Qorxmaz Hüseynov:
“Bakının Master Planını
hazırlayırıq”
Açıq
Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan
Partiyasının saytına müsahibə verib. Q.Hüseynov
bildirib ki, dövlət büdcəsindən su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulmasına
ayrılan vəsaitlərin həcmi ilbəil artır.
Müsahibəni ixtisarla oxuculara təqdim edirik.
–
Hazırda dövlət proqramları çərçivəsində
həm Bakı şəhəri və onun qəsəbələrində,
həm rayon mərkəzlərində, həm də kəndlərdə
mühüm layihələr həyata keçiririk. Bakı
şəhərində su və kanalizasiya sisteminin
inkişafı ilə bağlı biz əsasən mövcud
kommunikasiyaların təmiri istiqamətində işlərimizi
aparırıq. Eyni zamanda, Bakıətrafı kənd və qəsəbələrdə
layihə və tikinti işləri həyata keçirilir.
Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin təqribən
1 il əvvəl təsdiqlədiyi “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”
çərçivəsində Bakıətrafı kəndlərin
və qəsəbələrin su təchizatı və
kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması nəzərdə
tutulub. 2011-ci ildən başlayaraq bu istiqamətdə bir
sıra layihələr həyata keçiririk və ölkəmiz
üçün çox böyük bir proqramı icra
edirik.
İlkin
olaraq 2012-ci ildə yay aylarında paytaxtımızda və ətraf
ərazilərdə əhalinin su təchizatını
yaxşılaşdırmaq üçün ən vacib tədbirləri
həyata keçiririk. Maksimum proqramlar olaraq isə layihələr
hazırlanır və həmin layihələr üzrə
şəbəkələrin, su və kanalizasiya sistemlərinin
qurulması işləri həyata keçiriləcək. Bu
işlərin başlanğıcı kimi, ən vacib məsələlərdən
biri olan böyük Bakının Master Planını
hazırlayırıq. Burada təkcə Bakının deyil, həm
də, ətraf kənd və qəsəbələr, hətta
Sumqayıt şəhəri və Abşeron rayonunun mövcud
şəbəkəsi və perspektiv inkişafı nəzərə
alınır. 2011-ci ilin sonundan işlərə start verilib və
ötən həftə Master Planın ilkin təqdimatı
oldu. Başqa sözlə, Planın birinci mərhələsinin
hazırlanması başa çatdı və onun təqdimatı
keçirildi. Doğrudan da görürük ki, Bakı şəhərinin
su və kanalizasiya sisteminin kompleks həlli üçün bu
Master Plan çox əhəmiyyətli bir sənəddir. Yəni,
biz artıq burada Bakı şəhərində yerləşmə
planına, şəhərin hündürlük səviyyəsinə
görə neçə zonadan ibarət olduğunu, hər
zona üzrə əhalinin yerləşmə
sıxlığını görə bilirik. Master Planın
son variantı hazır olanda, 2035-ci ilə qədər
inkişaf perspektivi nəzərə alınmaqla “Azərsu”
ASC-nin hansı işlər görəcəyini proqram şəklində
təsdiq edəcəyik. Orada həmin işin layihəsi, eləcə
də büdcəsi yer alacaq.
Hazırda
Bakı şəhərinin əsasən mövcud şəbəkələri
üzərində maksimum işlər aparmağa
çalışırıq ki, yay aylarında insanların su
təminatı ən azından ötən ilkindən
yaxşı olsun. Bir sıra tədbirlər artıq öz həllini
tapıb. Belə ki, “+160 Şimal” anbarından çəkilən
yeni su xətti Binəqədi və Nəsimi rayonları ərazisindəki
mikrorayonlarda, Azadlıq prospekti boyunca demək olar ki, 40 minə
qədər insanın fasiləsiz rejimdə su təminatına
imkan verir. “+110 Şərq” anbarının yenidən
qurulması, orada suyun anbara girişi və anbardan
çıxışının səmərəli tənzimlənməsi
istiqamətində işlər aparılır....
Son
vaxtlar Bakıda aparılan abadlıq işləri ilə
bağlı hətta əvvəlcədən nəzərdə
tutmadığımız işləri də həyata
keçirmişik. Xüsusilə “Avroviziya” mahnı müsabiqəsi
ilə əlaqədar yolların asfaltlanması zamanı
fürsətdən istifadə edərək həmin
küçələrdən keçən köhnə,
yararsız və kiçik diametrli xətləri yeniləri ilə
əvəz etmişik.
–
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nda, regionlarda infrastruktur layihələrinin
icrası ilə bağlı işlərin icrası nə yerdədir?
–
Bakı şəhəri və Abşeron yarımadasında 54
kənd və qəsəbə var ki, bu gün onların 40-a qədərində
içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən
mövcuddur. “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nda bu məsələlərin
hamısı öz əksini tapıb və hər bir qəsəbə
üçün konkret tədbirlər müəyyənləşib.
Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə,
Türkan, Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş
su təchizatı sisteminə qoşmaqla onların hər
birində şəbəkə yaratmaq niyyətindəyik.
Yaşayış massivlərinə fasiləsiz su vermək,
suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət
edilməsi məqsədilə Bakıətrafı qəsəbələrdə
ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi
planlaşdırılır və artıq Balaxanı, Məhəmmədi,
Zirə qəsəbələrində onların tikintisinə
başlanılıb.
– “Azərsu”
ASC regionlarda da iri layihələr həyata keçirir və
onların icrasında beynəlxalq maliyyə qurumları ilə
əməkdaşlıq edir. Bu barədə məlumat verməyinizi
xahiş edirik...
– Əksər
rayonlarda bu istiqamətdə layihələr başlayıb. Bir
çox rayonlarda layihələrin həyata keçirilməsi
üçün tədbirlər görülür. 2011-ci ilin
büdcəsinə dəyişikliklər təsdiqlənərkən
“Azərsu” ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait
hesabına qısa müddətdə 11 şəhərdə
(Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli,
Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və
Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması və tikintisinə başlanıldı. Çox
qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində
adıçəkilən şəhərlərdə işlərin
20-25 faizi keyfiyyətlə yerinə yetirildi və hazırda
işlər davam etdirilir.
Ağdaş
və Göyçay şəhərlərində işlərin
birinci mərhələsi artıq başa çatıb və
ikinci mərhələ üzrə işlərə
başlanılıb. Beyləqan, Balakən və Ağcabədidə
isə tender prosedurları davam edir. Almaniya İnkişaf
Bankının (KfW) maliyyə dəstəyi ilə Şəki
və Gəncə şəhərlərində işlər
uğurla həyata keçirilir. Dünya Bankı ilə
bağlanmış kredit sazişi Şamaxı, Qəbələ,
Saatlı və Sabirabad şəhərlərini əhatə
edir. Şamaxı və Qəbələdə işlərin
müəyyən hissəsi görülüb. Saatlı və
Sabirabaddakı layihələrimizin tenderi yekunlaşıb, bu
yaxınlarda işlərə başlanması nəzərdə
tutulur.
Astara,
Samux, Tərtər, Qazax, Daşkəsən və Gədəbəy
şəhərlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihələri İslam
İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək.
İlin
sonuna qədər isə Qobustan, Bərdə, Yevlax və
Naftalanda işlərə başlamağı hədəfləmişik.
Bunlardan başqa Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi və Səudiyyə İnkişaf Fondu su təchizatı
və kanalizasiya layihələrinə vəsait ayıracaq.
Qeyd edim ki, bu 2 qurum regionlarda yox, Abşeronda layihələrin
icrasına vəsait yönəldəcək. Belə ki,
Kürdəxanı qəsəbəsinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidənqurulması, həmçinin
Pirşağıda Çirkab Sutəmizləyici Qurğunun
inşası Koreya Agentliyinin, Səbail rayonunun 20-ci Sahə və
ona bitişik ərazilərdə, həmçinin
Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin
yenidənqurulması isə Səudiyyə Fondunun maliyyəsi
ilə reallaşacaq.
Respublikanın
rayonları ilə bağlı “Azərsu” ASC-dən başqa
“Meliorasiya və su təsərrüfatı” ASC-nin sifarişi
ilə Dünya Bankının maliyyəsi hesabına 8, Ərazilərin
Yenidən Qurulması və Bərpası üzrə Agentliyin
sifarişi əsasında isə dövlət büdcəsi vəsaiti
hesabına 6 rayon mərkəzində layihələr həyata
keçirilir. Artıq 40-dan çox rayonda bu işlər
başlayıb və bir neçə şəhərdə
işlərin birinci mərhələsi başa çatıb.
Yerdə qalan rayonlarda isə düşünürəm ki, bu
ilin sonuna qədər layihələrə start veriləcək.
–
Ölkə başçısı bəyan edib ki, Azərbaycan
vətəndaşları keyfiyyətli su ilə təmin
olunmalıdır. Bununla bağlı hansı layihələr həyata
keçirirsiniz?
– Cənab
Prezident 8 sentyabr 2011-ci ildə Ceyranbatanda yeni ultrasüzgəcli
sutəmizləyici qurğunun təməl qoyma mərasimində
“Su həyatdır, təmiz su sağlam həyatdır” deməklə
bizə istehlakçıların təmiz və keyfiyyətli
su ilə təmin olnması tapşırığını
verdi. Bu tapşırığı icra etmək
üçün biz hərtərəfli araşdırma
aparmışıq və ilk növbədə mənbələrin
düzgün seçimi məsələsini qarşımıza
qoymuşuq. Artıq müəyyən nəticələrimiz də
var. Məsələn, əvvəllər işlənmiş
layihələrdə Ucar və Zərdab şəhərlərinin,
həmçinin yaxınlıqdakı kəndlərin su təchizatının
Kür çayından aparılması nəzərdə
tutulmuşdu, amma sonradan o layihələrə dəyişiklik
etdik. İndi həmin şəhərlərə və ətraf
kəndlərə Kürdən yox, Girdmançaydan qidalanan
Külüllü mənbəyindən ən yüksək
standartlara uyğun su veriləcək. Qeyd edim ki, hazırda
Külüllüdən Ucar, Zərdab və Kürdəmirə
magistral kəmərlər çəkilir.
Suyun
nəqli, anbarlara toplanması və əhaliyə
çatdırılması zamanı bütün sanitar
normalara əməl edilməsini də nəzərdən
keçiririk. Burada başlıca faktorlardan biri suyun
mikrobakterioloji zərərsizləşdirilməsi zamanı ən
müasir və insan həyatı üçün daha təhlükəsiz
metodlardan istifadə etməyi qərar almışıq.
2013-cü ildə bu işlər tam başa
çatdırılacaq.
“Azərsu”
ASC-nin Mərkəzi Laboratoriyası Avropanın və digər
ölkələrin laboratoiyaları ilə eyni hüquqa malik
olacaq və bizim laboratoriyadakı analizlərimiz
dünyanın hər yerində qəbul olunan nəticələr
sayılacaq. Qeyd edim ki, burada suyun 75-ə qədər
parametrini müəyyən edə biləcəyik, hansı ki,
indi suyun 35 parametrini müəyyən edirik.
–
Qorxmaz müəllim, aprelin 16-da cənab Prezidentin rəhbərliyi
ilə keçirilən müşavirədə su təchizatı
və kanalizasiya sahəsinin perspektivlərindən
danışıldı və ölkə
başçısı şəhərlərlə
yanaşı kənd və qəsəbələrdə də
işlərin görülməsinin vacibliyini bildirdi...
– Cənab
Prezidentin bu məsələni vurğulaması bizim
üçün çox əhəmiyyətlidir.
Çünki bu gün respublikanın bütün bölgələrində
layihələr həyata keçiririk. Burada əsas məsələ
su mənbələrinin düzgün seçilməsidir.
Bundan sonra biz layihəyə uyğun onun hesabatını
aparırıq. Amma cənab Prezidentin bu fikirlərindən
sonra bu layihələrə yenidən baxmağa
başlamışıq. Bütün rayon mərkəzləri
üçün müəyyənləşdirdiyimiz mənbələrin
imkanları yenidən təhlil olunur. Əsas diqqət ona
yönəldilir ki, həmin mənbələr hesabına gələcəkdə
daha hansı kəndləri və qəsəbələri su ilə
təmin edə bilərik. Bununla yanaşı, mənbələrdən
şəhərlərə çəkilən magistral xətlərin
layihələndirilməsi və tikintisində iri diametrli
borulardan istifadə etməyi planlaşdırırıq ki, gələcəkdə
ətraf kəndlərin su təminatını da aparmaq
mümkün olsun. Bəri başdan görüləcək bu
işlər gələcəkdə yeni yaşayış məntəqələrinə
su verilərkən əlavə xərclərin
qarşısını alacaq.
Bizim
bir layihəmiz var, kəndlərin su təchizatında
mühüm əhəmiyyət daşıyan layihədir.
– Mətbuatdan
da məlumdur ki, “Azərsu” ASC həyata keçirdiyi layihələrdə
yeni texnologiyalardan istifadə edir. Bunu tətbiq və istismar etmək
üçün kadr potensialının gücləndirilməsinə
ehtiyac var. Bu məsələ necə həll olunur?
– Bu
məsələ “Azərsu” ASC-nin diqqət mərkəzindədir.
Çünki biz böyük layihələr həyata
keçiririk və bu layihə işlərində ən son
texnologiyaların tətbiqinə çalışırıq.
Bu o deməkdir ki, həmin layihələr başa
çatdıqdan sonra yeni texnologiyaları idarə edən
kadrlar olmalıdır. Söz yox ki, Səhmdar Cəmiyyətin
hazırki kadr potensialı bu tələblərə cavab
vermir. Tikinti işləri aparılan müddətdə
kadrların hazırlanması işi də aparılmalıdır.
Bunun üçün xüsusi proqramlarımız var. Yeni Kadr
hazırlığı şöbəsi, Təlim Tədris Mərkəzi
yaratmışıq. İşə cəlb etmək istədiyimiz
insanlar ixtisas və məntiqi təfəkkür testlərindən
keçirilir və uyğun gələnlər işə
götürülür. Yeri gəlmişkən, yeni tədris
mərkəzini inşasına qərar vermişik. Bunun
üçün vəsait də nəzərdə tutulub,
hazırda layihə işləri başa çatmaq üzrədir.
Düşünürəm ki, gələn ilin birinci
rübündə tədris mərkəzinin inşasını
başa çatdıra biləcəyik.
Kadr
məsələsi ilə bağlı digər layihələrimiz
də var. Nəzərdə tuturuq ki, ölkənin 4 bölgəsində
təcrübə mərkəzləri yaradaq. Mərkəzlər
kompleks infrastrukturu olan şimal, cənub, qərb və şərq
bölgələrini əhatə edəcək. Qonşu
rayonlarda işləyənlərin Bakıya ezam olunmasına
ehtiyac qalmayacaq, onlar həmin mərkəzlərdə təcrübə
keçəcəklər.
Digər
bir məsələni də diqqətinizə
çatdırım ki, “Azərsu” ASC xarici maliyyə
qurumları ilə reallaşdırılan layihələrdə
kadr hazırlığı məsələsini də önə
çəkir və artıq bəzi layihələrdə bu məqsədlə
vəsaitin ayrılmasına, yerli kadrların xarici ölkələrə
ezam olunmasına nail olmuşuq.
525-ci qəzet.-
2012.- 15 may.- S.6.