Gülşən Lətif: “Artıq Niderlandda Azərbaycan tanınır, maraqla qarşılanır”

 

MÜSAHİBİMİZ “ANA VƏTƏN” AVROPA AZƏRBAYCANLI QADINLAR BİRLİYİNİN SƏDRİ, AZƏRBAYCANIN ƏMƏKDAR MƏDƏNİYYƏT XADİMİ GÜLŞƏN LƏTİFDİR

 

– Gülşən xanım, siz mədəniyyətimizin inkişafında diasporun rolunu necə qiymətləndirirsiniz?

– Diasporumuz ölkəmizi təmsil edən xalq diplomatlarıdır. 1950-60-cı illərdə xarici ölkələrə işçi qüvvəsi kimi gələn basqa ölkələrin nümayəndələrindən fərqli olaraq bizim diaspor üzvlərin arasında ziyalı təbəqəsi çox idi. Azərbaycandan gələn insanların ziyalı olması bizim böyük bir şansımızdır. İstər tariximiz, istər mədəniyyətimizlə bağlı diasporun gördüyü işlər çox mühümdür. Məsələn, cəmiyyətimizin strategiyasi bu idi ki, qadınlar bir araya gələrək mədəniyyətimizi təbliğ edəcək. Biz sərgilər, milli bayramlar, təqdimatlar, konfranslar keçirirdik. Hazırda orada öz fəaliyyəti ilə seçilən sənətkarlarımız var. Məsələn, bizim cəmiyyətin üzvü olan rəssamlarımız var ki, onların sərgiləri təşkil olunanda, böyük maraqla qarşılanır. Vəfa Rüstəmova, Elman Əliyev, Rasim Hüseynov kimi rəssamlarımızın adını çəkmək istəyirəm. Eyni zamanda orada Firəngiz Bağırova kimi sənətkarımız var ki, “Sarı gəlin” xalq mahnısını Holland xoru ilə ifa edib. Həmçinin, Elxan Rzayev kimi istedadlı bəstəkarımız var, hansi ki, öz fəaliyyəti ilə hollandları Azərbaycan musiqisinə məftun edib. Bunlar hamısı gözə görünməyən bir iş olsa da mühüm işlərdir. Eləcə də orada bir neçə jurnalistimiz fəaliyyət göstərir ki, hər məqalələrində Azərbaycanla bağlı reallıqları çatdırmağa çalışırlar, tariximizi, mədəniyyətimizi təbliğ edirlər.

– Bilirsiniz ki, may ayında Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Niderlandda bu müsabiqəyə münasibət necədir?

– Ümumiyyətlə, “Eurovision” Niderland üçün çox incə məsələdir. Çünki Niderland uzun müddətdir ki, bu mahnı müsabiqəsində irəli çıxa bilmir. Bu müsabiqədə heç tanınmamış bir ölkənin burada iştirakı ilə bir neçə ilin içində 3, 5, və 7-ci yerləri alaraq onluğa düşməsi və nəhayət ki, ötən il 1-ci yeri qazanaraq qalib olması böyük bir şokdur. Nəinki Niderland, bütün Avropa üçün bu, Azərbaycanı yeni bir rakursda tanımaqdır. Bizim üçün də böyük bir fəxrdir. Biz bu qələbəni çox gözlədik. Düşünürük ki, biz sözün həqiqi mənasında bu yarışmanı qazandıq. Çünki Azərbaycan çox gözəl musiqilərilə, ifaları ilə yadda qaldı. Azərbaycan artıq dillərdədir. “Eurovision” namizədləri içərisində favorit oldu. Biz çox fəxr edirik ki, bir çox ölkələrdən nümayəndələr Azərbaycana gələcək. Gündən-günə gözəlləşən Bakının qonağı olacaqlar, mədəniyyətimizlə tanış olacaq, mükəmməl, dünyada ən gözəl olan milli mətbəximizin ləziz yeməklərini dadacaqlar. Günəşli ölkəmizi ziyarət edəcəklər və bu, hamımızın fəxridir. Niderland Azərbaycanın təmsil olunduğu bütün “Eurovision” mahnı müsabiqələrində bizim ölkəyə səs verdi və bu, bizim diasporun roludur, çünki mövcud olan diasporumuz çox vətənpərvərdir. Diasporumuz Vətən üçün canından keçməyə hazırdır. Mən azərbaycanlı ailələr tanıyıram ki, məhz “Eurovision” zamanı öz maaşlarını kartlara verib, durmadan ölkəmizə səs verirlər. Lakin təkcə azərbaycanlılar səs verməklə bu qədər yüksək səs toplamaq mümkün olmazdı. Orada 17 milyonluq xalq yaşayır və onlar da öz səslərini veriblər. Ümumiyyətlə, bizi orada dəstəkləyən yerli xalqdır və onlar da bu gözəl musiqiyə səs verir. Bizim musiqimiz də həqiqətən gözəldir. Azərbaycanın dostları Niderlandda gündən-günə çoxalır artır. Hazırda səbirsizliklə müsabiqəni gözləyirlər. Çox böyük bir hazırlıq aparırlar. Bu dəfə müsabiqəyə ilk dəfə olaraq çox ciddi yanaşırlar. Müsabiqəyə göndərdikləri nümayəndəni dəqiqliklə seçiblər. Artıq finala çıxmaq istəyirlər və inanırlar ki, Azərbaycanda bu olacaq. Azərbaycan “Eurovision”a ev sahibliyi etməklə bütün dünyanı təəccübləndirəcək. Biz bunu gözləyirik.

– Niderlandda Azərbaycan mədəniyyətinin təqdimatı ilə bağlı tədbirlər necə qarşılanır?

– Artıq Niderlandda Azərbaycan tanınır, maraqla qarşılanır. Bu sahədə Azərbaycanın Niderlandda artıq 5 ildən çoxdur ki, bizim fəaliyyət göstərən səfirliyinin böyük rolu var. Eləcə də bizim diasporumuzun, Holland-Azərbaycan Dostları Cəmiyyətinin mühüm rolu var. Çünki o cəmiyyətdə sırf hollandlar, tanınmış ziyalı insanlar, Azərbaycanı sevənlər təmsil olunub. Azərbaycanı ancaq “Eurovision”la deyil, həm də gördüyü işlərlə tanıyırlar. Məsələn, Niderlandda Məmməd Məmmədov adlı tanınmış azərbaycanlı var ki, Osterweyk şəhərinin düşməndən azad olunması uğrunda mübarizə aparıb. İndi onun şərəfinə park açılacaq. Onunla bağlı film çəkilib, hər kəs bilir ki, o azərbaycanlıdır. Məmməd Məmmədov, başqa da bir neçə nəfər azərbaycanlı orada qəhrəmanlıqla döyüşüblər. Yəni, bu cür faktlarla tanınmaqla yanaşı Azərbaycan “Eurovision”la diqqət çəkdi və artıq qalib gəldikdə dillərə dastan oldu. Mədəniyyətlə bağlı tədbirlər keçirəndə yerli əhalini cəlb edirik. Diasporumuzun təşkil etdiyi tədbirlərdə daha çox istəyirik ki, yerli əhali gəlsin, mədəniyyətimizlə, insanlarımızla tanış olsun. Bilsinlər ki, bir xalq olaraq biz kimik. Çalışırıq onlarla davamlı əlaqə saxlayaq və tədbirlərimizi universitetlərdə keçirək. Daha çox ətrafımıza gənc tələbəri yığmağa çalışırıq. Hansısa bir aksiyada gənclərdən tələb edirik ki, özü ilə bir nəfər gənc holland dostunu gətirsin və beləliklə, Azərbaycanın dostlarının sayı artar, ölkəmizi daha çox tanıyarlar. Əvvəllər bizim tədbirlərə ehtiyatla yanaşırdılarsa, amma indi artıq Azərbaycan deyəndə cana yaxın insanlar, gülərüz, yumorlu insanlar, yüksək mədəniyyətli ölkə kimi qəbul edirlər.

–Bu günlərdə sizin yeni kitabınız işıq üzü görüb. Yaradıcılığınızla bağlı daha hansı yeniliklər var?

–Mənim yeni kitabım “Bir çətir altında” adlanır. Kitab Moskvada nəşr olunub. Mən bir neçə hekayəmi toplayarq qovluq şəklində Moskvada bir redaksiyaya göndərdim. Sadəcə, bu hekayələrlə bağlı fikirlərini bilmək istədim. Ancaq sonra onlardan mənə təklif gəldi ki, biz bunu kitab halında çap etmək istəyirik. Bildirdilər ki, bizim rus ədəbiyyatımızın ən gözəl ənənəsi olan “balaca insan”ın acısını, sevgisini, həyatını burada açıqlamısınız, eyni zamanda emiqrantlardan yazmısınız və biz inanırıq ki, kitab böyük maraq doğuracaq. Sonra may ayında Moskvada kitabın təqdimatı oldu, təəssüf ki, səhhətimlə bağlı mən oraya gedə bilmədim. Amma mən qəzetlərdə oxudum ki, möhtəşəm bir təqdimat mərasimi olub, Rusiyanın tanınmış ziyalıları iştirak ediblər. Bundan bir ay sonra mənə xəbər gəldi ki, həmin kitaba görə mənə “Rusiya xalqlarının XI Artiadası” incəsənət festivalının “Ədəbiyyat” nominasiyası üzrə laureatı adını qazandırıb. Daha sonra holland nəşriyyatı bu kitabla maraqlandı və orada nəşr olundu. Azərbaycanda təqdimatı olan olan kitab rus dilindədir. Çox sağ olsun, Kinoşünaslar İttifaqı Moskvadan kitabı gətirdilər və özləri təqdimat hazırladılar. Kitab artıq Azərbaycan dilinə tərcümə olunub.

Mənim ilk romanım “Nəslimin qızları” olub və bu, “Sağ ikən ölmə”trilogiyasının birinci hissəsi idi. Bu yaxınlarda “Yad torpaqda” adlanan ikinci hissə də oxuculara təqdim olunacaq.

 

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2012.- 23 may.- S.4.