Dilarə Əliyeva-Leyla Eradze dostluğu: Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin parlaq səhifəsi

 

Görkəmli Azərbaycan kartveloloqu, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin kamil bilicisi və tədqiqatçısı, mahir tərcümələri ilə gürcü ədəbiyyatını öz xalqına tanıdan, Gürcüstanın əməkdar mədəniyyət işçisi, ömrünün son illərini doğma xalqının milli-azadlıq hərəkatı ilə bağlamış və bu yolda həyatını qurban vermiş Dilarə Əliyevanı yad edərkən onun yaxın dostu – görkəmli gürcü şairəsi, türkoloqu, gürcü-Azərbaycan ədəbi-mədəni əlaqələrinin məşhur tədqiqatçısı, kamil tərcümələri ilə Azərbaycan ədəbiyyatını Gürcüstanda təbliğ edən, Azərbaycanın əməkdar mədəniyyət işçisi, suveren dövlətinin Respublikamızda səfirliyinin açıldığı ildən mədəniyyət üzrə müşavir qismində Azərbaycana gələn və ömrünün sonuna qədər bu diplomatik missiyanı ləyaqətlə yerinə yetirən Leyla Eradzeni xatırlamaya bilmərik.

Dilarə xanımla 60-cı illərdən dostluq edən Leyla onun faciəli ölümündən bir neçə ay əvvəl mənimlə söhbətində demişdi: “Bilirsən, biz elə yaxınıq ki, mənə bir şey olsa, o, buna tab gətirə bilməyəcək”. Amma taleyin hökmü başqa cür oldu. Yadımdadır, Dilarə xanımın qırx mərasimi ilə bağlı rəsmi toplantıda iştirak etmək üçün Bakıya gələn Leyla bu itkiyə güclə tab gətirdi və ona həsr etdiyi şeiri axıra qədər oxuya bilmədi... Onların həyat yolları və yaradıcılıq fəaliyyəti o qədər yaxın idi və səsləşirdi ki, istər-istəməz ayrı-ayrı insan talelərində cazibə qanununun hökmü haqda düşünməli olursan. Gəlin diqqət edək: Onların hər ikisi Tiflisdə anadan olub. Hər ikisi şərqşünas idi və elmi-ədəbi, ictimai fəaliyyətini Azərbaycan və gürcü xalqlarının ədəbi-mədəni əlaqələrinin tədqiqi və inkişafına həsr edib. Hər ikisi orta təhsilini Tiflisdə alıb. D.Əliyeva 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini (fars bölməsi) fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında davam etdirib və eyni zamanda dövlət radiosunda çalışıb.

L.Eradze 1953-cü ildə Tbilisi Dövlət Universitetinin şərqşünaslıq fakültəsini (türk bölməsi) fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət “Dila” jurnalında poeziya şöbəsinə və dövlət radiosunda mədəniyyət şöbəsinə rəhbərlik edib. 1965-69-cu illərdə Rustaveli adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Elə bu vaxtlarda elmi işi ilə əlaqədar tez-tez Tiflisdə ezamiyyətdə olan D.Əliyeva Leyla ilə tanış olur və onda Azərbaycana maraq oyadır. Hər ikisi mənsub olduqları xalqların ədəbi əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyalarını Tiflisdə müdafiə etmişlər: D.Əliyeva 1954-cü ildə (“Azərbaycan və gücrü xalqlarının dostluğunun XIX əsr ədəbi əlaqələrində əksi” mövzusunda) 25 yaşında Azərbaycanda ilk elmlər namizədlərindən olur. L.Eradze 1971-ci ildə (“Azərbaycan yazıçıları və Gürcüstan”mövzusunda) müdafiə edir. Onun rəsmi opponentlərindən biri D.Əliyeva dəvət olmuşdur. Təbii ki, bu vaxtlardan onların şəxsi dostluğu və əməkdaşlığı daha da möhkəmləndi. L.Eradze “Qız qardaşım” adlı xatirəsində qeyd edir ki, onun müdafiəsi vaxtı Dilarə ürək xəstəliyindən yatırdı və həkimlərin etirazına baxmayaraq, Tiflisə yola düşmüşdü. Leyla onu “Təcili yardım” maşını ilə qarşılamalı olmuşdu və ilkin tibbi yardım göstərildikdən sonra Dilarə xanım birbaşa şuraya gəlmiş, opponentlik vəzifəsini yerinə yetirmişdi. Hər ikisi doktorluq dissertasiyalarını Bakıda müdafiə etmişlər: D.Əliyeva 1984-cü ildə (“Nizami və gürcü ədəbiyyatı” mövzusunda), L.Eradze 1990-cı ildə (“Gürcü-Azərbaycan ədəbi əlaqələri” mövzusunda). D.Əliyeva 1971-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun (o vaxta qədər Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri işləyirdi), L.Eradze 1981-ci ildən Rustaveli adına Ədəbiyyat İnstitutunun əməkdaşı olmuşlar. Hər ikisi mahir tərcüməçi idi: D.Əliyeva gürcü ədəbiyyatının, L.Eradze Azərbaycan ədəbiyyatının nümunələrini doğma dillərinə çevirirdi və bununla da iki xalqı bir-birinə daha da yaxınlaşdırırdılar.

D.Əliyevanın tərcümə etdiyi ədiblərdən İlya Çarçavadze, Mixeil Cavaxişvili, Konstantine Qamsaxurdiya, Çabua Amiredcibi və b. göstərmək olar. L.Erazdenin müraciət etdiyi Azərbaycan ədiblərindən C.Məmmədquluzadə, S.Vurğun, N.Xəzri, N.Həsənzadənin əsərlərini, İ.Əfəndiyevin “Söyüdlü arx”, İ.Şıxlının “Dəli Kür”, M.İbrahimovun “Pərvanə” romanlarını xüsusi qeyd etmək gərəkdir. L.Eradze xatırlayır ki, Dilarənin xarici dilləri bildiyindən xəbəri olan akademik Baramidze ondan soruşub: “Hansı dildən daha asan tərcümə edirsiz?” Dilarənin cavabı belə olub: “Mən yalnız gürcü dilindən tərcümə edirəm, çünki gürcü ədəbiyyatı doğma ədəbiyyatımdan sonra mənim ruhuma daha yaxındır”. D.Əliyeva həm də “kəşfiyyatçı” – alim idi. O, Levan Asatianidən Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının Azərbaycan tərcüməsinin olması barəsində eşitmiş və uzun sürən axtarışlardan sonra Əhməd Cavadın əlyazmasını tapıb çap etdirmişdir. Böyük səylər nəticəsində Leylanın köməyi ilə o, Gürcüstanın Əlyazmalar İnstitutunda saxlanılan “Koroğlu” eposunun gürcü versiyasını əldə etmiş, üzərində müqayisəli təhlillər aparmış və bir sıra fraqmentləri mətbuatda çap etdirmişdir (Ümumiyətlə D.Əliyevanın arxivində yatan əlyazmalar çoxdan toplanılıb mütəxəssislər tərəfindən çapa hazırlanmalı idi). Mənsub olduqları xalqların mədəniyyətlərinin yaxınlaşmasında xidmətlərinə görə hər ikisi eyni fəxri ada layiq görülmüşlər: D.Əliyeva Gürcüstanın, L.Eradze isə – Azərbaycanın əməkdar mədəniyyət işçisi idi. Bircə fərqləri var idi: Dilarə istedadlı tribun və publisist idi (bu da onun siyasi fəaliyyəti ilə bağlı idi), Leyla isə lirik şairə idi. Maraqlıdır ki, L.Eradzenin “Mənə doğmasan, Bakı” adlı şeirlər toplusunda “Vətən nəğmələri” bölməsinə “Mənim Gürcüstanım”, “Tbilisi” və s. şeirlərlə yanaşı – “Doğma Bakım mənim” şeiri, yaxud “Mənim doğmalarım” bölməsinə – “Anama”, “Qızıma” şeirləri ilə yanaşı “Dilarə” adlı poetik ithaf daxil edilmişdir. Onların hər ikisi ölkəsində başlayan dövlət müstəqilliyi uğrunda azadlıq hərəkatından kənarda qalmadılar. D.Əliyeva Azərbaycan azadlıq hərəkatının liderlərindən biri və millət vəkili kimi geniş fəaliyyətə başladı və bu yolda şəhidlik zirvəsinə ucaldı. Gürcü xalqına baş vermiş faciəli aprel hadisələri günlərində o, gürcü xalqının yanında oldu və qayıdaraq həqiqətləri öz xalqına çatdırdı. Qanlı yanvarda da o, Tiflisə üz tutdu və buradakı həqiqətləri gürcü xalqına elan etdi. L.Eradze ölkəmizdə Gürcüstanın səfirliyi açıldığı ildə mədəniyyət üzrə müşavir qismində Azərbaycana gəldi və ömrünün sonuna qədər bu diplomatik missiyanı şərəflə yerinə yetirirdi. Əslində bu missiya uzun illər ərzində onun yaradıcılığında həyata keçirilirdi, indi isə ona sanki rəsmi status verildi. Səfirlikdə işlədiyi 3 il ərzində o, “Azərbaycan-Gürcüstan” cəmiyyəti yaratdı (təəssüflər olsun ki, sonralar bunun fəaliyyəti davam etdirilmədi), respublikamızda Gürcüstanın mədəniyyət xadimlərinin qastrollarını təşkil edirdi, Qax, Marneuli rayonlarına səfərlər edirdi, mədəniyyət, maarif xadimləri ilə görüşlər keçirirdi, çox sayda müsahibə və s. dərc edirdi. Dilarənin ölümündən sonra L.Eradze, etiraf edirdi ki, “Dilarənin həyatdan faciəli getməsi mənim qanadlarımı sındırdı. Bizim ümumi ümid və arzularımıza son qoyuldu. Biz bir birimizi öz həyatımız və fəaliyyətimizlə tamamlayırdıq”.

 Lakin o, bir qanadı ilə də olsa fəaliyyətini davam etməyə çalışırdı. Azərbaycan dilində xalqın qədirbilənliyini ifadə edən “yeri görünür” idiomatik söz birləşməsi tez-tez işlənməkdədir. Bu idiom D.Əliyeva və L.Eradzenin həm mənsub olduqları xalqların elmi-mədəni, ictimai həyatında, həm iki xalqın dostluğunun inkişafındakı mövqeyini tam mənada ifadə edir.

 

 

Sara OSMANLI,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2012.- 15 may.- S.7.