“Bakıdan gələn
var...”
Qasım Türkan Təbrizin tanınmış jurnalistlərindəndir. Onun nəşriyyatı və nəşr etdirdiyi qəzet var. Bu müsahibə mənim Qasım Türkanla ilk tanışlığım deyil. O, əvvəllər də mənim haqqımda məqalələr yazmış, öz qəzetində və “Mehri Azadi” qəzetində dərc etdirmişdir. “Mehri Azadi” qəzetini daha mötəbər qəzet hesab etdiyi üçün “Bakıdan gələn var...” sizə təqdim edəcəyimiz bu müsahibəni də həmin qəzetin doktor Yəhyanın redaktoru olduğu Azərbaycan bölməsində dərc etdirmək istəyi ilə götürmüşdü.
Xəlil
Məcidoğlu
khalil_majid@mail.ru
Qonağımız
İran İslam Respublikasının böyük dostu,
tanınmış alim, professor, doktor Xəlil Məcidoğludur.
Söhbətimiz mənəviyyat məsələləri ilə
bağlıdır.
–
Professor, İran İslam Respublikasına xoş gəlmişsiniz.
Sizin hər səfərinizi səbirsizliklə gözləyirik.
Mən universitet tələbələrinin, müəllimlərinin
Sizi necə mehribanlıqla qarşıladıqlarının
şahidi olmuşam. Elə biz mətbuat işçiləri
üçün də Siz arzuolunan şəxssiniz.
– Təşəkkür
edirəm, mən özüm də tələbələr, müəllimlər,
mətbuat işçiləri, çoxsaylı dostlar,
tanışlarla görüş üçün
darıxıram. İran İslam Respublikasına hər səfərim
uğurlu, yadda qalan olur.
– İcazənizlə,
suallara başlayım.
– Buyurun.
–
Professor, dost kimə deyirlər? Dostlarınız varmı?
– Dost,
dostluğu bacaran adama deyirlər. Dostluq, qohumluğa yaxın,
hətta, bəzi hallarda ondan da üstün münasibətdir.
Dostluq insanlar üzərinə əlavə məsuliyyət,
qayğı qoyur. Bu məsuliyyəti hər adam yerinə
yetirməyi bacarmır, ya da istəmir. Ona görə də
belə adamların dostluğu uzun çəkmir. Dostluğun əsas
şərti onun təmənnasız olmasıdır. Yalnız
sınaqlardan üzü ağ çıxmış insanlara
dost demək olar. Ola bilər ki, kiminləsə uzun illər
yaxın münasibətdə olasan, o adam əsl sifətini
büruzə verməsin. Belələrinə yeganə bir
sınaq lazımdır ki, onun əslində kim olduğu
üzə çıxsın. Sınaqlar müxtəlif
növ və müxtəlif dərəcəli ola bilər. Məsələn,
bir şəxs uzun illər səndən asılıdır, sənə
tabeçiliyi var, odur ki, sənə dost kimi yanaşır.
Hansı səbəbdənsə sən onun tabeçiliyinə
keçirsən, ondan asılı olursan, ancaq münasibətləriniz
dəyişmir, hətta, bir az da mehriban olursunuz. Deməli, həmin
adam sizə dost insandır. O, münasibətlərində səmimidir.
Kimsə insanın çətinliyə düşdüyü
məqamlarda ona daha yaxın olursa, dərdinə şərik
çıxırsa, əlindən gələn köməkliyi
göstərirsə, deməli, o, əsl dostdur. Belə insan
dostluqdan sui-istifadə etməz.
İnsanlar
kimi, xalqlar da, dövlətlər də dost ola bilirlər.
İran İslam Respublikası ilə Azərbaycan
Respublikası dost, qardaş ölkələrdir. Amma bu
dostluğu gözü götürməyənlər də az
deyil. Onların bütün fəaliyyəti bu iki dövlətin
mehriban münasibətlərinə, dostluğuna mane olmaqdan
ibarətdir. İki dost ölkə onların arasını
vurmağa çalışan qüvvələrə heç
cür imkan verməməlidir.
O ki
qaldı dostlarıma, bəli, sınaqdan
çıxmış dostlarım var, mən onlarla fəxr
edirəm. Etiraf edirəm ki, etibarını itirən
“dostlarım” da olub.
– Din və
mənəviyyat Sizin üçün nə deməkdir?
–
Bütün dinlər, xüsusilə İslam, insanları mənəvi
dəyərlərə riayət etməyə
çağırır. Bu mənada din elə mənəviyyatdır.
Lakin həyatda buna əməl etməyənlər hələlik
çoxdur. Din yalnız ona sidq-ürəkdən iman gətirənləri
qəbul edir. Bəd əməllərlə məşğul
olub şəriət qanunlarına üzərə riayət edənləri
din qəbul etməz. Elə insanlar var ki, həyatda dələduzluqla,
haram işlərlə, oğurluqla məşğul olur, maddi
qazanc üçün hər cür mənəviyyatsızlığa
gedir, amma dəfələrlə Həcci, Kərbəlanı,
Məşhədi ziyarət edir, bununla da bütün
günahlarının bağışlandığını
hesab edir. Əlbəttə, Allahımız belə
insanların ziyarətini qəbul etməz. Əgər bir insan
bu müqəddəs yerləri ziyarət etdikdən sonra bəd
əməllərindən əl çəkərsə, əlbəttə,
onun ziyarəti qəbul olunar.
70 il Sovet
hakimiyyəti insanları dinsizliyə, Allahsızlığa
çağırdı, kilsələri, məscidləri məhv
elədi, dinə qarşı mübarizə apardı, amma
insanları, xüsusilə müsəlmanları müqəddəs
İslam dinindən ayıra bilmədi. İnsanlar gizli namaz
qıldı, oruc tutdu. Çünki insanlar dinə daxilən
ehtiyac duyurlar. İnsan xoş günündə də, bəd
günündə də Allaha üz tutur, Ona sədaqətini
bildirir, Ondan imdad istəyir.
–
İnsanlarda hansı keyfiyyətləri daha çox
xoşlayırsınız? Ən
xoşlamadığınız keyfiyyətlər.
– Deyilənə
görə, insanı insan eləyən yetmişdən
çox keyfiyyət var. Mən məktəbdə oxuyan vaxtlar
müəllimimiz bizə belə bir tapşırıq verdi:
“Evdə hər kəs insanın insani keyfiyyətlərini
yazılı şəkildə sadalasın və mənə təqdim
etsin. Kim daha çox sadalasa “əla” alacaq”.
Mən o
zaman nədənsə birinci yerdə “insanın minnətdarlıq
hissi”ni yazdım. Doğrusu elə indi də o fikirdəyəm.
İnsanlar onları yaradan Tanrıya, dünyaya gətirən
valideynlərə ömrü boyu minnətdar olmalıdır.
Yaxşılığı unutmamaq da minnətdarlıq hissindən
irəli gəlir. Minnətdarlıq hissi insanı
yaxşılığa yaxşılıqla cavab verməyə
vadar edir. Pisliyi unutmaq olar. Pisliyə pisliklə cavab vermək
düzgün deyil. Pislik edəni Allaha tapşırmaq daha
düzgündür.
Sədaqət
hissi mənim üçün çox qiymətli insani keyfiyyətdir.
İnsanlarla münasibətdə sədaqətli olmağa həmişə
çalışmışam, özümə qarşı sədaqətli
olmağı arzulamışam. Lakin sədaqətli
olmağı çoxları bacarmır, buna insanın daxili aləminin
saf olmaması mane olur.
O ki qaldı bəd xasiyyətlərə,
ən xoşlamadığım, insanın
riyakarlığıdır. Riyakar insanın əsl sifətini
açmaq asan deyil. O, uzun müddət daxili aləmini
büruzə verməyə bilər. Lakin gizli şəkildə,
üstüörtülü öz bəd əməllərini
həyata keçirər. Riyakar öz əməllərini
yerinə yetirmək üçün hər sifətə
düşməyə hazırdır: yalan danışmaq,
yaltaqlanmaq, “quyruq bulamaq”, simasızlıq göstərmək və
s.
Son dövrlərin ən qorxulu əlaməti,
bəzi insanların harınlaşması və buradan irəli
gələn cəzasızlıq hissi, saymamazlıq, özbaşınalıq,
Allahdan, hökumətdən qorxmamaq, çəkinməmək,
bütün insani keyfiyyətləri itirməkdir. Harın
insanlar nəinki ətrafdakılar üçün, hətta,
bütün cəmiyyət üçün qorxuludurlar.
İnsan oğurluqla, rüşvətlə, dələduzluqla
yığdığı pulun, var-dövlətin hesabına
harınlaşır. Bu pullar onun gözünü
örtür, insaniyyətliyini əlindən alır, onu vəhşiləşdirir.
Öz zəkası, zəhməti ilə milyoner, hətta,
milyarder olmuş insan heç cür harınlaşa bilməz.
O, alın təri ilə qazandığı pulun, var-dövlətin
qədrini bilir, onu insanların rifahı üçün xərcləyir.
– Yəqin
ki, xeyirxahlıq, insana əl tutmaq kimi keyfiyyətlər də
insana yaraşar.
– Əlbəttə.
Bizdə deyirlər, xeyirxahlıq, insana əl tutmaq Əlidən
(ə.s) qalıb. Əgər insanlar Əli yolu ilə getsəydilər,
dünya düzələrdi. Mənə bir adam kömək
üçün müraciət edəndə, özümü
lazımi hiss edirəm. İmkanım daxilində
çalışıram ki, ona kömək edim. Mən bir
insan kimi, alim kimi, müəllim kimi həyatımdan
razıyam. Maraqlı həyat yolu keçmişəm. Uzun illər
gənclərin təlim-tərbiyəsi ilə məşğul
olmuşam. Öz bilik, bacarığımı onlardan əsirgəməmişəm.
İmkansız, kasıb ailələrdən olan üç
qızı doğma qızım kimi boya-başa
çatdırıb təhsil vermişəm. Bu “sirr” təsadüfən
açıldığı üçün bu barədə
danışmaq istəyirəm. Bu, uzun illər “sirr” olaraq
qalırdı.
...Həyat
yoldaşım yaxından tanıdığı imkansız ailədən
bir qız uşağı götürüb oxutmağı mənə
təklif etdi. Mən təkliflə razılaşdım və
qız ailəmizin üzvü oldu. Kənar bir adamın ailəyə
daxil olması heç də asan iş deyil. Burada bütün
ailə üzvlərinin razılığı, onu yola verməsi
əsasdır. Xoşbəxtlikdən bu barədə
hamımız eyni fikirdə idik. Ailəmizin yeni üzvü
özünü doğma evindəki kimi hiss edirdi, evimizə
onun üçün elçilər gəldi, onu öz
doğma qızımız kimi toy eləyib ər evinə
köçürdük. Onu köçürdükdən
sonra başqa bir qız axtarışına düşdük.
Çox axtarmalı olmadıq.
Mənim
dağ kəndlərinin birində yaxın dostum vardı. Onun
11 övladı vardı – üçü oğlan, səkkizi
qız. Dostuma təklif etdim ki, qızlardan birini ver aparım
bizdə qalsın, təhsil alsın. O, razılaşdı və
qızlardan birini özümlə evimizə gətirdim. Ailə
üzvləri qızı yaxşı qarşıladı.
Qız şəhər mühitinə tez alışdı. Ona
da təhsilini başa vurduqdan sonra evimizə elçi gəldi,
onun da toyunu edib ər evinə köçürdük. Toydan
heç bir ay keçməmiş həyat yoldaşım
başqa bir qızı evimizə gətirmək
üçün məndən razılıq istədi. Qız
heç orta məktəbi də bitirməmişdi. Məktəbin
iki son illərini bizdə yaşayaraq bitirdi. Bu iki ildə mən
onunla fərdi məşğul olurdum, onu universitetə
hazırlaşdırdım və o, çətinlik çəkmədən
işlədiyim universitetə daxil oldu. Universitetdə hamı
onu mənim qızım hesab edirdi. “Maşallah, çox tərbiyəli
qızın var” – deyərdilər.
Bir
gün qızın təhsil aldığı fakültənin
dekanı mənə müraciətlə:
– Xəlil
müəllim, Aynurə (qızın adıdır) bu il təhsilini
başa vurur, Allah saxlasın, çox ağıllı, tərbiyəli
qızdır. Sənin kimi bir böyük şəxslə
qohum olmaq mənim üçün şərəfdir. Mənim
oğlum da universiteti keçən il bitirib, bir əməlisaleh
qız tapa bilmirik. Aynurə neçə illərdir
gözümün qabağında olub, çox bəyənmişəm
hər hərəkətini. Səni inandırıram ki,
oğlum ona layiq insandır, onlar xoşbəxt ailə qura bilərlər.
– Telman
(dekanın adı) müəllim, biz səninlə neçə
illərin dostuyuq, bir-birimizin ailələrinə bələdik.
Mən etiraz etməzdim, amma bir “sirri” sənə
açmalıyam: Aynurə mənim doğma qızım deyil,
o, sadəcə olaraq bizim ailədə tərbiyə alıb,
təhsil üçün ona hər cür imkan
yaratmışıq. Odur ki, əgər mənim bu sözlərimdən
sonra da təklifində qalırsansa, onda qızın anası
ilə (atası yoxdur), özü ilə məsləhətləşməliyəm.
Bu, mənim tərbiyə, təhsil verdiyim
üçüncü qızdır.
Telman
müəllim şok vəziyyətinə
düşmüşdü. O, mənə heç nə deməyib
sağollaşıb getdi.
Sonralar
öyrəndim ki, Telman müəllim Elmi Şuranın
növbəti iclasında rektordan söz alaraq:
– Hörmətli
Gülçöhrə xanım (rektorun adı), əziz həmkarlarım,
mən neçə gündür ki, bir hadisənin təsirindən
çıxa bilmirəm. Təəssüf ki, biz insanları
vaxtında, yaxşı qiymətləndirə bilmirik. Bax,
bizim hörmətli Xəlil müəllim əsl şücaət
göstərib, bizim ondan xəbərimiz yoxdur. O, imkansız
ailələrdən üç qız uşağı
götürüb, himayədarlıq edib, tərbiyə, təhsil
verib, öz övladları kimi toy eləyib ər evinə
köçürüb. Bizim fakültənin
axırıncı kursunda oxuyan Aynurə o qızlardan
üçüncüdür. Biz indiyə kimi Aynurəni Xəlil
müəllimin doğma qızı bilmişik. İnsanın
böyüklüyünə fikir verin ki, bu
böyüklükdə savab iş görüb, amma heç
kimə heç nə deməyib. Yalnız təsadüf bu
işi açmışdır. Bu zamanda insanlar öz
övladlarına təhsil verə bilmir. Yad bir ailədən
qız götürəsən, onun zəhmətini çəkəsən,
qayğısına qalasan, boya-başa çatdırasan, təhsil
verdirəsən, toyunu edib ərə verəsən, Vallah, bunu
yalnız müqəddəs insanlar edə bilər. Biz Xəlil
müəllimin bu xeyirxahlığını, dəyərincə
qiymətləndirməliyik.
Deyilənə
görə, Şura üzvlərindən xoş söz deyənlər
də, ağız büzənlər (açıq olmasa da) də
olub, kimsə bunu pulun artıqlığı (təəssüf
ki, məndə heç vaxt artıq pul olmayıb) kimi qələmə
verib.
Amma
sonralar Telman müəllim bu söhbətin üstünə
qayıtmadı. Aynurə də seçimini etdi – mənim dərs
dediyim çox tərbiyəli bir oğlanla taleyini bağlamaq
istədiyini bildirdi. Aynurə də o biri qızlar kimi evimizdən
gəlin köçdü.
İndi həmin
qızların hamısı xoşbəxt ailə həyatı
yaşayırlar. Hamısının övladları var,
övladlardan bəziləri hətta, ali təhsil alıb.
Qızlarım məni həmişə yada salırlar, xəstələnəndə
öz övladlarımla birlikdə yanımda olurlar. Onları
görəndə düşünürəm ki, əməyim
hədər getməyib, həyatımdan razı qalmağa
haqqım var.
– Qibtə
etdiyiniz adamlar varmı?
– Qibtə
etməyin iki istiqaməti var. Biri pislik mənada, o biri
yaxşılıq. Pislik mənada qibtə etmək adamın
paxıllığını çəkmək, ona pislik
arzulamaq, köks ötürmək deməkdir. Yaxşı mənada
qibtə etdiyin adam sənin üçün nümunə
olmaq, ondan öyrənmək, onun səviyyəsinə
çatmaq üçün çalışmaq deməkdir.
Yaxşı mənada qibtə etdiyim adamlar olub. Mən onlarla əlaqədən
özüm üçün çox şey
götürmüşəm, onların hər uğuruna
sevinmişəm, özümü onlara oxşatmağa
çalışmışam.
–
Professor, yersiz görünsə də, belə bir sual verəcəyəm:
milyonlarla pulunuz olsaydı, onu necə xərcləyərdiniz?
– Bəlkə
də inanmazsınız, mən heç vaxt milyonlarla pulumun
olmasını arzulamamışam. Çünki bilirəm, hədsiz
çox pul insan pis mənada dəyişdirir, o, pulun əsirinə
çevrilir. Əlbəttə, hər bir insan normal yaşamaq
arzusunda olmalıdır, özünün, ailəsinin
rifahını yaxşılaşdırmağa
çalışmalıdır. Mən heç vaxt dəbdəbəli
həyat arzusunda olmamışam. Mən yaşamaq
üçün yeyən adamlardanam. Normal yaşayış
dedikdə onu nəzərdə tuturam ki, hər bir ailənin hər
cür şəraiti olan evi, şəhərdən kənarda
bağ evi, maşını, istədiyi vaxt görməli yerlərə
səyahət imkanı, xeyir-şər üçün
müəyyən qədər ehtiyat pul olmasıdır.
O ki
qaldı konkret sualınıza, sual verilibsə, ona cavab verilməlidir.
Əgər mənim milyonlarla pulum
olsaydı, həmin puldan özüm, ailəm
üçün yuxarıda sadaladığım şəraiti
yaradardım, pulun qalanını yalnız xeyirxah işlərə
xərcləyərdim. Qonşularımın gözü qala
bilən heç bir təmtəraq işlər görməzdim.
Bədbəxt ətrafın olan yerdə insan xoşbəxt ola
bilməz. Təəssüf ki, həyatda belə deyil. Toxun
acdan xəbəri yoxdur – prinsipi hökm sürür. İndiki
dövrdə heç bir zəhmət çəkmədən,
alın təri tökmədən milyarder, milyoner olan adamlar
çoxdur. Onlar ətrafdakılara məhəl qoymadan öz
iyrənc dünyalarında yaşayırlar. Bir də
görürsən, iki yaxtası ola-ola milyonlar xərcləyərək
üçüncü yaxtanı alır, vertolyotu ola-ola şəxsi
təyyarə alır, saysız-hesabsız (heç kimin
yaşamadığı) milyonlarla dəyəri olan villalar
tikdirir, bu villaların həyətində delfin, timsah,
başqa ekzotik heyvanlar saxlayır, bitkilər əkdirir. Həmin
villaların qala divarlarının (hasarlarının) xaricində
yaşayan insanların isə adi çörəyə
ehtiyacı olur. Milyonlar qarşısındakı imkansız
insanları görməyə imkan vermir. Odur ki, mən o
milyonları istəməzdim. Mən bütün insanları
görmək istəyirəm.
– Alimlərin, təhsil
işçilərinin çata biləcəyi zirvələri
fəth etmisiniz. Bunun üçün özünüzü
kimə borclu hesab edirsiniz?
– Mən
bütün nailiyyətlərim üçün ilk növbədə
Atama borcluyam. Atamın pak obrazı ömürlük beynimə
həkk olunub. Bu obraz yoluma işıq saçır, mənə
düz yol göstərir, mənə ilham verir. Təsadüfi
deyil ki, yazdığım otuza qədər kitablarım “Allah
sənə rəhmət eləsin, Ata!” sözləri ilə
başlayır. Bəzi kitablarım sovet dövründə
çıxmışdı. O dövrdəki senzura “Allah”
sözünü işlətməyə qadağa qoymuşdu.
Odur ki, kitablarımdakı “Allah sənə rəhmət eləsin,
Ata!” sözlərini çıxarmışdılar. Sovet
İttifaqı dağılandan sonra mən həmin
kitabları yenidən nəşr etdirdim, ürəyimdən gələn
sözləri ora əlavə etdim.
Əlbəttə,
mənim uğurlarımda müəllimlərimin böyük əməyi
var. Mənim müəllimlərdə bəxtim gətirib. Mənim
müəllimlərim tələbələrini sevən, bilik
və bacarığını onlardan əsirgəməyən
şəxsiyyətlər olublar. İş yerlərimdəki
sağlam mühit, yaradılan normal şərait,
dostlarımın köməyi inamımı artırıb,
işimi asanlaşdırıb.
–
Professor, maraqlı söhbət üçün minnətdarlığımı
bildirirəm.
– Mən də Sizə öz təşəkkürümü bildirirəm ki, məni yaddan çıxarmırsınız. Yenidən doğma Təbrizdə görüşmək arzusu ilə! Allah əmanəti!
Söhbətləşdi:
Qasım Türkan Təbriz şəhəri
525-ci qəzet.-
2012.- 16 may.- S.2.