Bu gün Sənan
Rüstəmovun şəhid olduğu gündür
Mayın
15-i xalqımızın qəhrəman oğlu, cəsur
döyüşçü Azərbaycanın Milli Qəhrəmanı
mərhum polkovnik-leytenant Şirin Mirzəyevin
yaratdığı və rəhbərlik etdiyi 836 saylı hərbi
hissənin kəşfiyyat dəstəsində ermənilərə
qarşı vuruşan 19 yaşlı Sənan Əkbər
oğlu Rüstəmovun həlak olduğu gündür. Cəmi
19 il ömür sürən gənc kəşfiyyatçının
həyat yolu qısa olsa da, amma bioqrafiyası çox zəngindir...
Sənan 11 yanvar 1973-cü ildə
Ağdam şəhərində anadan olub, 1980-cı ildə
Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci
sinfinə daxil olub, 1983-cü ildə III-cü sinifdə
oxuyarkən musiqiyə həvəsi olduğu üçün
Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar
şöbəsinə sənədlərini verib. Həvəsi
olduğu üçün o, idmana da maraq göstərir və
Ağdamda tanınmış müəllim, atası Əkbər
Rüstəmovun sərbəst güləş bölməsində
məşqlərə başlayır. 1984-cü ildən
“Qarabağ bülbülləri, ansamblının ən fəal
üzvü olur və 1988-ci ilə kimi ansamblda
çalışır. Dəfələrlə müxtəlif
konsertlərdə və respublika televiziyasında ansamblla
birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı
musiqi məktəbini əla qiymətlərlə bitirir.
S.Rüstəmov 1 sentyabr 1987-ci ildən
23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki
İstehsalat Kursunda təhsil alır və çilingərlik
peşəsinə yiyələnir. O, 1989-cu ildə 16 yaşı
olmasına baxmayaraq, kişilər arasında Sambo güləşi
üzrə Respublika çempionu olur, SSRİ idman ustası
normasını yerinə yetirir... 1988-ci ilin fevral ayından
başlayan Milli Azadlıq hərəkatına qoşulan
S.Rüstəmov hamı kimi gecələr ermənilərlə
üzbəüz kəndlərimizdə keşik çəkir.
O, 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi
xidmətə çağrılır. Qarabağda ermənilərin
fəallaşmasından, onların kəndlərimizə daim
quldurcasına hücumlardan narahat olan Sənan sovet ordusunda xidmətdən
imtina edərək 60 nəfər əsgərlə Bakıya –
Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət
göstərmək, Vətəni qorumaq niyyətində
olduqlarını bildirirlər. Üç gün ərzində
müraciətlərinə cavab ala bilmədikdə, Sənan
17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənd
(Xaçınstroy) yerləşən Şirin Mirzəyevin
bataliyonuna gələrək orada xidmətin davam etdirir. 19
yaşlı gəncin ixtisarla verdiyimiz həyat tarixçəsinin
zənginliyinə diqqət verdinizmi? 1992-ci il yanvar ayında
Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin
güclü hücumu zamanı ayağından yaralanır Sənan.
Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və yenidən döyüşlərə qatılır. Sənan 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə Malıbəyli- Quşçular kəndləri istiqamətindən düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas və Aydın ilə birlikdə iştirak edir. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun II rotasına komandir təyin edir. Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşmuşdur. 15 may 1992-ci ildə ermənilərin ələ keçirdyi Abdal-Gülablı kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Sənan düşmən tərəfindən vurulan Azərbaycan Hərbi qüvvələrinə məxsus vertolyotun pilotun- polkovnik-leytenant Şuvaryovun həyatını xilas edir. Bu döyüşdə həmin istiqamətdə bir neçə dəfə qəhrəmanlıq göstərən Sənan növbəti həmlədə şəhid olur... Allah rəhmət eləsin!
525-ci qəzet.-
2012.- 15 may.- S.8.