Sara Qədimovanın
90 illiyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində
unudulmaz sənətkar,
Xalq artisti Sara Qədimovanın 90 illik yubileyi keçirilib. Tədbiri
əməkdar incəsənət
xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev açaraq Sara Qədimovanın həyat və yaradıcılığından
danışıb: “Sara Qədimovanın
adı musiqi tariximizə qızıl hərflərlə yazılıb.
O, dəqiq diksiyası,
qüsursuz səsi, yüksək ifa və səhnə mədəniyyəti olan sənətkar idi. Sara Qədimovanın bənzərsiz, ürəyəyatan
və geniş diapazonlu, yaddaqalan səsi vardı. Bu səs ona
bütün muğamları
və çətin mahnıları oxumağa imkan verirdi. Məsələn, “Bayatı Şiraz”
muğamını tamam
dəsgah oxumaq hər qadın ifaçının işi
deyil. Hətta bəzi kişi
müğənnilər belə,
“Bayatı Şiraz”ın
öhdəsindən ustalıqla
gələ bilmirlər.
Sara xanımı başqa ifaçılardan
fərqləndirən bir
sıra üstün cəhətləri vardı.
Muğam
sənətinin sirlərinə
Şövkət Ələkbərova
və Gülağa Məmmədovla birgə Hüseynqulu Sarabskinin sinfində aldığı
dərslərdə yiyələnən
Sara Qədimova peşəkar
səhnədə ilk addımlarını
atan gündən şöhrət qazanıb
və sevilib. Onun diqqət cəlb edən xüsusuiyyətlərindən
biri də zəhmətsevərliyi və
olduqca cəsarətli
olması idi. Hələ repressiya ağrılarının
davam etdiyi zamanlarda o, çəkinmədən
Müşfiqin şeirlərindən
muğamlarda istifadə
edir, cəsarətlə
oxuyurdu”.
Tədqiqatçı Çingiz Fərəcov çıxışında
Sara Qədimova ilə
bağlı xatirələrini
bölüşüb, onun
yaradıcılığındakı bir sıra maraqlı
məqama toxunub: “Ötən əsrin 50-ci və 60-cı illəri
Sara xanımın şöhrətinin
gur vaxtları idi. Onun ifa
etdiyi “Tar çalan oğlan”, “Ay işığında”,
“Pıçıldaşın ləpələr”, “Ürəkdir
sevən səni”, “Nə vaxta qaldı”
və onlarca başqa mahnı dillər əzbəri olmuşdu. Misir və Türkiyənin
keçmiş prezidentləri
Camal Əbdül Nasirlə Süleyman Dəmirəl Sara xanımın
sənətini yüksək
qiymətləndirirdilər. Azərbaycana
birinci səfəri zamanı Sara xanımı
dinləyən Süleyman
Dəmirəl 29 il sonra onu şəxsi
qonağı kimi Türkiyəyə dəvət
etmişdi”. Xalq artistləri
Arif Babayev, Canəli Əkbərov, İlhamə Quliyeva da mərhum sənətkarla bağlı
xatirələrini bölüşüblər.
Tədbirin sonunda Sara Qədimovanın
oğlu – görkəmli
müğənni Akif
İslamzadə tədbirin
təşkilində əməyi
olan insanlara təşəkkürünü bildirib. Ədəbi-bədii gecədə Xalq
artistləri Aygün Bayramova, Mənsum İbrahimov, Nəzakət
Teymurova, xanəndələr
İlkin Əhmədov,
Vüsalə Musayevanın
ifasında musiqilər
səslənib. Gecədə Sara Qədimovanın həyat və yaradıcılığını
əks etdirən videoçarx nümayiş
olunub.
GÜNEL
525-ci qəzet.- 2012.- 25 may.- S.7.