“Şərq qapısı”nda tanıdığım dəyərli mətbuat xadimiunudulmaz insan

 

ƏMƏKDAR JURNALİST MƏMMƏD MƏMMƏDOVUN VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLUR

 

Məmməd müəllimlə tanışlığım bir təsadüf idi. Onu əvvəllər nə görmüşdüm, nə də qiyabi tanıyırdım. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olunmağım, əvvəllər adını dərsliklərdən, mətbuatdan və sairdən öyrənib məlumat topladığım Naxçıvan Muxtar Respublikasının paytaxt şəhərinə getmək zərurətini yaratdı.

 Əyani şəkildə təhsil aldığım üçün düz iki il burada yaşamalı idim. Amma heç bir qohum-əqrəbanın, dost-tanışın olmadığı bu regiona uyğunlaşmaq o qədər də asan deyildi. Səhərlər dərsə gedir, günorta qaldığım yataqxanaya gəlib istirahət edir, nahardan sonra isə ya universitetin “Elektron Kitabxana”sında qəzetləri mütaliə edir, ya da şəhəri gəzməyə çıxırdım. Bundan əlavə Naxçıvana gəlməzdən qabaq işlədiyim “525-ci qəzet”lə də əməkdaşlığı davam etdirirdim. Həmin vaxt Azərbaycanda parlament seçkiləri ərəfəsi olduğu üçün belə qərara gəlmişdim ki, NMR Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb muxtar respublikada seçkiyə hazırlığın vəziyyəti, görülən işlər barədə müsahibə hazırlayım. Həmin müsahibə “525-ci qəzet”də gedəndən iki gün sonra NDU-nun müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sdəri Elbrus İsayev dedi ki, universitetin rektoru, akademik İsa Həbibbəyli səninlə görüşmək istəyir. Səhərisi gün birlikdə rektorun qəbulunda olduq. İsa müəllim mənimlə tanışlıq xarakterli söhbət aparandan sonra hökumət telefonu ilə kiməsə zəng etdi. Dəstəyin o biri tərəfindəki tanımadığım adama xitabən, – “Məmməd müəllim, salam! Sənin yanına bir magistr tələbəmi göndərirəm, jurnalistdir. Yazılarına baxarsan, səni qane etsə, əməkdaşlığa cəlb edərsən” – deyib sağollaşdı. Mənə isə tapşırdı ki, “Təbriz” mehmanxanasının yanındakı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Şərq qapısı” qəzetinin redaksiyasına gedim. Təbriz küçəsi 1 ünvanında yerləşən redaksiyaya gəlib özümü təqdim etdim və Məmməd müəllimi soruşdum. Hündür boylu, orta yaşlı bir qadının müşayiəti ilə yuxarı başdakı otağın qarşısına gəldik. Qapının üzərindəki “Baş redaktor” yazısını oxuyanda anladım ki, bayaq İsa müəllimin telefonla danışdığı adam qəzetin rəhbəriymiş. İçəri keçib ortaboylu, 40-45 yaşlarında istiqanlı bir adam olan baş redaktorla görüşüb xeyli söhbət etdik. Beləcə, əməkdar jurnalist Məmməd Məmmədovla tanışlığımız yarandı. Çox keçmədi ki, mən onun rəhbərlik etdiyi yaradıcı kollektivin bir üzvünə çevrildim. İşində məsuliyyətli və tələbkar insan olan Məmməd müəllim mənim üçün sadəcə işlədiyim qəzetin rəhbəri deyildi. O, yaxşı tanımadığım bu regionda etibar etdiyim, güvəndiyim, doğmalarım kimi hər an üzərimdə qayğısını hiss etdiyim yaxınım idi.

 Məmməd müəllim rəhbərlik etdiyi kollektivin təəssübünü çəkən adam idi. Yaradıcı və texniki heyətlə bərabər iyirmiyə yaxın üzvü olan kollektivdə heç kimə qarşı hörmətsizlik, ayrıseçkilik etməzdi. Hamının dərd-səri ilə maraqlanıb imkanı çatan qədər köməklik edərdi. Hətta bəzən kollektivin hansısa bir üzvünün qarşılaşdığı problemə bağlı bu və ya digər dərəcədə ona kömək edə bilməyəndə bunu ürəyinə salıb özünə dərd edərdi. İş yoldaşım Rəmziyyə xanımın qızının ürəyində anadangəlmə qüsur olmasını tez-tez xatırlayıb, ona necə kömək etməyin yollarını axtarması, gümanı çatan adamlardan zəng edib bu barədə xahiş etməsi yaxşı yadımdadır. O, kollektivin nə xeyir işindən, nə də şər işindən qalmazdı. İşçilərinin dolanışığını da təmin etmək üçün dəridən-qabıqdan çıxardı. Məsələn, bəzilərindən fərqli olaraq, Məmməd müəllim heç kimin qazancına göz dikməzdi. Təbii ki, burada qazanc deyəndə işçilərin maaşı və qonorarı nəzərdə tutulur. Əksinə Məmməd müəllim hər gün redaksiyaya gələn bütün elanların pulunu qəzetin bankdakı hesabına köçürtdürər, ayın sonunda yığılan məbləğə uyğun olaraq yüksək qonorar yazar, əlavə mükafatlar verərdi. Beləliklə işçisini redaksiyaya, işinə daha sıx bağlayardı. Bunun müqabilində işçisindən yalnız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi tələb edərdi. Məmməd müəllimin ədalətsizliklə, yalanla, şər-böhtanla arası yox idi. Özü düz adam olduğu üçün heç nədən çəkinmədən, mərdi-mərdanə, cəsarətlə düzü-düz, əyrini-əyri deməyi bacarırdı. Məhz bu xarakterinə, iti qələminə görə Naxçıvanda tutduğu vəzifə ilə vidalaşan məmurlar da olmuşdu. Bəzən hansısa nazirliyin tədbirində özümüzə qarşı kobudluq hiss edirdik. Redaksiyaya qayıdanda tədbirin necə keçməsi ilə maraqlanan Məmməd müəllim narahatlığımızı duyar, vəziyyəti öyrənən kimi hökumət telefonu ilə əlaqə yaradıb birbaş nazirə iradını bildirərdi. Əslində o, bu xarakterinə görə düşmən də qazanmışdı özünə. Amma yenə də heç nədən çəkinmirdi. Bu barədə söhbət düşəndə – “Tutduğu vəzifədən asılı olmayaraq kimsə haqsızlıq etməkdən, yalan danışmaqdan utanıb-çəkinmirsə, mən niyə düz sözü deməkdən, haqlı addım atmaqdan çəkinməliyəm?” – deyə cavab verərdi. Məmməd müəllim əməksevər, torpağa bağlı adam idi. Gərgin işləməsinə rəğmən hətta gecə saat 11-12-yə kimi redaksiyada olardı. Baş redaktor müavini, məsul katib, məsul katib müavini və növbətçi müxbir olmasına rəğmən, özü bilavaitə qəzet səhifələrinə nəzər salar, material çap edilmək üçün nəşriyyata təhvil veriləndən sonra evinə gedərdi. Səhər də hamıdan birinci gəlib təzə çıxan qəzetin ilk oxucusu olar, yeni nömrədə gedəcək materialların redaktəsini edərdi. O, yaradıcılıqla yanaşı, təsərrüfat işlərindən də böyük zövq alırdı. Hər şənbə günü keçirilən iməcilikdə fəallığı ilə gənclərdən də seçilirdi. Onu iməcilikdə əlləri cibində işçilərdən kiməsə göstəriş verən görməmişdim. Bəzən iməciliyə rəsmi tədbirdən çıxıb gəlirdi.

 Bu zaman əynindəki pencək şalvara, qalstuka, ağ köynəyə əhəmiyyət vermədən gah ağacların dibini belləyər, onları budayıb suvarar, gah da işçilərlə birgə yerə tökülən yarpaqları yığışdırardı. Məmməd müəllim 2007-ci ilin əvvəllərində öz istəyi ilə tutduğu vəzifədən kənarlaşdırılıb Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri təyin olunmuşdu. Elmi işlə məşğul olur, paralel şəkildə “Azərbaycan”qəzetinin Naxçıvan üzrə bölgə müxbiri kimi regionda həyata keçirilən dövlət siyasətini yüksək səviyyədə təbliğ edirdi. Öz yazıları ilə Azərbaycana, onun xalqına, dövlətçiliyinə sədaqətini nümayiş etdirirdi. Məhz bu anlardan etibarən onunla mənim aramdakı münasibətlər dostluq müstəvisinə keçdi. Bəlkə də kimsə yaşıma görə fikirləşəcək ki, Məmməd müəllim hara, sən hara, dostluq hara. Ancaq onu tanıyan hər bir kəs yaxşı bilirdi ki, Məmməd müəllim hamı ilə, xüsusən də gənclərlə ünsiyyətdən, dostluqdan zövq alırdı. Hələ öz yetirmələri saydığı Elxan Yurdoğlunun, Rəşad Zülfüqarovun, Elmar Hüseynovun, Fariz Yunislinin, Türkanə Bəylərlinin, Elmir Şirinovun, Fərid Hacıyevin, Sara Əzimovanın, Rahil və Sahil Tahirli qardaşlarının nailiyyətlərini gördükcə lap çox sevinərdi. Əməkdar jurnalist Cəfərqulu Paşayevlə, publisist-şair Allahverdi Aqillə, tələbəlik dostu Kərəm Həsənovla birgə mütəmadi olaraq sevimli məkanı Əcəmi seyrəngahında görüşər, yetirmələrindən bəzilərini də ətrafına toplayıb çay süfrəsi arxasında qızğın mübahisələr edərdi. Ailə həyatı quranda olduğu kimi, hərbi xidmətə gedəndə də mənə xeyir-dua verənlər sırasında Məmməd müəllim öndə dayanırdı. Övladlarını əsgərliyə yola salan valideynlərimlə bərabər, o da həyəcan keçirirdi. Hərbi xidmətdə olduğum bir il ərzində elə ay olmurdu ki, Məmməd müəllimlə zəngləşib hal-əhval tutmayaq. Səmimi dostluq üzərində qurulan bu münasibətlər hərbi xidmətdən sonra daha da genişlənərək ailəvi dostluq münasibətlərinə çevrilmişdi. Bakıya gələn kimi mütləq görüşüb dərdləşərdik. Yazı-pozu adamı kimi ondan dəyərli məsləhətlər alardım. Məmməd müəllim heç vaxt ad gününü təm-təraqla qeyd etməzdi. Amma nədənsə, 2012-ci ildə 50 illik yubileyini yüksək səviyyədə keçirməyi çox istəyirdi. Sanki əlli illiyində özü-özünə bir hesabat da verəcəkdi. Bu məqsədlə ictimai-siyasi, publisistik yazılardan ibarət yeni-yeni kitablar nəşr etdirirdi.

“Heydər Əliyev çörəyi”, “Siyasətdə Naxçıvan dərsləri”, “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”, “Mənim qəzetli dünyam”, “Şərqin qapısı Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər”, “Naxçıvan kiçik Azərbaycandır”, “Ömrümün qırxıncı baharı”, “Mənim həyat məktəbim” kimi kitablarla özünü oxuculara daha yaxından tanıtdırırdı. Bununla yanaşı, rəhbərlik etdiyi qəzetin də işini axsatmırdı. Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı”nı mərkəzdəki “Azərbaycan” qəzeti ilə eyni səviyyəyə gətirmək, onu region mətbuatı səviyyəsindən çıxarmaq üçün min cür əziyyətə qatlaşardı. “Şərq qapısı”na əlavə kimi qəzet içində qəzetlər nəşr etdirərdi. Ədəbiyyat istiqamətli “Gəmiqaya”, tarix yönümlü “Nəqşicahan”, muxtar respublikanın flora və faunasından bəhs edən “Naxçıvan təbiəti” əlavələri “Şərq qapısı” auditoriyası tərəfindən rəğbətlə qarşılanırdı. Muxtar respublikanın hüdudlarını aşan “Şərq qapısı” paytaxt Bakıda, həmçinin də regionlarda oxuculara Naxçıvan barədə əsl həqiqətləri çatdırırdı. Hərdən bu qədər tələskənliyinin, əziyyət çəkməsinin səbəbini soruşanda, zarafatla, – “Birdən ölüb-eləsəm məndən yadigar qalan gördüyüm işlər, yaxşı ad-san, ölkəmə, dövlətimə olan sədaqətim və birbu kitablar qalacaq. Mənim bu həyatdakı qazancım ailəm və sadaladığım amillərdir. Bundan başqa heç nə mənim üçün əhəmiyyətli deyil. Bax bu cür əhval-ruhiyyə ilə də 50 illik yubileyimi qeyd edə bilsəm, özümü xoşbəxt adam sayaram”, – deyərdi. Lakin təəssüf ki, Məmməd müəllimə bu günü görmək nəsib olmadı. 2011-ci ilin may ayının 21-də günortaya yaxın Naxçıvandan zəng edən gənc həmkarlarımdan biri Məmməd müəllimin avtomobil qəzasına düşdüyünü, ağır yaralandığını bildirəndə sarsıldım. Key kimi telefonun o biri başındakı adama nə deyəcəyimi, ondan nə soruşacağımı xatırlaya bilmədim. Gözlərim qarşısında yalnız Məmməd müəllimin mehriban, gülərüz çöhrəsi canlandı. Qulaqlarımda isə onun hər dəfə zəngləşəndə Naxçıvan ləhcəsi ilə zarafatla dediyi, – “Ə, Rufiiik. Heç arıyıb axtarmırsan bizi. Belə də vəfasızlıq olaaar?” – kəlmələri səsləndi. Həmin gün hər şeyi unudub ancaq Naxçıvanla təmas qurur, Məmməd müəllimin vəziyyətini, hadisənin təfərrüatlarını öyrənirdim. Onun yüksək sürətlə maşın sürmədiyini bildiyimdən, güman edirdim ki, yəqin hansısa mərdimazarın diqqətsizliyi ucbatından belə bir hadisə baş verib. Amma sonra məlum olacaqdı ki, adəti üzrə şənbə iməciliyindən evə qayıdan Məmməd müəllim atasını, həyat yoldaşını və kiçik oğlunu da götürüb ata yurdundakı bağda səliqə-sahman yaratmağa gedirmiş. Qəflətən sükan arxasında infarkt keçirib. Səhhətində yaranan dəyişiklik nəticəsində onun ayağı qaz pedalına daha bərk sıxılıb və avtomobil idarəetməni itirib. Qarşı yola çıxan minik maşını Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonunun Çərçoboğan kəndinə dönəcəyindəki yanacaqdoldurma stansiyasının divarına çırpılıb. Qəza nəticəsində Məmməd müəllimin atası Yarəli Məmmədov yerindəcə keçinib. Onun özü də xəstəxanaya çatdırılandan bir müddət sonra dünyasını dəyişib. Məmməd müəllimin həyat yoldaşı və kiçik oğlu da ağır vəziyyətdə Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyatından sonra ana və balanın həyatını xilas etmək mümkün olub. İndi həmin faciəvi hadisənin üzərindən bir il keçir. Ötən bu müddət ərzində elə bir anım olmayıb ki, Məmməd müəllim xatırlanmasın. “Şərq qapısı”nda çalışan həmkarlarımdan, yaxud da Məmməd müəllimi tanıyanlardan kiminləsə danışanda, onun ruhuna rəhmət oxumaqla yanaşı, mütləq xeyir əməllərindən də söhbət açılır.

Beləcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri, tarix elmləri namizədi, dosent, Azərbaycanın və Naxçıvanın Əməkdar jurnalisti, Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə bölgə müxbiri Məmməd Məmmədov faydası toxunan insanların, onu sevənlərin, ən əsas da dostlarının və tələbələrinin ürəyində əbədi olaraq yaşayır.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2012.- 15 may.- S.6.