Peyğəmbərin
alim ada
Qüdrətli loğman və filosof Əbu Əli İbn Sina (Avesta) tərcümeyi-halında yazır: “Mən dahi Aristotelin “Metafizika” (yəni, “Fizikadan sonra”) kitabını oxuyub heç nə başa düşmədim. Təkrarən oxudum, yenə sirr açılmadı, gizli qaldı. Və yenə inadımdan dönmədim, dönə-dönə oxuyub, axırda bu nəhəng kitabı əzbərlədim, amma əvvəlki kimi heç nə anlaya bilmədim. Axırda məyus olub öz-özümə pıçıldadım: bu kitab dərkolunmazdır.
Bir dəfə bazarda cildçinin bir kitabı bərkdən təriflədiyini eşitdim. Ona yaxınlaşdım, satıcı kitabı mənə təklif etdi. Mən almaq istəmədim. O, az qala yalvaracaqdı, mən etinasız surətdə kitabı əlimə götürdüm. Baxıb gördüm ki, Əbu Nəsr Fərabinin “Metafizika tezisləri”dir. Tez cildçiyə üç dirhəm pul uzadıb kitabı götürdüm, tələsik evə yüyürdüm. “Metafizika tezisləri”ni oxuyan kimi aylar-illər uzunu dərk eləyə bilmədiyim kitabın (“Metafizika”) bütün sirləri üzümə açıldı, bütün müəmmaların kələfi yırtıldı”.
Hər bir obyektiv müqayisə mətləbi açmaq üçün açardır. Ona görə, bu epizodu söyləyib yazmaqla nə özümü İbn Sina ilə tən tutmaq niyyəti güdürəm, nə də Hacı Musa Bədəlovu qədim yunan folosofu Aristotellə eyniləşdirirəm. Çünki təbiət Tanrı tərəfindən yaradılmış bütöv bir harmoniyadır. Bu möcüzəli harmoniyanın daxilində kiçicik böcəyin də, əhəmiyyətsiz görünən yabanı bitkinin də özünəməxsus rolu var, hər bir məxluqun da, Allah bəndəsinin də yaranma missiyası var. Ancaq etiraf edim ki, Lerikdə doğulsam da, bu yerin təbiəti, ekologiyası, bitki örtüyü, ab-havası – faunası və florası mənim üçün sirli bir dünyaydı. Mənim duyğularım, həssas hisslərim təbiəti anladırdı. Mənə kor-koranə oxutdurur, başa salırdı və həqiqətən elə bilirdim, payızda “şəlalə qəhqəhə çəkib uğunur”. Və “arı ansamblı bal kimi şipşirin nəğmələrini” qulağıma pıçıldayır. Şanapipiyin, torağayın, kəkliyin notsuz mahnılarını yüz illərdir əzbərləmişəm. Lerikin dağ yamaclarına qoyun-quzu dalınca dırmaşanda “sıldırım cığırı elə keçmişəm, qarışqa qalmayıb ayağım altda”. Bu torpaqda doğulmuş bioloq-alim Musa müəllimin “Əllərin sirri”, “Göbələklər təbiətin ecazkar aləmidir”, “Lerikin faunası”, “Meyvə və toxumlar müalicə edir”, “Arıçılara məsləhət”, “Xalq təbabəti” və digər kitablarını oxuyarkən haqqında dəfələrlə düşündüyüm pırtlaşıq təbiət hadisələrinin üstünə bir işıq düşdü, dərk edə bilmədiklərim, yalnız təbii şairanə duyğularla müşahidə etdiklərim fikirlərə bir aydınlıq, duruluq gəldi, mahiyyəti açıldı. Bu alim ağlının, alim zəkasının, daim hərəkətdə olan təbiətlə təmas quran fədakar insan təcrübəsinin və müşahidəsinin ziyası idi...
Otuz beş ildən yuxarı tanıdığım, sovet dönəmində “Arıçı Musa Bədəlov” adlı haqqında yazdığım məqaləylə mətbuatda çıxış etdiyim bu insan elə qoynunda doğulduğu torpağın bir münbit canlı parçasıdır. O, həqiqətən dipdiri təbiət ensiklopediyasıdır. Ünsiyyət kəsdiyim gündən qət etmişəm ki, Musa Əbdülhüseyn oğlu qaya parçası ilə qədim daş dilində, min yaşlı ağacla ağac dilində, bal arısı ilə arı dilində, hər hansı bir yabanı çöl bitkisi ilə çiçək dilində, axar sularla öz ləhcəsində çətinlik çəkmədən danışır. Bu nadir şəxsdə fəhm, təbiəti görmə, hissetmə, ətraf mühitə özünəxas reaksiya adi adamınkından qat-qat yuxarıdır.
Ortaya yazıb qoyduğu kitablarından və göstərdiyi fəaliyyətindən göründüyü kimi, Musa müəllim adi təbiət seyrçisi deyil, müdrik 80 yaşı ötənəcən uzun bir yol keçib. Bu bitib-tükənməz yol sərt Rusiya qışından adlayıb, Moskvada, Bakıda elmi-tədqiqat axtarışlarından bəhrələnə-bəhrələnə, qidalana-qidalana taleyinin bütöv ömür fəlsəfəsini müəyyənləşdirib. Neyləməli, qismətdi, bəzən amansız tale seçdiyi yolda ona acı da dadızdırıb. Özündən yaşca kiçik həkim-alim qardaşını – Əli Bədəlovu itirib, lakin ağır dərd belini bükməyib, qəmin-kədərin üstünə şax, mərdi-mərdanə yeriyib və onu kor-peşman qoyub. Bu, yalnız dağ şəraitində böyüyən, qol-budaq atan insanlara məxsus xüsusiyyətdir.
Hacı Musanın Lerik şəhərində yerləşən həyət-bacası bütün səliqə-səhmanıyla, zahiri gözəlliyi ilə bahəm, həm də sanki bir vəhşi gül-çiçək oylağıdı, bağ-bağat yeridir. Bu kiçicik “Gülüstani-İrəm”də nə desən bitir. Şahid olanlar isə deyirlər ki, axşam qaş qaralan kimi, dünyanın bütün bülbülləri yığılıb bu həyəti özlərinin müvəqqəti seyrəngahına çevirirlər. Musa müəllim təbiətin bu dəymə-düşər, şıltaq quşları barədə vaxtilə mənə nağılabənzər bir əhvalat danışıb.
“Rusiyadan bir bioloq-alim bizə qonaq gəlmişdi. Gündüzlər dostumu Lerikin müxtəlif yerlərinə
gəzməyə aparır,
axşamlar yenə də evə qayıdırdıq. O, təbiət
aşiqiydi və bizim meşələr, çılpaq dağ yamacları onu ovsunlamışdı. Qərib qonaq
israrla Lerik təbiətinin unikallığından
danışır, “çox
yerlər gəzmişəm,
bu orijinallıqda təbiət görməmişəm”
– söyləyirdi. Bir dəfə
isə səhər tezdən durub məni çağırdı.
Elə başa düşdüm ki, ya vətəni
yadına düşüb,
ya da vacib
nəsə istəyir,
məni yuxudan oyadır. “Dobrıy utro” dan sonra
qonaq dil-dil ötməyə başladı:
“Siz həyətinizdə
nə qədər bülbül saxlayırsınız?
Səhərəcən onların nəğmələrinə
qulaq asmışam. İstədim
quşların səsini yazım, sizdən icazə
almadığıma görə bunu ədəbsizlik saydım.
Əgər izn versəniz, bu gecə də
şirin yuxuma haram qatıb onların xoş avazını, cəh-cəhini
lentin yaddaşına köçürərəm.
Qardaşım, ansambl, orkestr yalandı...” Qonağımın
bu sadəlövhlüyü məni bərk
güldürdü. Cavabında “onlar təkcə
mənim bülbüllərim deyil, həm də səninkidi,
hamınındı. Mən onları
öyrətməmişəm və heç
çağırmamışam, özləri hər gecə
yığılıb gəlir. Görünür, burada nəsə
onları cəlb edir, axı vəhşi quşlar da həssaslığı,
normal mühiti sevir” – dedim.
O, yenə
inanmadı, coşan, çağlayan vəhşi çöl
quşlarıdı. Mən dedim ki, qonağa qurbandı, nə
istəsən, şərait yaradaram, qarşında yaşıl
işıq yanır. Növbəti dəfə
axşam düşən kimi kirimişcə
ayırdığım qonaq otağına keçdi. Gecə yarısı isə diktofonunu qurmuşdu,
bülbüllərin bənzərsiz ifasını lentə
köçürdürdü. Doğrusu,
bu əyləncə əvvəlcə məni açmadı,
gedib yıxılıb yatdım. Sübh tezdən
ayılanda alma ağacının
altında mürgülü vəziyyətdə diktofonla əlləşən
qonağı gördüm. O, şövqlə düyməni
basdı, bir andaca bülbüllərin “gecə konserti” təkrarlandı,
ətrafa yayıldı. Qonaq sonra diktofonu söndürdü:
“Hər şey əla alındı, bu kəşfimi Moskvaya
aparacağam, dostlarıma, övladlarıma
sürprizdi”,-söylədi.
Lerikdə adlı-sanlı Bədəlovlar nəslinin ən
say-seçmə, adlı-sanlı nümayəndəsi
Hacı Musa cavan çağlarında dissertasiya yazıb rəsmən
alimlik mərtəbəsinə yüksələrkən
Bakıda qala bilərdi. O zaman gənc mütəxəssisi saxlamaq
üçün dilə tutdular: ya elmi tədqiqat işini
davam etdirmək şərtiylə akademiya sistemində
çalışsın və yaxud pedaqoji cəbhədə
qüvvəsini sınasın. Çılğın
xarakterli dağlar oğlu “mərkəzdə qalıb alim olmaq
asandı, Lerik kimi ucqar dağ rayonunda bu işin öhdəsindən
gəlmək çətin. Ona görə mən də
çiynimi çətinliyin altına çəkirəm” –
dedi. Doğrudur, o elə Lerikdəcə
yazıb-yaratmağa başladı, məqalələri
müxtəlif nüfuzlu jurnalların bəzəyinə
çevrildi. Sanballı kitablar yazıb nəşr
etdirdi. Məsələ isə bundaydı
ki, Musa müəllimin bütün yaratdıqlarının mənbəyi
möcüzəli Lerik torpağı və bu torpağın
yetirdiyi əsrarəngiz ətraf aləmdir.
Müəllifin “Arıçılara məsləhət”
kitabı təkcə tövsiyə xarakteri daşımır,
bu tədqiqat işi bütöv elmi əsərdir. Heç təsadüfi
deyil ki, orijinal həyat tərzi keçirən bu canlılar hərtərəfli
araşdırılır. Həssas arı
ailələrinin bir sıra mövsüm xəstəliklərə
yoluxmasını, onların pətəklərdə müalicə
üsullarını dəqiq göstərən bioloq-alim təmiz
balın insan sağlamlığında oynadığı
vacib rolu faktlarla, detallarla təsdiq edir. Lerik – Zuvand
bölgəsini əsas tədqiqat obyüktinə çevirən
kitab müəllifi arıçılığın tarixinə
nəzər salır, hətta 800-1000 il
öncə dədə-babalarımızın bu nadir məşğuliyyət
növünü yüngül əyləncə saymır,
hamımıza miras qalmış sahəni qorumağa,
inkişaf etdirməyə çağırır. Fikrini əsaslandırmaq üçün qədim
yunan filosofları Aristoteldən, Hippokratdan, Pifaqordan misallar
çəkir. Ümumiləşdirmələrini
yenə Lerik – Zuvand nahiyyəsində 150 ildən artıq
ömür sürmüş planetimizin ən qocaman sakinləri
Mahmud Eyvazovdan və Şirəli Müslümovdan gətirdiyi
ibrətamiz epizodlarla yekunlaşdırır. Görünür, bütün bunlara görədir
ki, Azərbaycanın və Rusiyanın görkəmli alimləri
Musa Bədəlovun öz tədqiqatlarında elmə xeyli
yeniliklər gətirdiyini, bunların
arıçılığa səmərə verdiyini, bu
istiqaməti zənginləşdirdiyini etiraf etmişlər.
Məlum olduğu kimi, insanların ən qədim qida
növlərindən biri də təbii göbələklərdir. Ancaq göbələklər
iki yerə bölünürlər: zəhərli növlər
və insanların işlətdikləri növlər. Musa müəllim “Göbələklər təbiətin
ecazkar aləmidir” əsərində bu vitaminlə zəngin
bitkini yüksək dəyərləndirir, onun vaxtilə həm
çörəyi, həm də əti əvəzlədiyini
yazır, on minlərlə növünün
mövcudluğundan dönə-dönə bəhs edir. Müəllif öz araşdırma və təcrübələrində
göstərir ki, göbələklərin təbabətdə
rolu danılmazdır, müxtəlif dərman
preparatlarının hazırlanmasında onlardan geniş şəkildə
istifadə olunur. Bioloq-alim kitabında
göbələklərin istifadə qaydalarının təsnifatını
verir, duza və sirkəyə qoyulmuş göbələklərin
hazırlanması texnologiyasını göstərir. O
cümlədən, göbələklərdən bişirilən
xörəklərdən hazırlanan salatlardan həvəslə
söz açır: göbələk düşbərəsi,
göbələkli bulyon, göbələkli kartof supu, göbələkli
xarço, göbələkli dolma, göbələk
kababı, göbələk kotleti, göbələk piroqu,
şappion salatı, pomidorla göbələk salatı,
yumurtalı və xamalı göbələk salatı və
s.
“Meyvə və toxumlar müalicə edir” haqqında
söhbət açdığımız alimin daha bir
kitabıdır. Adından bəllidir ki, müəllif nədən
söz açır, nəyi minlərlə oxuxunun diqqətinə
çatdırmaq məqsədi güdür. Girişdə
oxuyuruq: “Azərbaycanda dərman bitkilərinin öyrənilməsi
xalq təbabəti ilə sıx bağlıdır. Xalq təbabəti çox-çox keçmişdən
inkişaf edib, bu günə gəlib çatmış zəngin
təcrübədir. Qədim insanlar dərman
bitkilərinin təsirini heyvanlar və insanlar üzərində
öyrənmişlər, onlar müşahidə etmişlər
ki, bəzi bitkiləri yeyəndə insan zəhərlənir,
qusma, ishal əmələ gəlir. Maral
kökü bitkisi yorğunluğu alır, qəhvə kolunun
budaqları keçini kefləndirir, məst edir. Ayı
murdarça bitkisinin meyvələrini yeməklə təbii
şəkildə həzm sistemini təmizləyir,
normallaşdırır: Kitab müəllifi əlavə ədəbiyyatlardan
istifadə etməklə meyvələrin, tərəvəz məhsullarının
təsnifatını verir və təbabətdə faydası
barədə konkret qənaətini
bölüşdürür.
“Lerikin faunası” kitabı əsrarəngiz bölgənin
həşərat-böcək və heyvanat aləminə həsr
olunmuşdur.
Eyni zamanda müəllif kitabında
hörümçəkkimilərdən, kəpənəklərdən,
sürünənlərdən, quşlardan da bəhs edir.
Hər növün yaşam tərzi, çəkisi,
əsas səciyyəvi cəhətləri konkret faktlarla
oxucunun diqqətinə çatdırılır. Musa Bədəlovun istər haqqında qeyd etdiyimiz
kitabları, istərsə də, digər əsərləri
elmi sanbalına, məlumatın bolluğuna görə
heç də bu sahənin görkəmli alimlərinin
yazdıqlarından geri qalmır. Bu kitablardan orta və ali məktəb tələbələri dərslik
kimi də istifadə edə bilər. Mütəxəssislər,
təbabətlə, heyvanat aləmi ilə maraqlananlar oxuyub
müəyyən bilgi də götürə bilərlər.
Müəllif adi misallarla, sadə dildə fikirlərini
çatdırır. Necə deyərlər,
oxucunun anlaşmaması üçün heç bir başqa
bəhanə yeri qalmır.
İnsan əlləri bədənin ən böyük fəaliyyət
vasitəsidir, lakin biz yalnız işgörmə qabiliyyətinə
görə zahirən onları qiymətləndirməyə
qadirik. Tanınmış alim “Əllərin sirri”
elmi-publisistik kitabında əllərin fəlsəfəsinə
varır, mahiyyətini gətirdiyi dəlillərlə, müşahidə
və sübutlarla açır. Müəllif
bürclər, ruhlar, möcüzələr, ordan-burdan və
maraqlı əhvalatlar başlıqları altında təkcə
astronomik bilgilər deyil, həmçinin qocaman alim
tanınmış sərkərdələr, elm-sənət
xadimləri, ayrı-ayrı ölkələrdə baş verən
hadisələr haqqında maraqlı epizodlar toplamış, “Əllərin
sirri”nə daxil etmişdir.
“Xalq təbabəti” isə Hacı Musa Bədəlovun
2011-ci ildə “Nərgiz” nəşriyyatı tərəfindən
nəfis şəkildə buraxılmış ən son
kitabıdır. Təbiət aşiqi, bitkilər sərrafı
ləqəbini qazanmış müəllif sanki bütün
elmi-tədqiqat işlərini yekunlaşdırır, uzun illərin
zəngin təcrübəsini başa çatdırır,
sanballı, möhtəşəm araşdırmalar,
axtarışlar toplusu ortaya qoyur. “Xalq təbabəti”nin qiyməti ona görə yüksəkdir ki,
mayasını, qidasını “ana təbiət”
adlandırdığımız ətraf mühitdən
götürüb. Müəllif ustalıqla hamının həmişə
gördüyü, dünyasından xəbərsiz olduğu
bitkilər aləmini dərdlər dərmanı, məlhəmlər
məlhəmi hesab etməklə iç aləmini
açıb göstərir, sirrini “faş edib”
canlandırır. Bu zaman insan təbiətlə
qalır üz-üzə, göz-gözə, insan təbiətlə
daha asan anlaşır, ünsiyyət qurur, dil tapır.
lll
Lerikdə
bir müdrik el ağsaqqalı yaşayır. O, müəllimlər
müəllimi, ağsaqqallar ağsaqqalıdır. Dərs
dediyi, bilik verdiyi məzunlarının sayı yüzlərlədir,
indi onların xoş sorağı dünyanın dörd tərəfindən
gəlir. Subtropik bölgədə, haqqında
danışdığımız qəhrəmanımıza
“Musa müəllim” deyirlər, el arasında
“arıçı Musa” və ya “təbiət vurğunu” ləqəblərini
də özü üçün sığortalayıb.
Direktoru olduğu Lerik şəhər internat orta məktəbini
indi varisi Asəf Bədəlova etibar edib. Bir neçə il
öncə təhsil ocağında olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev orta məktəbi
əsaslı təmir etdirmək üçün sərəncam
imzalamış və qısa müddət ərzində bilik
müəssisəsi yenidən qurulmuş, müasir texnoloji
vasitələrlə təmin olunmuşdur.
Təvazökar
insan Musa Bədəlov müqəddəs Məkkə ziyarətində
olub, rayonda Hacı kimi tanınır. Ziyalı qohumu,
yazıçı-publisist Qəhrəman Əliyev deyir ki,
Hacı Musa nəinki bizim nəslin-nəcabətin,
bütün bölgənin fəxridir. Allah-Təala ona narahat,
lakin işıqlı bir ömür yolu bəxş edib,
axı hər kəsin hünəri deyil, Lerik kimi balaca bir
dağ rayonundan çıxasan, ömrün boyu bu yerlərə
bağlanasan, qapılıb qalasan, elmi
yaradıcılığından əl çəkməyəsən.
Böyük bioloq-alim səviyyəsinə qalxasan. Bu, əlbəttə,
hünər, dözüm istəyir. Musa müəllim elmlər
doktoru da, professor da ola bilərdi, buna potensialı
çatardı, bu yalnız eləmədiklərinin rəsmi tərəfidir.
Bizim nəzərimizdə o elə bu səviyyəyə
çatmış kamil elm xadimidir. Azərbaycan Respublikasının
Prezidentinin fərdi təqaüdçüsü Hacı Musa
şux qamətlu, çinar boylu, nurani görkəmli Azərbaycan
kişisidir. Səksən yaş qətiyyən onu səksəndirməyib,
yerindən oynatmayıb, yerişi də əvvəlki
yerişdi, duruşu da həminki duruşdu, adamlara səmimi
münasibəti də həmişəki kimidi.
Musa Əbdülhüseyn
oğlu Həzrəti Musanın adaşıdır. Deyilənlərə
görə, Musa peyğəmbərin çoxlu möcüzələri
varmış və o, iman gətirməyənlərə bu
möcüzələrdən göstərirmiş, kafirləri
səhv yoldan çəkindirirmiş. Həzrətin
sehrli-sirli əsası isə çox məşhur imiş,
yiyəsi əmr eləyən zaman ilana, qorxulu timsaha, hətta,
əjdahaya çevrilirmiş. Dünyaya çox Musalar gəlib-gedib.
Bizim Lerikdə ömrünün səksənini başa
çatdıran dağ vüqarlı, əsl Allah adamı
Hacı Musa möcüzələrinin mənbəyini təbiətdə
– nəbatatda, təbabətdə axtarıb tapıb.
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2012.- 25 may.- S.8.