“Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük tarixi şəxsiyyətdir"

 

Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.

 

(IV söhbət)

 

Üç həftədir "525-ci qəzet"in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim olunur. Söhbətlərdə Misir müəllimi müxtəlif, fərqli rakurslarda göstərməyə çalışmışıq. Birinci söhbətdə müdrik ağsaqqal mövqeyi ilə cəmiyyətin ümumi problemlərindən danışan nazir, uşaqlığına, gənclik illərinə qayıdıb eyni səmimiyyətlə valideynlərindən söz açdı. Uzun illər Azərbaycan təhsilinə başçılıq edən adamın sadəcə, bir ata kimi övladlarının savadı, biliyi haqqında dedikləri də zənnimcə, çox maraqlı idi. Bütün bunlarla yanaşı, nazirin doğulduğu kənd, uşaqlığının keçdiyi evlərilə bağlı danışdığı kövrək xatirələr də çox təsirliydi.

İkinci söhbətdə isə həmsöhbətimin mətbuata aid fikirləri, gənclərin kitaba marağının artmasında, maariflənməsində televiziyanın, medianın roluna aid mülahizələri oxucuların nəzərinə çatdırıldı. Bəzən qərəzli tənqidlərə də məruz qalan Misir müəllimin bu barədə sualıma "özümüzdə də günah görürəm" cavabı onun istənilən mövzuya obyektiv yanaşmasının göstəricisi idi. Nazirimizin mətbuata aid fikirlərindən, arzularından çıxan ümumi nəticə belə oldu ki, "Mətbuat oxucunu işıq gələn tərəfə aparmalıdır"...

Bu gün cəmiyyətimizdə uğur qazanmış, vəzifə tutmuş, tanınmış istənilən adam müzakirə olunur. Etiraf etməliyik ki, bu adamların kimlərin, yaxud kimin sayəsində "qabağa getməsi", müəyyən mərhələyə yüksəlməsi çoxlarını maraqlandırır. İlk söhbətimizdə "Əlimdən tutan, irəli aparan adamım olmayıb. Çətinliklə, pillə-pillə ucalmışam..."- deyən nazir növbəti söhbətimizə mövzu yaratdı. Nazir olmaq arzulayanlara verdiyi "Zəhmətkeş, inadkar, iradəli olsunlar, əziyyətdən qorxmasınlar" məsləhəti, qədim xalq məsəlindən ( "Haqq nə qədər nazilsə də, üzülməz!") sitat gətirməsi düşünürəm ki, biz gənclərə stimul verən, haqqa, ədalətə inam yaradan cavab idi. Karyera istiqamətində uzun, ziqzaqlı yol gedən Misir müəllimin həyatından keçən, ona öyrədən, ondan öyrənən, yaxud sadəcə, yanında olan adamlar haqqında söhbətimiz ötən şənbə sayımızda çap olunmuşdu. Elə həmin uzun və ziqzaqlı yolun qeyri-adi, maraqlı məqamları barədə suallarıma nazirin səmimi cavablarını oxucularımıza təqdim edirəm.

 

Pərvin: Misir müəllim, sevindiricidir ki, ötən söhbətimizdə həyatınızın yalnız müsbət qəhrəmanları, xoş hadisələri barəsində danışdınız. Amma həyatda bəzən az və çoxballı “zəlzələ”lər də olur. Əvvəlki söhbətimizdə sizi “əzəmətli bina”ya bənzətmişdik. Maraqlıdır ki, bina nə qədər uca olsa, bu “zəlzələ”lər bir o qədər təhlükəli olur... Belə “zəlzələlər”dən ən çox yadınızda qalanı varmı?

Misir Mərdanov: Əlbəttə! Həyatımda az və çoxballı “zəlzələ”lər tez-tez olub. Amma məhz haqqında danışdığım və danışacağım müsbət qəhrəmanlarımın mənəvi dəstəyi sayəsində bunları adlayıb keçmişəm. O ki qaldı xatirimdə qalmasına, elə hadisələr var ki, yaddan çıxmaz. Ötən dəfə dediyim kimi karyera istiqamətində keçdiyim yol ziqzaqlı, pilləli olduğundan müxtəlif “fəlakət”lər də yaşamışam. Sovet dövründə işləmək daha çətin idi. Yaxşı xatırlayıram, məni 1986-cı ildə indiki Bakı Dövlət Universitetinin qəbul komissiyasının məsul katibi vəzifəsinə təyin etmişdilər. Adından göründüyü kimi, bu vəzifə mürəkkəb və məsuliyyətli, həm də bütün ölkənin diqqət mərkəzində idi. O zamanlar qəbul məsələsinə Moskvadan çox ciddi nəzarət vardı.

Pərvin: O dövrdə oxuyub diplom alan nəslin nümayəndələrinin dilində belə bir ifadəyə rast gəlmək olur: “Universitetə öz gücümə daxil olmuşdum”... Doğrusu, bizim nəsil üçün bir az gülməli səslənir. “Başqasının gücü”nə təhsil alan adamlar çox idi o zamanlar?

Misir Mərdanov: Bilirsiz, indi belə bir fikir formalaşıb ki, guya o vaxtlar müəllimlə üz-üzə oturub imtahan vermək çox çətin idi, universitetə öz biliyi, savadı ilə daxil olmaq mümkün deyildi və s. Tamamilə yanlış fikirdir! Uzun müddət bu işin içində olan insan kimi məsuliyyətlə demək istərdim ki, həmin dövrdə müvafiq biliyi və bacarığı olanlar arzu etdikləri institutlara və fakültələrə qəbul olurdular. Onu da etiraf etmək lazımdır ki, o zamanlar müəllim yoldaşlarımızın uşaqlarına, yaxın qohumlarına müəyyən kömək olunurdu. Qəbul imtahanı götürən müəllim öz dostunun, yoldaşının, yaxının övladına imkan, şərait yarada bilərdi bəlkə də. Amma daha indi deyilən qədər də yox. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin Müstəqil Azərbaycanın Müəllimlərinin 1998-ci ilin sentyabrın 25-də keçirilən ilk Qurultayında “İnsan su içdiyi quyuya tüpürməz...” deməsi burda yerinə düşür. Yəni keçmişimizi baltalamamalıyıq. Həm də onda bir qayda vardı ki, qəbul imtahanının nəticələri arxivdə saxlanırdı. İndiki kimi deyildi. Cavabların kimin tərəfindən yoxlanması, yazılan qiymət, imtahan vərəqəsi, hamısı arxivləşdirilirdi. Yəni bunlar istənilən vaxt (məsələn, tələbə birinci semestrdə imtahanlardan qeyri-kafi qiymət alanda) yenidən qaldırılıb yoxlana bilərdi. Ona görə imtahan götürən müəllim məsuliyyət daşıyırdı.

Bir hadisəni xatırlayıram ki, 1986-cı ildə qəbul imtahanları bitmişdi, dərslər də başlamışdı, universitetin rektoru Faiq Bağırzadə məni çağırıb dedi ki, Moskvadan bizim qəbul imtahanlarının nəticələrini, sənədləşməni yoxlamağa komissiya gəlir, hətta birinci kursda oxuyan tələbələrdən seçmə üsulu ilə imtahan da götürə bilərlər. Bu hadisə həmin dövr üçün dediyiniz çoxballı “zəlzələ”lərdən hesab oluna bilərdi. Çünki bu o zaman idi ki, Moskvada Azərbaycanın böyük oğlu Heydər Əliyevə ədalətsiz hücumlar başlanmışdı.

Pərvin: İndiki gənclər üçün o dövrü tam təsəvvür etmək bir qədər çətindir. Komissiyanın sizin sənədləşməni, yaxud qəbul imtahanının nəticələrini yoxlamasında təhlükə nədən ibarət idi?

Misir Mərdanov: O vaxtlar işə məsuliyyətsiz, laqeyd yanaşan adamın ən kiçik səhvi belə bağışlanmırdı. Çox ağır cəzalandırılırdı. Ona görə istənilən yoxlama narahat edirdi hər kəsi. Haqqında danışdığım yoxlama keçiriləndə universitetin kollektivi də, tələbələr də gərgin halda nəticəni gözləyirdilər. Nəticə isə gözlədiyimizdən də yaxşı oldu. Təsəvvür edin ki, tələbələr yenidən imtahan verdilər və birinci imtahandan aldıqları qiymətlərdən də yüksək nəticə göstərdilər. Bundan sonra mənim özüm də qəbul imtahanlarının obyektivliyinə yüz faiz əmin oldum. Qeyd etmək istəyirəm ki, indi təhsilimizin, elmimizin aparıcı qüvvəsi olan alimlərimiz, eyni zamanda ölkənin idarəçiliyində xidmət göstərən şəxslər o dövrün məzunlarıdır. Danılmaz faktdır ki, məhz bu adamların sayəsində Azərbaycan müstəqilliyini əldə etdi, qorudu və istər elmdə, istərsə də başqa sahələrdə yaranan çətinlikləri aradan qaldırdı. Yəni əgər indi bəzilərinin dediyi kimi, həmin vaxtlar bilik, savad əsas meyar olmasaydı, o təhsil sistemi bu cür insanlar yetişdirməzdi.

Pərvin: Misir müəllim, Sovet dövrünün çətinliklərindən, tələblərindən danışırsız. Müxtəlif adamların o dövrə aid xatirələrində “çətin idi” ifadəsinə rast gəlmək olar. Danışılan hadisələri ümumiləşdirəndə insanda fikir yaranır ki, o dövrdə ən əngəlli iş sadəcə azərbaycanlı olmaq idi.

Misir Mərdanov: Bəli! O dövrdə azərbaycanlı olmaq və bunu qorumaq asan deyildi. Amma ayrı-ayrı ziyalılar var idi ki, dövrün tələbinə məhəl qoymadan millətimizin, dilimizin, adətlərimizin keşiyini bacardığı qədər çəkirdi. Məsələn, yaxşı yadımdadı, bir ara Moskvada qərar qəbul olunmuşdu ki, ali məktəbin Azərbaycan bölməsinə daxil olmaq istəyən azərbaycanlılar rus dilindən imtahan verməlidirlər. Biz bu məsələ ilə bağlı Mərkəzi Komitəyə müşavirəyə gedəndə orda xalqımızın böyük şairi Bəxtiyar Vahabzadəni gördük. Məlum oldu ki, iki gün əvvəl Yazıçılar Birliyində birinci katib Kamran Bağırovun iştirakı ilə bu qərar müzakirə edilib. O zaman Bəxtiyar Vahabzadənin apardığı danışıqlar, qaldırdığı hay-küy nəticəsində həmin qərar ləğv olundu.

Pərvin: Yəqin ki, o qərar qüvvədə qalsaydı, universitetlərə qəbul olan azərbaycanlıların sayı xeyli azalacaqdı. Kəndlərdə, rayonlarda çox az adam rus dili bilərdi...

Misir Mərdanov: Əlbəttə! İndi bəlkə də adi görünür. Amma Bəxtiyar Vahabzadənin o vaxt bu qərarın ləğvinə nail olması qəhrəmanlıq idi. Mən Bəxtiyar müəllim haqqında növbəti söhbətlərdə də yeri gəldikcə danışacağam. Hesab edirəm ki, bu adam sözün bütün mənalarında ziyalı idi.

Pərvin: Misir müəllim, adətən ictimai vəzifələrdə işləyən adamlar sonralar elmdən uzaq düşürlər, həvəssiz yanaşırlar. Siz 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmisiniz. Elmlə, vəzifə bir-birinə mane olmurdular?

Misir Mərdanov: Xeyr, Pərvin xanım! Bugünki vəzifəm daha çətin və məsuliyyətlidir. Amma yenə də yazı-pozu işindən uzaqlaşmamışam. O dövr nə qədər çətin olmasına baxmayaraq doktorluq dissertasiyamı müdafiə etdim. Hesab edirəm ki, elmdən “soyumamağıma” səbəb ötən söhbətlərimizdə haqqında danışdığım müəllimlərim idi. Onların sayəsində elm, riyaziyyat həyatımın mənasına çevrilmişdi.

Pərvin: Hansı mərhələni həm karyeranız, həm də həyatınızın çətin dövrü hesab edirsiz?

Misir Mərdanov: Şübhəsiz ki, Azərbaycanda 1988-ci ildən başlayaraq stabilliyin pozulduğu və 1991-92-ci illərə qədər müharibənin davam etdiyi dövr hamımız üçün ən çətin hesab oluna bilər. O vaxtlar Xalq Təhsili Nazirliyində işləyirdim. Hökumət evində otururduq. Təsəvvür edin ki, meydan, mitinqlər, hamısı gözümüzün önündə idi.

Pərvin: O hadisələr təhsil sisteminə necə təsir edirdi? Məlumdur ki, tələbələr dərslərdə oturmur, oxumaq istəmirdilər. Hamı meydanlarda idi. Elə müəllimlər də həmçinin... Bununla təhsil kimi geniş əhatəli bir sferada boşluq yaranmadı ki?

Misir Mərdanov: Təbii ki yarandı... Amma eyni zamanda həmin mərhələ xalqımızın tarixində Milli oyanış dövrü hesab olunur. Əlbəttə, nə müəllimin, nə tələbənin auditoriyaya marağı yox idi. Amma bir yerdə ki millətin taleyi həll olunur orda nə elmə, nə ədəbiyyata, nə incəsənətə görə narahatlığa dəyməz. Zamanla hər şey qaydasına düşdü... Amma indi həmin kadrlara baxanda fəxarət hissi keçiririk ki, biz millət olaraq haqqımızı, azadlığımızı tələb edə bildik.

Pərvin: Karyeranızdakı ziqzaqlardan biri elə həmin dövrə təsadüf edir. Xalq təhsili nazirinin müavini vəzifəsindən universitetə prorektor vəzifəsinə qayıtdınız...

Misir Mərdanov: Mən çox inanıram ki, həyatda nə olursa yaxşılığadır. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndə açıq-aydın hiss edirdim ki, mənə münasibət dəyişib və gec-tez bu vəzifədən getməliyəm. Hətta mənə Gəncədəki ali məktəblərdən birinə prorektor vəzifəsi də təklif olunmuşdu. Bu təklifdən imtina etmişdim, o zaman Bakıda yaşayırdım və ailəmi qoyub heç bir yerə gedə bilməzdim. Belə bir məqamda Xalq Cəbhəsinin nüfuzlu liderlərindən biri olan Firudin Səməndərovu universitetə rektor vəzifəsinə təyin etdilər. Firudin müəllimlə universitetdə bərabər işləyəndən yaxın idik, isti, səmimi münasibətlərimiz vardı, hətta həyatımın çətin bir məqamında mənə dayaq olmuşdu, onun əsl mərdliyini, kişi xüsusiyyətlərini ömrüm boyu unutmayacağam. O, rektor təyin olunanda şərt qoymuşdu ki, mən ancaq Misir müəllimlə işləmək istəyirəm.

Pərvin: Bəs, sizin özünüzə bu təklif necə təsir etdi? Bununla razılaşmaq bir pillə enmək idi yəqin ki...

Misir Mərdanov: Doğrusu, bu təklif ürəyimdən idi. Universitet həmişə mənim üçün ən müqəddəs məkan olub. Amma o zaman çox çətin bir dövr idi. Əlbəttə, rektorun ölkə rəhbərliyi yanında nüfuzu var idi, sözünü deyə bilirdi. Amma respublikadakı ümumi vəziyyət çətin idi. İqtisadi inkişafdan, siyasi stabillikdən söhbət gedə bilməzdi. Amma Firudin müəllimin rektorluğu dövründə universitetdə dövrün imkanları daxilində xeyli iş görüldü.

Pərvin: Misir müəllim, dediyiniz kimi, o dövr çox çətinliklər vardı və yəqin ki, universitetin işi təkcə tələbəni oxutmaq deyildi...

Misir Mərdanov: Əlbəttə! Universitet kimi ziyalı ocağı hesab olunan bir müəssisə həm də Azərbaycan aliminin, aydınının fikrini, mövqeyini ortaya qoymalıydı. Yadımdadı ki, 1993-ci ilin əvvəlləri idi, Firudin müəllim universitet əməkdaşlarının xeyriyyəçiliyi ilə xeyli ləvazimat toplayıb, bir qrup müəllimlə Ağdərə istiqamətində döyüşən əsgərlərimizlə görüşə getmişdi. Həmin səfərdən qayıtdıqdan sonra gördüm ki, qanı çox qaradır, soruşanda dedi ki, Misir müəllim, vəziyyət çox gərgindir, orduda komandirlər arasında ciddi qarşıdurma var, əgər belə getsə, bizim işimiz yaxşı olmayacaq və bütün bunlar barədə o zamankı ölkə rəhbərinə rəsmi məlumat verdi.

Elə 1993-cü il Gəncə hadisələri baş verəndə universitetin böyük elmi şurası onu qiyam hesab edən yeganə qurum oldu.

Pərvin: Adətən hər hansı müəssisəyə yeni başçı təyin olunması adi əməkdaşdan tutmuş, müavinə kimi hamını narahat edir. Həmin vaxtlar universitetdə növbəti rektor dəyişikliyini həyatınızda baş verən “zəlzələ”lərdən hesab etməmişdiniz ki?

Misir Mərdanov: (gülür) Bu hadisəyə “zəlzələ” yox, cüzi silkələnmə deyərdim. Əlbətdə bizdə rəhbərlik dəyişəndə təəssüf ki, əvvəlkilərin hamısını çıxarıb, əvəzinə yenilərini təyin etməyə çalışırlar. Mən bu tendensiyanı düzgün hesab etmirəm və düşünürəm ki, kimliyindən asılı olmayaraq insanlara biliyinə və bacarığına görə qiymət verilməlidir, öz sahəsinin peşəkarları xalqın milli sərvəti kimi dəyərləndirilməlidir. Bu mənada mənim bəxtim gətirib. 1993-cü ildə universitetə rektor vəzifəsinə professor Murtuz Ələsgərov təyin edildi. Onu kafedra müdiri, beynəlxalq hüquq sahəsində mütəxəssis kimi yaxşı tanıyırdım. Doğrusunu deyim ki, ilk vaxtlar müəyyən çətinliklərim olsa da, üç ilə yaxın bir müddətdə Murtuz müəllimlə çox səmimi münasibət yarandı, təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində xeyli iş görə bildik. Onu da qeyd edim ki, Murtuz müəllim çox səmimi, prisipial, ədalətli və yeri gələndə həqiqəti deməyi bacaran bir kişidir. 1996-cı ildə ölkə parlamentinin sədri seçilən Murtuz müəllim on ilə yaxın bu məsul vəzifədə şərəflə işlədi və bizim cəmiyyətimizdə hələlik yeganə şəxslərdəndir ki, belə bir işdən böyük hörmətlə fəxri təqaüdə çıxdı.

Pərvin: Çıxışlarınızdan birində demişdiniz ki, sizin üçün bu dünyada ən şərəfli iş Bakı Dövlət Universitetinin rektoru vəzifəsidir, çünki bu vəzifədə çox fərqli, böyük alimlər çalışıblar...

Misir Mərdanov: Elədir! Bakı Dövlət Universitetində işlədiyim vaxtları həyatımın ən xoşbəxt çağları hesab edirəm. Adi müəllimdən, dekan müavini, məsul katib, prorektor və ən nəhayət rektor vəzifəsinə kimi yüksəlmişəm orda. Ulu öndər Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırmışdı. Universitetin necə deyərlər hər divarı mənə tanış idi, bu böyük kollektivin hər bir üzvünü yaxşı tanıyırdım və onlar mənim üçün ən doğma adamlardı. Bu məbəd xalqımızın tarixində əvəzsiz xidmətlər göstərmiş, millətimizin taleyüklü problemlərinin həllində müstəsna xidmətləri olmuş böyük şəxsiyyətlər yetişdirmişdir. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini karyeramın zirvə nöqtəsi hesab edirəm.

Pərvin: Belə olduğu halda bu vəzifəyə təyinatınız yaddaşınızda daha parlaq və qeyri-adi gün kimi qalıb yəqin ki...

Misir Mərdanov: Əlbəttə, mənim üçün rektoruluğumu, vəzifəmi şərəfli edən başqa bir səbəb də var: məni, adi bir professoru bu vəzifəyə ümummilli liderimiz Heydər Əliyev 1997-ci ilin 16 fevralında xüsusi sərəncamla təyin etdi. Həmin vaxta qədər ali məktəb rektorları ölkə başçısının razılığına əsasən nazirin əmri ilə təyin olunurdu. Mən ilk rektor idim ki, bu vəzifəyə Prezidentin sərəncamı ilə təyin olundum. Universitetdə bir ildən çox rektor işlədiyim vaxtda o dövrün imkanları daxilində xeyli iş görüldü. Hər şeydən öncə mənə son dərəcə doğma kollektivlə daha yaxından tanış oldum. Bundan əlavə maddi-texniki bazanın möhkəmlənməsində, yeni çox pilləli təhsil sisteminə keçid istiqamətində, idarəetmədə demokratik prinsiplərin həyata keçirilməsində irəliyə doğru ciddi addımlar atıldı. Ölkədə ilk dəfə olaraq Heydər Əliyev məktəbi və Heydər Əliyev muzeyi yaratdıq. Bu müddətdə ulu öndər Gürcüstan, Qırğızıstan və Moldova prezidentləri ilə universitetə təşrif buyurdu. Həmin illərdə onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabillik bərpa olundu, iqtisadi inkişafın əsasları qoyuldu, ilk milli konstitusiyamız qəbul edildi, Azərbaycan dünyada daha yaxşı tanındı. Təbii ki, bütün bu uğurlar elm, təhsil sahəsinə də təsir edirdi.

Pərvin: Misir müəllim, Heydər Əliyevin təhsilə münasibətini, özünün Bakı Dövlət Universitetində oxuduğu dövrü Əli Əhmədovla birgə yazdığınız “Heydər Əliyev və Bakı Dövlət Universiteti” kitabında işıqlandırmısınız... Ümumiyyətlə, belə bir mövzuda yazmaq ideyası necə yaranmışdı?

Misir Mərdanov: Bu kitabın yaranma tarixçəsi çox maraqlıdır! Bu dahi şəxsiyyət haqqında yazmağımın səbəbini açıqlamaq üçün bir qədər əvvələ qayıtmalıyam. Belə ki, 1992-ci ilin sonunda, prorektor vəzifəsində işlədiyim vaxtlarda universitet arxivinin müdiri qəbuluma gəlib dedi ki, Xalq Cəbhəsi nümayəndələri Heydər Əliyevin arxivdəki sənədləri ilə maraqlanırlar. Mən dərhal o sənədləri arxivdən götürüb evə apardım. Həmin arxiv materiallarına baxanda sözün əsl mənasında heyrət etdim. Burada ulu öndərin universitetin tarix fakültəsində təhsil aldığı illərə aid sənədlər onun Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqda sənədin əsli, universitetə qəbul olunmaq üçün rektorun adına yazdığı ərizə, qəbul imtahanlarından aldığı qiymətlər, qiymətinin birindən narazı qalıb o zamankı rektor Cəfər Xəndanın adına yazdığı ərizə, nəhayət dövlət imtahanının nəticələri saxlanılmışdı. Və mən bu sənədlərə baxanda gənc bir oğlanın necə xarakterə malik olmasını, ədalət naminə necə mübarizə aparmasının şahidi oldum. Universitetin rektoru vəzifəsinə təyin olunarkən həmin sənədləri şəxsən ulu öndərimiz Heydər Əliyevin özünə təqdim etdim. “Heydər Əliyev və Bakı Dövlət Universiteti” kitabı da məhz həmin materialların əsasında yazıldı.

Pərvin: Bayaq rektor işlədiyiniz qısa müddətdə Heydər Əliyevin üç dəfə universitetə gəlməsi barədə dediniz. Yəqin ki, belə görüşlər bu unikal şəxsiyyəti daha yaxından tanımaq imkanı yaradırdı...

Misir Mərdanov: Bilirsiz, Pərvin xanım, 66 illik ömrümdə fərqli adamlar görmüşəm. Dünyanın çox ölkələrinə səfərlər etmiş, ziyalıları, alimləri ilə görüşmüşəm. Bir etiraf edim ki, çox vaxt kənardan dahi görünən adamlara bir az yaxınlaşanda nə qədər adi olduqlarını anlamışam. Bəlkə də bu həyatın qanunudur: dünən zirvə sandığın adamdan elə söz, hərəkət görürsən ki, yanıldığını başa düşürsən...

Amma Heydər Əliyev tamamilə fərqli və əsl zirvədə duran bir adam idi. Məsuliyyətlə demək istəyirəm ki, Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.

Ona yaxınlaşdıqca, daha yaxından tanıdıqca dərk edirdim ki, bu adam sözün bütün mənalarında dahidir. Universitetin rektoru vəzifəsinə təyin olduğum günü indiki kimi xatırlayıram. Ulu öndər məni qəbul edərkən universitetdəki vəziyyət, tanınmış professorlarla bağlı çoxsaylı suallar vermişdi. Bu sualları ilə də heyrətləndirmişdi məni. Sanki bu adam uzun illər universitetdə işləmişdi, hər kəsin xarakterinə yaxından bələd idi, kimin hansı sahədə ixtisaslaşmasını əzbər bilirdi.

Heydər Əliyev inkişaf üçün, irəliyə doğru addım naminə hər şeyə hazır olan başçı idi. Onun təhsilimizin, deyək ki, elə təkcə universitetin özünün inkişafı üçün düşüncələrini dəfələrlə dinləyib heyran qalmışam. Xatırlayıram ki, 1997-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı məni də nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. Qazaxıstan Dövlət Universitetində Heydər Əliyevə fəxri doktor diplomun təqdim olunma mərasimi başa çatdıqdan sonra mənə dedi ki, sən qal və bu universitetə muxtariyyat hüququnun verilməsilə bağlı sənədlərlə yaxından tanış ol, məlumat hazırla, bizim universitetə də muxtariyyat verilməsi barədə düşünməliyik. Onun bu cür göstərişləri yüzlərlə idi. Danışmaqla bitməz.

Pərvin: Misir müəllim, söhbətlərimizdə müxtəlif vəzifələriniz və bunlara münasibətiniz barədə danışmısınız. Amma məncə illər keçəndən sonra Azərbaycanın istənilən ailəsində sizin adınız gələndə məhz “təhsil naziri” ifadəsi yada düşəcək. Taleyinizə bu ifadənin həkk olması da Heydər Əliyevin imzası ilə baş verib. Yəqin belə adamın təhsilimizi sizə etibar etməsi məsuliyyətinizi artırmışdı?!

Misir Mərdanov: Olduqca həssas bir məqama toxunursunuz! Bu məsuliyyət hissi 1998-ci il martın 25-dən, prezident Heydər Əliyevin qəbuluna dəvət edildiyim gündən indiyə kimi beynimi tərk etməyib. Həmin görüşdə ulu öndər mənimlə xeyli söhbət etdi, ölkə təhsilinin vəziyyətindən danışdı və məni bu şərəfli vəzifəyə təyin etdi. Yaxşı xatırlayıram elə Prezident Adminstrasiyasında məni ölkənin rəhbər işçilərinə təqdim etmişdi. Təqdimat zamanı özü geniş və deyərdim ki, təhsilin bütün problemlərini əhatə edən tarixi bir çıxış etdi, tapşırıqlarını verdi, dedi ki, yaxın günlərdə nazirin sədrliyi ilə təhsil sahəsində əsaslı islahatlar aparmaq üçün Dövlət Komissiyası yaratmaq, təhsil müəssisələrinin lisenziyalaşdırılması işini Təhsil Nazirliyinə tapşırmaq lazımdır.

Həmin gün mənim üçün çox doğma olan universitet kollektivi ilə kövrək bir vida görüşü keçirib, martın 26-dan yeni vəzifəmin icrasına başladım.

Bu hadisə həyatımda və karyeramda yeni bir mərhələnin başlanğıcı idi, bütün bunlara görə ömrüm boyu ümummilli liderimiz Heydər Əliyevə borcluyam, qürur hissi keçirirəm ki, bu günə kimi onun ideyalarına sadiq olmuşam və bu ideyaların həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməmişəm.

 

 

525-ci qəzet.- 2012.- 12 may.- S.10-11.