Rus Dram Teatrında “Teleskop...”un premyerası uğurla keçib
Səməd
Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında
xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında
hazırlanmış “Teleskop, yaxud yuxuda və gerçəkdə
uçuşlar” tamaşasının premyerası gerçəkləşib.
Səhnə əsərinin nümayişindən əvvəl
jurnalistlərlə söhbətində Elçin pyes
haqqında ətraflı məlumat verib. Onun sözlərinə
görə, “Teleskop” müəllifin son illərdə qələmə
aldığı pyeslərdəndir:
“Bildiyiniz
kimi, pyes ilk dəfə Akademik Milli Dram Teatrında nümayiş
olunub. Tamaşaya Finlandiyada yaşayan həmvətənimiz
Kamran Şahmərdan quruluş verib. Bu gün isə pyesin bizə
doğma olan ikinci teatrımızda – Səməd Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrında
tamaşanın rus dilində premyerası keçirilir.
Tamaşanın məşqlərində iştirak etmədiyimdən
sizinlə birlikdə ilk dəfə bu səhnə əsərini
izləyəcəyəm. Quruluşçu rejissor əməkdar
incəsənət xadimi İranə Tağızadədir. O
bizim məşhur sənətkarımızın, kinorejissor
Tofiq Tağızadənin övladıdır. Bu, İranə
Tağızadə ilə ilk işimizdir və əminəm
ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.
..Pərdələr
açılır. Nəzərəçarpacaq dərəcədə
az dekorla süslənmiş səhnədə – xəstəxanada
can verən bir kişi görünür. Həkim, xəstənin
həyat yoldaşı, qaynanası, qızı, oğlu, dostu
və dostunun arvadının müşahidəsilə xəstənin
nəbzi yavaşıyır və tamamilə dayanır.
Kişi o biri dünyaya, daha doğrusu, iki dünyanın sərhədinə
köçür. Elə hər şey də bundan sonra
başlayır.
Bu
dünyada qoparılan yalançı ah-nalələr, o biri
dünyaya köçən ruh! O biri dünyada ruh öz keçmiş
həyat yoldaşı ilə rastlaşır. Qadın öz
keçmiş ərinə bu dünyanın
qayda-qanunlarından danışaraq, onun bura adaptasiya
olunmasına yardım edir. Sən demə, bura qəhrəmanın
əvvəl düşündüyü qədər də pis
deyil. Burada kommunal xərclər və başqa qayğılar
yoxdur, hər kəs cəmi 48 qramdır. Qadın öz
keçmiş ərinə o biri dünyanı göstərmək
iqtidarında olan bir teleskopun varlığından
danışır. Kişi ailəsinin, sevdiklərinin onsuz nə
etdiklərini, hər halda, kədərə düçar
olduqlarını düşünərək teleskopa baxmaq istədiyini
bildirir. Amma mənzərə heç də onun
düşündüyü kimi olmur. Onun ideal zənn etdiyi
insanların iç üzü teleskopla açıq-aydın
görünür. Kişinin vicdanlı hesab etdiyi həkiminin
xəyanəti, qızı və oğlunun hələ klinik
ölüm ərəfəsindəykən atalarının
pullarını axtarmaları kişinin düşüncəsini
alt-üst edir. Sən demə, kişinin qızı və
oğlu həm də siqaret çəkirlərmiş. Bu da
azmış kimi atalarının pullarını tapıb
özlərinə maşın almaq sevdasındadırlar.
Kişinin ən yaxın dostu isə həyat yoldaşı ilə
söhbətində bir sıra mətləblərə aydınlıq
gətirir. Sən demə, ölən dostu onun
yaradıcılığına, hətta evinin təmirinə də
paxıllıq edirmiş...
Səhnə
əsərinin sonu tamaşaçılara alternativ variantda təqdim
olunub. Kişi əvvəlcə dörd əsas mələyin
qərarı ilə o biri dünyaya, yəni həyata
qaytarılır. Lakin o, iç üzlərini
gördüyü, riyakar insanların yanına qayıtmaqdansa,
keçmiş arvadını üstün tutur. İkinci
variantda isə geriyə, yerə dönən kişi öz
sevdiklərinə qovuşduğu üçün çox
xoşbəxtdir. Tamaşanın quruluşçu rəssamı
Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət
olunmuş Emil Kapelyuş, kostyum üzrə rəssam yenə
Sankt-Peterburqdan olan Yuri Suçkovdur. Səhnə əsərində
rolları Xalq artistləri Səfa Mirzəhəsənov
(kişi), Aleksandra Nikuşina (qaynana), Yuri Baliyev (həkim), əməkdar
artistlər Nataliya Baliyeva (Mələk Əzrayıl), Fuad
Osmanov (dost), aktyorlar Bella Safina (həyat yoldaşı), Milana
Mardaxanova (qızı), Elşad Murtuzov (oğlu), İlkin
Mehdiyev (Mələk Mikayıl), Fərid Bəhramov (Mələk
İsrafil), Teymur Rəhimov (Mələk Cəbrayıl) və
başqaları ifa ediblər. Quruluşçu rejissor və rəssamın
zəngin təxəyyülü sayəsində səhnədə
yaradılan maraqlı tərtibat, parlaq ulduzlar, ayın
aydın görünüşü tamaşaçıda
xoş təəssüratlar oyadır.
Daha
çox müzikl xarakteri bağışlayan səhnə əsəri
romantik ab-hava yaradan məşhur musiqi parçaları ilə
müşaiyət olunub. Tamaşanın premyerasında
dövlət və hökumət nümayəndələri,
tanınmış mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2012.- 15 may.- S.7.