Güllələnmiş
körpə gülüşlərinin poeziyası...
Azərbaycanın işğal olunmuş ayrı-ayrı rayonları barədə mətbuatda, eləcə də “Qarabağa aparan yol” qəzetinin səhifələrində bir çox məqalələr yazmışam. Amma “Şuşa” adı gələndə həmişə susuram. Çünki Şuşanın əzəməti, görünüşündəki Tanrı qüdrətinin qeyri-adiliyi məni həmişə susdurub. Qorxmuşam ki, zəif ifadələrim, bəsit fikirlərim Şuşanın əzəmətinə kölgə salar. Bu qorxunu bilərəkdən həmişə içimdə saxlamışam. Yaxşı yazmamaqdansa, heç yazmamağa üstünlük vermişəm.
Bu yazımda özünün orijinal üslubu və
poeziyasında elat dilindən qaynaqlanan şirin
misraları, şeirləri ilə seçilən, sevilən,
“Qızıl qələm”, “Dan ulduzu” və “Məhəmməd Əsədov”
mükafatlarına layiq görülən
tanınmış şair Əli Mahmudun Şuşaya həsr
etdiyi, daha doğrusu yurd yanğısından
yazılmış bir neçə şeirinin üzərində dayanmaq
istəyirəm. Əvvəlcə onu deyim ki, münaqişənin
alovlandığı dəhşətli illərdə Qarabağ həqiqətlərini “Azadlıq” radiosu ilə dünya dinləyicilərinə
çatdırdığına görə təqib və təzyiqlərə
məruz qalmış şair Əli
Mahmudla artıq neçə ildir bir yerdə işləyirəm,
amma hələ də bilmirəm ki, o,
Laçındandır, yoxsa Şuşadan. Bu sonuncu cümləni diktə edərkən şair Tamella Pərvin
emosiyalarını gizlətmədən “Əli Mahmuddan yazırsan? Ondan özüm yazacam” – dedi. Bu xeyirxah hissin
bir adı var:
yaxşı adamı, yaxşı şairi
başqasına qısqanmaq. Şair Əli
Mahmudun Şuşadan ya Laçından olduğuna
gəlincə isə bunu hələ də
dəqiq bilmirəm. Çünki o Şuşa və
Laçın haqqında həmişə eyni
doğmalıqla danışır. Şuşadan
danışanda elə bilirsən Şuşada
doğulub, Laçından
danışanda isə Laçında dünyaya
göz açıb qənaətinə gəlirsən.
Onun üçün
məmləkətin bu başı – o başı, bölgüsü
yoxdur. Bir meyarı var; yaradıcı aləmdə ən
yaxşı qarabağlı Qarabağ
haqqında ən yaxşı yazı yazan
müəlliflərdi, deyir. Qarabağ yaralı yerimiz
olmasaydı inanıram ki,
“Qarabağ”ın yerinə o, “Azərbaycan”
ifadəsini işlədərdi. Qarabağın hansı
diyarından olduğunu dəqiq bilməsəm
də mən Əli Mahmudu yaxşı
tanıyıram, canında Azərbaycançılıq
yanğısı daşıyır. Nə qədər səbirli,
təmkinli olsa da, yeri gələndə bir
çınqıya bənddir ki, o yanğının alovunu
görəsən. Hardasa Nizaməddin
Şəmsizadənin qeydlərinə rast
gəlmişdim... “1977-ci ildə yazılmış “Azərbaycan
xəritəsi” minatür şeir
diqqətimi cəlb etdi. Görün,
Sovet rejiminin, totalitar ideologiyasının kəshakəs
vaxtı gənc şair Əli Mahmud nə yazıb:
Deyirlər
ki,
Vətənimiz
böyük olmuş.
Hanı
vətən?
Xəritədə
parası var.
...Mən
bilirəm kimliyimi,
Məni
məndən gizlətməyin,
Məni
belə inlətməyin.
İndi
belə yazmaq hünər deyil, amma o vaxt bu vətəndaşlıq
hünəri, 22 yaşlı gənc şairin vətənkeşlik,
Azərbaycançılıq nidası idi...”
Bu
yazıda Şuşa nəğmələrindən
danışmaq istəyirəm. Ancaq təkcə Əli Mahmudun
yazdığı Şuşa nəğmələrindən...
“Şuşada
nəyim qaldı” adlı bir şeiri var.
“Vətən
nədir?” sualına həmin şeiri oxumaqla ən mükəmməl
cavabı tapmaq olur. Orta məktəbdən üzübəri
“Vətən nədir?” mövzusunda inşa yazıları
yazmışıq. Böyüdükcə mövzu ilə
bağlı düşüncələrimiz də
böyüyüb. Yetkinləşdikcə daha geniş sferada
düşünmək istəmişik, “Vətən nədir?”
sualının doğru-dürüst cavabını verməyə
çalışmışıq. Orta məktəb dərsliklərində
müxtəlif şair və yazıçıların Vətənin
mənasını, mahiyyətini ifadə edən əsərlərini
də oxumuşuq. Bir qədər irəli getdikcə dünya ədəbiyyatını
az-çox vərəqləmişik. Yenə də həmin
suala doğru-dürüst cavab verə bilmərik. Şübhəsiz,
hər kəs başa düşdüyü şəkildə
məsələyə aydınlıq gətirə bilər.
Lakin əsl mətləb hələ də
aydınlaşmamış qalar. “Şuşada nəyim
qaldı” şeiri şairin “Vətən nədir?” sualına
cavabıdır, özü də ən yaxşı cavabı:
Qəbrimə
nişanə seçdiyim
mamırlı
bir daş.
Gözümə
tökmək üçün
qoruduğum
Bir
ovuc torpaq.
Ürəyimdə
bişib
Dodaqlarımı
göynədən
Bircə
damla yaş.
Təbii
ki, Vətən “bir ovuc torpaq” və “bir damla göz
yaşı” ilə insanlığın qədir-qiymət
yükünə çevrilə bilməzdi. Ancaq şairin
dediyi “bir ovuc torpaq” və “bircə damla yaş” hansı anda gəlirsə,
hansı məqamda qarşısı alınmaz bir istəyə
dönürsə, bax, elə o anda vətənin əsl həyati
mahiyyəti üzə çıxır. Məgər bir
talesiz qəribin ömrün son ucunda arzuladığı bir
ovuc yurd torpağının hərarətində, ətrində,
qoxusunda Vətən yaşamırmı?!
Yovşan
ətri türkün yaddaşıdı, ulu yurda
qayıdış çağırışıdır. Vətənsiz,
yurdu yağmalanmış bir türk övladı
üçün yovşan ətrinin qoxusu nədirsə,
“Şuşada nəyim qaldı” şeirinin oyatdığı
duyğuların gücü də elə o yovşan ətri
kimidir:
...Təsəlli
üçün qardaş məzarına
Qoyacağım
Xarı bülbül gülü.
Hər
səhər şehinə bələndiyim,
Üzümü
sürtdüyüm,
Gözümə dürtdüyüm,
Maralotu sümbülüm...
Beləcə şeiri axıra qədər bənd-bənd oxuyur və heç yerdə, heç bir sətirdə fiziki əməyin məhsulu olan vara-dövlətə işarə kimi təəssüflə yad olunası bir nişanə tapmırsan. Şeirdə şairin ruhunda yaşayan Şuşa mənzərələri yurd yanğısı ilə vəsf olunur. Şuşanı xatirələrdə əbədi yaşada biləcək hisslər, duyğular tərənnüm olunur. İnsanı ötəri, müvəqqəti yurda bağlayan heç nə bu şeirdə anılmır. Yalnız uzunömürlü, insanlığı qürrələndirən və onu yaşadan dəyərlər, poeziya naxışları, ilmələri yaradaraq həqiqi mənəviyyat hadisəsi kimi üzə çıxır. Şeir insanı həm itirilmiş yurd üçün ürəkdən göz yaşı tökməyə, həm də bu yurdun intiqamını düşməndən qəddarlıqla almağa səsləyir. Əli Mahmudun daxili yanğısı və insanın mübarizə amalını birləşdirən bu tip şeirləri həqiqətən ecazkar Şuşa mənzərələrinə çox oxşayır. Elə bil ki, Şuşanın bir parçasıdı, hansısa dağının bir ətəyidi, hansısa çəmənin bir üzüdü, hansısa bulağın bir gözüdü, sadəcə poeziyanın ayna sularında durulub, cilvələnib bu sətirlər, düşüncələr...
Yurdsuz, vətənsiz yaşamağın mənasızlığını, bir heç olduğunu dərk edən müəllif yaradıcılığını izləyən yüzlərlə oxucusunu da bu mətləbdən halı etmək üçün daha çox vətənpərvər şeirlər yazmaqla bəlkə də təsəlli tapır, yoxsa yox, həqiqətdə isə bu, yaradıcı bir insanın döyüş xəttidir. Belə şeirlər – torpaqla , yurdla, nəfəs alan misralar yeri gələndə barıt qoxuyur, yeri gələndə güllə olur, qurşuna dönür düşmən sinəsində...
Milləti, xalqı ruhdan düşməyə poetik duyğuları ilə sipər çəkən, çadır şəhərciklərini döyüş səngərlərinə daşımaq istəyən Əli Mahmud Qarabağın mədəniyyət beşiyi Şuşa haqqında çox şeir yazıb. Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib. Misraların birində Şuşa şəhəri dağların zirvəsinə qonmuş özü boyda qartala bənzədilir. Bu, çox gözəl bir bədii tapıntıdır və mən elə bu anlarda həmin şeiri yenidən oxumaq üçün kitabı vərəqləsəm də, gözümə dəymir, fəqət oxuduğum anların bədii zövqünü elə indi də canımda hiss edirəm.
Qarabağ həsrətli şeirlərinin yazılmasında təbii ki baş məqsəd yurd itkisilə barışmazlıqdır. O cümlədən, Şuşaya həsr etdiyi bədii nümunələrdə də eyni hisslər misraların, sətirlərin arasından boy göstərərək insanı səfərbər etmək, doğma yurd uğrunda mücadiləyə qaldırmaq kimi təsirli mənzərələr yaradır. Fikirlər, düşüncələr arasından sanki qəfil bir şimşək oynayır, düşmən boynuna enmək üçün sıyrılmış ovxarlı qılıncın parıltısı göz qamaşdırır, dəli Kür dəli kəhər kimi kükrəyir, döyüş gərənaylarının həyəcanı və nizami ordunun eyni ahənglə vuran zəhmli ayaq səsləri eşidilir. Bütün bunlar bəzən Əli Mahmud yaradıcılığında birbaşa ifadə olunmasa da, onun şeirlərinin ruhunda aydın görünür.
Əli Mahmudun Şuşaya məhəbbətinin ifadəsi olan daha bir
əsəri “Vaqifin məqbərəsi
önündə oxuduğum şeir” adlanır. Əsər 1982-ci ildə Şuşada yazılıb. Səhv etmirəmsə
Heydər Əliyevin Şuşaya Vaqif məqbərəsinin
açılışına getdiyi
günlərdə. Bu şeir
də digər qələm məhsulları qədər rəvan
və oxunaqlıdır. Hər hansı misra
və bənddə düşüncənin təzyiqə məruz
qalması hiss olunmur.
O şeirdəki bəndlərin hər biri
asanlıqla, cəmi bir-iki dəfə oxumaqla yaddaşa
köçə bilir. Xüsusilə sevdiyim bir bəndi təkrar
oxuyuram. Mənə elə gəlir ki, şair görünənləri
tamam fərqli anlayır. Adi
düşüncənin fərqinə belə
varmadığı mənzərə, sən demə, poetik baxışda gözəllik tabloları imiş və şairin sənətkarlığı
o zaman üzə
çıxır ki, buna
oxucusunu da inandıra bilir, sadəcə deyim tərzi
ilə:
O görünən düzlər Kür qırağıdı.
Qalxır ağ tayalar ağ günəş kimi
Kəhrəba salxımlar boyunbağıdı,
Torpağa vermişəm böyük sevgimi.
Şeirdən aydındır ki, Şuşa uca bir zirvədədir və şair o zirvədən üzü arana sarı göz işlədikcə baxır. Kürqırağı mənzərələrini təsvir və tərənnüm edir. Ağ tayalar ağ günəşə, kəhrəba salxımlar bir ağbənizli gözəlin boyunbağına oxşayır şair gözlərində. Həyatı və torpağı bunca duyan, ona mərhəmanə hisslər bəsləyən şair “torpağa vermişəm böyük sevgimi” – deməklə, vətəndaşlıq hisslərini bir daha ortaya qoyur. Bütün sevgilər insanın torpağa verdiyi sevginin içərisindədir. Torpaq sevgisindən kənarda heç bir sevgi yoxdur. Həyat torpağın üstündə qurulursa, bütün nemətlər torpaqda yetişirsə, insanın bir-birinə olan məhəbbəti, sevgisi də mən deyərdim ki, torpaqdan qidalanır, boy atır. Sadəcə kim torpağa nə qədər bağlıdırsa, onun başqa sevgiləri də o meyarla ölçülməlidir. Əks halda, torpağı duymayan, sevməyən insanın başqa ülvi hisslərindən və onun həyata məhəbbətindən danışmağa dəyməz. Demək, şair ən böyük sevgisini torpağa verməkdə haqlıdır.
Ümumiyyətlə, Əli Mahmudun bir çox şeirlərində insanla təbiət vəhdətinin qorunması ideyası təkcə sənətkar mövqeyini aşkarlamır. Həm də onun sənətinə gözəllik gətirir. Deməli, ideya düşüncənin deyil, həm də şair ruhunun varlığında yaşayır. Konkret olaraq şair demir ki, təbiəti sevmək, qorumaq lazımdır. Bu və buna bənzər ifadələr işlətmir. Lakin şair şeirlərində öz ruhi, mənəvi aləminin şəklini çəkir, poetik obrazını yaradır. Poetik obrazlar dolğun və canlı olduğu üçün istər-istəməz hər bir düşüncəyə hakim kəsilə bilir.
Ana dilinin şirinliyi hopub Əli Mahmudun şeirləriniə. Onun bir şair xoşbəxtliyi də orasındadır ki, yaradıclığı o qədər aydın, o qədər durudur ki , onu yaşından asılı olmayaraq uşaq da, gənc də, qoca da, dərdli də, dərdsiz də-hər kəs oxuyub, duya bilir. Bu şeiriyyətdən hər kəs özü üçün bir pay götürə bilir. Bütün şairlər kütləvi oxucular üçün yaza bilmir. Məsələn, elə şairlər var ki, onların əsərlərini oxumaq üçün yanında xüsusi lüğət kitabçaları, ensiklopediyalar olmalıdır ki, anlamadığın sözləri açıb ordan öyrənəsən. Bəzilərinə elə gəlir ki, onlar savadlıdır və oxucularının onları anlamaması normal haldır. Ancaq mən belə düşünmürəm. Poeziya dili yeri gəlsə dünyaya təzə ayaq açan körpənin də anlayacağı dil olmalıdır. Ən azı böyük poeziya böyük sevgidən yaranır. Böyük sevginin dili isə ana südü qədər təmiz, ana laylası qədər şirin olmalıdır.
Əli Mahmud zəngin bir yaradıcılıq yolu keçib. İlk gənclik illərində “Şuşa” rayon qəzetində işləyib. Səhv etmirəmsə 1968-ci ildən mətbuat aləmində şair kimi çap olumağa başlayıb. Təkcə şeirləri ilə deyil, zaman ötdükcə dəyərli bədii publisistikası ilə də öz imzasına sevgi qazandırıb. Milli dərdlərimizi, Vətən tarixinin ağrı-acılarını poeziyasına sığışdıra bilməyəndə publisistikaya keçid alıb. Əslində, onun publisistikası da şeirlərinin davamı kimi oxunur. Bu, təkcə Əli Mahmudda deyil, bütün yaxşı şairlərdə belədir. Məmməd Aslan, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və başqalarının da publisistikasındakı şirinlik Əli Mahmudun da publisistikasına xas olan keyfiyyətdir. Onun şeirlərinin də, bədii məqalələrinin də əsas qəhrəmanları yurdu talanmış, ocağı söndürülmüş soydaşlarımızıdır. Əli Mahmudda bu haray, bu nida, bu həyəcan yaşantıdır, içdən gələn səsdir. O, hər zaman bir qarabağlı, bir azərbaycanlı kimi yazır, yaradır.
Bu yazını mayın 1-də
başlamışdım. Şairin doğum günündə. Sözün
açığı əvvəlcə istədim ki, ad günü
münasibətilə yığcam bir təbrik
yazım. Sonra gördüm
ki, mayın 8-i gəlir, Şuşanın
işğal günü
bizi haqlayır. Odur ki, əvvəlki fikrimdən
daşındım. Əli Mahmudu doğum günü
münasibətilə təbrik edə bilmədim. Axı necə
təbrik edə bilərdim? Mayın 1-i doğum günü,
mayın 8-i doğma yurd
yerlərinin yandırılması, amansızlıqla talan edilməsi, daşının daş üstə qalmaması gözlərim
önündə canlanırdı. Və bir
də onun
yaradıcılığından bir qəlpə
kimi yaddaşımda gəzdirdiyim
ağrılı-acılı sətirləri nədənsə
təkrar-təkrar xatırlayırdım:
Bir körpə görmüşəm,
Gözlərində yaş gilələnmişdi.
Elə bil körpənin
Gülüşü
güllələnmişdi...
Müharibənin gətirdiyi fəlakətlər bu dörd misraya necə də məharətlə yerləşdirilib! Amma görünən təkcə bu deyil, güllələnmiş körpə gülüşlərinin çöhrəsində bir yaralı vətən obrazı da çırpınır...
Güllələnmiş körpə gülüşlərinin poeziyası adlandırdığım bu yazıya burda nöqtələr qoyuram. Məncə, bu nöqtələr də nəyisə ifadə edir. Ən azı bu söhbətin hələ davamı olacaq arzusunu özündə daşıyır...
Fariz Çobanoğlu
525-ci qəzet.- 2012.- 23 may.- S.6.