Ailə mədəniyyəti,
yaxud mədəni ailə
anlayışı
...Kəndimizdə
bir qız vardı, qarayanız, suyuşirin. O qədər
gözəl olmasa da, ağıllı-kamallıydı. Əksər
qızlarımız kimi onu da ali məktəbdə təhsil
almağa icazə verməmişdilər. Amma işlədiyi
sovxozda biliyi, bacarığına görə briqadir təyin
etmişdilər. Bu ağır təbiətli, ədəb-ərkanlı
qız el-obanın da sevimlisi idi. Elə bil böyük bir ailənin
qız yox, oğul övladıydı. Çünki
oğuldan çox canı yanırdı ailəyə, ata-anaya
dayaq olurdu. Bu qız həmişə bir söz söyləyərdi,
deyərdi ki, mən elə oğlana ərə gedəcəm
ki, oxumuş olsun və bunu belə məzəli şəkildə
ifadə edirdi, elə oğlan ki, qoltuğunda papkası,
başında kepkası olsun. Onu sevənlərin arasında
oxumuşları da vardı. Amma deyirlər, meşədə
meyvələrin ən yaxşısı çox vaxt ayıya
qismət olur. Bu qız da böyük arzularla düz 24
yaşına gəlib çatdı. Kənddə də bu
yaş qız üçün çox sayılırdı.
Daha ailə qurmaq zamanı idi. Elə bu məqamda iki elçi
birdən haqladı qapılarını. Biri
tanımadıqları uzaq adam olduğundan yaxına
buraxmadılar. O biri isə uzaq qohum və yaxın qonşu
sayıldığından hörmətlə
qarşılandı. Qarlı günlərdə oğlanın
anası qapıdan əl çəkmədi. Əri ona vəsiyyət
eləmişdi ki, filankəsin qızlarından birini oğluna
alsın. Odur ki, evdəki böyük qız bu oğlana daha
münasib sayılırdı. Oğlan nə oğlan, qara
qaş, qara göz, zil qara kostyum. Amma nəinki başında
kepkası, qoltuğunda papkası vardı, heç
adını da yazmağı bacarmırdı. Hələ də
məəttələm ki, oğlanın bu dərəcədə
savadsızlığından qızın xəbəri yoxydumu?
Axı onlar bir sovxozda çalışırdılar. Həm də
necə məhəbbət idisə oğlan qıza heç nə
deməmiş anası gəlmişdi. Qız özü də
şokdaydı. Bununla belə axırda razılaşdı. Ən
çox da atası evinə yaxın olduğu
üçün, çünki həmişə bunu istəmişdi.
Beləcə qar kimi ağappaq gəlinlik paltarında o zil qara
kostyumlu oğlanın qolundan tutub ürəkdən
bağlı olduğu ata ocağını tərk elədi...
Kənddə sən həyətinin mer-meyvəsi, bostanı ilə dolana bilirdin. Amma əgər əlində
sənətin, bir işin yoxdursa görüm bu bağça-bağsız necə
dolanırsan. Tale bunu da bizə
göstərdi. Evindən-eşiyindən didərgin olub çöllərə düşəndə
olmazın müsibətini
çəkdik. Bu qızın o savadsız əri ilə birgə vəziyyəti
lap çətin oldu.
Əri adi bir marşrutun
hansı istiqamətə
gedəcəyini aydınlaşdıra
bilmirdi, çünki
oxuya bilmirdi. Həmin o qız da ərinin qolundan tutub nə qədər yer dəyişdi, min bir əzab-əziyyətə
qatlaşdı, mütiləşdi,
adiləşdi... Dünyagörüşü nə qədər
çox olsa da əlində bir sənəti yox idi. Əri də ancaq kolxozda
çalışa bilərdi.
Kolxozçuya da o qədər
“hörmət” vardı
ki, heç zəhmət haqqını
da vermirdilər.
Yeri gəlmişkən,
“kasıb” obraz kimi nə qədər
oxucuya cəlbedici görünsə də həyatda o kasıba adi bir salam verməyə də çox vaxt dilimiz gəlmir.
İnsanın xisləti
belədi, harda parıltı gördü
ora qaçır, gərək nə qədər ziyalı, böyük ürəkli olasan ki, o safı, sadəni, kasıbı görə biləsən...
Əslində məqsədim bu qızın həyat hekayətini yazmaq deyil, bu qızın
taleyindən də betər minlərlə belə ömrü zindana dönən qızlarımızın elə
bu gün də çəkdikləridi. Bir də
görürsən 13-15 yaşında
qız ərə verilir. Aradan 1-2 il keçməmiş
ailələr arasında
“müharibə” başlayır,
ya da oğlan
qızı atır. Qız qalır arada, nə ata evi
qəbul eləmir, nə də güclə ərə verilmiş oğlan evi. Hələ uşaq da bu başısoyuqluğun qurbanı olur. Qızın yaşı düşdü-düşmədi,
əksər vaxtlarda da nikaha daxil
edilmir və buna görə də başı bəlalar çəkir.
Düşünürəm ki, ata-ana necə övladını
sevməyə bilər?
Əgər sevirsə necə
onu belə kor qoyur axı.
Yəni,
heç olmasa ona bir peşəyə
yiyələnməyə, bir
işin qulpundan yapışmağa vaxtında
dəstək olmur.
Xüsusilə bizdə qız
uşaqlarına ögey
münasibət bəslənir.
Onların haqqında ancaq
bir şey düşünülür, ərə
vermək. İstəyir nə qədər bilikli, bacarıqlı olsun, tamam fərqli
olsun xeyri yoxdu. Ancaq ərə getməlidi.
Və bu ərə getməyi onun gözündə o qədər
ucuz, o qədər adiləşdirirlər ki,
bəzən o qız ümumiyyətlə ailə
qurmağa nifrət edir. Bu nifrət
onun həyatında elə bir uçurum
yaradır ki, sonra çox gec özünə gəlir və vaxtında ailə qura bilmir. Elə mən də belə oldum. Universitetdə bir tələbə
yoldaşım da bir dəfə auditoriyada müəllimə
bu həqiqəti söylədi. Və
bu gün ali təhsil
aldığına görə
az qala didərgin
olduğuna sevinirdi o qız. Bu mənim heç yadımdan çıxmaz...
İnsan həyatdan – başına
gələnlərdən, gördüklərindən
dərs götürmürsə
onda aləmə kor işığa baxan kimi baxar.
Əfsus
ki, dünya işığından məhrum
olsa da gözəl
işlərlə məşğul
olan, hətta alimlik dərəcəsi belə almış, mədəni, ziyalı insanlar da çoxdur.
Demək
söhbət mənəvi
korluqdan gedir. Ondan ki, bu
gün böyük çətinliklərdən sonra
ayaq üstə duran adam
savadlı, ağıllı
qızını heç
də uzaqda olmayan yaxınlıqdakı
adi bir texnikuma
buraxmır. Halbuki ömrü boyu övlada dəstək ola bilməyəcək,
sabah o qızın həyat yoldaşının
başına bir iş gələndə onun körpələrinə
həyan ola bilməyəcək. Həm də
təkcə çörək
pulu qazanmaqdan söhbət getmir axı. İnsanın
bir mənəvi dünyası da var. O dünyanı hələ erkən yaşlarında valideyn bəzən elə qaraldır ki, insan ömrü
boyu özünə gələ bilmir...
Yerin behiştlik Mirzə Ələkbər Sabir! Deyəsən sən söylədiklərinlə dünya
durduqca var olacaqsan!
“Oğul mənimdir əgər oxutmuram əl çəkin...”
Bəzi valideynlər elə bilir ki, övlad
onun şəxsi malıdı, əşyasıdı,
hara qoysa orda durmalıdı. Amma onun İNSAN olduğunu inudur. ANLAMAQ nə
yaman çətin olur bu adamlara.
Elə bu anlaşılmazlıqdan da
görürsən oğul
anasını təhqir
edib döydüyünə
görə atasını
öldürür, qız
anasını bayıra
atır, qardaş doğma bacısının,
xalasının evindən
oğurluq edir, qonşu qonşunun qanını tökür,
övlad evdən qaçır və başqa nə qədər acınacaqlı
fakt hər an xəbər şəklində
bizə çatır.
Çox az
istisnalar olmaqla bir atalar sözü
yerinə düşür,
nəyi əkərsən
onu biçərsən
və ya nə tökərsən aşına o da çıxar qaşığına...
Əgər valideynləri həmişə
evdə qonşunu pisləyirsə, uşaq yola çıxanda o qonşuya kinli nəzərlərlə baxacaq.
Təəssüf ki, ata-ana çox vaxt özü də bilmədən övladın
gözünə qaranlıq
bir pərdə çəkir, nifrət pərdəsi. Bu nifrət nə vaxtsa onların özünə də çevrilə bilər və çevrilir də. Son vaxtlar hətta doğma övladını öldürən
ata-anaların say artımı da yəqin ki, çox şey deyir...
Uca Yaradanın buyurduğu
kimi düşünürəm
ki, valideynin övlada qoyub getdiyi ən böyük miras onun təhsil və tərbiyəsidi.
Amma bu o demək deyil ki, hər kəs
mütləq ali təhsil almalıdı. Əsla, insanın mənəvi dünyasını zənginləşdirən,
onun vaxtını gözzəlləşdirən və
dəyərli edən
saysız-hesabsız o qədər
incə sənətlər
var ki... Amma sanki dünyanın o üzündə yaşayan,
qızlarını necə,
kimə gəldi ərə verməyə hazır olan valideyn heç oğlunu da fikirləşmir. Hərbi
xidmətini başa vurub evə qayıdan oğul yaşadığı bölgədə,
kənddə özünə
bir iş tapa bilmir və
üz tutur ya doğma, ya da uzaq
şəhərlərə. Valideyn gözü görə-görə övladının
yaşının bu gənc çağında
başına nələr
gələcəyini düşünmürsə,
bundan həyəcan keçirmirsə onda vay bizim halımıza...
Son vaxtlar ucqar
bölgələrdən şəhərə
kortəbii şəkildə
üz tutan gənc oğlanların hansı tələyə necə düşdüklərinin
də şahidi olmuşam. Elə buna görə də bilmirəm kim necə
münasibət bəsləyər,
amma düşünürəm
ki, ailələrin özünə bir nəzarət sisteminin olması bu gün çox vacibdi.
Yazını yazıb bitirmişdim ki, təsadüfən eşitdim, bu gün Ailələr günü imiş. Bayramımız mübarək!
Mina RƏŞİD
525-ci qəzet.- 2012.- 16 may.- S.7.