Adil Bağırov: "ABŞ-ın Azərbaycandakı səfir postuna Morninqstardan daha yaxşı namizədin olduğunu düşünmürəm"

 

MÜSAHİBİMİZ ABŞ AZƏRBAYCANLILARI ŞƏBƏKƏSİNİN (USAN) BAŞ DİREKTORU ADİL BAĞIROVDUR

 

-Bu yaxınlarda Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 20-ci il dönümü münasibətilə Vaşinqtonda silsilə tədbirlər oldu. Bu tədbirləri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı baxımından necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi 25-26 apreldə Vaşinqtonda ABŞ-Azərbaycan Konvensiyası, həmçinin USAN və TCAF, CSI, JHU kimi aparıcı qurumların birgə təşkilatçılığı ilə keçirilən tədbirlər böyük uğurla nəticələndi. Tədbirlərə 60 Konqres üzvü (Senat və Nümayəndələr Palatasının üzvləri), qubernatorlar, merlər, dövlət katibləri, dövlət senatorları və Assambleya üzvləri qatılmışdı. İştirak edənlər arasında həmçinin Konqresin işçi heyəti, biznes və QHT liderləri və başqaları, ümumilikdə 600 nəfər qatılmışdı. Bu cür uğurlu, mühüm və nüfuzlu tədbirlər hətta geniş diaspora və icmalar üçün də nadir haldır - məsələn, daha geniş, əslində bizdən fərqli olaraq lobbi olan, daha çox tədbirlər təşkil edən və milyon dollarlarla dəstək alan erməni icması heç vaxt bizim tədbirə oxşar tədbir keçirməyib. Daşnaqların rəhbərlik etdiyi erməni lobbisi keçən il Brayzanın səfir qismində təyinatının qarşısını almaqla iki xalq arasında olan qarşılıqlı münasibətlərə zərbə vurmaq istəsələr də, bu münasibətlər daha da dərinləşir və inkişaf edir.

Görünür onların cəhdləri boşa çıxdı - Konqres, ABŞ Ticarət və İnkişaf Agentliyi, ABŞ Dövlət Departamenti, Pentaqon, həmçinin elmi dairələr, QHT icmaları, ticarət və biznes dairələri ilə münasibətlər çiçəklənir. Və onların təbliğatına, lobbiçiliyinə və etirazlarına baxmayaraq ABŞ səfiri tezliklə təyin olunacaq.

-May ayından Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik vəzifəsinin icrasına başlayıb. Ölkəmizin bu strukturda sədrliyi ilə bağlı nə deyə bilərsiniz?

-Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik edəcək. Birinci mərhələdə Azərbaycan Suriya və İranla bağlı sədrlik qabiliyyətini nümayiş etdirməlidir və bu məsələ ilə əlaqədar olan BMT TŞ qətnamələrinin icrasına töhfə verməlidir.

O həmçinin quldurluqla mübarizədən tutmuş enerjinin istismarı və sərhədlərin milli sektorlara qədər məhdudlaşdırılması məsələsinə qədər olan dəniz məsələlərinə cəlb olunmalıdır. Və əlbəttə, o diqqəti BMT TŞ-nin 1993-cü ildən bəri qəbul etdiyi Qarabağ məsələsi ilə bağlı dörd qətnaməyə yönəltməlidir.

Mən əminəm ki, azərbaycanlı diplomatlar bü məsələlərin öhdəsindən gələ biləcəklər. İstənilən halda, Azərbaycanın Rusiya istisna olmaqla bu vəzifəyə gəlib çıxan yeganə postsovet ölkə olması onun böyük uğuru hesab oluna bilər.

-Bu yaxınlarda prezident Barak Obama Riçard Morninqstarın ABŞ-ın Azərbaycana səfiri vəzifəsinə namizədliyini irəli sürüb. Siz bununla bağlı nə deyə bilərsiniz?

-Hal-hazırda bu vəzifəyə Morninqstardan daha yaxşı və savadlı namizədin olduğunu düşünmürəm. O üç məsələdə ekspertdir - həm Klinton, həm də Obama administrasiyası dövründə Xəzər və Avrasiya enerji məsələləri üzrə, USAID-in keçmiş Sovet Birliyi üzrə koordinatoru kimi humanitar və qaçqınlarla bağlı məsələlər üzrə və ABŞ-ın Avropa Birliyinə keçmiş səfiri kimi Avropa məsələləri və inteqrasiya üzrə. ABŞ Azərbaycanlıları Şəbəkəsi onun namizədliyini dəstəkləyir.

-Erməni diasporu əvvəlki kimi bu namizədin də təsdiqlənməməsi üçün konqresmenlər vasitəsiylə hansısa təsirlər göstərə bilərlərmi?

-Düşünürəm ki, yox. Çünki Morninqstar kifayət qədər nüfuzlu insandır. Ona görə Morninqstarın namizədliyinə qarşı çıxa bilməyəcəklər. Əgər erməni icması doğrudan da Ermənistan və onun vətəndaşlarının qayğısına qalırsa və onlar üçün daha yaxşı həyat istəyirsə, o öz enerjinisi erməni prezidentinə, erməni səfirliyinə və BMT erməni nümayəndəliyinə qarşı yönəltsə daha yaxşıdır. Əlbəttə ki, onlar Xocalı faciəsinə görə üzr istəməlidirlər.

 

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2012.- 12 may.- S.9.