Aydın Mirzəzadə:
"Azərbaycana Avropada Şərq ölkəsi, Şərqdə
isə bir Avropa ölkəsi kimi qiymət verilir"
Müsahibimiz
Milli Məclisin Təhlükəsizlik və müdafiə
komitəsinin sədr müavini Aydın Mirzəzadədir
- Aydın müəllim, bu il Azərbaycanın Avropa məkanına - ATƏT-ə üzv olmasının 20 ili tamam oldu. Necə hesab edirsiniz, bu müddət ərzində Azərbaycan-Avropa münasibətləri yüksələn xətt üzrəmi inkişaf edib, yoxsa bu münasibətlərdə də hansısa problemlər yaşanmaqdadır?
- Azərbaycanın xarici siyasət kursunda ATƏT aparıcı mövqelərdən birini tutur. Adından da göründüyü kimi, Avropa məkanında təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə məşğul olan bir təşkilatın üzvü olmaq Azərbaycan üçün əlbəttə, bir şərəfdir və Azərbaycan bu gün ATƏT-in ümumi siyasətini müəyyənləşdirən 48 ölkədən biridir. Azərbaycan bu gün ATƏT-in fəaliyyətində çox fəal iştirak edir.
Eyni zamanda, ATƏT Azərbaycan üçün o cəhətdən maraqlıdır ki, ATƏT-in Azərbaycanın ağrılı Dağlıq Qarabağ probleminin həlli üçün Minsk qrupu deyilən bir mexanizmi var. Həmin institut bu problemin həll üçün , bizi qane etməsə də, hər halda fəaliyyətdədir və ATƏT-lə əməkdaşlıq, ATƏT-in fəaliyyətinə öz töhfəsini vermək Azərbaycan üçün çox vacib məsələlərdəndir.
- Ümumilikdə, götürəndə bu illər ərzində Azərbaycan özünün də bəyan etdiyi kimi, Avropaya - Qərbə tam inteqrasiya edibmi? Yoxsa, bu inteqrasiyada bizim tərəfdən problemlər və yaxud, həmin Qərb tərəfindən yaradılan problemlər var?
- Azərbaycan həm coğrafi cəhətdən, həm siyasi-iqtisadi cəhətdən Avropa məkanının bir hissəsidir. Bu, birmənalı şəkildə belə qəbul edilir, bu, müzakirə, mübahisə mövzusu deyil. Azərbaycan bu gün öz ölkəsində yeni dövlət quruculuğunda Avropa dəyərlərindən maksimum istifadə edir. Bu uğurlar da tək Avropa tərəfindən deyil, dünya tərəfindən maraqla qarşılanır və Azərbaycan təcrübəsindən istifadə etməyə çalışırlar.
Bu gün Avropa anlayışının dərinləşməsi də artıq Azərbaycana öz töhfəsini verməyə başlayır. Azərbaycan iqtisadiyyatındakı sürətli inkişaf, Azərbaycan mədəniyyətinin, Azərbaycan xarici diplomatiyasının, Azərbaycan idmanının inkişafı bu gün Avropa məkanında kifayət qədər ciddi bir məsələdir. Avropanın və dünyanın beynəlxalq təşkilatlarının nümayəndələrinin, ayrı ölkələrin nümayəndələrinin Bakıya səfəri zamanı Azərbaycanın uğurlarına daima yüksək qiymət verilir.
Hesab edirəm, bu, həm Azərbaycanın tarixindən gələn əhval-ruhiyyədir, eyni zamanda, Avropa dəyərlərini yaxşı mənimsəməsi ilə bağlıdır və gələcəkdə də Azərbaycanın Avropanın simvollarından birinə, Avropanın bir monitoruna çevrilməsi daima gözlənilən bir məsələdir.
- Ümumiyyətlə, bu gün demək olar ki, Azərbaycan bu məkana tam inteqrasiya olunub?
- Azərbaycan ilk gündən bu məkanın bir hissəsi idi. Zorla qoparılaraq tamam başqa bir sistemə aid edilməsi heç də Azərbaycanın Avropa əhval-ruhiyyəsini aşağı salmırdı və çox qısa bir zamanda biz həm Avropanın tərkib hissəsi olduq, həm Avropa dəyərlərini mənimsədik, eyni zamanda, avropalaşmaya öz töhfəmizi verdik. Bu gün Azərbaycana, əlbəttə ki, Avropada Şərq ölkəsi, Şərqdə isə bir Avropa ölkəsi kimi qədir-qiymət verilir.
KAMİL
525-ci qəzet.- 2012.- 12 may.- S.6.