“Bənzərəm bir qocaman dağa
ki...”
Azərbaycan
jurnalistlərinin ağsaqqalı Şirməmməd
Hüseynovun belə bir sözü var: “Böyük şəxsiyyətlərdən
yazmaq üçün öncə özün şəxsiyyət
olasan gərək”. Bu gün ədəbiyyatşünaslığa,
mətbuatşünaslığa dair faydalı və məhsuldar
araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun
böyük Azərbaycan şairi Mirzə Ələkbər
Sabirə müraciət etməsi məntiqlidir və başa
düşüləndir. “Bənzərəm bir qocaman
dağa ki...” monoqrafiyası Sabir şəxsiyyətinin və ədəbi
irsinin bir çox məqamlarını araşdırmaq, elmi təhlil
süzgəcindən keçirmək, şairin
yaradıcılığına yeni prizmadan nüfuz etmək
baxımından və M.Ə.Sabirin qarşıdan gələn
150 illik yubileyinə qiymətli töhfədir. Alxan Məmmədovun
əvvəllər işıq üzü görmüş
“Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından
1918-ci ilə qədərki ədəbi mühit)”, “Azərbaycan
Demokratik Respublikası dövründə ədəbiyyat”, “M.Ə.Sabir
(qısa tərcümei-halı)”,. “Azərbaycan mühacirət
mətbuatına dair mühazirələr”, “Y.V.Çəmənzəminli:
Müstəqilliyimizi istəyiriksə...” və s. kitabları onun
araşdırıcılıq məharətindən, geniş
böyük həvəs və yüksək erudusiya sahibi
olmasından, böyük elmi potensialından, zəngin mənəviyyat
sahibi olmasından xəbər verir.
Əsl məharət özünü onda göstərir
ki, həm yaşadığın dövrün, həm də gələcəyin
nəbzini tuta biləsən. Yazdığın, qələmə
aldığın bir söz belə qiymətdən
düşməsin, bütün dövrlərdə
şüurlara təsir edəcək bir gücə malik olsun.
Sabir dühası, Sabir sənətkarlığı,
Sabir sözünün qüdrəti məhz bu keyfiyyətlərə
malikdir. Professor Alxan Bayramoğlunun “Bənzərəm
bir qocaman dağa ki...” tədqiqatını da böyük
söz ustadının bioqrafiyası ilə yazıları
arasındakı boşluğu, şəxsiyyət və sənətkar
tandeminin uyarlığını təsdiqləmək
baxımından çox uğurlu alınmış
yaradıcılıq nümunəsi kimi qiymətləndirmək
olar. Azərbaycan ədəbiyyatı və mətbuatı
tarixində ilk dəfə olaraq M. Ə. Sabirin timsalında ədəbi
şəxsiyyətin həyat tərzi, ailəsi,
yaxınları, müasirləri, onlarla əlaqələri və
münasibətləri, maraq dairəsi, məişəti,
ictimai mühitlə, ədəbi aləmlə əlaqəsi və
s. ardıcıllıqla izlənilir. Maraqlı
faktlar, materiallar əsasında təhlil olunur.
A.Bayramoğlu M.Ə.Sabirin elmi tərcümeyi-halını
yazarkən “qiymətli tarixi sənəd” kimi ədibin öz əsərlərinə
də müraciət etmişdir. Belə ki, şairin həyatında
baş verən ən mühüm hadisələr ədibin
müxtəlif mətbuat orqanlarında dərc edilmiş əsərlərində
bu və ya başqa şəkildə öz əksini
tapmışdır. Tədqiqatçı
alim də elmi tərcümeyi-halın yazılmasında bunun
vacibliyini önə çəkir və qeyd edir ki,
“...avtobioqrafik notlar satirik şeirlərdə tipin
ifşası zamanı, lirik əsərlərdə isə qəhrəmanın
lirik-psixoloji əhval-ruhiyyəsi fonunda özünü biruzə
verir”. İctimai məzmunun
üstünlük təşkil etdiyi bu satiralarda şairin “mən”i
dayanır.
M.Ə.Sabiri köhnə şeirlə yeni şeir
arasında bir əsrlik uçurum yaratdığı
üçün inqilabi satiranın banisi adlandırırlar. Bu da ədibin
yeni mövzularda yazması, yeni poetik forma və üslub
yaratması ilə əsaslandırılır. A.Bayramoğlu bu məsələyə bir qədər
fərqli yanaşır. O, bu fikri müdafiə etməklə
yanaşı, sənətin qarşıya qoyduğu vəzifəni
həyata keçirməkdə onun bədii-estetik keyfiyyətini
başlıca göstərici hesab edir. Sabiri
müasiri olduğu şairlərdən fərqləndirən əsas
keyfiyyət də məhz qələmə aldığı
mövzuları yüksək ideya-bədii səviyyədə
işləyə bilməsi, yəni ictimai həyatda baş verən
keyfiyyət dəyişikliyinə uyğun olaraq
ayrı-ayrı sinif və təbəqələrin, qrup və
zümrələrin keçirdiyi sosial-psixoloji prosesin ideya-bədii
rəsmini qabarıq surətdə verməsi ilə
bağlıdır.
Kitabda ədibin
“Şərqi-rus”, “Həyat”, “İrşad”, “Tazə həyat”
“Səda” qəzetlərində, “Molla Nəsrəddin”
jurnalında fəaliyyətinin əsas xüsusiyyətləri,
onun naməlum müxbir yazıları tədqiq edilir, həm də
digər tədqiqatçıların
araşdırmalarından kənarda qalan məqamlara
aydınlıq gətirilir. Məsələn, Sabir “Şərqdə
özünü göstərən söz günəşi”
kimi dəyərləndirdiyi” “Şərqi-rus” qəzetinə
münasibət bildirir, bu qəzetin nurundan bütün “Şərq
və Qərb əhlinin elm və bilik ziyasına bürünəcəyi”ni
öz şeirində belə ifadə edir:
Çıxdı
bir gün ki, təl’ətindən edə
Məşriqü məğrib əhli kəsbi-ziya.
Oldu bir
nur satehü lame’,
Ola rövşən bu nur ilə dünya.
Burada ədibin “Şərqi-rus” qəzetinə münasibəti,
rəğbəti şairin mətbuat orqanlarına münasibətinin
ilkin təzahürü kimi qiymətləndirilir.
O
dövrün digər mətbuat orqanları – “Həyat”,
“İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin”,
“İttifaq”, “Səda”, “Həqiqət”, “Yeni həqiqət”,
“Günəş” və s. vətəndaş şairin həyatına,
şəxsiyyətinə və yaradıcılıq taleyinə
biganə qalmamış, onun həyat və fəaliyyətinin
müxtəlif məqamlarını işaqlandırmaqla ədibin
elmi tərcümeyi-halının yazılmasında, eləcə
də bugünkü sabirşünaslıqda qiymətli mənbəə
rolunu oynamaqdadır.
Tədqiqatda M.Ə.Sabirin “Həyat” qəzeti ilə əməkdaşlığı,
onun qəzetdəki poetik və publisistik əsərləri,
sonuncu nömrəsindəki müxbir yazısı, Ə.Hüseynzadə
və Ə.Ağaoğlu ilə yaradıcılıq əlaqələrinə
aydınlıq gətirilir. Vətəndaşlıq
siması təqdir olunan şairə qəzetin münasibəti,
“Həyat”ın taleyi ilə bağlı ədibin
keçirdiyi narahatlıqlar və bunların satira və məqalələrində
xüsusi yanğı ilə ifadəsi kitabda öz əksini
tapmışdır.
A.Bayramoğlu
Sabirin öz satira ədəbi məktəbinin poetik
“manifestini” hələ “Molla Nəsrəddin” jurnalının nəşrindən
xeyli əvvəl-10 fevral 1906-cı ildə “Həyat” qəzetində
dərc olunan “Bir məclisdə on iki kişinin söhbəti”
satirası ilə elan etdiyi qənaətinə gəlir. Həmin
satirada oxucuya təqdim olunan tiplər–vəkil, həkim, tacir,
mola, sofi, şair, əvam, qəzetəçi və s.
rüsvayçılıq kürsüsünə
çıxaraq hərəsi təmsil etdiyi ictimai zümrəni
oxuculara təqdim edir. “Sabiranə poeziya
üslubu” adlandırılan bu vasitə öz geniş
meydanını “Molla Nəsrəddin”də tapdı.
Müəllif yazır: “Sabir dərhal öz
yaradıcılıq proqramını həyata keçirməyə
başladı. Onun “Molla Nəsrəddin”in oxucularına təqdim
etdiyi ilk əsərdə satira oxuna hədəf olan tip on iki kişinin məclisində qəbul
olunan qərara uyğun olaraq, özünü oxuculara öz
dili, satirik monoloqu ilə təqdim etdi”. Burada şairin “Millət
necə tarac olur olsun, nə işim var?!” satirasından da
söhbət açılır, hər iki satirik əsər
(“Bir məclisdə on iki kişinin söhbəti”, “Millət
necə tarac olur olsun, nə işim var?!”) arasında mövzu,
ideya-bədii və üslub əlaqələrinin möhkəmliyindən
söhbət açılır, Sabirə məxsus keyfiyyətlər–
bütün hadisələrin, ifşa hədəfinin daxili aləminin
özünün bütün eybəcərlikləri ilə
satirik tipin dialoq və monoloqları ilə
açılması qabardılır və eyni poetik təfəkkürün
–Sabir sənətkarlığının təcəssümü
kimi qiymətləndirilir.
Yeni
kitabda “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin
Şamaxı üzrə xüsusi müxbiri olmuş M.Ə.Sabirin
Şamaxı və ətraf obalarda baş verən hadisələrə
dair diqqətdən kənarda qalan müxbir yazılarına həsr
edilən təhlillər də maraq doğurur.
Tədqiqatda Şamaxıda açılan ilk müsəlman
kitabxana-qiraətxanasının tarixi haqqında müxtəlif
araşdırmalarda özünə yer tapan
anlaşılmazlıqlara aydınlıq gətirilir. Bununla əlaqədar
“Həyat” qəzetində dərc olunmuş bir müxbir məktubundan
söhbət açılır və tədbirdə M.Ə.Sabirin
də çıxış etməsi diqqətə
çatdırılır. Kitabxanə-qiraətxana “Molla
Nəsrəddin”, “Türk”, “Tazə həyat”, “İrşad”,
“Tərcüman”, “Bürhani-tərəqqi”, “Vətən”, “Həblülmətn”,
“Kaspi” və s. mətbuat orqanlarını alırdı.
Sonralar dövrün tələbi ilə əlaqədar bəzi
mədəni – kütləvi tədbirlərin təşkilində
fəallıq göstərən, cavanların boş
vaxtlarında mütaliə ilə məşğul
olduqları bu ilk qiraətxanə-kitabxananın naməlum səbəbdən
bağlanmasını “Molla Nəsrəddin” və eləcə
də digər mətbuat orqanları tənqid edərək
yazırdı: “Şamaxıda müsəlman qiraətxanasına
yığılan pullar nagəhan düşdü bir
cavanın cibinə”. Tədqiqatda qiraətxana-kitabxananın
işinin davam etdirilməsi yolunda dövrün
ziyalıları tərəfindən atılan addımlar,
bununla bağlı qaraguruhçular tərəfindən təqib
olunan, maddi və mənəvi cəhətdən
sıxışdırılan həmin ziyalıların aqibəti,
eləcə də M.Ə.Sabirin qarşısına
çıxan çətinliklər barədə kifayət qədər
yeni məlumatlar öz əksini tapıb.
1906-1907-ci illərdə Bakıda müsəlman müəllimlərinin
iki qurultayı olmuşdur. M.Ə. Sabirin həmin
qurultaylara olan marağının bir çox cəhətlərini
işıqlandıran A.Bayramoğlu ədibin maarifçilik
sahəsində xidmətlərini yüksək qiymətləndirir.
Qafqaz məktəblərində müntəzəm
bir proqram olmadığından şagirdlərə öyrədilən
dərsdən bir fayda hasil olmadığını öz
yazılarında göstərən Sabir bu mühüm
işin nizam və intizam dairəsinə
sığmadığını vurğulayır, problemi aradan
qaldırmaq üçün təkliflərini verir.
1906-cı
ildə müəllimlər qurultayının qəbul etdiyi qərarlardan
sonra yeni tipli dərsliklərin tərtibi və nəşri məsələsində
canlanma hiss olunur. Bu işdə yaxından iştirak edən
Sabir həmin dərsliklərdə çap olunmaq
üçün “Uşaq və buz”, “Yaz günləri”,
“Cütçü”, “Qarğa və tülkü” və s.
klassik uşaq əsərlərini qələmə alır. A.Bayramoğlu ədibin “Dəbistan”, “Rəhbər”
jurnallarının fəal müəllifi kimi bu sahədə
atdığı addımlardan söhbət açır.
O, “Zaman nə istəyir? Amma biz...” məqaləsinin
M.Ə.Sabir tərəfindən yazıldığını və
ədibin ictimai-siyasi və mədəni-maarif məsələlərinə,
bu sahədə baş verən hadisələrə,
görülən işlərə fəal müdaxiləsini
qeyd etməklə yanaşı, həmin məqalənin məhz
müəllimlər qurultayı ilə əlaqədar
yazıldığına bizi inandırır. Sabir həmin
məqalədə millətin tərəqqisi və
inkişafı üçün çalışmağın
vacibliyindən yazarkən aşağıdakı vacib bir məqama
toxunur: “Məlumdur ki, əfradi-insan başlıca üç
sinfə təqsim olunur. Birinci sinfi uşaqlar,
ikinci sinfi cavanlar, üçüncü sinfi qocalardır”.
Cəmiyyətin, millətin tərəqqi və
inkişafı işinin cavanların öhdəsinə
düşdüyünü yazan şair “Amma hansı cavanlar?”
sualına özü də cavab verir: “Burası böyük
sualdır. ...o cavanlar ruhi-nicata, təriqi-səadətə dəlil,
hadi ola bilər ki, oxumuş olalar, ali mədrəsələrdə
təhsili-elm, təhsili-kəlamət etmiş olalar. Ana dillərindən, dini əmrlərindən ziyadəsincə
də olmasa, kafi qədər xəbərdar olmuş olalar”.
Oxumuş cavanlarımızın ana dillərindən
və “əqaidi-diniyyələrindən” lazımınca xəbərdar
olmamalarından təəssüflənən Sabir milli məktəb
açmağı, özü də “hər şəhərdə,
bacardıqca hər kənddə iştiyaq ilə məktəb
açmağı” mühüm bir vəzifə kimi irəli
sürür. “Müəllimlər syezdi” satirasında
milli məktəbləri kimlər açmalıdır
sualına da özü cavab verir – bu işi ziyalı cavanlar
yerinə yetirməlidirlər: “Çünki islam millətində
məktəbi pul açmaz, pullular da açmaz. Nə tövr olsa da, oxumuş, ziyalı cavanlar
açarlar. Zira pullularımız əksəriyyətlə
avam olduqları üçün məktəbin faidəsini, mənfəətini,
xeyrini kəmalınca düşünməzlər. Düşünmədikləri
üçündür ki, bu yolda sərfi-himmət edib pul da xərcləməzlər”.
Tədqiqatda yer alan bu yazılar dahi
şairin Azərbaycan müəllimlərinin ilk iki
qurultayına fəal vətəndaş münasibətini
çox gözəl əks etdirir.
Sabirşünaslıqda M.Ə.Sabirin məktəbdarlığı, o cümlədən şairin Şamaxıda açdığı “Ümid” məktəbi, ədibin pedaqoji fəaliyyətindəki bir sıra uğurlar haqqında söhbət açılır. Bu barədə yazan tədqiqatçılar heç bir sənəd və mətbuat materialı əldə etmədiklərindən “Ümid” məktəbinin açılması və fəaliyyətində Sabirin oynadığı rəhbər rolu Haşım bəy Vəzirovun “Yol qeydləri” məqaləsi və Şamaxıdan göndərilən müxbir məktubları əsasında aydınlaşdırmağa çalışırlar. Bu boşluğu A. Bayramoğlunun tapıntısı–M. Ə. Sabirin “Təşəkkür” məktubu aradan qaldırdı. “Şamaxı “Ümid” məktəbinin müəllimi və müdiri Ələkbər Sabir Tahirzadə, lisani-rus müəllimi Hacıbala Zamanov” imzası ilə “Tərəqqi” qəzetinin 17 dekabr 1908-ci il tarixli 129-cu nömrəsində dərc edilən bu məqalə bir çox məsələlərə aydınlıq gətirir. “Ümid” məktəbinə məhz Sabirin müdirlik etdiyini təsdiqləyən bu imzanın əhəmiyyətini vurğulayan A. Bayramoğlu qeyd edir ki, məktubun imzasındakı təqdimat Sabirin “Ümid” məktəbini Hacıbala Zamanovla şərikli açması haqqında ehtimalı puça çıxarmış olur və Hacıbala Zamanovun adının qarşısında yazılan “lisani-rus müəllimi” sözləri məktəbdə rus dili dərslərinin də tədris olunduğunu təsdiq edir.
Uğurlu tapıntılardın biri də M.Ə.Sabirin tədqiqatlardan kənarda qalan, “Tazə həyat” qəzetinin 2 iyun 1908-ci il tarixli 125-ci sayında redaksiyanın “Xüsusi müxbirimizdən. Şamaxıdan” qeydi ilə çap olunan “Cümə” məqaləsidir.
Monoqrafiyada Sabirin banisi olduğu poeziya məktəbi, onun xüsusiyyətləri, nümayəndələri, həmçinin şairin irsinin nəşr tarixi, tədqiqi mərhələləri, sabirşünaslığın uğurları və problemləri haqqında da maraqlı mülahizələr irəli sürülür. Şübhə yoxdur ki, “Bənzərəm bir qocaman dağa ki...” monoqrafiyası oxucular tərəfindən rəğbətlə qarşılanacaq və müəllifə böyük şöhrət gətirəcəkdir.
Aygün ƏZİMOVA,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2012.- 23 may.- S.5.