İnqrid Delterne: “Avropa Yayımlar Birliyinin
imicinə xələl gələcəyinə inanmıram”
Mayın
axırlarında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi
keçiriləcək. Bu ölkəni insan
hüquqlarının pozulmasına görə tez-tez tənqid
edirlər. Xanım İnqrid Delterne “Eurovision” mahnı
müsabiqəsini təşkil edən Avropa Yayımlar
Birliyinin rəhbəridir. O, “Şpigel-onlayn”a verdiyi müsahibədə
müsabiqənin keçirilməsi yerinin seçimini əsaslandırır
və xəbərdarlıq edir ki, bu müsabiqəyə siyasi
don geydirilməsi onu məhv edə bilər.
–
Xanım Delterne, “Eurovision” mahnı müsabiqəsini təşkil
edən Avropa Yayımlar Birliyinin (EBU) Baş Assambleyası
2010-cu ildə Azərbaycanda jurnalistlərin həbs edilməsini
və qorxudulmasını pisləyən, Azərbaycanın
hakimiyyət orqanlarını bu cür hüquq pozuntularına
qarşı tədbirlər görməyə
çağıran qətnamə ilə
razılaşmışdı. İki ildən sonra həmin tələblər
təmin edilmişdirmi?
–
Jurnalistlərin qorxudulması, əvvəllər olduğu
kimi, indi də davam edir və hələ çox iş
görülməlidir.
– Bu
qətnamənin az da olsa, səmərəsi olmuşdurmu?
– Müsbət səmərəni nə ilə ölçmək olar? Keçən həftənin çərşənbə günü biz burada, Cenevrədə Azərbaycanda KİV azadlığı mövzusunda konfrans keçirmişdik. Həmin konfransda Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun təmsil etdiyi hökumətin Azərbaycanın və xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə bir stol arxasında əyləşməsi və hər bir mühüm problemi müzakirə etməyə hazır olması faktının özü dialoqa başlamaq arzusunun böyük olmasına dəlalət edir. Dialoq isə həmişə düzgün istiqamətdə ilk yaxşı addımdır.
– İştirakçılar buna
başqa cür
baxırlar. Məsələn, “Human Rights
Watch” bəyan edir ki, siz tribunanı
hökumətə təqdim
etmisiniz. Onlar iddia edirlər
ki, Avropa Yayımlar Birliyi “Azərbaycanda söz azadlığı sahəsində
vəziyyətin pisləşməsi
barədə hər hansı birbaşa və dəqiq şərh verməyib”, bu isə EBU-nun həmin prinsiplərə sadiq olmasına şübhə oyadır.
Azərbaycanlı hüquq müdafiəçisi
Rəsul Cəfərovun
dediyinə görə,
onda elə təsəvvür yaranır
ki, Avropa Yayımlar Birliyi Azərbaycan hökumətinə
işləyir.
– Mən bunu başa
düşə bilmirəm.
Mənim
üçün vacib
olan hökumətin orada iştirak etməsi idi, çünki bu fakt tədbirin əhəmiyyətini və
effektivliyini tamam başqa səviyyəyə
qaldırır. Nəticədə
hökumət dedi ki, tənqidi mövqe tutan jurnalist Xədicə İsmayılovaya qarşı
onu hörmətdən
salmaq kampaniyasını
“biabırçılıq” hesab edir və
məmurlar vəziyyəti
aydınlaşdırmaq üçün
nə mümkündürsə,
hamısını edirlər.
Biz həm də Milli Yayım Şirkəti – Azərbaycan
İctimai Televiziyası
(İTV – “Vestnik Kavkaza”)
ilə konkret iş barədə razılığa gəlmişik.
Buraya, məsələn, proqramlarda
fikir plüralizmini inkişaf etdirmək yolları barədə bizim aparacağımız
ustad dərsləri daxildir.
– Öyrətmək barədə
bu ideya hələ 2010-cu ildə
EBU-nun qətnaməsinə daxil edilmişdi. Burada söhbət Azərbaycan hökumətinin hər gün, sadəcə, təkrarladığı minimal standartlar və bəyanatlar barədədir.
–Xeyr, bu tədbirlər
həqiqətən həyata
keçiriləcək, lakin
bizim Birliyə 56 ölkə daxildir. Biz 2010-cu ildən fəal işləyirik, lakin Azərbaycan işimizin yeganə istiqaməti deyil. Biz
“Ərəb baharı”na ciddi diqqət yetirmiş, idarəetmə resurslarını
oraya yönəltmişdik.
Çünki Misir, Liviya və Tunisdəki Yayım Şirkətləri EBU-nun üzvləridir.
–Tənqidçilər deyirlər
ki, bu il “Eurovision” mahnı müsabiqəsini keçirəcək
İctimai Televiziyanın
fəaliyyəti o qədər
birtərəfli və
iqtidarpərəstdir ki,
bu şirkət EBU-nun
qaydalarını pozur.
Siz öz üzvlərinizin proqramlarını yoxlayırsınızmı?
–Bu işi sistematik aparmırıq. Yalnız konkret informasiya
olduqda yoxlama aparılır. Biz Misirin yayım planını yoxlamışıq
və İctimai Televiziya barəsində də eyni işləri
görmüşük.
–Bəs nəticə necə olub?
–Bizə aydın oldu ki, biz İctimai
Televiziyanın jurnalistlərini
əlavə olaraq öyrətməliyik.
–Bu o deməkdir ki, nəticə o qədər
də ürəkaçan
deyil.
–Elədir, lakin bu, başqa ölkələrə də
aiddir.
–Siz deyirsiniz ki, söz azadlığına
tərəfdarsınız, lakin EBU-nun üzvləri bu prinsipə riayət etməyəndə,
təşkilatımız onlara
qarşı heç bir sanksiya tətbiq
etmir.
–Söhbət söz azadlığından və
mətbuat azadlığından
gedəndə, problem çox
vaxt yayım şirkətində deyil, hökumətdə olur. Siz EBU-nun üzvü olan hər bir şirkətin
öz ölkəsində
məhz nə edə biləcəyini nəzərə almalısınız.
Mən təkcə Azərbaycan haqqında danışmıram.
Mən, məsələn, Belarus haqqında
danışıram, orada
dövlət həqiqi
jurnalistikanın inkişafına
əsla maraq göstərmir. EBU-nun əsas ideyası istisna deyil, həmrəylikdir. EBU inanır
ki, davamlı iş və daimi dialoq uzunmüddətli
perspektivdə yaxşılaşmaya
aparır.
–“Eurovision” mahnı müsabiqəsinin
televiziya direktoru Yorgen Frank deyir: “Biz yaxşılığa doğru
dəyişikliklərin və
demokratik hüquqların
tərəfdarıyıq. Biz Avropada bunun uğrunda mübarizə aparırıq. Lakin biz bu
prosesdə fəal iştirak etmirik, bunu başqalarına saxlayırıq”. Siz bu fikri izah edə
bilərdinizmi?
–Frank musiqi müsabiqəsinə
cavabdehdir. O, EBU barədə
deyil, “Eurovision” haqqında
danışır. “Eurovision”
zəngin ənənələri
və dəqiq qaydaları olan tədbirdir. Bu müsabiqədə qalib gələn ölkə növbəti müsabiqəni
təşkil edir.
Mən burada işlədiyim müddətdə bu qayda dəyişməyəcək.
Əgər biz “Eurovision”a
siyasi don geydirsək və bəzi üzvlərə ikinci növ vətəndaşlar
kimi yanaşsaq, əgər onlara desək ki, onların ölkəsində
baş verənlər
bizim standartlara uyğun olmadığı
üçün onlar
bu müsabiqəni keçirə bilməzlər,
onda “Eurovision” ölüb
gedəcək. Bu, körpülər yaradan tədbirdir. Lakin bu heç də o demək deyil ki, bizim, bir
təşkilat kimi, həqiqi demokratiyada müstəqil və müxtəlif KİV-lərin
mövcud olması barədə dəqiq təsəvvürümüz yoxdur.
– Başqa sözlə,
“Eurovision” siyasi sistemindən
asılı olmayaraq, istənilən ölkədə
keçirilə bilər?
– Bəli, bizim üzvümüz olan istənilən ölkədə.
– Başqa sözlə, hətta Belarusda da.
– Sözsüz, İttifaqın
bugünkü mövqeyi
belədir.
– EBU özü bu yaxınlarda bildirmişdi ki, “Eurovision” 1969-cu ildə
İspaniyada Frankonun hakimiyyəti dövründə
keçirilmişdi. Siz bununla
demək istəyirsiniz
ki, EBU tənələrdən
qorxmur?
– “Eurovision” istisnasız olaraq hamını cəlb etməyə çalışan televiziya
tədbiridir. Bu tədbir ayırmır, əksinə,birləşdirir.
– EBU Azərbaycan hökumətindən
zəmanət alıb
ki, o, “Eurovision” zamanı
İnsan Haqları haqqında Konvensiyanın şərtlərinə hörmət
edəcək və bütün iştirakçıların
və jurnalistlərin
azadlığını və
təhlükəsizliyini təmin
edəcək. Qalan vaxtlarda qanuna hörmət edilməyən
bir ölkədə qanunlara süni surətdə mini-riayət
edilməsinə nail olmaq
abırsızlıq deyilmi?
– Bu tənqid həqiqətə
uyğun olsaydı, onu qəbul edərdim. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin
göstərişlərinə riayət etməyi öhdəsinə götürmüş
47 ölkənin üzv
olduğu Avropa Şurasının üzvüdür
və deməli, bütün ölkədə
tətbiq edilən İnsan Hüquqları haqqında Konvensiyanı imzalayıb.
– Bəs, onda nə üçün siz xüsusi olaraq əlavə təminatlar xahiş etmisiniz?
– Mənim bütün ölkə və onun 9 milyonluq əhalisi üçün
qanuni təhlükəsizlik
tələb etmək hüququm yoxdur. Mən yalnız xahiş edə bilərəm ki, tədbir təhlükəsiz şəraitdə
keçsin və tədbirdə iştirak edən hər kəsin təhlükəsizliyinə
zəmanət verilsin.
– Başqa sözlə, yaxın həftələrdə
hökumətin əleyhinə
çıxış edənlər
həbs olunsa və bunun “Eurovision” iştirakçılarına və
tamaşaçılarına aidiyyəti olmasa, bu, “Eurovision” üçün
əhəmiyyət kəsb
etməyəcək?
– Düşünürəm ki,
qanuna riayət edənlərə dinc yolla etirazını bildirməyə icazə veriləcək.
– Rejimin tənqidçilərinin
paralel olaraq təşkil etdikləri “Demokratiyaya nəğmə
oxu” musiqi festivalını dəstəkləyirsinizmi?
– Yox. Burada bizim mövqeyimiz
neytraldır.
– Eyni zamanda, “Eurovision” bir daha Azərbaycan
hökumətinin ruporu
rolunu oynayır. Halbuki sizin nümayəndələr
Bakıda təhlükəsizlik
barədə sayıqlayırlar,
ya da iddia
edirlər ki, evləri müsabiqənin
keçiriləcəyi “Crystal Hall”ın yaxınlığında
yerləşdiyi üçün
sökülən insanlar
lazımi kompensasiya alacaqlar.
– Mən məsələnin
ədalətlə nizama
salınıb-salınmadığını
bilmirəm. Bunu şərh edə
bilmərəm. Qeyri-hökumət təşkilatları bu məsələni hökumətlə
araşdırmalıdırlar.
– Sizcə, EBU-nun imicinə xələl gəlməyəcəkmi?
– “Eurovision”un Azərbaycanda
keçirilməsindən AYB-in imicinə zərrə qədər də ziyan dəyəcəyinə
inanmıram. Bu tədbir bir çox ölkələrə
diqqəti özlərinə
cəlb etməyə imkan verəcək. Təkcə Azərbaycan deyil, bütün ölkələr
müsabiqədən özlərini
yaxşı tərəfdən
göstərmək üçün
istifadə edəcəklər.
Bu düzgündür.
Biz elə bu
müsahibənin alınması
və sizin Azərbaycanda və EBU-da insan haqları
məsələsi ilə
maraqlanmağınız faktına
görə “Eurovision” a minnətdar
olmalıyıq.
Söhbəti apardı: Ştefan
Niggermayer,“Şpigel-onlayn”
525-ci qəzet.- 2012.- 15 may.- S.3.