Ədəbiyyatşünaslığın yeni konsepsiyası və XIX əsr ədəbi irsimiz

 

Klassik ədəbi irsin tədqiqi, öyrənilməsi bütün dövrlərdə ədəbiyyatşünaslığın mühüm vəzifəsi olub. Keçən əsrlərin ədəbiyyatında xalqımızın məişəti, psixologiyası, əxlaq kompleksi mühafizə olunub, günümüzə qədər qorunub. Bu dəyərləri üzə çıxarmaq, onun elmi izahını vermək vacib bir vəzifə kimi qarşıya çıxır. Bu gün klassik ədəbi irsi tədqiq etmək təkcə ədəbi ənənələrdəki mütərəqqi cəhətləri üzə çıxartmaqla məhdudlaşmır.

Müasir ədəbi prosesin istiqamətlərini təyin etmək baxımından da ədəbiyyat tarixinin öyrənilməsi vacib ədəbiyyatşünaslıq problemi kimi qarşıda dayanır. Məhəmmədəli Mustafayevin “XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda” monoqrafiyası bu vacib ədəbi-tarixi vəizfənin həyata keçirilməsi ilə bağlıdır. Monoqrafiyada XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqat predmeti kimi götürülməsi təsadüfi deyil. Milli ədəbiyyatda Qərbi Avropa ədəbi dəyərləri, yeni janrlar, ədəbi məktəblər, bədii üsullar XIX əsrdə meydana çıxıb. Bu gün milli mədəniyyətlərin, ədəbiyyatların inteqrasiyasından söhbət gedir. Həmin proses bizdə XIX əsrdən başlayıb. Ədəbi düşüncəmizin A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi görkəmli nümayəndələri ədəbiyyatımızın Avropada tanınmasına səbəb olub, öz əsərlərinin ideya-məzmun, sənətkarlıq baxımından mükəmməl olmalarına nail olmuşlar. Onların əsərlərində milli ədəbi dəyərlərlə Avropa mədəni sistemi sintez təşkil edib. Nəticədə ədəbiyyatımız dünya miqyasına çıxmağa imkan tapıb. “XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda” monoqrafiyasında ədəbiyyat tariximizin mühüm bir dövrünün yaradıcılıq axtarışlarının, ümumbəşəri məzmununun, milli xüsusiyyətlərinin tənqid və ədəbiyyatşünaslığımızdakı dərkinə aydınlıq gətirilib. XIX əsr ədəbiyyatının tədqiqi monoqrafiyada həm problem məsələlər, həm də ədəbi dövrlər üzrə aparılıb. Bu da tədqiqatçıya imkan verib ki, mövzuya daha geniş kontekstdə yanaşsın, ədəbi prosesin öyrənilməsini ardıcıl, konseptual şəkildə izləyə bilsin. Tədqiqat işi kifayət qədər geniş bir dövrü əhatə edir. Burada bir əsrlik ədəbiyyatımızın bir əsr yarımlıq ədəbiyyatşünaslıq tariximizdə öyrənilməsinin konturları çox dəqiq şəkildə öz əksini tapmışdır.

 “XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda” monoqrafiyası zəngin ədəbi-tarixi materiallar əsasında yazılıb. Xeyli sayda elmi əsərlər tədqiqata cəlb edilib. Bu qədər zəngin ədəbiyyat tarixi materiallarından səriştəli şəkildə istifadə etmək tədqiqatçıdan xüsusi hazırlıq, mövzuya peşəkar münasibət tələb edir. Yaxşı cəhətdir ki, Məhəmmədəli Mustafayev bu qədər ədəbi sənədləri və materialları xüsusi qayğı və diqqətlə monoqrafiyada yerləşdirib, onları ədəbiyyatşünaslıq faktına çevirib, müxtəlif nəzəri ümumiləşdirmələr, polemik mübahisələr zəminində ədəbiyyatşünaslığımızın tədqiqat ideyalarını, metodoloji istiqamətini zənginləşdirmişdir. XIX əsr ədəbiyyatının ədəbiyyatşünaslığımızda öyrənilməsinə Məhəmmədəli Mustafayev təzkirələrdən, S.Mümtazdan və F.Köçərlidən başlayır, eyni zamanda bu prosesdə əcnəbi mütəxəssislərin – A.Berjenin, F.Bodenştedtin xidmətlərini xüsusi vurğulayır, S.Ə.Şirvaninin, M.İ.Xəyalinin, M.Müctəhidzadənin təzkirələrində XIX əsr sənətkarlarının ədəbi irsinin yerləşdirilməsinə, elmi dəyər verilməsinə diqqət yetirir. Monoqrafiyanın müxtəlif fəsillərində M.F.Axundzadə yaradıcılığının tədqiqi məsələləri ilə qarşılaşırıq. Bu da təbiidir. Ədibin zəngin ictiami-ədəbi fəaliyyətini nəzərə almadan, XIX əsr Azərbaycan ədəbiyyatının fundamental problemlərinə aydınlıq gətirmək mümkün deyil. Monoqrafiyada M.F.Axundzadə irsi daha çox diqqət mərkəzinə gətirilir, ədəbiyyatımızın Yaxın və Orta Şərqdə ədəbi ənənələrinin yaramasında, tanınmasında onun ictimai-ədəbi fəaliyyətinin ədəbi-tarixi xidmətləri daha çox qiymətləndirilir. M.F.Axundzadənin ədəbi-tənqidi yaradıcılığına, bədii irsinə, dramaturgiyasına, əlifba islahatlarına, islam dininə münasibətinə, klassik irsə, o cümlədən M.Füzuli yaradıcılığına özəl yanaşmasına monoqrafiyada yeni münasibət bildirilib, bu zaman ənənəvi təhlil vərdişlərindən fərqli elmi mövqe ifadə olunub. Ədəbiyyatşünaslığımızın ayrı-ayrı mərhələlərində XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinin konturları “XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda” monoqrafiyasında dəqiq cızılıb. Ədəbi tənqid və ədəbiyyatşünaslıq tariximizi yaxşı bilməsinin nəticəsidir ki, Məhəmmədəli Mustafayev ədəbi mərhələlərin spesifik cəhətlərini, tipoloji xüsussiyyətlərini düzgün müəyyənləşdirmiş, müxtəlif epoxalarda klassik irsin tədqiqinin obyektiv mənzərəsini yarada bilmişdir. Ədəbiyyatşünaslığımızın nəzəri problemlərinə – milli satira, realizm, dövrləşdirmə monoqrafiyada ayrıca fəsillərdə tədqiqat mərkəzinə çəkilib. XIX əsr Azərbaycan ədəbiyyatının ictaimai məzmununun genişlənməsində, yeni dəyər qazanmasında müəllif ictiami satiranın önəmli rol oynamasını xüsusi qeyd etməklə yanaşı, satirik bədii irsin M.B.Nadim, B.Şakir, Q.Zakir, S.Ə.Şirvani kimi görkəmli ədəbi şəxsiyyətlərin tədqiqi tarixini də hərtərəfli araşdırıb.

Azərbaycan realizminin yaranması, təşəkkülü və inkişaf mərhələləri bu gün də ədəbiyyat elmimizin maraq dairəsindədir. Belə ki, ədəbiyyatşünaslığımızda realizmin tarixi, təşəkkülü və mərhələləri ilə bağlı müxtəlif fikirlər səsləndirilib, maarifçi realizmin, tənqidi realizmin və sosialist realizmin sərhədlərinin dəqiqləşdiriməsi xeyli sayda mübahisələr yaradıb. 50-70-ci illərdə bu məsələ ilə bağlı Moskvada, Daşkənddə, Alma-Atada çağrılan realizm müşavirələri həmin məsələyə kifayət qədər aydınlıq gətirsə də, hələ də bu istiqamətdə mübahisə doğuran, dəqiqləşdirməyə ehtiyacı olan problemlər az deyil. Monoqrafiyada təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, türkdilli xalqlarda realizmin təzahürünün formalarına, mərhələlərinə aydın elmi münasibət formalaşdırılır, eyni zamanda bu sahədə maraqlı fikirlər səsləndirilir. “XIX əsr ədəbi irsi ədəbiyyatşünalıqda” monoqrafiyasında ədəbi dövrləşdirmə məsələləri də tədqiqat prizmasından keçirilir, dövrləşdirmənin müəyyənləşdirilən dini, elmi, fəlsəfi, coğrafi, ictimai-siyasi prinsiplərindən bəhs olunur. Sovet İttifaqı dağıdılandan sonra ittifaq miqyasında sosialist realizmi estetikasının ədəbi konsepsiyası qüvvədən düşdü. Başqa elm sahələri kimi tənqid və ədəbiyyatşünaslıq da metodologiyasını, nəzəri bazasını, elmi texnologiyalarını və konsepsiyasını yeniləşdirməli oldu. Artıq ənənəvi təhlil vərdişləri, sosioloji şərhlər işə yaramırdı. Klassik ədəbi irsə, o cümlədən müasir ədəbi prosesə qiymət və dəyər verməyin yeni forma və üsulları meydana gəlmişdir. Yenidən baxılması, müasir dəyər verməsi məsələlərdən biri də ədəbi dövrləşdirmədir. Sovet dövründə ədəbi dövrləşdirmə siyasi konyuktur üsullarla aparılmış, siyasi amillər bu prosesdə önə çıxmışdı. Müstəqillik dövründə ədəbiyyat tarixinin dövrləşdirilməsi ədəbi bir ehtiyac kimi meydana çıxdı. 90-cı illərdə AMEA-da dövrləşdirmə ilə bağlı çağrılan müşavirə və yığıncaqlar bu məsələyə də müəyyən aydınlıq gətirdi. Milli ədəbiyyat tariximizin yeni dövrləşdirilməsi ilə bağlı xeyli məsələlərə aydınlıq gətirildi. Məhəmmədəli Mustafayev monoqrafiyada bu məsələləri geniş şəkildə tədqiqata cəlb edib, XIX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirilməsini milli ədəbiyyat tarixinin mərhələ kontekstində diqqətə çatdırıb. Bütün bunlara görə qətiyyətlə deyə bilərik ki, Məhəmmədəli Mustafayevin “XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda” monoqrafiyası oxucular, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək.

 

 

Məhərrəm QASIMLI,

Filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 15 may.- S.7.