir qələm və kəlam əhli mənimlə
razılaşar.
Qeyri-adi
istedada, tükənməz enerjiyə, zəngin və dəyərli
irsə malik olan Əli bəy dünyası və
dühası sanki o gün bu cavan oğlana görünməz
bir qüvvə vermişdi. Bütün zala sükut
çökmüşdü. Yalnız tribunada şux qamətli,
iti baxışlı, səlis və aydın nitqi ilə hər
kəsin diqqətini cəlb edən gənc alim Şamil Vəliyevin
səsi eşidilirdi.
Bu hadisədən
doqquz il keçib. Amma hər dəfə onunla rastlaşanda o
müdafiəni xatırlayıram. Əslində burada onu
yetişdirən, görkəmli alimlərimizin də
böyük əməyi var. Şamil Vəliyev ədəbiyyatımızda,
mətbuatımızda, elmimizdə həm sözü, həm əməlləri
ilə sanbalı olan möhtəşəm alimlərimizdən
Kamal Talıbzadənin, Əziz Mirəhmədovun yetirmələrindəndir.
Filologiya
elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyev
otuz ilə yaxındır ki, milli mətbuatımızın ən
möhtəşəm şəxsiyyətlərindən olan
böyük türk-turan dünyasında milli özünədərk
və milli özünə qaydış hisslərinin təbliğatcısı
Ə. Hüseyinzadə, Ə. Ağaoğlu, Ə.
Topçubaşov, M. Ə. Rəsulzadə
yaradıcılığının tədqiqi və təbliği
ilə məşğuldur. O, mətbuat tariximizin keşməkeşli,
sanballı, möhtəşəm bir dövrü olan XX əsrin
iki on illiyinin mənzərəsini yaratmaqla daha məsuliyyətli
bir işin öhdəsindən gəlib. Azərbaycan mətbuatının
nəhəng simalarından olan H. Zərdabi, Ə.M.Topçubaşov,
Ə. Hüseynzadə, Ə. Ağaoğlu, X. X. Səbribəyzadə,
Ü. və C. Hacıbəyli qardaşları haqqında
onlarla məqalələr yazdı, tədqiqat əsərləri
çap etdirdi. Onu da qeyd edək ki, Şamil müəllim mətbuat
tariximizi yalnız publisist, jurnalist marağı səviyyəsində
deyil, həm də elmi əsaslarla öyrənir, tədqiq
edir.
Unutmayaq
ki, milli mənəvi dəyərlərin dövrün çərçivəsi
fonunda qələmə alınıb dəyərləndirilməsi
xalqın tarixinə verilən ən böyük qiymət deməkdir.
Keçmişini bilməyən gələcəyini də qura
bilməz deyən dahilərimiz nə qədər haqlı
imişlər. Dahi Üzeyir bəy demiş:
"Keçmişi bilmək, insanların, millətlərin,
dövlətlərin əhvalından xəbər tutmaq və
onların keçdikləri tərzi-məişətlərindən,
icra etdikləri yaxşı-yaman işlərdən bir dərsi-ibrət
almaq üçün əlimizdə bir "aləti-mazibin"
varsa, o da tarixdir".
Tədqiqatçı
alim Ş. Vəliyev də bu tarixin qaranlıq qatlarına
işıq salmaq, qaranlıq mətləbləri
işıqlandırmaq arzusu ilə uzun illərdi, arxivlərdə,
muzeylərdə, kitabxanalarda axtarır-arayır,
calışır. Ona görə də Ş. Vəliyevin qələmindən
cıxan hər bir məqalə, əsər maraqlı, aktual
olduğu qədər də etibarlı, mötəbərdir.
Çünki onun hər bir sözü, hər bir mülahizəsi
ciddi sənədlərə, tutarlı faktlara əsaslanır.
Arxivlə işlədiyindən ona irad tutmaq, onu təkzib etmək
də mümkün deyil. Bax, budur fakta, sənədə əsl
jurnalist qayğısı, sayğısı. Odur ki, əbəbiyyat
və mətbuat aləmində öz sözü, yeri, olan, istedadlı
publisistin KİV-də dərc etdirdiyi çoxsaylı məqalə
və resenziyaları, publisitik yazıları oxucusu tərəfindən
daima diqqət və maraqla qarşılanır.
Bu
günlərdə "Elm və təhsil" nəşriyyatı
tərəfindən işıq üzü görən iki
cilidlik "Azərbaycan ədəbiyyatı və mətbuatından
araşdırmalar" adlı sanballı bir əsəri
qarşımdadır. Əvvəlcə əsəri vərəqlədım,
sonra oxudum. Oxuduqca da düşünməyə və əlimə
qələm alıb yazmağa vadar oldum. Jurnalistikanın əksər
janrlarına müraciət edən müəllifin müxtəlif
illərdə dövri mətbuatda çap etdirdiyi
portret-oçerkləri, elmi-nəzəri və publisistik məqalələri,
müsahibələri burada öz əksini
tapmışdır. Daha çox diqqətimi çəkən
isə şəxsi arxivlərdə saxlanılan məktub və
biblioqrafik göstəricilər oldu. Çox maraqlı bir
faktı da qeyd edim ki, Şamil müəllim bu əsərində
Sovet dövründə qələmə alınan
yazılarını da çap etdirib. Bəziləri kimi
onları gizlətməyə cəhd göstərmir. Əksinə,
çəkinmədən onları oxucusunun ixtiyarına verir.
Burada tədqiqatçı alim Abid Tahirlinin sözlərini
xatırlatmaq yerinə düşərdi: "Gözlənilən
tənqidlərdən, tənə və məzəmmətlərdən"
qətiyyən narahat olmayan alimin arzusu budur ki, oxucu
"buraxılan səhvi" və sovet dövründə
yaşamağa və yazmağa məhkum, məcbur olan
"bizim nəsli dərindən dərk etsin".
Əsərdə
diqqəti cəlb edən ikinci cəhət mətbuatımızın
dünəninə, bu gününə və sabahına
işıq salan, irs-varislik prinsipini yaşadan, zəngin
faktlarla əhatə olunan materiallardır. Şamil müəllim
bunlara əsl jurnalist sayıqlığı ilə
yanaşaraq mətbuatımızın klassiklərinin irsini
araşdırmış, ideya və baxışlarına
münasibət bildirmiş, dəyərli, məzmunlu və həm
də çox maraqlı elmi-nəzəri qənaətlər
hasil etmişdir. Əsərin birinci cildində XX əsr Azərbaycan
ədəbi tənqidində poeziya problemləri geniş tədqiq
olunur. Əsərdə N. Nərimanov, F. Köçərli,
M. Hadi, H. Cavid və A. Səhhət kimi qələm sahiblərinin
poeziyaya dair tənqidi görüşləri diqqəti cəlb
edir. Onu da qeyd edək ki, müəllif ədəbi tənqidi
konkret idrak hadisəsi və yaradıcılıq növü
kimi qiymətləndirir. Çünki o sadəcə olaraq
peşəkar tənqidçilərin irsini öyrənməklə
kifayətlənmir, həm də öz nəzəri-estetik
fikirlərini elmi cəhətdən əsaslandırır.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə yaranan milli ədəbiyyatımızın,
xüsusən də poeziyamızın inkişaf xüsusiyyətlərindən,
bədii sənətkarlıq səviyyəsindən, ideya
estetik istiqamətlərindən geniş şəkildə bəhs
edir. Bu poeziyanın milli dövlət quruculuğu və
istiqlal düşüncələrinin təbliğində
başlıca rol oynadığını bildirir. Tənqidi
fikrin korifeyləri Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə,
Ə. Hüseynzadə və başqalarının milli nəzəri
fikir və mülahizələrinə münasibət bildirir,
onların elmi-nəzəri fikirlərinə qiymət verilməsini
ictimai vəzifə kimi qarşıya qoyur.
Əməkdar
jurnalistin yaradıcılıq axtarışları bunlarla məhdudlaşmır.
O, Azərbaycan mətbuatında, ictimai-siyasi, ədəbi-mədəni,
maarifçilik və xeyriyyəçilik həyatında, hərəkatında
silinməz iz qoymuş qələm, kəlam əhlinin fəaliyyəti,
yaradıcılığı haqqında bir-birindən
maraqlı məqalələr yazmış, araşdırmalar
aparmışdır.
"Gələcək
keçmişin üzərində daha möhkəm
dayanır, inkişaf edir,"- deyənlər çox
haqlıdır. "Dünəninə mənəvi dəyər
vermək, onu gələcək nəslə təqdim etmək
zamanın ən mühüm tələblərindən
biridir,"- söyləyən Şamil müəllim XIX -XX əsrlərdə
yazıb-yaratmış görkəmli şəxsiyyətlərin
ədəbi-bədii irsini tədqiq etməklə bir daha
dünənimizi bu günümüzlə bağlayır.
Şamil müəllim əsərində həm də
çoxəsrlik tarixə malik türk ədəbiyyatının
zəngin ideya-estetik keyfiyyətlərinə də münasibət
bildirir. O öz fikrini Hüseyn Nihal Atsızın
yaradıcılığını təhlil edərək əsaslandırır.
Əsərdə
Kamran Əliyevin "XX əsr Azərbaycan romantizminin ədəbi-nəzəri
görüşləri" kitabı haqqında da bəhs
olunur. Burada müəllif çətin, mürəkkəb və
mübahisəli məsələlərin elmi şərhini
verməklə yanaşı, onların ədəbi-nəzəri
görüşlərinə də yer ayırmış və
faktlara elmi baxımdan yanaşaraq tədqiqat işini daha da zənginləşdirmişdir.
Yuxarıda
adını cəkdiyimiz əsərdə müəllif XX əsrin
əvvəllərində Azərbaycanda ictimai-tarixi və ədəbi-mədəni
mənzərəni təsvir edərkən Ə.
Ağaoğlunun və Ə. Hüseynzadənin
yaradıcılıqlarından geniş söhbət
açır, onların ədəbi irsindəki milli təəssüf
hissini, xalqa yönələn faydalı əməllərini
açıqlayır. Bu azadlıq fədailərinin müstəqillik,
suveren dövlət və bütöv vətən uğrunda
apardıqları işləri ön planda verir.
Bunlarla
yanaşı Ş. Vəliyev müxtəlif illərdə
yazdığı "Azərbaycan" qəzetinin nəşr
tarixindən", "Böyük bir örnək", "Bədii
sözün energetikası", "1980-cı illər Azərbaycan
nəsrinin poetikası" və bir çox məqalələrini
də kitaba daxil edib. Zəngin qaynaqlar, gərgin
axtarışlar əsasında toplanılaraq yazılan bu məqalələr
sonralar bir-birindən maraqlı, dəyərli tədqiqat əsərlərinə
çevrilib. Bu məqalələrdə sosial və siyasi
ziddiyyətləri təhlil obyektinə çevirən müəllif
dövrün ictimai-siyasi mühit faktorunu önə çəkir,
fikrini yeni tip, xarakter və şəxsiyyət
axtarışlarına yönəldir. Əməyi, zəhməti
hesabına ictimai-mədəni həyatda uğurlar qazanan,
elmi-nəzəri axtarışlar aparan
ziyalılarımızın fəaliyyətinə geniş yer
verən müəllif onları xalqın fədailəri səviyyəsinə
qaldırır. Xalqın təfəkkür və həyat təcrübəsinə
arxalanan fədailərin vətənpərvərlik, millətsevərlik
təcrübəsini gənc nəslə örnək, ərməğan
edir.
Ş. Vəliyev
əsərində Azərbaycanın realist yazıçı
və şairlərinin əsərləri ilə
yanaşı, yeri gəldikcə, şifahi xalq ədəbiyyatı
nümunələrindən də istifadə edib. Müəllif
qeyd edir ki, xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı,
adət-ənənəsi, həyat tərzi, xarakteri sözdə
yaşayır, ona görə də şifahi və
yazılı ədəbi nümunələr söz xəzinəmizin
ən böyük nümunəsidir.
Ümumiyyətlə,
tədqiqatçı-alim, görkəmli publisist Şamil Vəliyevin
yaradıcılığı ilə tanış olarkən belə
bir fikri xatırladım: "Yaradılanları yaşatmaq
yenisini yaratmaq qədər həm çətin, həm
faydalı, həm də şərəflidir. Xüsusilə
söhbət böyük bir ulusun əsrlər boyu ərsəyə
gətirdiyi milli-mənəvi dəyərlərdən, mədəni
irsdən gedirsə, onları yaşatmaq, onlara yeni nəfəs
vermək, nəsildən-nəslə ötürmək, elə
yenisini yaratmağa bərabərdir".
Ona
görə də çəkinmədən, heç bir
mübaliğəsiz demək olar ki, Şamil müəllimin
bu əsərləri yalınz ədəbiyyatşünaslığa
deyil, həm də mətbuatşünaslığa ən
layiqli, ən möhtəşəm bir töhfədir. Belə
töhfələrin saysız-hesabsız olması arzusu ilə
müəllifə uğurlar arzu edirik.
Qərənfil DÜNYAMİNQIZI
BDU-nun Mətbuat Tarixi
kafedrasının müəllimi
525-ci qəzet.-
2012.- 12 may.- S.14.