Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Məmməd Səid Ordubadi

 

Görkəmli mollanəsrəddinçi, Azərbaycançılıq məfkurəsinin daşıyıcısı, Azərbaycan tarixi romanının yaradıcısı, şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim Məmməd Səid Ordubadinin bu il 140 illiyi tamam oldu. 

 “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri sırasında Məmməd Səid Ordubadinin adı hörmətlə və iftixarla çəkilir. “Molla Nəsrəddin” jurnalı onun yaradıcılığında və gələcək taleyində mühüm rol oynamışdır. Məmməd Səid Ordubadi jurnalın fəal müəlliflərindən biri olmuş, publisist yazıları, satirik şeirləri və tərcümələri ilə bu jurnalda çıxış etmişdir. Maraqlıdır ki, 1906-cı ildə “Molla Nəsrəddin”in “Qeyrət” mətbəəsində onun “Qəflət” adlı 32 səhifəlik ilk şeirlər kitabı nəşr olunmuşdur. Həmin kitaba müqəddiməsində görkəmli şair və publisist Ömər Faiq Nemanzadə yazmışdır: “Bu günkü halımızda camaatı oxumağa həvəsləndirməyin ən gödək yolu, bizcə, açıq dil ilə yazılan kiçik-kiçiik faydalı kitablardlr... “Qəflət” nəşri-savad qəsdilə çıxardığımız əsərlərin birincisidir“. Məmməd Səid Ordubadinin bu kitabında xalqın maariflənməsi məsələsi qoyulur. O, bütün mənfi halların təqsirini millətin mövhumat girdabına düşməsində, mütiliyində görürdü. Xalqın düşdüyü bu ağır vəziyyətdən çıxış yolunu isə ancaq maarifçilikdə axtarırdı. Bir il sonra 1907-ci ildə Məmməd Səid Ordubadinin “Vətən və hürriyyət” adlı yeni şeirlər kitabı çap olunur. Bu kitab ideya və məzmun baxımından “Qəflət”dən fərqlənməsə də, şeirlərdə azadlıq, mübarizə ruhu duyulurdu, müasirlik ab-havası hiss olunurdu. Bu şeirlərdən doğan nəticə belədir: xalqın xoşbəxtliyinə, Vətənin müstəqilliyinə yalnız birləşməklə, birgə səy göstərməklə, azadlıq əldə etməklə nail olmaq olar. Bunun üçün isə əvvəlcə elmə, maarifə yiyələnmək lazımdır. “Vətənimizə bir neçə söz” adlı şeirində müəllif yazırdı: 

 

Qənilər kərəmsizdi, millət-fəqir, 

Yorulduq cəfalardan, olduq yesir.

 

Bu sətirlərdə azərbaycançılıq ruhu gəzir. Şair xalqın ağir durumundan gileylənir, ancaq pessimist deyil, azad olmaq üçün mübarizə ideyasını irəli sürür. Təsadüfi deyil ki, “Vətən və hürriyyət”də çar Rusiyasının müstəmləkəçilərinə qarşı qəhrəmanlıqla mübarizə aparan Cavad xanın dəfn mərasimində onun ömür yoldaşı Bəyim xanımın qəlbləri vətənpərvərlik hissi ilə alovlandıran nitqindən ibrətamiz bir parça da oxuculara təqdim olunmuşdur. Azərbaycançılıq duyğularının ifadəsi olan bu nitqdə Vətənin azadlığı uğrunda həlak olanların ölməzliyi, daim yaşadığı fikri aşılanır. 

Azərbaycan ədəbiyyatının Lev Tolstoy, Fyodr Dostoyevski qüdrətinə malik olan böyük nasiri və şairi Məmməd Səid Ordubadi – “Molla Məsrəddin” ədəbi məktəbinin əsas azərbaycançı nümayəndəsidir. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edən ədib jurnalda çap olunan şeirləri, felyeton və satiraları ilə geniş şöhrət qazanır. Şeirlərində sələfi Mirzə Fətəli Axundov kimi epiqonçuluğa qarşı çıxır, yalnız məhəbbəti tərənnüm edənləri kəskin tənqid edir, “gül-bülbül” poeziyasını bəyənmədiyini açıq şəkildə bildirirdi. 

 Görkəmli ədəbiyyatşünas alim Yavuz Axundlunun qələmə aldığı “Məmməd Səid Ordubadi” və “Ədəbi portretlər” əsərlərində mollanəsrəddinçi ədib Məmməd Səid Ordubadinin vətəndaşlıq keyfiyyətlərinin və çoxşaxəli yaradıcılığında sənətkarlıq uğurlarının dolğun mənzərəsi yaradılır. Professor Yavuz Axundlu yazır: “Məmməd Səid Ordubadi ensiklopedik bilik sahibi idi”. O, nəinki ensiklopedik bilik sahibi idi, həm də çoxsahəli, coxəhatəli yaradıcılığa malik bir sənətkar idi. 

Məmməd Səid Ordubadinin “Molla Nəsrəddin” jurnalında “Hərdəmxəyal” təxəllüsü ilə yazdığı şeirlər məzmunca çoxşaxəli və müxtəlif olsa da, ideya etibarilə azərbaycançılığa bağlıdır.

Azərbaycanlının pis adətə qurşanması, həyasızlığı kimi keyfiyyətlərini şair “Xristianların pasxa bayramı münasibətilə müsəlmanlara xitab” şeirində ifadə edir. Xristianların pasxa bayramını bəhanə edib araq içmək üçün onların evinə soxulan müsəlmanları ifşa edən bu şeir maarifçi xarakteri ilə maraq doğurur. 

“Nələriz biz” adlı bir şeirində M.S.Ordubadi xalqın yaramaz adətlərini ifşa etməklə azərbaycanlını mükəmməl görmək istəyir. Onun şeirdə qoyduğu suallar o dövr üçün çox aktual olmuşdur:

 

İslamız əgər, harda bəs o şanlı şəriət? 

İnsanız əgər, yoxsa şüuri-bəşəriyyət. 

Bilməm, nədi bəs bizdə bu surət, bu hüvəyyət?  

Hər sinifdən avarə düşən bixəbəriz biz 

Mən anlamıram, dəhrdə axır nələriz biz?

  

Şair özünün “Dil birliyi”, “Bəradəranə bir nəsihət”, “Adamımsan” kimi şeirlərində xalqı qəflətdən oyanmağa, dünyaya diqqət edib öz haqqını tələb etməyə səsləyir. 

Məmməd Səid Ordubadinin yaradıcılığında bədii publisistikanın felyeton janrında yazdığı əsərlər mühüm yer tutur. Ədibin “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında bir sıra mühüm ictimai problemlərə toxunulmuş, fanatizm, gerilik və nadanlıq, zülm və ədalətsizlik, imperiya siyasəti tənqid olunmuşdur. 

“Molla Nəsrəddin”də ilk yazısı-“Politika aləmindən” adlı felyetonu “Hərdəmxəyal” imzası ilə jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu nömrəsində çap olunmuşdur. Onun felyetonları həmçinin Səid, Məhəmməd Səid, Məsa, Səid Hacıağazadə və başqa imzalarla dərc olunurdu. Görkəmli ədibin altmış ilə yaxın davam edən ədəbi fəaliyyəti dövründə 6000 minə qədər əsər yazması, o cümlədən 4000 felyetonun , 1800 məqalənin müəllifi olması onun yaradıcılıq aləminin miqyasını aydın təsəvvür etməyə imkan verir.

Qeyd edək ki, Məmməd Səid Ordubadinin “Molla Nəsrəddin” jurnalı ilə bağlılığının səbəbləri sırasında Cəlil Məmmədquluzadə ilə şəxsi tanışlığı da əsas rol oynamışdır. Bu tanışlığın təməli XIX əsrin sonlarına təsadüf edir. Məmməd Səid Ordubadi “Böyük ıdiblə görüşlərim“ adlı xatirəsində həmin görüş barədə yazır: “Mən böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə Şürbi Mirzə Cəlilin (Naxçıvanda tanınmış ziyalılardan idi-A.M.) vasitəsilə tanış oldum. Gənc olduğum zaman Naxçıvana getmişdim. Naxçıvan şairlərindən Bala Əşrəf məni Şürbi Mirzə Cəlil ilə tanış etdi. Bu tanışlıq mənim Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə görüşməyim üçün zəmin yaratdı...” 

Məmməd Səid Ordubadinin 1895-ci ildə Nehrəm kəndində Cəlil Məmmədquluzadə ilə görüşməsi də məlumdur. 

Sonralar kitablarının çapı ilə əlaqədar Tiflisə gələn ədib burada Mirzə Cəlillə yenidən görüşmüşdür. Məmməd Səid Ordubadi ilə Cəlil Məmmədquluzadəni ruh birliyi, ideya birliyi birləşdirirdi. Onların dostluğu , həqiqətən, əməl dostluğu idi. Hər iki ədibin yaradıcılığındakı, xüsusilə, felyetonlarındakı müəyyən məqamlara diqqət yetirsək, bu ideya, məslək birliyinin, yaradıcılıq müttəfiqliyinin, üslub yaxınlığının şahidi ola bilərik. 

 Məmməd Səid Ordubadi 1920-ci illərdə “Molla Nəsrəddin” jurnalının ən fəal əməkdaşlarından biri olmuşdur. Cəlil Məmmədquluzadə 1921-ci il iyunun 4-də Təbrizdən Bakıya gəlir. Onunla görüşmək üçün evinə ilk gələnlərdən biri də Məmməd Səid Ordubadi olur. “Mirzə Cəlil ilə üçüncü dəfə Bakıda görüşdük. O, ... Təbrizdən yığışıb Bakıya... gəldiyinin birinci günü axşam vaxtı... görüşünə getdik... Mirzə yenə də keçmiş günlərindən bir neçə qeyd ediləcək hadisələri xatırlatdı... bir azdan sonra Təbrizdə çıxartdığı məcmuələrin nömrələrini gətirdi. Mən... əvvəlcə imzaları yoxladım. O, güldü, mənim xəyalımdan nələr keçdiyini hiss etdi və: “Elədir, sən düşündüyün kimidir. İmzaların hamısı öz imzamdır... 

...1922-ci ildən başlayaraq, 1925-ci ilin avqustuna qədər böyük ədiblə bərabər məcmuənin nəşrində çalışdım”. 

Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” jurnalının Bakı dövründə redaktor müavini vəzifəsində çalışmışdır. Ədib bu vəzifəni 1926-cı ilin əvvəllərinədək yerinə yetirmişdir. Sovet dövründə onun bir çox dəyərli şeirləri, felyetonları və məqalələri “Molla Nəsrəddin” jurnalında çap olunmuşdur. Məmməd Səid Ordubadi jurnalın iyirmi illiyi ilə əlaqədar yazdığı “İyirmi il” məqaləsində “Molla Nəsrəddin”in və mollanəsrəddinçilərin cəmiyyəti sağlamlaşdırmaq sahəsindəki xidmətlərindən elə mollanəsrəddinsayağı söhbət açmışdır: “...Düz iyirmi ildir ki, “Hərdəmxəyal” Danabaş kəndindəki Molla Ələsgərdən, “Ala çatıdan qorxan” – Şeyx Kərimdən, “Cüvəllağı bəy” – Çakərdən, “Naqis” – Doşaboğlundan, “Dəmdəməki” – Gəncə bəylərindən, “Kefsiz” – Şamxor, Tovuz və Gəncə mülkədarlarından, “Qızdırmalı” – Səlyan tiryəkləri ilə Lənkəran qumarbazlarından, “cırcırama” – türkcə danışığı haram bilən ziyalılardan,... Sabir isə bunların hamısından yazmağa başlamışdır. 

... “Molla Nəsrəddin” daha ölməyəcəkdir”. 

Məmməd Səid Ordubadi ömrünün sonunadək öz yaradıcılığında mollanəsrəddinçiliyi və azərbaycançılığı yaşatmışdır. Onun həmçinin “Babayi-Əmir”, “Tuti”, “Məzəli” jurnallarındakı şeirlərinin hamısında bir azərbaycançı şairin ruhu yaşayır. 

Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Onun tarixi romanlarındakı azərbaycançılıq ideyaları soykökünə məhəbbətindən doğmuşdur. O, tarixi mövzuda yazılmış əsərlərin əhəmiyyətindən bəhs edərək yazırdı: “Azərbaycan xalqının tarixi irslərini üzə çıxarmaq lazımdır. Çünki yeni nəslə özünün kim olduğunu göstərməklə, onun vətənpərvərlik duyğularını inkişaf etdirmək mümkün olacaqdır.”. Məmməd Səid Ordubadi həmişə qələm əhlinə “əxlaqı təshihedici, ruha və zövqə tərbiyəverici və oxucuların qəlbinə şücaət və qəhrəmanlıq aşılayıcı mövzular intixab etməyi “ məsləhət görür və deyir: “...Biz qələmi əlimizə götürdüyümüz zaman yazacağımız şeir və hekayənin cəmiyyətin mənəvi və ictimai ehtiyaclarına cavab verib-verməyəcəyini nəzərdən keçirməliyik”. 

Məmməd Səid Ordubadi tarixi romanları ilə Azərbaycan xalqının qədim tarixini, etnoqrafiyasını, mədəniyyətini, adət-ənənələrini, xüsusilə əzmkarlığını, azadlıq mübarizəsini əks etdirərək həmişə azərbaycançılıq mövqeyində durduğunu təsdiq etmişdir. O, Azərbaycan tarixinin ən qədim dövrlərdən yaşadığı günlərə qədər mühüm mərhələlərini bədii ədəbiyyatın müxtəlif janrlarında dolğunluğu ilə əks etdirməyə nail olmuşdur. Azərbaycan çox zəngin bir tarixə malikdir. Bu tarixdə həm daxili çəkişmələr, həm də xarici işğalçılara qarşı mübarizə motivləri var. Məmməd Səid Ordubadiyə görə, tarixi romanda xalqın həyatı, xalqın ruhu, xalqın mübarizəsi göstərilməli, onun bədii obrazı yaradılmalıdır. Ədibin fikrincə, yazıçı “...xalqının çətinliklər qarşısında boyun əymədiyini, eyni zamanda, bu mətanətli xalqın mərhəmətlə coşan bir qəlbə, təmiz və ülvi bir vicdana malik olduğunu...göstərməlidir”. 

Məmməd Səid Ordubadi tarixi romanlarını yazarkən rast gəldiyi bir sıra çətinlikləri vətəndaş qeyrəti ilə aradan qaldırmışdır. O çətinliklər hansılar idi? Birincisi, o illərdə Azərbaycan tarixinə aid elmi əsərlərin azlığı idi. Azərbaycan ədəbiyyatında bu janr üzrə istifadə edilməli nümunələr olmadığından, ədib janrın nəzəri-estetik prinsipləri barədə düşünməli və öz sözünü deməli olmuşdur. Məmməd Səid Ordubadinin tarixi hadisələri qələmə almasının səbəbi təkcə, o hadisələri tarixin yaddaşına köçürmək deyildi, o, bu hadisələrə gələcək naminə müraciət edirdi, keçmişdən ibrət götürməyi təlqin edirdi. 

Ədib yazırdı: “Vətəni sevmək kifayət deyil, onu layiqincə tanımaq lazımdır. Xalqı sevmək azdır. Onun əxlaq və adətlərini layiqincə öyrənməlisən... və əsərində tərənnüm etdirməlisən... Biz isə... xalqı layiqi ilə tanıya bilməmiş, əsərlərimizdə onun qəhrəmanlıq tarixini əks etdirə bilməmişik”. Buna görə də Məmməd Səid Ordubadi tarixi roman janrının nəzəri-estetik prinsiplərini də müəyyən etməyə səy göstərmişdir. 

 Məmməd Səid Ordubadi araşdırmalar apararkən tariximizin təhrif olunmasından narahatçılıq keçirmişdir. “Bizim nöqsanlarımızın böyüyü orasındadır ki, indiyə qədər Şərq haqqında sistem üzərində bir tarix yazılmamışdır. Tariximiz bəzən Herodot və Strabonların buraxdığı izlər, bəzən də səyyahların xatirat dəftərlərinə əsasən yazılmışdır“-etirafını etmişdir. 

Məmməd Səid Ordubadi öz tarixi romanları ilə bu sahədəki boşluğu doldurmağa, buraxılmış səhvləri aradan qaldırmağa çalışmış, tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab etmiş, bununla da azərbaycançı olmağın nümunəsini göstərmişdir. Onun “Dumanlı Təbriz”, “Gizli Bakı”, Döyüşən şəhər”, “Dünya dəyişir” və “Qılınc və qələm” tarixi romanları millilik və bəşəriliyi, yüksək vətəndaşliq qayəsini, demokratik idealları özündə birləşdirən azərbaycançılıq məktəbidir. 

Məmməd Səid Ordubadinin ədəbi publisistikasında “Qanlı sənələr”in xüsusi yeri var. Əsər 1905-1907-ci illərdə baş vermiş erməni-azərbaycanlı münaqişəsindən bəhs edir. “Qanlı sənələr” 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaiti ilə Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunmuşdur. 

245 müxbir məktubu əsasında yazılan əsərdə müəllif bu qanlı hadisələrin səbəblərini açmağa çalışmışdır. Ədib dörd əsas səbəbi göstərir: “Birinci səbəb erməni daşnaksütyun komitəsinin müstəbid bir üsuli-idarəni təşkil etdiyidir ki, Qafqazda bir taqım qanlı teatrlar oynandı”. İkinci səbəb hökumətin bu hadisələrə etinasız münasibəti, hətta onu qızışdırmasıdır. Üçüncü səbəb kimi müəllif azərbaycanlıların sadəlöh və silahsiz olmalarını, dördüncü səbəb kimi isə daşnak partiyasının Türkiyədə başladığı pozuculuq işlərini Qafqazda da davam etdirmələrini göstərir. 

Məmməd Səid Ordubadi bu əsərdə ermənilərin xislətini, iç üzünü açır. Göstərir ki, ermənilər məğlub olduqları məqamlarda sülh təklif edirlər, elə ki, havadarlarından kömək gəldi, yenidən döyüşə başlayırlar. İndi olduğu kimi. 

“Qanlı sənələr” sənədli- ədəbi- publisist əsəri bu günümüz üçün olduqca aktualdır. Professor Yavuz Axundlunun bu doğru qənaətinə haqq qazandırır və şərik çıxırıq: “Tarixi yaddan çıxaran ekstremist qüvvələrin təxminən 80 il sonra yenidən belə bir fitnəkarlığa başlaması o deməkdir ki, xalqımız keçmişin bu qanlı səhifələrini bir daha nəzərdən keçirməli, gənc nəslə həqiqəti olduğu kimi deməlidir. Bu mənada 1911-ci ildə çap olunmuş “Qanlı sənələr” sənədli-publisist əsəri yaşadığımız günlərdə də olduqca aktual və müasir səslənir, başları dumanlanmış adamları keçmişin acı həqiqətlərindən ibrət dərsi almağa çağırır”. Vətənpərvərlik duyğuları ilə dolu olan “Qanlı sənələr” həm də Məmməd Səid Ordubadi yaradıcılığının bütün dövrlər üçün müasir olmasının göstəricisidir. 

 

 

Allahverdi MƏMMƏDLİ,

filologiya elmləri namizədi  

 

525-ci qəzet.- 2012.- 16 may.- S.6.