Bakıda dekorativ-tətbiqi sənət nümunələrinin beynəlxalq satış-sərgisi açılıb

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təşəbbüsü, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə dekorativ-tətbiqi sənət nümunələrinin beynəlxalq satış-sərgisi təşkil edilib. Sərgidə Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və Ukrayna sənətkarlarının işləri nümayiş olunub. Qazaxıstanı Rauşan Karqabekov xalça, şərf, dəri məmulatları, Serjan Başirov zərgərlik nümunələri ilə, Rusiyanı Tatyana Barinova tikmələrlə, Ukraynanı Qalina Dyuqovskaya və Vladimir Balıberdin toxunma işlərlə, Qırğızıstanı Rassiya Cumanazarova keçə məmulatları, şahmat və digər əsərlərlə təmsil edib, Türkmənistan və Tacikistan sənətkarları isə kiçik xalça və tikmələrlə sərgiyə qatılıblar. Sərgidə Azərbaycan xalq sənətkarlarının 156 işi nümayiş olunub. Rauf Əbdülhüseynoğlunun keçə nümunələri, Vüqar Məmmədovun, Afət Əhmədovanın, Nahid Vahabovun oyma və yonma texnikalı ağac işləri, Zərifə Seyidəliyevanın, Sevil Rzayevanın, Şəhla Əsgərovanın bədii tikmələri, Cəmaləddin Eyyubovun, Mehriban Sadıqovanın, Səidə Baloğlanovanın və Vüqar Xudaverdiyevin zərgərlik məmulatları, Səltənət Rzayeva və Zahidə Həşimovanın xalça nümunələri, Nigar Zeynalovanın qarışıq texnikalı suvenirləri və Bahar Bəşirovanın çətənədən hazırlanmış əsərləri sərgi iştirakçıları və qonaqlarda böyük maraq doğurub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 24 may.- S.7.