Aynanı
qınamağa dəyməz...
Son günlərdə Yazıçılar Birliyinə qarşı həmlələr yenidən qızışmaqdadır, özü də sarkazm, tikanlı atmacalardan ən çoxu Birliyin sədri Anarın payına düşür.
Bir neçə müxalif yönəmli əhli-qələmin yazıları xüsusi barışmazlıqla fərqlənir. Açığını deyim: bu sicilləmələrin əksəriyyətindən sadəcə üfunət iyi gəlir və onlar hər bir sağlam düşüncəli adamda ikrah hissi doğurur. Düzü, mən baş aça bilmirəm ki, bu ədib adlananlar nə səbəbdən Anara qarşı belə kin-küdurətlə köklənmişlər. Tutaq ki, Anarın əsərlərini bəyənmirsən, siyasi görüşlərini bölüşdürmürsən, axı haray-həşir salmaq, az qala küçə sözlərini dilə gətirmək nəyə gərək? Kobudluq, tənə-təkfir, söyüş - bütün bunlar zəiflik təzahürüdür.
Həmin “cavan ədiblərdən” biri - Elnur Astanbəyli yazır ki, guya Anar Azərbaycan ədəbiyyatında “monarxiya” yaratmış və özündən başqa heç kəsi görmək - saymaq istəmir. Bu ittihamda zərrəcə də ədalət yoxdur, çünki Anar öz qiymətli vaxtının böyük qismini ədəbiyyatımızda hər hansı az-çox istedad hadisəsinin təqdir və təbliğ edilməsinə sərf edir. İndi tanınmış şair, nasir, publisistlərdən onlarla, bəlkə də yüzlərlə qələm sahibi onun vaxtlı-vaxtında göstərdiyi dəstəyə görə ona minnətdardırlar.
Digər opponent - Elxan Zal Anarı qınayır ki, onun dövründə YB elitar struktur durumunu qeyb etmişdir. “Elitar” deyəndə, yəni qapalı, sıravi ədibin üzünə qapısı bağlı bir qurum. Mən isə əksinə düşünürdüm ki, başlıca yazıçı təşkilatımızın qapılarının açıq, hətta taybatay açıq olması Anarın xidmətlərindəndir. Bilirəm ki, YB binasının əsaslı təmirindən sonra çoxları Anara Xaqani küçəsi, 25 ünvanlı binaya gəliş-gedişi məhdudlaşdırmaq, Natəvan adına klub salonunu da yalnız ən önəmli hadisələr münasibətilə açdırmağı məsləhət görürmüşlər. Di gəl, ədəbi aləmdə önəmli-önəmsiz olayları bir-birindən necə ayırasan. Məgər bu, ya digər YB üzvü üçün şeirlər, ya nəsr toplusunun işıq üzü görməsi həyatında önəmli hadisə deyilmi? Və kitabın təqdimatını o, harada keçirsin, dostlarını, pərəstişkarlarını ümumi yazıçı ocağımızda başına yığmayıb, harada toplasın? Anar bu məsələdə heç kimə “yox” demir və məncə, tamamilə haqlıdır.
Yeri gəlmişkən, Anarın özlərini cavan adlandıran bütün opponentləri yetkin, yetərincə yaşamış, həyatın ağını-qarasını görmüş şəxslərdir və öz sözlərinə görə məsuliyyət daşımalıdırlar. Amma ki, daşımırlar, öz mənəvi kallıqlarını nümayiş etdirməkdədirlər.
Axı niyə onlar, həftələr, aylar boyu Anar və Yazıçılar Birliyi haqqında hədyana, hətta təhqiramiz sözlər yazsınlar, Anar isə cavab verməsin? Axı o, bu “cavan”ların hər birini əməllərinə görə məhkəməyə cəlb etdirə bilərdi. Lakin əsl yazıçıya layiq olan tərzdə davrandı - satirik pamflet və satirik hekayə kimi ədəbi üsula əl ataraq öz bədxahlarını cavablandırdı və həmin “cavan” süxəndarlar onun cizgilədiyi obrazlarda özlərini tanıdılarsa, öz işləridir. Anar ki heç kəsi adbaad sadalamır, Anar satirik təhkiyənin ustasıdır. Hələ sovet dönəmində onun satirası geniş populyarlıq qazanmışdı; sovet “içalatlı” məmurcuqlar isə MK birinci katibinə ondan şikayətnamələr yazır, Moskva jurnallarını da qınayırdılar ki, siz belə yazıları nə təhər, nə niyyətlə çap edirsiniz?
Yadımdadır, Anarın detektiv janrın tanınmış ustası Çingiz Abdullayevin əsərlərinə yazdığı parlaq parodiya 90-cı illərin ortalarında Rusiyada, “Literaturnaya qazeta”da dərc olunmuş və ilin ən yaxşı yumoristik hekayəsi kimi fərqləndirilmişdi. Çingiz isə parodiyaya görə əsla incimir, əksinə, ünlü söz ustasının yaradıcılığının subyekti olduğunu fərəhlə bildirirdi.
Yazıçı sexində çalışan istedadsız həmkarlarının satiralar, parodiyalar bizim də, Rusiya ədiblərinin də qələmindən çıxmışdır, Puşkinin tikanlı epiqramlarını xatırlamaq kifayətdir. Bugünkü Rusiyanın sənət aləmində aktyor və şair Valentin Qaft öz sənətdaşlarına satirik misralar, şarjlar, bəzən də yetərincə tutarlı həcvlər ünvanlayır və heç kəs də, hər halda, camaat içində incimir, çünki ədəbi əsərə görə cırnamaq, umu-küsüyə yol vermək qəbahət sayılır. İşdir, əgər sən hansısa bir personajda özünü tanımısansa, demək, sənin ciddi problemlərin var. Necə deyirlər, “ləkərin əyridirsə, aynanı qınamaq nə gərək”.
Yeri gəlmişkən, ustadın adını hallandıran bütün bu seymurbaycanlar, qanturalılar Anarın satirasına adekvat cavab verməyə aciz qaldılar. Əvəzində biz yalnız özlərinin dahiliyi haqqında çığır-bağır və küçə deyişməsi səviyyəsində “özünsən” kimi etirazlar eşitdik. Bu da bir daha göstərir ki, özündən müştəbeh, özlərini zorla ədəbiyyat taxtına mindirən “krallar” lüt-üryandılar.
Çevirəni: Səyavuş Məmmədzadə
Elmira AXUNDOVA,
millət vəkili,
yazıçı-publisist
525-ci qəzet.-
2012.- 12 may.- S.9.