Anti-İslam təbliğatı
və ya faciəli geriyə doğru irəliyə
çağırış
Nəcib
dalğa yayan kəhrəba (electrum) təbiətli mömin
dostlara
XXI əsrin başlanğıcından
İslam əleyhinə təbliğat xeyli güclənmişdir.
Ayrı-ayrı ölkələrdə baş verən terror
hadisələrindən sonra gündəlikdən
çıxmayan müsəlman ekstremizmi barədə iddialar,
söhbətlər baş alıb gedir. İslama qarşı
nifrəti, kini şiddətləndirmək üçün
bir-birinin ardınca törədilən cinayətlərdən
böyük canfəşanlıqla istifadə edilir,
terrorçuların dini və milli mənsubluğu əsas
götürülərək, onların mənfur
icraçılarından daha çox bütövlükdə
müsəlman aləmi ittihamlara məruz qalır. Artıq
gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm
daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan
daha tez-tez mücərrəd ümumi təqsirkarı nişan
vermək belə qərəzli və ağılsız təbliğat
üçün üstün əhəmiyyət
daşımağa başlamışdır. Əlbəttə,
heç kim, miqyasından asılı olmayaraq insan həyatı
itkisi və böyük maddi ziyanla nəticələnən və
bu qəbildən olan ağır cinayət hadisələrinin
baş verməsi faktını inkar edə bilməz,
terrorçular təkcə qanun qarşısında deyil, həm
də insanların mənəvi mühakiməsi
qarşısında kəskin surətdə məhkum edilmə
cəzasından qaça bilməməlidirlər. Guya nifrət
hisslərindən yaranan terrorun özü və onu törədənlər
sərt nifrət hədəfinə çevrilməlidirlər.
Beynəlxalq
terrorizmin meydana gəlməsi
Terror özlüyündə nə qədər
iyrənc bir əməl olsa da, hiperbola qaydasında təsəvvür
olunan hansısa səbəb və motivasiyalara malikdir. Lakin bu səbəb
və motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı
fərdlər və qruplar mövcud hökumətlərə
qarşı müxalifət qaydasında terror hərəkətlərinə
əl atdıqda, bu, müasir Qərb cəmiyyəti və həmçinin
bütün dünya üçün qorxulu bir aspektə
çevrilir. Hələ 1996-cı ildə ABŞ prezidenti Bill
Klinton terrorizmi “bizim nəslimizin düşməni”
adlandırmışdı. Artıq 1970-ci və 1980-ci illərdə
terrorizm narahatlığı Birləşmiş Ştatlarda və
bir sıra Avropa ölkələrində çox hallarda xarici
siyasətin başlıca məsələsinə
çevrilmişdi. Kiçik terrorçu qruplar heç nəyə
məhəl qoymadan mülki adamları öldürür, bomba
partlatmaqla, girov götürməklə, təyyarələri
qaçırmaqla öz tələblərinə diqqət
göstərilməsi naminə və ya siyasi məqsədlərinə
çatmaq üçün ayrı-ayrı dövlətlərdə
stabilliyi pozmağa cəhd edirdilər.
Terror əməliyyatları
üçün motivasiyalar müxtəlif cür olurdu. Belə
əməliyyatlar həm də silahlı millətçilər
tərəfindən törədilirdi, məqsədləri isə
özlərinin separatçı dövlətlərini yaratmaq
idi. Bu vaxt həm də onlara rəğbət bəsləyən
yerli əhalidən xeyli dəstək alırdılar. Azərbaycan
öz taleyində belə terror sınağının baş
verməsinin şahidi olmuşdu.
1980-ci illərdə sol və sağ təmayüllü
terrorçuların fəaliyyəti tənəzzülə
uğrasa da, beynəlxalq terrorizm özünü biruzə
verirdi. 1967-ci ildə İsrailə öz ərazilərini itirən
bir sıra silahlı fələstənli qisas əlaməti
kimi işğalçını dəstəkləyənlərə
qarşı terror hücumları etdilər. Fələstin
terrorçuları bütün Avropa dövlətlərində
əməliyyatlar aparırdılar. 1988-ci ilin dekabrında
Frankfurtdan Nyu-Yorka uçan Pan-Amerikan təyyarəsi
Şotlandiyada partladıldı, bu hadisədə 258 nəfər
sərnişin və gəmi heyətinin üzvü həlak
olmuşdu.
Əh dəhşətli və
dağıdıcı terrorizm əməliyyatlarından biri isə
11 sentyabr 2001-ci ildə Birləşmiş Ştatlarda törədildi.
Dörd qrup terrorçu kommersiya reaktiv təyyarələrini
uçuş zolağından qalxdıqdan sonra ələ
keçirdilər. İki təyyarə Nyu-York şəhərindəki
Dünya Ticarət Mərkəzinin “twin” – “ekizlər” adlanan
göydələn binalarının qüllələrinə
çırpıldı, bu iki tikili və qonşuluqdakı
bir neçə bina həmin zərbələrdən
uçdu. Üçüncü təyyarə paytaxt
Vaşinqton yaxınlığındakı Pentaqona
çırpıldı və yanğın törətdi.
Dördüncü təyyarə də
qaçırıldıqdan sonra Vaşinqtona istiqamət
götürmüşdü, Pennsilvaniya zonasında qəzaya
uğradı. Çox güman ki, bu, banditlərə
müqavimət göstərən qəhrəman sərnişinlər
qrupunun fədakarcasına cəhdi nəticəsində baş
vermişdi. Bütövlükdə, dörd təyyarədəki
sərnişinlər daxil olmaqla üç minə yaxın
adam həlak olmuşdu.
Bu bir-birilə əlaqələndirilən
terror əməliyyatlarını beynəlxalq terrorçu təşkilat
kimi tanınan Əl-Qaidaya bağlı olan təyyarə
qaçıranlar icra etmişdilər. Təşkilatın rəhbəri
2011-ci ildə amerikan xüsusi təyinatlı dəstəsi tərəfindən
qətlə yetirilən Üsamə ben Laden idi. O, Səudiyyə
Ərəbistanından olmaqla Əfqanıstanda terrorçu məşq
düşərgəsi yaratmışdı, orada Taliban kimi
tanınan, milli silahlı fundamentalist islamçı hakimiyyət
tərəfindən himayə edilirdi. Bundan əvvəl də
ABŞ-da baş vermiş terror əməliyyatlarına görə
ben Ladendən şübhələnilmişdi. Onun fəaliyyəti
Sovet ordusu ilə vuruşan əfqan mücahidlərinə
kömək gostərmək qaydasında
başlamışdı və həmin dövrdə onu məhz
ABŞ yetişdirmişdi.
Qərbə, xüsusən Birləşmiş
Ştatlara qarşı terrorçu əməllər
özünün başlıca mənbəyini bəzi müsəlman
ölkələrindən götürür. Şübhəsiz
ki, davam edən İsrail-Fələstin münaqişəsi,
bu qarşıdurmada Birləşmiş Ştatlar İsraili
möhkəm dəstəkləyir, çox sayda müsəlmanlar
arasında anti-Qərb, xüsusən anti-Birləşmiş
Ştatlar hissinin qalxmasına kömək etdi. 1979-cu ildə
İranda baş verən inqilab və yeni islam hökumətinin
yaranması həmçinin anti-Qərb hissiyyatını
qidalandırdı. Ayatolla Xomeyninin gözündə Birləşmiş
Ştatlar “böyük şeytan” idi, İsrailin qüdrətli
himayəçisi və hər yerdən olan müsəlman
xalqlarının düşməni idi.
Amerika Birləşmiş
Ştatlarının 1991-ci ildə İran körfəzi
müharibəsində Küveytin azadlığı uğrunda
mübarizəyə cəlb edilməsi islamla Qərb
arasındakı münasibətlərdə görünməmiş
nəticələrə səbəb oldu. Müharibə
dövründə Birləşmiş Ştatlar qüvvələri
Səudiyyə Ərəbistanında yerləşmişdi, bu
ölkə isə məlum olduğu kimi islamın müqəddəs
şəhərlərinin məkanıdır. Amerikan qüvvələrinin
burada olması anti-qərbçi islam qrupları tərəfindən,
xüsusilə Üsamə ben Laden və onun
ardıcılları tərəfindən islama təhqir kimi
qiymətləndirildi. Radikal islam qrupları 2003-cü ildə
Madriddə bomba, 2005-ci ildə isə Londonda metro
vaqonlarını partlatdılar.
Birləşmiş Ştatların
2003-cü ildə İraqa hücumu Qərbə qarşı
bir sıra islam qruplarının qəzəbini daha da
alovlandırdı. Səddam Hüseyn rejimi ilə Əl-Qaida
arasında hansısa əlaqənin olmasına elə bir
sübut tapılmasa da, ABŞ İraqa qarşı priventiv
müharibə başladı. İraqlıların çoxunun
Səddamın devrilməsini alqışlamasına baxmayaraq,
günahsız mülki adamların ölümü və
amerikan əsgərləri tərəfindən İraq
dustaqxanalarında cəza çəkənlərə işgəncə
verilməsi müsəlman dünyasında anti-amerikan hissinin dərinləşməsinə
xidmət göstərdi.
Əlbəttə, yuxarıda sadalanan
cinayətlər müsəlman terrorçular tərəfindən
həyata keçirilmişdir. Onların dini mənsubluğuna
heç bir şübhə yeri qalmır. Lakin bir ovuc qatilin əməlini
bu dinə inanc gətirənlərin sayı 1,5 milyard olan
islamın adına yazmaq, hansısa cinayətkarlara görə
bütövlükdə müsəlman aləminə
qarşı ağır ittihamlar irəli sürmək
ağılsız olmaqla yanaşı, ən azı
insafsızlıqdır və reallığın mahiyyətinə
göz yummaqdır. Çox işlədildiyindən artıq
bayağı səslənən “cinayətkarın milləti və
dini yoxdur” sözlərini yenidən təkrar etmək
lüzumundan qaçmaq olmur.
Qərblə
Şərq arasında tarixi etimadsızlıq və bəzi transformasiyalar
İslama qarşı hücumlar dini
dözümsüzlükdən qidalandığı kimi,
bünövrəsində daha dərin tarixi köklər gizlənir.
İslamdan əvvəlki dünyada da Qərblə Şərqin
münasibəti vaxtaşırı konfliktlərlə
müşayiət olunurdu. XIX və XX əsrlərin
hüdudlarında yazıb yaratmış ingilis
yazıçısı və imperializmin apologeti kimi
tanınan Redyard Kiplinq bu iki qütbü təmsil edənlər
arasında fərqin dərin olduğunu vurğulamaq xatirinə
demişdi ki, “Yerlə Göy birləşə bilər, lakin
Qərblə Şərq heç vaxt birləşə bilməz”.
Belə təsdiq ilk növbədə Böyük
Britaniyanın imperialist siyasətinə haqq qazandırmaq məqsədini
güdürdü. O, bəzən şərqliləri,
Hindistanda bir yerdə yaşadığı yerli əhalini təhqiramiz
ifadələrlə yad etməkdən də çəkinmirdi.
Həmin dövrdə onun kimi düşünənlər,
Şərqi aşağılamağa çalışanlar
heç də az deyildi. Daha obyektiv yanaşılsa, Qərblə
Şərqin bir-birinə ittihamlar irəli sürməsi, nifrət
hissləri formalaşdırması yeni bir hadisə deyildi, dərin
kökləri olan qocaman ağacın yalnız gözə
çarpan yarpaqları idi.
Həqiqətən də minilliklər ərzində
Qərblə Şərq arasında vaxtaşırı baş
verən münaqişələr daimi xarakter alan
qarşılıqlı etimadsızlığın
mövcudluğunu nümayiş etdirirdi. Bürünc
dövrünün sonlarında, bizim eradan əvvəl XIII əsrdə
Mikena hökmdarı Aqamemnonun başçılığı
altında Yunanıstanın birləşmiş ordu qüvvələri
Füsunkar Yelenanı geri qaytarmaq bəhanəsi altında
Kiçik Asiyadakı varlı Troya şəhər-dövlətinə
hücum edib, bu şəhəri dağıtmışdı. Homer
özünün ölməz “İliada”sında on il davam edən
bu müharibəni hər cür təfərrüatı ilə
təsvir edir. Asiyalılar həmin dövrdə həmçinin
Suriyanın timsalında misir faraonu II Ramzeslə Kadeş
döyüşündə özünü müdafiə etmək
məcburiyyətində də qalmışdı, Avropaya
müdaxilə onların yadına da düşə bilməzdi.
Bundan bir qədər sonra “dəniz xalqları” hücum edib
Yeni Hett dövlətini məhv etmişdilər.
Lakin səkkiz əsrdən sonra Şərq
də Avropa barədə öz iştahını məmnun etmək
yolunu tutdu. Böyük Kirdən sonra Persiya imperiyasının
ərazisini xeyli böyüdən və qüdrətini
möhkəmləndirən I Dara öz dövlətinin sərhədlərini
daha da genişləndirmək üçün Avropaya
keçdi, Trakiyanı və Makedoniyanı işğal etdi,
lakin bizim eradan əvvəl 490-cı ildə Afinaya
qarşı Marafon döyüşündə məğlubiyyətə
uğradıqdan sonra geri çəkilməyə məcbur
oldu. On il sonra onun varisi Kserks yüz əlli min nəfərlik
qoşunla (daha böyük rəqəmlər də gətirilir)
Balkan yarımadasına girmək istədikdə, Fermopil
keçidində sonralar rəmzə çevrilmiş 300
spartalının ağıla sığmayan müqaviməti
ilə üzləşmiş, yalnız bir yunanın xəyanəti
nəticəsində başqa dağ yolu ilə
yarımadanın içərilərinə doğru irəliləmişdi.
Perslər Afinanı tutmuş, oda vermiş və qarət
etmişdilər. Femistoklun başçılıq etdiyi Afina
donanması Persiya hərbi-dəniz qüvvələrini Salamin
adası yanındakı boğazda darmadağın etmişdi.
Sonrakı ildəki məğlubiyyətlər də Kserksi
Elladanı zəbt etmək fikrindən daşınmağa məcbur
etmişdi.
Artıq qonşu əraziləri
özünə tabe etmiş Makedoniyanın timsalında Avropa
Persiyanı öz müdaxiləsinin hədəfi seçərək,
b.e.ə. 334-cü ildə iki il əvvəl taxt-tacda qətlə
yetirilmiş atasını əvəz edən 22 yaşlı
III Aleksandrın başçılığı altında
qoşunlar Hellespont boğazını keçib, Persiya ilə
müharibəyə başladı. İss
döyüşündə sayca özününkündən
çox üstün olan III Daranın ordusu üzərində
möhtəşəm qələbə çaldı. Persiya
çarı qaçıb canını qurtarsa da, xəzinə
və çarın ailə üzvləri Aleksandrın əlinə
keçdi. Qavqamela döyüşündə isə Aleksandr
perslər üzərində qəti qələbəyə
nail oldu. Sonra o, Soqdiananı, Baktriyanı və Hindistanın
şimalını işğal etdi. Böyük Aleksandrın
məqsədi o vaxtlar məlum olan dünyanı, onun
qurtaracağını (bu, Yaponiya idi) fəth etmək idi. Lakin
ordusunun qiyamı bu planın icrasına mane oldu və onu
Hindistandan geri dönməyə məcbur etdi.
Aleksandrın Şərqə
yürüşü vaxtı iki qütb arasındakı
köhnə və yeni münasibətləri əks etdirən
üç hadisə baş verdi. Plutarxın
yazdığına görə sərkərdəni
müşayiət edən getera Taida Afinanın perslər tərəfindən
yandırılmasının qisasını almaq
üçün Persepolisdəki məclisdə əylənənlərin
hamısını çarın gözləri
qarşısında Kserksin sarayını yandırmağa
çağırdı. Saray oda verildi və bu hadisə yunan
qadınlarının öz vətənlərinin taleyinə
görə perslərdən necə intiqam
aldıqlarının simvoluna çevrildi. Köhnə
münasibət relikti həm də özünü bu qaydada
nümayiş etdirdi. Yeni münasibətin təməlini isə
Böyük Aleksandrın özü qoyurdu. Suriyanı,
Palestinanı və Misiri işğal etdikdən sonra o, misir
faraonunun ənənəvi titulunu qəbul etdi. Onu artıq
Amonun oğlu kimi salamlayırdılar, bu yunanlara görə
Zevsin oğlu adlanmağa bərabər idi. Yeni “faraon” Misirdə
öz adını əbədiləşdirən Aleksandriya
şəhərini saldı və bu şəhər Misirin
yunan inzibati paytaxtına çevrildi. Aleksandr Asiyada
işğal etdiyi ərazilərdə 70-dən artıq şəhərin
əsasını qoymuşdu. Üçüncü hadisə
isə ondan ibarət idi ki, Hindistandan geri döndükdən
sonra Aleksandr Suzada on min nəfər öz
döyüşçüsünün yerli qızlarla evləndirilməsi
mərasimini keçirdi. O, özü də Baktriya zadəganının
qızı Roksana ilə ailə qursa da, bu vaxt ikinci dəfə,
Daranın qızı Statiraya evləndi. Böyük Aleksandr
bu tədbirdən daha uzağa gedən məqsədlər
güdürdü, o, Qərblə Şərqi
yaxınlaşdırmaq üçün digər mühüm
işlərlə yanaşı bu vasitədən də
faydalanmaq istəyirdi.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-2012.- 26 may.- S.18.