“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ

 

Şəxsi həyatı və yaradıcılığı, bütün ruhu ilə Azərbaycana bağlı olan “möhtərəm ata” (Şəfiqə xanım Əfəndizadə), “sevimli pədər” (Əliabbas Müznib) İ.Qaspiralı dəfələrlə Qafqaza – Bakı, Tiflis, Naxçıvan, Şəki, Şamaxıya... səyahət etmiş, azərbaycanlıların mətbuata, məktəbə marağını yüksək dəyərləndirmiş, bu sahədə daha yüksək uğurlar qazanılması üçün tövsiyələrini öz silahdaşlarından, həmkarlarından əsirgəməmişdir. “Böyük və əzmkar türk qəhrəmanı” (Xəlil Xasməmmədli) İ.Qaspiralının sıx əlaqə saxladığı, əməkdaşlıq etdiyi, fəaliyyətlərini daim izlədiyi ziyalılar, o cümlədən mətbuat xadimləri, maarif, teatr fədailəri isə çox idi. Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əli Mərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Sultan Məcid Qənizadə, Ünsizadə qardaşları, Üzeyir Hacıbəyov, Məhəmmədağa Şaxtaxtlı, Cəlil Məmmədquluzadə... kimi xalq xadimlərinin fəaliyyəti daim İ.Qaspiralının diqqət mərkəzində olmuş, onlar barədə “Tərcüman”da yazmış, əsərləri haqqında rəy və mülahizələrini söyləmiş, mübahisə, fikir mübadiləsi etmişdir. Seyid Əzim Şirvanini “milli şairlərimizdən biri” adlandırdığı İ.Qaspiralı onun əsərlərindən bəzi parçaları “Tərcüman”da dərc edir, eyni zamanda həmin nümunələrin sadə türkcə olduğunu təqdir edir. “Tərcüman”ın bu təşəbbüsü və mövqeyi İzmirdə çıxan “Ahenk” adlı qəzetin xoşuna gəlmir və Seyid Əzim Şirvaninin dilinin sadə türkcədə olmadığını yazır. “Tərcüman” “Digər cavab” adlı məqalədə (¹ 37, 1895) öz mövqeyini müdafiə edir: “Bəli, ola bilər ki, Seyid Əzimin dili dediyimiz kimi “sadə” görülməmişdir, fəqət “sadə”nin nə olduğunu aydınlaşdırsaq, məsələ aydın olar. Sadə dil bizim fikrimizcə, hər kəs tərəfindən istifadə olunan və asan anlaşılan dildir. Ərəb və fars dilindən ümumi türk dilinə keçmiş “səadət”, “bəxt”, “səadətli”, “bəxtli”, “atəş”, “atəşli”... və bunlara bənzər, hər kəs tərəfindən işlənən sözləri qələmə almaq, zənn edərik ki, dili sadəlikdən düşürməz; lakin bütünlükdə qövmə məlum olmayan terminləri söyləyib yazmaq sadəlik dairəsindən çıxmaqdır. Seyid Əzimin şeirlərində olan ərəb, fars sözləri türk çobanlarına da məlum olduğundan, onun dilinin sadə olduğuna işarət etmişdik və fikrimizi təkrar edirik”. İ.Qaspiralı, “Tərcüman” bununla bir tərəfdən öz mövqeyini müdafiə edir, digər tərəfdən dilin sadələşdirilməsi tərəfdarı olduğunu, ortaq ədəbi dilin sadə türkcədən formalaşdırılması üçün fürsət düşdükcə mücadilə etdiyini nəzərə çatdırır.

Eyni ilə “Məcid bəy Qənizadə ilə Nəriman Nərimanovun olduqca milli ədəbiyyat üçün çalışdıqlarını şükranlıqla” yazan İ.Qaspiralı Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərini “çox ibrətli risalə” kimi təqdir edir (Bəsirəti ədəbiyyə. “Tərcüman”, ¹ 39, 1899).Bir rəsm bir hekayə qədər məlumat, duyğu, düşüncə və fikir verir. Bir saat oxumaqla anlaşılacaq bir halya hadisəni bir göz atışı ilə anlaşılacaq tərzdə rəsmlər ərz və bəyan edər”. Bu cümlələr İ.Qaspiralının “Molla Nəsrəddin” adlı məqaləsindən (“Tərcüman”, ¹ 4, 1914) götürülmüşdür. Bu satirik jurnalı çox məqbul, mötəbər, “əyləncəli, lakin ibrətli” adlandıran müəllif onun daha geniş yayılmasını arzulayır. Onun fikrincə, Mollanın gülüşü düşmən gülüşü deyildir, tərbiyə edən, düşündürən gülüşdür. Məqalədə İ.Qaspiralı Bakıda nəşr olunan “Məktəb” jurnalını da almağı, uşaqlara oxutmağı təkidlə tövsiyə edir.

Böyük İsmayıl bəy” (Məhəmməd Hadi) qeyd etdiyimiz kimi, daim Azərbaycan ədəbi-mədəni, mətbu həyatını izləyir və baş verən yeniliklərə, proseslərə dərhal münasibət bildirir. “Tiflisdə yeni qəzet” (¹ 15, 1903) adlı yazıda “Şərqi Rus” qəzetinin nəşrə başladığını sevinclə oxuculara xəbər verir: “Qafqaz üçün bir qəzet lazım olduğu çoxdan bəri hiss olunurdu. Buna baxmayaraq, bir neçə dəfə təşəbbüs edilsə də, icazə verilməmişdir. Bu dəfə işə Məhəmmədağa Şahtaxtlı başlayıb imtiyaz almaya nail oldu. Təbrik edir, uğurlar arzulayırıq. 20 ildən bəri “Tərcüman” yalnız çalışırdı. İndi dostu zühur etdi. Ümid edirik ki, məsləki də başqa olmaz. Yalnızlığımız bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, iki oldu”. Doğrudur, İ.Qaspiralı daha sonra M.Şahtaxtlının “yeni əlifba” mövzusunda təşəbbüslərini kəskin tənqid, hətta ittiham edir, lakin bütün bunların ümumən tərəqqi naminə edildiyi şəksizdir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu məsələ – M.F.Axundovla başlayan, M.Şahtaxtlı ilə davam etdirilən “əlifba islahatı”nı, “yeni əlifba” ideyasını İ.Qaspiralı radikal addım kimi rədd etmiş, bunun əvəzində hazırda məktəblərin sayının artırılmasını, dərs proqramlarının islahının həyata keçirilməsini daha zəruri hesab etmişdir.

“...əsla yorulmaqusanmaq bilməyərək müsəlmanlar və müsəlmanlıq yolunda çalışan” (Haşım bəy Vəzirov) İ.Qaspiralının “Açıq məktub” adı ilə “Həyat” qəzetinə ünvanladığı yazı çox diqqətçəkən, təsirli, ibrətamiz və xoş məramlıdır. “Möhtərəm dostumla başladığı, “qardaşım” – deyə bitirdiyi məktubunu “həm rica, həm nəsihət, həm də vəsiyyət” adlandıran İ.Qaspiralı 1905-ci ildə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan “Həyat” qəzetinə rəğbətini, “Həyat”ın nəşrə başlaması üçün duaçı olduğunu gizlətmir: “Şükür Xudaya! Maşallah zamana! İyirmi illik həsrətdən sonra “Həyat” göründü! “İrşadeşidildi! Ümidvaram ki, “Həyat” “İrşada, “İrşad” “Həyat”a xidmət edər!” İ.Qaspiralıya görə insanların ayrılığına səbəb üçdür: məsafə, din fərqi, dilsizlik. O, yazır ki, dinimiz birdir, məsafə problemielmi-texniki nailiyyətlərin sayəsində həll olunur. Lakindilsiz” olmağımız, yəni ümumi ədəbi dilimizin yoxluğu bizləri ayrı salmışdır. Müəllif “Tərcüman”ın nəşr tarixinə işarə vuraraq yazır: “25 ildən bəri dediyim, yazdığım, çalışdığım budur, cığır, yol açmaq. Çünki nəcib, dözümlü, güclü, cəsarətli türk millətinin pərakəndə olub Çin səddindən dənizə qədər yayıldığı halda lal-dinməz, səssiz-səmirsiz, dalğın qalması ümumi dilə malik olmadığından irəli gəlir. Bu etiqad ilə ömür etdim, bu etiqad ilə məzara gedəcəyəm. 25 ildən bəri bu məslək üçün silahdaş gözləyirdim. Bunun üçün “Həyat”ın vücudu mənə böyük təsəlli oldu”. İ.Qaspiralı Kazanlı, Krımlı, Şirvanlı, Bakılı, Hacıtarxanlı, Sibiryalı, Türkistanlı, Buxaralı... türklərin “Tərcüman”ı oxuyub anladıqlarını gördükdə özünü bəxtiyar hesab etdiyiniümumi dil üçün bundan sonra da çalışmaq lazım olduğunu yazır, tövsiyə edir. İ.Qaspiralı mətbuatın xalqın tərəqqisinə xidmət etməli olduğunu xüsusi vurğulayır: “Əziz qardaşım, mənə “Həyat”ın hamisi demisən, gözəldir, lakin cümlənin təfsirə ehtiyacı var. “Həyat”ın həqiqi hamisi millətdir. Mən yalnız onun tərcümanıyam. Millət həmişə sənə hami olar, fəqət, yeganə şərtini unutma: hər nə yazsan qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanınla yaz, onda sözün keçər, vicdanlara çatar, əks halda səmərəsiz olar, ötər keçər”.

Aciz “Tərcüman”ımızın Kaşqardan, Kulçadan, Sibiryadan ta Təbrizə, Xorasana, İstanbula və İzmirə qədər yayılması heç də qəzetin mükəmməlliyinə dəlalət etmir, buna səbəb qəzetin dilinin sadəliyində, toxunduğu mövzuların anlaşılan, asan bir dildə yazılmasındadır” – yazan İ.Qaspiralı (“Tərcüman”, ¹ 11, 1897) “Tərcüman”ın dilinin digər türk qəzetlərinin dilinə də sirayət etdiyini dəfələrlə məmnunluqla vurğulamışdır. Dil ili” adlı məqalədə (“Tərcüman”, ¹ 146, 1906) o, Bakıda nəşr olunanİrşad”, “Təkamül”, eləcə də Tatarıstanda buraxılan “Vakit”, “Beyanül-haqq”, Başqırdıstanda çıxan “Yıldız”, “Ülfət” kimi qəzetlərdə dərc olunmuş materiallardan parçalar təqdim edirsonra oxucusuna üz tutur: “Buyurun, qardaşlar! Hökm edin, təqdim etdiyimiz dil nümunələrində bir-iki söz nəzərə alınmazsa bu mətnlərin hansının tatarca, başqırdca, Azərbaycanca olduğu bəlli olar?! Hamısı açıq və sadə, hər kəsin anlayacağı türkcə deyildirmi? “Tərcüman”ın tələb, iddia, arzu etdiyibu dildir”. Dil birliyini böyük milli sərmayə adlandıran İ.Qaspiralı ismətli analarımızın dil ilə daşları əridəcək sairlər, ədiblər doğacaqlarına, onların da ümumi dil birliyinə nail olacaqlarına əmin olduğunu, ümid etdiyini inamla yazır. “Farscamı, türkcəmi” adlı məqalədə (“Tərcüman”, ¹ 85, 1907) toxunulan problem bu gün də aktuallığını saxlamaqdadır. İ.Qaspiralı İranın siyasi dairələrinin türk, Azərbaycan dilinə düşmən münasibətini kəskin tənqid edir. O, yazır: “Mərhum Həsən bəy Məlikovun təşəbbüsündən bu günədək Azərbaycanda türk dili işlədi: qəzetlər, teatrlar, risalələr türk dilində nəşr edildi. Bu dilin sayəsində sünni və şiələrin bir-birinə məhəbbət və ittifaqları artdı... ədavət söndü, unuduldu, qardaş qardaşı gördü, bildi, təkrar qucaqlaşdı, birləşdi...”.

Türk dilinə qarşı “Tehrandanmı, ya da ki, başqa bir nöqtədənmi” ortaya atılan ədavət İ.Qaspiralını bərk həyəcanlandırmışdı: “Hər necə olursa olsun, bizim bu məsələdə əvvəldən bəri nəzərimiz və indi deyəcəyimiz çox sadə bir şeydir: qısası, türk olanlar, harada olursa olsun, gərəkdir ki, ilk öncə türkcə danışsınlar, oxusunlar, yazsınlar, sonra Rusiyada rusca, İranda farsca, Çində çincə bilməyə çalışsınlar, çünki zəruridir. Hökmdardan ötürü, məzhəbindən ötürü, iqlimindən ötürü heç bir qövmün dilinə, ədəbiyyatına təcavüz caiz olamaz: edilirsə, haqsızlıq olur”.

“Tərcüman”ın 1908-ci il tarixli 76-cı nömrəsində dərc olunmuş “Bizlərdə ümumi dil və məslək ola bilərmi, ya yox?” adlı irihəcmli məqalə İ.Qaspiralının Azərbaycan mətbuatı ilə nə qədər yaxından maraqlandığına, dəyər verdiyinə, eyni zamanda hər hansı problemlə bağlı klassik qəzet polemikasına dair parlaq nümunədir. Yazıda söhbət Bakıda nəşr edilən “Tərəqqi” qəzetində onun redaktoru, görkəmli ictimai-siyasi xadim, istedadlı publisist Əhməd bəy Ağaoğlunun “Tərcüman və ittihad” sərlövhəsi ilə dərc edilmiş (1908, ¹ 94, 95) məqaləyə İ.Qaspiralının “Tərcüman” qəzetində (¹ 76, 1908) cavabından gedir.

 

(Ardı var)

 

 

Abid TAHİRLİ,

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2012.- 24 may.- S.6.