Azərbaycan
folklorşünaslığında Vəli Xuluflu
imzası
Vəli Xuluflu folklorumuzun toplanması, nəşri və tədqiqi
ilə ardıcıl məşğul olan
fədakar ziyalılarımızdan biri kimi tariximizdə öz yerini tutub.
Xuluflu Vəli Məmmədhüseyn
oğlu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun
Xuluflu kəndində doğulub. İbtidai təhsilini
1905-1907-ci illərdə mollaxanada almış V.Xuluflu sonralar təhsilini
“Mədrəseyi-ruhaniyyə”də davam etdirib və bir müddət
həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul
olub. O, 1917-ci ildə Gəncədəki müəllimlər
kursunu bitirmiş və bu dövrdə inqilabi hərəkatda
da fəal iştirak edib. 1920-ci ildə Azərbaycan
K(b)P-nın I Qurultayına nümayəndə göndərilmiş
V.Xuluflu tezliklə bolşeviklərin həyata keçirdiyi
partiya sıralarındakı təmizləmə işi ilə
əlaqədar partiya üzvlüyündən
çıxarılıb, lakin əməllərində
heç bir cinayət tərkibi olmadığından 1927-ci
ildən partiya sıralarına bərpa edilib. O, 1922-1927-ci illərdə
ADU Şərqşünaslıq fakültəsində oxuyub,
bu illərdə Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin
təlimatçısı, “Bakinski raboçi” nəşriyyatının
və “Azərnəşr”in redaktoru olub. Folklorşünas alim
1928-ci ildə Bakıda keçirilən Azərbaycan
Aşıqlarının I Qurultayında iştirak edib və
burada bir çox aşıqlarla tanış olub.
1929-33-cü
illərdə Azərbaycan Dövlət Elmi-tədqiqat
institutunun elmi katibi, “Dil, Ədəbiyyat və İncəsənət”
bölməsinin direktoru, sonrakı illərdə SSRİ EA Azərbaycan
filialı Tarix İnstitutunun direktor müavini və s. vəzifələrdə
işləyib.
Azərbaycan
folklor örnəklərinin toplanması, nəşri və tədqiqi
sahəsində müstəsna xidmətləri olan bu görkəmli
folklorşünas alim 1927-ci ildə “Koroğlu”
dastanının Aşıq Hüseyn Bozalqanlının dilindən
yazdığı iki qolunu, 1929-cu ildə isə 4 qolunu və
6 nağılvari hekayəti kitab halında nəşr etdirib. O,
həmçinin 1927-ci ildə “El aşıqları”, 1928-ci
ildə “Tapmacalar” kitablarını tərtib edib. “Azərbaycanın
Tədqiq və Tətəbbö” cəmiyyəti tərəfindən
Şəmkir, Tovuz, Qazax rayonlarına elmi ezamiyyətə
göndərilmiş V.Xuluflu 1926-ci ildə “Azərbaycan xalq ədəbiyyatından
materiallar” seriyası ilə “El aşıqları”
kitabını çap etdirib. Bu kitaba Qurbanı, Xəstə
Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn
Şəmkirli və başqalarının tərcümeyi-halları
ilə yanaşı, müxtəlif aşıqların
repertuarından yazıya alınmış yüzdən
çox qoşma, gəraylı, təcnislər və Şəmkirli
Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxil
edilib. Bu kitabın əhəmiyyəti yalnız aşıq
yaradıcılığının toplanması və nəşri
ilə ölçülmür, o eyni zamanda gələcəkdə
nəşr ediləcək aşıq şeirlərinin toplama
və tədqiq prinsiplərinin əsasını qoyub.
V.Xuluflunun
1927-ci ildə “El aşıqları” adı ilə çap
etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində
yaşayan aşıqların yaradıcılığından
nümunələr toplamışdır. V.Xuluflu bu kitaba
yazdığı kiçik müqəddiməsində, əvvəlcə,
keçmiş kəndi, oradakı geriliyi və
avamlığı açıb göstərir. Müəllifə
görə, xalq öz yolunu azan mollaya mənfi münasibət
bəsləyib və onun haqqında “Mollanın yeddisinin
başı bir qazanda qaynamaz”, “Mollanın dediyinə bax, əməlinin
dalınca getmə” kimi sözlər yaradıb. Din xadimlərinin
aşıqlara münasibəti məsələsinə toxunan
müəllif bir tərəfdən “aşıqlar xalq ədəbiyyatı
və xalq düşüncəsinin canlı bir
kitabıdır” deyir və onları müdriklik zirvəsinə
qaldırırsa, digər tərəfdən də “kənddəki
hakim sinfin və varlıların zövqünü
oxşayır” kimi fikirlər söyləyib.
Aşıqların
mənşəyi barədə V.Xuluflunun qeydləri
maraqlıdır: “Aşıqlar kəndin öz arasından
çıxan çox vaxt çobanlıq və nökərçilik
zamanı söz deyib saz çalmağı öyrənən,
sonra el arasında gəzən sənətkarlardır. Bunlar
caamatın hər bir xeyir işində, beləcə də,
toyda, sünnətdə və s. həmişə hazır
olurlar”. V.Xuluflu aşıq sənətinin tərbiyəvi əhəmiyyətindən,
dinləyicilərə təsir məsələsindən
danışarkən göstərir ki, “ilin hansı fəslində
olur isə olsun, bir kəndə aşıq gəldimi,
böyük, kiçik onun başına toplanmalıdır.
Günün qulağı yatan kimi axşamdan yatmağı
öyrənən kəndli uşaqları, ələləxüsus,
nökərlər və sığırçılar
axurlarda, xırmanlarda, divar dibində böyüklərlə
bərabər səhərəcən aşığın
nağılına qulaq asırlar. Aşığın
kütləni tərbiyə etməsi məsələsi də
buradan başlanır”.
V.Xuluflunun
Azərbaycan aşıq poeziyası haqqında söylədiyi
əsas fikirlər aşıq poeziyasını sevən, bilən,
toplayan, onun hər bir yaradıcısına diqqətlə
yanaşan şəxsin həqiqi sözləridir:
“Aşıqlar xalq ədəbiyyatının və xalq
düşüncəsinin canlı bir kitabıdır. Bu baradə
xalqın keçmişinə, bir qədər tarixinə,
dilinə, ictimai əlaqəsinə və s. dair bir çox
materiallar verə bilərlər...”.
V.Xuluflu aşıq sənətinin həyat
hadisələri ilə, xalqın tarixi və məşğuliyyəti
ilə bağlılığını da göstərir. 1928-ci
ildə V.Xuluflu yenə “Azərbaycanı öyrənmə cəmiyyəti”nin
xətti ilə “Tapmacalar” kitabını nəşr etdirir.
Müəllif kitaba tapmacaların ideya və bədii
xüsusiyyətlərindən bəhs edən yaxşı bir
müqəddimə yazıb. Həmin müqəddimədə
Azərbaycanda heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti,
xalq ədəbiyyatı növləri içərisində
mövqeyi və sairə haqqında danışılır.
Müəllif “Tapmacalar “ kitabına yazdığı “Bir
neçə söz”də tapmacaların Azərbaycan
xalqının həyatı, məişəti,
yaşayış tərzi və məşğuliyyəti ilə
əlaqədar yarandığını söyləyirdi:
“El ədəbiyatının
başqa növlərinə nisbətən tapmacaların
özünün ayrıca bir xüsusiyyəti vardır. Bunun
materialı daha real və daha təbiidir. Təbiətdə və
həyatda nə görülürsə, tapmaca da onun üzərində
qurulur. Bu kitabçanı başdan ayağa qədər oxuyan
materialın hamısı əfsanə və mövhumat üzərində
deyil, təbiət üzərində qurulduğunu görəcəkdir”.
Tapmacaların tərbiyəvi, bədii əhəmiyyətinə
toxunan müəllif tapmacalara xalq həyatının
“matematikası” demək olduğunu vurğulayır.
V.Xuluflu hər bir tapmacanın
özündə xalqın həyatı ilə əlaqədar
müəyyən hadisə, əhvalat, mənzərə
tapmağa çalışırdı. Onun fikrincə,
tapmacalar öz məzmununa görə yarandığı
mühitin siyasi, ictimai, iqtisadi, mədəni və s.
faktorlarını özündə əks etdirir: “Xülasə
bir tapmaca xalq həyatının bir çox şeylərini
bizim yadımıza salır. Tapmaca , nağıl, hekayə,
söhbət və sayirənin kənd arasında olması,
onların da ictimai bir həyatı, bir yaradılış
qüvvəsi və ictimaiyyəti olduğunu göstərir. Həqiqətən,
qış qecələrində lampa işığı olmasa
belə, orta ocaq və ya buxarı işığına
yığılıb kəndlilər ələlxüsus
uşaqlar, xeyli gap-qələcə eləyirlər. Çünki teatr, kino, sirk və
s. bu kibi başqa ictimai yer yoxdur. Ona görə
də bu qədər geniş şifahi ədəbiyyat əmələ gəlmişdir”.
Tapmacaların mənşəyi ilə yanaşı onların özünəməxsus
xüsusiyyətlərinə toxunan müəllif tapmacaların digər janrları ilə müqayisədə təbiət
və cəmiyyətlə
sıx bağlı olduğunu göstərirdi.
Tədqiqatçı reallığı bütövlükdə inikas
etdirməyi tapmaca janrının spesifik xüsusiyyəti saymışdır.
Kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülmüşdür.
Hər bir tapmacadan sonra onun toplandığı
yer qeyd edilir. V.Xuluflu toplama və
nəşr işində
çoxvariantlılığa xüsusi əhəmiyyət
verib və müxtəlif bölgələrdən
toplamış olduğu
tapmacaların variantlarını
da kitaba salıb. Kitabda bütün tapmacaların
toplandığı yerlərə
məxsus dil və ləhcə xüsusiyyətləri gözlənilib,
tapmacaların cavabları
da sıra ilə kitabın lap arxasında verilib. V.Xuluflunun Azərbaycan folklorşünaslığı
qarşısında fundamental xidmətlərindən biri
“Koroğlu” dastanı
ilə bağlıdır.
V.Xuluflunun 1925-26-cı illərdə
Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur
el sənətkarı Aşıq
Hüseyn Bozalqanlıdan
topladığı “Koroğlu”
qolları 1927 və
1929-cu illərdə iki
müxtəlif nəşr
halında işıq
üzü görmüşdür.
İlk kitab “Toqat səfəri”
və “Bağdad səfəri” adlı iki qoldan ibarətdir.
Kitabın əvvəlində “Başlanğıc əvəzinə”
adlanan hissədə Koroğlunun adı ilə bağlı olan qalalardan, onların yerləşdiyi
ərazidən və qəhrəmanın özü
barədə xalq arasında dolaşan bir sıra əfsanə
və rəvayətlərdən
danışılır. Kitabın sonunda isə Vəli Xuluflu aşıq Hüseyn Bozalqanlının tərcümeyi-halını
vermişdir. “Koroğlu” dastanının
qolları bilavasitə
aşıq Hüseyn Bozalqanlının öz dilindən yazılmış
və aşığın
söylədiyi şəkildə
kitaba daxil edimişdir.
“Koroğlu” dastanının bu nəşrində V.Xuluflu
“Koroğlu nağılları”
adlanan hissədə Koroğlu nağıllarının
başlıca beş qolu olduğunu qeyd etmişdir: “ Toqat səfəri”, “Bağdad səfəri”, “Ərzurum səfəri”, “Ərəb Reyhan” və “Bolu bəg”.
Bu beşindən başqa
müəllif Koroğlu
adına isnad edilən qeyri-nağıl eşidənlərdən
cəmiyyətə xəbər
verməsi xahiş olunur. Aşıq Hüseyn haqqında olan yazılan onun öz dillindən
yazıya alınmış
“Alverçilər”, “Qəsdi
nədi”, “Var imiş”, “Geri dur” şeirləri ilə tamamlanır. “Koroğlu” dastanının 1927-ci ildə
ərəb əlifbasındakı
nəşri V.Xuluflu tərəfindən demək
olar ki, əl vurulmadan 1929-cu il nəşrinə
də daxil edilmişdir. Bu nəşrdə
V.Xuluflu dastanının
dörd qolunu – “Toqat səfəri”, “Bağdad səfəri”, “Dərbənd səfəri”
və “Dəli Koroğlu və Bolu bəy” qollarını oxuculara çatdırır. Kitabdakı yeni
qollar Aşıq Əsəddən yazıya
alınmışdır. “Koroğlu” dastanı
1929-cu ildə V.Xuluflu
tərəfindən “Azərbaycanı
öyrənən cəmiyyət”in
xətti ilə latın qrafikasında
Hənəfi Zeynallının
redaktorluğu ilə yenidən nəşr edilib. Ön sözdən sonra kitabın birinci hissəsində V.Xuluflu dastanın 1927-ci il nəşrindəki dastanlaşma
mərhələsində olan
ilk qollarını verib:
“Koroğlu kimdir?”, “Nigar xanımın gətirilməsi”, “Dəmirçioğlunun
dəlilər cərgəsinə
girməsi”, “Koroğlunun
taciri qaçanda”, “Cünul aşıq”, “Cünul aşıq və Telli xanım”.
Nəşrin ikinci hissəsində
Gürcüstan türklərindən
Koroğlu əhvalatları
əks olunur. Əslində, bu dastanın
axısxa türklərinin
içərisində yayılmış
əski bir variantının başlanğıcı,
yaxud süjetin qədim söyləmələrindən
birinin yadda qalan variantıdır.
Bu hissədə “Koroğlu” dastanı ilə o qədər əlaqəsi olmayan nümunə və məlumatlar “Əlavələr”
altında verilir.
Səkkizinci “Əlavə”də Aşıq Əsədin tərcümeyi-halı verilmişdir.
Folklorşünas alim “Koroğlu”
dastanını yazıya
alarkən folklor mətnlərinin toplanması
ənənələrinə sadiq qalaraq mətnə
və dialektə müdaxilə etmir.
Bu baxımdan toplayıcının
1929-cu il nəşrində verdiyi bir qeyd maraqlıdır:
“Kitabın ərəb
əlifbası çapında
aşığın ifadəsini
saxlamışdıqsa da,
kəlmələrinin tələffüzünü
olduğu kimi yazmamışdıq. Yeni əlifba
(ikinci) çapında
da bundan imtina etdik. Çünki aşıq Söyün
(Hüseyn- müəllif)
və aşıq Əsəd ikisi də Qazaxlı olduğundan onların tələffüzündə bir
çox xüsusiyyətlər
vardır. Onların tələffüzləri
olduğu kibi yazılsa idi, başqa qəzaların oxucuları üçün
anlaşılması çətin
olardı”. Toplama işinin
prinsiplərini yaxşı
bilən Vəli Xuluflu yalnız o halda mətnə müdaxilə edirdi ki, o mətnin geniş oxucu kütlələri tərəfindən
düzgün oxunmasına
və qavranmasına
mane olmasın.
Professor Azad Nəbiyev tədqiqatlarında V.Xuluflu
tərəfindən 1933-34-cü illərdə “Koroğlu”nun
14 məclisdən ibarət
daha mükəmməl
üçüncü nəşrinin
də hazırlandığı
göstərilir. V.Xuluflunu bir çox
müasirlərindən əsas
xüsusiyyət ondan ibarətdir ki, o folklorda çoxvariantlılığa,
folklor mühitinə və folklorun pasportlaşdırılmasına, yerli dialekt və
şivələrə xüsusi
əhəmiyyət vermişdir.
Xalq ədəbiyyatının toplanması,
nəşri və öyrənilməsi ilə
ardıcıl məşğul
olmuş V.Xuluflu folklora aid kitablarını
müəyyən elmi
prinsiplər əsasında
çap etmiş, dastan, aşıq yaradıcılığı, tapmacalar
haqqında indi də öz əhəmiyətini saxlayan
nəzəri müddəalar
söyləmişdir. Beləliklə, Vəli Xuluflu
müasir Azərbaycan
folklorşünaslığının yaradılmasında yaxından
iştirak edən ilk folklorşünaslarımızdan biri olub. Azərbaycanın görkəmli ziyalılarından
biri olan V.Xuluflu 28 fevral 1937-ci ildə əksinqilabi millətçi təşkilatın
üzvi kimi həbs olunub və 13 oktyabr 1937-ci ildə güllələnib.
V.Xulufluya yalnız 17 noyabr
1956-cı ildə bəraət
verilib.
Məhəmməd MƏMMƏDOV,
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2012.- 16 may.- S.7.