Elmira Axundova: “Yeni qanunda cavanlar,
gənc ailələr üçün
müəyyən imtiyazlar nəzərdə
tutulacaq”
Müsahibimiz Milli Məclisin (MM)
Sosial siyasət komitəsinin üzvü Elmira
Axundovadır
– Elmira xanım, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsinin taleyi nə yerdədir? Bu yöndə konkret hazırlıq işlərinə başlanılıbmı?
– Artıq bu barədə qanun layihəsi hazırlanmağa başlayıb. Qeyd edim ki, bu qanunun hazırlanması təşəbbüskarı da mən özüməm. Üç ilə yaxın idi ki, mən bu qanunun labüdlüyünü parlamentdə qaldırırdım. Mən həm mətbuatda, həm qanunvericilik orqanında , həm də başqa instansiyalarda bu məsələni çox ciddi qaldırmışdım və şükürlər olsun ki, bu illəri nəhayət komitəmizin sədri Hadi müəllim də, mən də rəhbərliyi inandıra bildik ki, bu qanun lazımdır.
Onu da deyim ki, bu, bir az çətin qanundur, çünki maliyyə tutumlu qanundur və bildiyiniz kimi, maliyyə tutumlu qanunlarda bir az problemlər olur. Lakin biz buna nail olduq. Mən çox sevinclə deyə bilərəm ki, biz artıq bu qanun üzərində işləyirik və orada bir çox lazımlı – cavanlar , gənc ailələr üçün lazım müddəalar mütləq həyata keçiriləcək. Yəni, onların həm işə götürülməsində , həm ipoteka məsələsində, həm təhsil və sair məsələlərdə müəyyən imtiyazlar öz həllini tapacaq. Biz çox yəqin ki, ya payızda , ya da gələn ilin yazında bu qanunun müzakirəsinə başlayacağıq.
– Burada hansı ölkələrin təcrübəsi öyrənilir və ya öyrəniləcək?
– Biz hələ dünya təcrübəsini yeni öyrənməyə başlamışıq. Müəyyən ölkələrdə belə qanunlar var. Misal üçün Rusiyada belə bir var. Onlarda əsasən mənzil məsələsində cavanlara çox böyük güzəştlər var. Bundan başqa , belə bir qanun Qazaxıstanda var, orada bu yöndə ayrıca qanun mövcuddur. Yəni, biz bu məsələ ilə bağlı MDB məkanına daxil olan ölkələrin təcrübəsini artıq öyrənirik və oradan özümüz üçün maraqlı müddəaları götürürük .
Eyni vaxtda müəyyən dövlət qurumları ilə də iş aparılır, danışıqlar aparılır. Çünki sabah qanun çıxanda onlar tərəfindən etiraz olmasın ki, nəyə görə biz bu işlə məşğul oluruq. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, İdman və Gənclər Nazirliyidir, Maliyyə Nazirliyidir və sair, biz mütləq bu qanunu bəzi müddəalarını onlarla tutuşdurmalıyıq ki, problem çıxmasın, konflikt yaranmasın.
– Konkret olaraq, hansı ölkənin modeli bizim üçün daha məqbuldur və ya məqbul ola bilər?
– Mən deməzdim ki, hansısa ölkənin modeli bizim üçün tam məqbuldur, çünki hər bir ölkənin öz xüsusiyyətləri var. Misal üçün genefond məsələsi var. Qızla oğlan münasibətləri, ailə münasibətləri, bu, hər bir ölkədə ayrı cürdür.Bilirsiniz ki, Rusiyada genefond məsələsi çox ciddi durur. Yəni, onlarda ailə məfhumu, demək olar ki, dağılmaq üzrədir. Orada çox ağır bir vəziyyətdədir. Onlarda boşanma halları da həddindən artıq çoxdur.
Çox vaxt olur ki, insanlar ailə qurmadan, nigaha girmədən bir yerdə yaşayırlar. Təəssüflər olsun ki, artıq bizdə də bu problemlər var. Amma yenə də deyirəm, hər bir millətin , cəmiyyətin öz xüsusiyyətləri var. Ona görə də biz bu məsələyə bir prizmadan baxmamalıyıq. Ancaq mənə elə gəlir ki, hazırlayacağımız qanun çox maraqlı qanun olacaq və bu, bəlkə də ən lazımlı qanunlardan biridir...
KAMİL
525-ci qəzet.- 2012.- 15 may.- S.5.