Başqa saytlardan geri qalmamaq üçün
öz üslubumuzu və
istiqamətimizi müəyyənləşdirməyə
çalışırıq”
“QAYNAR.İNFO”NUN BAŞ REDAKTORU FƏRİD
ŞAHBAZLI: “BİZİM PORTAL CİDDİ QƏBUL OLUNAN,
ETİBARLI MƏNBƏ ROLUNU OYNAYAN İNTERNET ÜNVANLARINDAN
BİRİ KİMİ TANINIR”
İnternet
xəbər məkanında öz yeri olan “Qaynar.info” xəbər
portalının bu yaxınlarda 5 yaşı tamam oldu.
Portalın baş redaktoru, “İslahatçı Gənclər”
İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə həm
bu barədə, həm də digər əlaqədar
mövzularla bağlı söhbətləşdik.
– Xəbər portalınının
yaranması, beş illik fəaliyyəti haqqında geniş məlumat
almaq istərdik.
–
“Qaynar.info” xəbər portalı 2007-ci ildə fəaliyyətə
başlayıb. 2009-cu ilin noyabr ayına kimi sayta Zahir Əzəmət
rəhbərlik edib. Sonra sayt gənclərin, yəni bizim idarəçiliyimizə
keçib. Azərbaycanda ilk və azsaylı saytlardandır ki,
gənclik üçün ciddi bir tribuna rolunu oynayıb. Bu
gün də, Azərbaycan gəncliyinin ən fəal nümayəndələri,
həm iqtidar, həm müxalifət tərəfdarları
“Qaynar.info”da fəal çıxış edirlər. Eyni
zamanda portalımız milli internet məkanında yeni ənənənin
əsasını qoydu. Azərbaycanda hətta birinci kurs tələbələrdə
sayta rəhbərlik edib onu ölkənin ictimai-siyasi həyatında
önəmli rolu olan bir media orqanına çevirə bilər.
Hazırda gənlərin rəhbərliyi ilə populyar olan
saytlar yetərincədir. Bu yaxınlarda fəaliyyətimizin
beş illiyi tamam oldu. Artıq “qaynar.info” ciddi qəbul olunan,
etibarlı mənbə rolunu oynayan internet ünvanlarından
biri kimi tanınıb. Bu bizim üçün kifayət qədər
yaxşı nəticədir. Məhdud imkanlarla hazırkı nəticələrə
nail olmaq indiki şəraitdə qənaətbəxş
sayıla bilər. O mənada, saytın fəaliyyətini
normal qiymətləndirirəm. Artan rəqabət mühitində
öz planlarımızda, strategiyamızda dəyişikliklər
etməliyik, zamanla uyğunlaşan addımlar atmalıyıq.
Bütün hallarda məqsədimiz kəmiyyət yox, keyfiyyət
göstəricilərinə diqqət etməkdir.
–
Saytda əsas fərqli cəhətlər hansılardır,
hansı prinsipləri əsas tutursuz?
– Vəzifəmiz
gerçəkliyi çatdırmaqdır. Əsas prinsiplərimiz
bunlardır: hadisələrə obyektiv və qərəzsiz
yanaşmağa, heç bir siyasi qüvvənin, partiyanın
mövqeyindən çıxış etməməyə
çalışırıq. Təbii ki, saytın və mənim
cəmiyyətə bəlli mövqeyim var. Dövlət
başçısının siyasətini dəstəkləyirəm.
Amma bu mövqeyimi saytda nümayiş etdirməyə
çalışmıram. Ölkədə baş verən
abadlıq işlərini problemlərlə bir yerdə
işıqlandırırıq. Bəzən eşidirik ki,
“qaynar.info” hakimiyyətin mövqeyini müdafiə edir. Amma
bizi izləyənlər görürlər ki, ayrı-ayrı
sahələr üzrə problemləri
işıqlandırırq. Sadəcə bizim fərqimiz odur
ki, bir sahədə olan problemə, hansısa “JEK” müdirinin
yarıtmazlığına görə ölkə rəhbərliyini
günahlandırmırıq. Hadisələrə oxucu
prizmasından yanaşaraq obyektivliyimizi qorumağa
çalışırıq.
– Media aləmində yetərincə
peşəkar və məşhur olan saytlarla, informasiya agentlikləri
ilə necə rəqabət aparırsız?
–Etiraf etdim ki, çoxdan fəaliyyət
göstərən, imkanları geniş olan saytlarla rəqabətdə
geri qalırıq. Bunun da obyektiv səbəbləri var.
Maddi-texniki bazanın zəifliyi, əməkdaşlarımızın
sayının azlığı bu rəqabəti şərtləndirən
amillərdir. Amma biz hər zaman çalışırıq
ki, o digər saytlardan geri qalmamaq üçün öz
üslubumuzu, istiqamətimizi müəyyənləşdirək.
“Qaynar.info” hazırda Milli Məclisdə baş verənləri
ən çox işıqlandıran portallardandır. Hər
hansı məsələ ilə bağlı deputatların
fikrini öyrənmək istəyənlər birinci bizim portala
daxil olur. Çalışırıq ki, ölkənin öndə
olan ictimai-siyasi xadimlərinin, eyni zamanda bir qədər diqqətdən
kənarda qalmış insanların fikirlərini oxuculara
çatdırırq. Düşünürəm ki, bu
uğurlu yoldur. Gənclərin, gənclər təşkilatlarının
da ən çox izlədikləri sayt “qaynar.info”dur.
– Hərdən müzakirə olunur ki, internet media etik qaydalara əməl etmir, hətta əxlaq normalarını pozur. Sizcə, bu nə dərəcədə doğrudur?
– Bu dəqiqə internet medianın ən böyük, ciddi problemi onun hüquqi statusunun olmamasıyla bağlıdır. Hələ KİV kateqoriyasına aid olub-olmaması qanunla müəyyən edilməyib. Halbuki ən çox oxunan KİV internet saytları, informasiya agentlikləridir. Belə olan halda, mütləq hüquqi status olmalıdır ki, onun verdiyi müəyyən sərhədlər daxilində hərəkət edilsin. Bu olmadığı üçün bugün istənilən şəxs bir sayt açaraq özünün şəxsi məqsədləri üçün, insanlara şantaj vasitəsi kimi istifadə edə bilir. Hazırda fəaliyyyət göstərən sayların əksəriyyəti dezinformasiya yaymaqla məşğuldur. Çox az sayt var ki, cəmiyyətin xeyrinə çalışır, digərləri isə xırda məmurları təhdid etməklə məşğuldurlar. Əslində tənqid etmək cəmiyyətin xeyri üçün nəzərdə tutulmalıdır, amma bəzi yazılardan korrupsiya qoxusu gəlir. Mətbuat da cəmiyyətin aynasıdır, korrupsiyaya qarşı mübarizədə rolu böyükdür. Amma mətbuatın özünün korrupsiyalaşması, onun özünün kimlərinsə əlində vasitəyə çevrilməsi yolverilməzdir. Bu gün bəzi saytları açanda hətta məmurların şəxsi həyatlarından yazılara rast gəlinir. Bu mətbuatın və medianın prinsiplərinə uyğun deyil, həm də bir insan kimi bizim milli-mənəvi dəyərlərimizə də ziddir. Medianın üzərində nəzarətin tərəfdarıyam. Senzura qədər yox, sadəcə onun fəaliyyətinin koordinasiya olunması üçün islahatlıara ehtiyac var. Reket internet saytlarının fəaliyyəti dayandırılmalıdır.
– İnformasiya agentlikləri arasında bir-birindən köçürmə halları geniş hal alıb. Həm də bu xəbərlər istinad edilmədən verilir. Bu cür neqativ hallarla rastlaşırsınızmı?
– Bu
çox ciddi problemdir. Bəzən bizim
əməkdaşlarımız da, belə
səhlənkarlığa yol verirlər. Amma bəlli olur ki, bizim xəbəri götürdüyümüz sayt
özü də bunu hardansa köçürüb.
Bu gün
internet mediasında əksər
saytlar bir birindən köçürməklə
iş qururlar. Çox az
sayt tapmaq olar ki, ordakı
xəbərlər yenidir.
Nazirliklərin hesabatları,
açıqlamaları, ayrı
saytlarda çox az özəl
xəbərlər olur
ki, biz də onu istinad edərək
yerləşdirmək məcburiyyətindəyik.
Müəllif hüquqlarının qorunması, mənbənin
göstərilməsi, jurnalist
etikasını pozmamaq
çox vacib şərtlərdəndir. Hətta elə saytlar var ki, tamamilə
başqa saytlarda yazılanları köçürərək
heç istinad da etmir. Problemlərin hamısını tənzimləmək, həll
etmək indinin özündə çətindir.
Çünki indi hamı
pul qazanmaq, ya da tanınmaq
üçün saytlardan
istifadə edir. Yəqin ki, bir neçə
ildən sonra bu məsələdə də saf-çürük
olacaq, kimlərin mediada davam gətirməsi
aydınlaşacaq.
– Yaşınızın az olması bir baş redaktor
kimi sizə qarşı qeyri-ciddi münasibətə səbəb
olurmu?
– Dünyanın hər yerində ictimai aləmdə çalışan
insan üçün
yaşın azlığı
əlavə üstünlükdür,
Azərbaycanda isə bu problemdir. Heç kəsə sübut etmək olur ki, gənc
yaşda çox iş görmək mümkündür. Bizimlə
də bu problem baş verdi
və bəzi ziyalı adamlar düşünürdü ki,
bu gənclər heç bir iş görə bilməzlər. Onlar özü hansı
səviyyədədir ki,
ortaya da hansı işi qoysunlar. Amma “Qaynar.info” bu stereotipi
qırdı. Bizdən sonra
tələbələr cəsarətlənərək
çoxlu saytlar açdılar. Ümumiyyətlə, insanlara, proseslərə yanaşmada yaş amili əsas olmamalıdır. Azərbaycan tarixində
gənc yaşlarında
böyük uğurlara
imza atmış onlarla şəxsiyyətimiz
var. Onlar Azərbaycan tarixində, müstəqilliyimizin
qazanılmasında çox
mühüm rol oynayıblar. Ona görə
də, təəssüf
edirəm ki, bu gün də
bəzi insanlar, məmurlar, ictimai-siyasi xadimlər gənclərin
fəaliyyətnə qeyri-cidddi
yanaşırlar. Amma Azərbaycan
gəncliyinin güc aldığı, nümunə
götürdüyü şəxs
prezidentimizdir. Prezidentin verdiyi
sərəncamların böyük
əksəriyyəti Azərbaycan
gəncliyinə aiddir.
2011-2015-ci il Dövlət gənclər
proqramının qəbul
olunması onu göstərir ki, ölkə başçısı
gənclərin ölkə
həyatındakı aktiv
fəaliyyətinə maraqlıdır.
Biz də bu
şəraitdən istifadə
edərək öz gücümüzü oratay
qoymağa çalışırıq.
Ümid edirəm ki, yaxın gələcəkdə,
bizi qeyri-ciddi qəbul edən bəzi insanlar da bizə münasibətdə
reallığı əsas
götürüb qiymət
verəcəklər.
– Sədri olduğunuz Birliklə sayt arasındakı əlaqələr
hansı səviyyədədir?
– “İslahatçı Gənclər” İctimai Birliyi 2006-cı ildə yaradılıb. Əvvəl “Gənc liderlər”
uşaq təşkilatı
kimi fəaliyyət göstərirdik. 2009-cu ildən gənclər təşkilatı olduq.
Amma dövlət qeydiyyatından
keçəndə indiki
adı uyğun gördük. Azərbaycanın ictimai sektorunda müəyyən yaşı
və yeri olan təşkilatdır.
Ölkənin üç
ayrı regionunda, məktəblərdə, universitetlərdə
nümayəndəliklərimiz var. Elə bir ay ola bilməz
ki, təşkilat ölkədə baş verən hadisələrlə
bağlı tədbir
keçirməsin. “Qaynar.info”da çalışan
gənclərin əksəriyyəti
“İslahatçı Gənclər”
birliyinin üzvləridir.
Məhdud imkanlarla çalışdığımız
üçün bir çoxu könüllülük
prinsipiylə saytımızda
çalışırlar. Həm təşkilat, həm də sayt bir-birinə
dəstək verirlər,
bunda bir uyğunsuzluq görmürəm.
Etiraf etmək lazımdır ki, Azərbaycan mediası parçalanıb,
əvvəllər bizim
təşkilatın xəbərlərinin
bəzi mətbu orqanlarında görünməsi
problem idi. “Qaynar.info” isə təşkilatımızın
fəaliyyətinə kifayət
qədər dəstək
verir. Çünki ictimai sektorda
fəaliyyətin əsasını
piar təşkil edir. Regionlardan xəbərləri təşkilatımızın üzvləri
vasitəsiylə alırıq.
Bundan əlavə müəyyən
strukturlarından xəbərləri
öyrənmək imkanımız
var.
– Həm gənclər təşkilatının
sədri kimi, həm də bir media qurumunun baş redaktoru kimi xarici mətbuatla
Azərbaycan arasında
baş verən anlaşılmazlıqları necə
qiymətləndirirsiz?
– Bu artıq ənənə halını
alıb. Azərbaycanda hər hansı
bir mühüm hadisə, həlledici məqam, seçkilər olduqda xaricdən hansısa qüvvələr
əks-təbliğata başlayırlar.
Bəs niyə ayrı vaxtlarda Azərbaycanın problemləri onların yadına düşmür?
Eləcə də, “Avroviziya”
ərəfəsində bu
məsələlərin gündəmə
gəlməsi qətiyyən
təsadüfi deyil.
Əslində Azərbaycandan istifadə
dərək, öz maraqlarına uyğun siyasət yeridirlər.
Həm də xarici mətbuat Azərbaycanı
tənqid etdikəd
normal qarşılanır. Bizim mətbuatda da Azərbaycanın maraqlarını
əsas tutan, dövlətçiliyimizi qorumağa
çalışanlar var
və bu media orqanları cavab haqqından istifadə edən kimi, hər hansı xarici ölkədə baş verən neqativ halları işıqlandıranda bunu
təəcüblü və
sensasiya kimi qəbul edirlər.
– Qarşıdakı il Azərbaycanda seçkilər keçiriləcək.
“Qaynar.info” bu siyasi hadisəylə bağlı fəaliyyətində
hansı dəyişikliklər
edəcək?
– Təbii ki, çalışacağıq
ki, ölkədə keçirilən prezident seçkilərində öndə
gedən, etibarlı xəbər qaynaqlarından
biri kimi fərqlənək. Portalımız seçkidə iştirak edənlərin və bu prosesi izləyənlərin
ən çox əməkdaşlıq etdiyi
saytlardan olsun.
Pərviz SADIQOV
525-ci qəzet.- 2012.- 16 may.- S.6.