“Tərcüman”
qəzeti: türk dünyasının mətbuat
və ictimai fikir
tarixində yeni mərhələ
(Əvvəli
ötən saylarımızda)
İ.Qaspiralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil formalaşdırmaq təşəbbüsü ilə çıxış etmiş və bu istiqamətdə “Tərcüman” vasitəsi ilə müəyyən işlər də görmüşdür. Ə.Ağaoğlunun məsələyə öz münasibəti var. Onun qənaətinə görə, Türkiyə əhalisi və Türkiyə mətbuatı ilə Rusiyadakı müsəlman əhali və müsəlman mətbuatı arasında heç bir ümumi və müştərək əməl və sifətlər mövcud deyil və müqayisəyəgəlməz dərəcədə fərqlidirlər. Hər bir qövmün bir dili və bir məsləyi olması üçün o xalqın və mətbuatın milli dili, milli ədəbiyyatı və milli tərbiyəsi olmalıdır. Ümumi ortaq dilin ərsəyə gəlməsi üçün isə vaxt, zaman tələb olunur. İ.Qaspiralı Ə.Ağaoğlunun mülahizələrinə özünəməxsus tərzdə – təmkinlə, dəlillərlə münasibətini bildirir, öz fikirlərini əsaslandırmağa çalışır. Müəllif sonralar da bu mövzuya təkrar-təkrar qayıdır, bir çox azərbaycanlı ziyalının (Məcid bəy Qənizadə, Həsən bəy Məlikov və başqalarının) ədəbi dil və türk dili kimi uca bir ideala xidmət etdiklərini vurğulayır. “Bakı qəzetləri” adlı məqalə (¹ 37, 1910) bir çox cəhətdən diqqətçəkicidir. Bu yazı bir daha İ.Qaspiralının Azərbaycana, onun mətbu, mədəni həyatına nə qədər maraq və məhəbbət göstərdiyini təsdiq edir. Bakıda “Səda”, “Həqiqət”, “Günəş” qəzetlərinin işıq üzünü görməsinə hədsiz sevinən İ.Qaspiralı yazır: “Qəzet çıxarmaq, 40 dəfə yazıb bir dəfə anlatmaq, nə qədər müşkül olduğu bizə hər kəsdən daha artıq məlum olduğundan Bakılı həmkarlarımızı ürəkdən təbrik və uzun, gözəl ömürlərini təmənni edirik”. Qəzetlərin nəşrə başlaması İ.Qaspiralını sevindirsə də, onların bir-birinə ədəbdən kənar münasibəti, yazı tərzi İ.Qaspiralını sarsıtmış, kədərləndirmişdir. “Səda”da S.İbrahimov “Osmanlılarda dil varmı?” adlı məqaləsində haqlı olaraq Osmanlı dilinin ərəb, fars kəlmələri ilə tanınmaz hala düşdüyünü, bununla belə son illər dili sadələşdirməyə, türkləşdirməyə doğru meylin artdığını qeyd edir. Lakin çox təəssüf ki, o, Osmanlı dili barədə ağır ittihamları səsləndirəndə “yalnız dillərini deyil, türklərin vücudunu belə inkara hazır olan rumluq və hellenizm radikallarının” yolu ilə getmiş və onların Parisdə nəşr etdirdikləri “Hellenizm” qəzetinin yazdığı “Osmanlılar ana dilində ədəbi dilə malik deyillər” sitatına əsaslanmışdır. Müəllifin Osmanlı dili barədə fikir söyləyərkən yunan qəzetinə müraciət etməsi “Günəş” qəzetinin redaktoru Əhməd Kamalı (1874-1942) bərk əsəbləşdirmiş, “Səndə din varmı?” adlı məqalə ilə S.İbrahimova sərt cavab vermiş, onu düşmənlərlə əlbir olmaqda ittiham etmiş, İbrahimovu “məhvimizə çalışan xuliqan” adlandırmışdı. İ.Qaspiralı qəzet səhifəsində qeyri-etik, ədəbsiz ifadələrin işlədilməsindən üzüldüyünü bildirir və yazırdı: “İbrahimovun dil məsələsində baxışını rədd etməyə haqqı olduğu qədər Əhməd Kamal bəy “xuliqanlıq”, “xainlik” sifətlərini istifadə etməkdə haqsızdır. Hər necə mübahisə və münəzərə edilirsə edilsin, şəxsiyyəti təhqir etmək yolverilməzdir. İbrahimov “yox” demişdir: doğru demiş, xəta etmiş – o başqa məsələdir. Siz “var”lığı irəli sürə bilərsiniz”.
İ.Qaspiralı məsələnin bununla bitmədiyini, mübahisənin daha kəskin xarakter aldığını, bu dəfə də İbrahimovun Əhməd Kamalı təhqirlərlə dolu məqaləni “Səda”da dərc etdiyini təəssüflə yazır və üzülərək bildirir: “Əziz həmkarlar, bu artıq ədəbi mübahisə deyil, bazar qavğasıdır. Mühərririn mühərrirə “xuliqan” deməsi, “sən” ilə xitab etməsi üsuldan, ədəbdən deyil”. İ.Qaspiralı hər iki müəllifi öz baxışlarını bu şəkildə qəzet səhifəsinə çıxardıqlarına görə qınayır, onlara öz məsləklərinə və oxucularına hörmətlə yanaşmağa dəvət edir: “Əfəndi qardaşlar! Ağ kağızın üzərimizdə haqqı vardır. Bizlər mübahisədə hammal dilindən istifadə etsək, hammallara nə qalar?” İ.Qaspiralı İbrahimovun “Səda”da “süngü kimi sipsivri adlanmış və yazılmış” məqaləsindən və Əhməd Kamalın “Günəş”də ona “qıpqızıl qızdırılmış” cavabından “İki böyük şair” adlı məqaləsində də toxunur (“Tərcüman”, ¹ 38, 1910) və yenə türk dilinin ərəb, fars kəlmələrindən təmizlənməsinin, ortaq ədəbi dilin formalaşdırılmasının zərurətini əsaslandırır.
Bakıda nəşr olunan “İqbal” qəzetinin ortaq ədəbi dilə münasibətini əks etdirən yazıya İ.Qaspiralı “Tərcüman”ın bir neçə nömrəsində dərc etdirdiyi məqalələrlə cavab vermişdir (Dil ətrafında. ¹ 169, 170, 1913; Yenə dil ətrafında. ¹ 194, Məsələlər-qəzetlər. ¹ 227, 1913). “İqbal”da dərc olunmuş məqalə müəllifinin fikrincə, tarix və təbiətin özü türk qövmünü bir neçə qola ayırmış və onların hər birinin öz dili formalaşmışdır. Hər birinin öz ədəbi dilinin vücuda gətirmələri də türk dilinə nöqsan sayıla bilməz, əksinə, onun daha da zənginləşməsinə yardım edər. İ.Qaspiralı məqalə müəllifinin timsalında “İqbal”ın bu mövqeyinə münasibət bildirərək yazır ki, türk dilləri arasında süni şəkildə uçurumlar yaradılır, halbuki “Əkinçi”, “Ziyayi-Qafqaziyyə”, “İqbal”, “Tərcüman”, “Şura”, “Vakit”, “Yıldız” eyni dildə yazır, onları Bakıda, Baxçasarayda, Kazanda, Orenburqda da oxuyur, anlayırlar. İ.Qaspiralı üzünü onunla dil mövzusunda bəhsə girənlərə tutub yazır: “Tanrı salamatlıq versin! Yazın, oxuyun. Azəricə, Tataricə, Kaşğaricə... biz buna müxalif deyilik, lakin türk milləti türkləşmək, türkcə söyləyib yazışmaq istəyir. Biz bunu inkar edə bilmərik, çünki bu bir böyük cərəyandır”. “Yenə lisan ətrafında” adlı yazıda İ.Qaspiralı mövzuya təkrar qayıdır, fikirlərini əsaslandırmağa çalışır: “...Qafqazda Mirzə Fətəli Axundzadə və Həsən bəy Məlikovun dillərini “Həyat”, “İrşad” və bugünkü “İqbal”ın dilləri ilə yan-yana qoyub baxsaq, “Tərcüman”ın xoş xəyal aləmində dolanmadığını qəbul edərik. Şimalda çıxan “Şura”ya, Bakıda çıxan “İqbal”a, İstanbulda çıxan “Xalqa doğru”ya baxın, xəyal hesab etdiyinizin qismən gerçəkləşdiyini görəcəksiniz”. Müəllif bununla demək istəyir ki, türk xalqları harada yaşamalarından asılı olmayaraq, eyni dilə sahibdirlər, sadəcə onların bir-birinə daha da yaxınlaşması istiqamətində işləmək lazımdır. “Xoşbəxt ekizlər” adlı yazıda (“Tərcüman”, ¹ 88, 1914) Bakıda “Bəsirət”, Daşkənddə “Sədayi Türkistan”, Hokantda “Sədayi-Fərqanə” adlı qəzetlərin nəşrə başlamasını xoşbəxtlik adlandıran İ.Qaspiralı yazır ki, bu gün diqqətimizi ən ziyadə cəlb edən üç qəzetin dilidir: “Məhəlli şivə olmaqla bərabər hər birinin “ədəbi dil” xadimləri olduqları meydandadır”.
İ.Qaspiralı Azərbaycan dilində yeni qəzet və nəşrlərin işıq üzü görməsinə nə qədər sevinirdisə, onların bağlanması xəbərini üzüntü və hüzn içində qarşılayırdı: “Əgər təəssüflənməkdən fayda olsa idi, nə qədər çox təəssüf edilsə, rəva görürdük. Çünki Tiflisdə nəşr olunan dostumuz “Kəşkül”ün çıxmayacağı xəbəri ən böyük təəssüf doğurur: lakin bundan nə fayda? Qəzetin bağlanmasına təəssüf təsir edərmi?” Müəllifin fikrincə, təəssübdənsə hiddətlənməyin yeridir. Heç kim bu nəşrlərin çıxmasına yardım etmədi, hər kəs yaxasını kənar çəkdi: “Bu iki qəzeti, iki günəş, iki şəms kimi görməli idilər... idilər, idilər, idilər, amma öncə “Ziya”, sonra “Kəşkül” uçan ulduzlar kimi sönməyə məcbur oldular... Çox ayıb, min bir təəssüf, amma nə fayda? Çox böyük və dəyərli imtiyazları qeyd etdik: iki maarif günəşini qoruya bilmədik, söndürdük, ayıb”.
Görkəmli professor Xeyrulla Məmmədov İ.Qaspiralı haqqında tədqiqatlarının birində haqlı olaraq yazır ki, “Tərcüman”ın redaktoru kimi fəaliyyət göstərdiyi 31 il ərzində Azərbaycan həyatında elə bir mühüm hadisə olmamışdır ki, İsmayıl bəy ona münasibət bildirməsin və elə az-çox tanınan ziyalı yox idi ki, qəzetdə onun adını zikr etməsin. Fədakar tədqiqatçı “Tərcüman”a özünəməxsus tərzdə dəyər verirdi: “Tərcüman” (1883-1918) XIX əsrin sonu, XX əsrin əvvəlində Rusiya müsəlmanları mühitində nəşr edilən qəzet və jurnalların ən uzunömürlüsü, geniş miqyasda yayılanı və ən çox oxunanı olmuşdur. O, bir il iki ay “Ziyayi-Qafqasiyə”, səkkiz il yarım “Kəşkül”, bir il doqquz ay “Şərqi-Rus”, 1905-ci il inqilabından sonra Qafqazda, Krımda, Volqaboyunda, Türkistanda çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları (“Həyat”, “İrşad”, “Tanq”, “Molla Nəsrəddin”, “Vətən xadimi”, “Nur”, “Azad xalq”, “Yıldız”, “Əl-əsəri-Əl-cədid”, “Əl-islah”, “Fikir”, “İdil”, “Dan yıldızı”, “Vaxt” və s.) ilə paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin oktyabrında “Kəşkül”ün bağlanmasından 1903-cü ilin martında “Şərqi-Rus”un nəşrə başlamasına qədər təxminən 12 il “Tərcüman” Rusiya imperiyasının müsəlman əhalisinə məxsus yeganə qəzet olmuşdur”.
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
525-ci qəzet.-
2012.- 25 may.- S.6.