Azərbaycan və
dünya mədəniyyətində Firəngiz
Əlizadə fenomeni
Hər
bir insanın həyat yolu müəyyən mərhələlərdən
ibarət olur. Arxaya dönüb baxanda bu yolda olan məşəqqətli
günləri, uğurları, sevincləri,
axtarışları görürsən. Görürsən və
istər-istəməz özünə sual verirsən ki, daha nələr
etmək olar, daha nələrə nail olmaq, hansı zirvələri
fəth etmək olar. Mən bu kiçik yazımda Azərbaycanın
Xalq artisti, professor Firəngiz Əlizadənin
yaradıcılıq yoluna nəzər salmaq, onun həyat mərhələlərini
izləmək istərdim.
Firəngiz
Əlizadə – bu ad Azərbaycana nə qədər
tanışsa, onun hüdudlarından kənarda, qat-qat
artıq tanınan bir addır. Ona YUNESKO tərəfindən təqdim
olunan “Dünya artisti” fəxri adı buna bariz nümunədir:
“Sülh uğrunda YUNESKO artisti”. Dünyaya yayılan, hər kəsə
aydın olan F.Əlizadə musiqisi – Azərbaycan musiqisi. Mən
onun Azərbaycan musiqisini dünyada tanıtması rolunu,
idmançıların olimpiadalarda qazandıqları
uğurlar zamanı, dövlətin bayrağının
ucalması və himninin səslənməsi ilə bir tuturam.
Çünki hər bir əsərinin adlarında Azərbaycanın
məkanı var, muğamının nidaları var, xalq
çalğı alətləri var. Adlara diqqət verin: “Xəzər”,
“Yanardağ”, “Abşeron” kvinteti, “Atəş”, “Azərbaycan
pastoralı”, “Dərviş”. Bu adlar xarici dinləyicilərə
musiqi vasitəsilə Vətənimizi tanıdır. Onu da qeyd
etmək lazımdır ki, bu əsərlər xaricdə ifa
olunsa və ya onların sifarişilə yazılsa belə, əsərə
verilən adlar məhz Azərbaycan dilində səsləndirilir.
Bütün bu əsərlərdə Azərbaycan xalq musiqi alətlərindən
tar, kamança, qoşa nağara, balaban və s. istifadə
olunur, bu da bizim musiqi alətlərimizin yenə də xaricdə
təbliğidir: baxın, görün, bu bizim alətdir, Azərbaycana
məxsusdur. Bəzən də verdiyi konsertlərdən sonra təşkil
olunmuş konfranslarda bəstəkar bir-bir əsərlərinin
adlarını şərh edərək bu adların harada yerləşdiyini,
Azərbaycan məkanını dinləyicilərə anladaraq,
öz vətənini bir daha onlara sevdirməyə
çalışır.
Yəqin
çoxları bilir ki, F.Əlizadə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasını iki
fakültə üzrə bitirib – bəstəkarlıq və
fortepiano. Fortepiano fakültəsini gözəl müəllim
olan Urfan Xəlilovun sinfində, bəstəkarlığı
Qara Qarayevdən öyrənmişdi. Hər iki fakültəni
fərqlənmə ilə başa vurmuş, Ü.Hacıbəyov
adına təqaüd almış, daha sonra isə ali məktəbin
yeganə tələbəsi idi ki, o vaxt ən yüksək tələbə
təqaüdü olan Lenin adına təqaüdə layiq
görülmüşdü. İnsanın həyatının
mərhələlərində valideynləri qədər
müəllimlərinin də böyük rolu var. F.Əlizadəyə
də bu xoşbəxtlik üz vermişdi. Zəmanəmizin
görkəmli bəstəkarı Q.Qarayevlə ünsiyyətdə
olmaq, onun dərslərini dinləmək və nəhayət
sevimli tələbəsinə çevrilmək ona nəsib
olmuşdur. Q.Qarayevin bir müəllim kimi dahiliyi ondan ibarət
idi ki, o, öz tələbələrinin nəyə qadir
olduğunu, fərdiliyini görərək, onların
istedadını yönləndirərək istiqamətləndirə
bilirdi. Q.Qarayevin hər tələbəsi individual şəxsiyyətdir.
Tələbəsi F.Əlizadənin hələ gənc
yaşlarından müasir musiqiyə həvəsini görən
müəllimi, onu bu yolda ilk dəstəkləyənlərdən
biri olmuşdu.
Lakin
bununla yanaşı o, tələbəsinə Azərbaycan
muğamlarına daha dərindən fikir verməyi də məsləhət
vermişdi. Əgər Qarayevin bu məsləhəti
olmasaydı da, yəqin F.Əlizadə yenə də
muğama, xalq musiqisinə üz tutacaqdı. Çünki
xalq musiqisi atasının çaldığı tarın sədalarında
onun qan yaddaşında yer almışdı. Məhz muğam
onun yaradıcılığında sonralar bir
qırmızı xətt kimi keçəcək. Bu istər
“Habilsayağı” olsun, istər “Muğamsayağı”, istər
“Dərviş” əsəri, “Abşeron” kvinteti və s. əsərlər.
Firəngiz xanımın oxuduğu dövrlərdə
müasir bəstəkarlar Şönberq, Keydc, Vebernin əsərlərini
tapmaq, dinləmək və ifa etmək olduqca çətin,
müşkül bir iş idi. Firəngiz xanım nəinki bu əsərlərin
incəliyilə maraqlanırdı, sonralar Konservatoriyada
“Müasir musiqi tarixi”ndən dərs dediyi zamanlarda tələbələrinə
yüksək səviyyədə bu müəllifləri
sevdirirdi. Mən bir haşiyə çıxmaq istərdim.
Konservatoriyada Firəngiz xanımın açıq dərslərində
deyərdim ki, tələbələrdən çox müəllimlər
onu dinləməyə gəlirdilər. Baxmayaraq ki, biz onunla həmkar
idik, bir dövrdə oxumuşduq, bu dərslərə
böyük həvəslə gedib, o məruzələri, ifaları
dinləyirdim. Çünki müasir ədəbiyyat demək
olar ki, o zamanlar yox dərəcəsində idi. Firəngiz
xanım isə hər getdiyi ölkələrdən qucaq-qucaq
notlar gətirib, onları ifa edirdi. XX əsr avanqard musiqisinin
klassikləri olan Arnold Şönberq, Alban Berq, Vebern, Missian,
Keydcin Azərbaycanda ilk ifaçısı məhz F.Əlizadə
olmuşdur. Şönberq musiqisi isə onun ifasında
xüsusi yer tutur. Uzun illər sonra Amerikanın Los-Ancels şəhərində
Şönberq universitetində dahi bəstəkar
Şönberqin qızı F.Əlizadənin atasının əsərlərinin
ifasından və öz əsərlərindən vəcdə
gəldiyini söyləyəcək. 70-ci illərdə
artıq onun əsərləri müasir musiqiyə həsr
olunmuş nüfuzlu festivallarda, ABŞ, Almaniya, İngiltərə,
Hollandiyada səslənir. Elə o dövrlərdə alman mətbuatında
belə bir kəlməyə rast gəlirik: “Çingiz
Aytmatovun kitabları kimi F.Əlizadənin musiqisi də Qərb
üçün Şərqi kəşf eləyir.” 2000-ci illərdə
isə məşhur Amerikalı musiqiçi Yo-Yo-Ma Bakıya gələrkən
“Rostropoviç və F.Əlizadənin vətəninə gəldiyim
üçün özümü xoşbəxt hiss edirəm”
– deyəcəkdi. Onun haqqında Nikolay Slonimski deyəcəkdi:
“Firəngiz Əlizadə – təbiətin möcüzəsidir”.
90-cı illərdə F.Əlizadə
yaradıcılığının Türkiyə mərhələsi
başlayır. Türkiyənin Mersin şəhərinin Opera
və Balet Teatrının açılışı
üçün ona balet yazmaq sifariş olunur. Necati
Cümalının poeması əsasında 2 pərdəli
“Boş beşik” baleti yazılır. Əsəri tamaşaya
qoymaq üçün Moskva Böyük Teatrından, Yuriy
Papko və Marj Skott dəvət olunur. Nəhayət,
1993-cü il yanvarın 3-də Azərbaycan dirijoru N.Rzayevin rəhbərliyilə
əsərin ilk tamaşası böyük uğurla
keçir.
Uzun
zaman repertuardan düşməyən bu balet Türkiyənin
başqa şəhərlərində də göstərilir. Daha
sonra F.Əlizadə bu teatrla uzun bir müddət ərzində
əməkdaşlıq edir. 50 illik yubileyində Mersin şəhərinin
valiliyi tərəfindən Firəngiz Əlizadə Günləri
təşkil olunur. Bu tədbirə dünyanın bir çox
yerlərindən – Almaniya, Yaponiya, Moskva, Tiflis, Bakı və
b. şəhərlərdən qonaqlar, ifaçılar gəlir.
Mersin həmin günlər F.Əlizadə musiqisiylə
böyük bir konsert həyatı yaşayır. Türkiyədən
sonra Almaniyaya işləməyə dəvət alan F.Əlizadə,
yaradıcılığında yeni bir mərhələyə
qədəm qoyur. Həyat və
yaradıcılığının on iki ili Almaniyanın
Berlin şəhəriylə bağlanır. Burada o, müasir
musiqi araşdırmaları aparır, açıq dərslər
verir. Onun Almaniyadakı açıq dərsləri – “Master-class”ları
bu günə qədər də davam edir. Dünyanın hər
yerindən yaz-yay aylarında F.Əlizadə dərslərini
dinləməyə musiqiçilər gəlirlər. Bu açıq dərslər,
San-Diyeqoda, San-Fransiskoda
da böyük auditoriya yığmışdı. Artıq dünya
səhnələri, dünya
ifaçıları öz
repertuarında F.Əlizadənin
musiqisini görmək
istəyirdilər. Qeyd
etməliyik ki, F.Əlizadə yeganə Azərbaycan bəstəkarıdır
ki, xaricdən ona opera, balet, konsert və s. əsərlər yazmaq üçün sifarişlər
verilir. Məsələn,
Berlin filarmoniyasının 12 violençel çalanlar ansamblı üçün
“Şüştər”, violençel
çalanların M.Rostropoviç
adına Beynəlxalq müsabiqə üçün
“Oyan”, Dünyanın məşhur “Kronos” kvarteti üçün “Muğamsayağı”, “Oazis”,
“Abşeron kvinteti”. Hətta bu kollektiv tamamilə
F.Əlizadə əsərlərindən
ibarət disk-albom da çıxarmışdı.
Londonda albomun təqdimatında diskin üzərində yazılan sözlər –
“Biz Azərbaycanı Nizaminin
Leyli və Məcnunu ilə tanıyırdıq, indi isə F.Əlizadənin musiqisiylə sevdik” kəlmələri bir daha təkrarlanmışdı.
Amsterdamda keçirilən III Beynəlxalq flamenko festivalı üçün
Muğam-Flamenko-Muzflamenqo əsərində
Əliağa Vahidin qəzəlləri ispan-holland
dillərində səslənmişdi.
F.Əlizadə bu əsərdə
azərbaycan muğamını
ispan flamenkosu ilə qarşılaşdıraraq
muğam ifaçısı
Zabit Nəbizadəni məşhur musiqiçi Karlos Moreno Denia Artura Ramokayla bir səhnəyə çıxarır. Flamenqo
musiqisinə Azərbaycanın
tar alətini də əlavə edir. Belə bir qarşılaşma onun bundan öncə
yazdığı “Dərviş”
əsərində də
rast gəlinir.
Amerikalı musiqiçi, məşhur
violençelçalan Yo-Yo-Ma və görkəmli muğam ustası Alim Qasımov Amerikada bir səhnəni
paylaşmışdılar. Muşam və müasir musiqi “Muğam və avanqard”. Bütün bunlar böyük Muğam Dünyası proyektinin başlanğıclarıydı.
Heç də təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi
ilə keçən
“Muğam dünyası”
Beynəlxalq Festivalının
musiqi rəhbərliyi
məhz F.Əlizadəyə
həvalə olunur və biz nəhayət köhnə steriotipləri
yıxan hökumət
konsertlərinin yeni müasir, professional quruluşunun
şahidi oluruq. Qərb və Şərq arasında vasitəçi
olan F.Əlizadə Xyuston Qrand Operanın
təklifi və sifarişi ilə “Sənin adın Dənizdir” operasını
yazır. Özünün librettosu əsasında yazılan operada azərbaycanlı xanəndə
Seymur ilə amerikalı rəssam qız Dəniz arasında məhəbbətdən
bəhs olunur. Hər zamankı kimi Azərbaycan muğamının və müasir musiqinin sintezindən əmələ
gələn tamaşada
muğam ifaçıları
, Babək Niftəliyev
(Seymur), Mələkxanım
Əyyubova (Seymurun anası), tarzən Möhlət Müslümov,
kamançaçalan Fəxrəddin
Dadaşov da iştirak etmişlər. F.Əlizadənin müasir opera janrında
yazdığlı “İntizar”
operasını xüsusilə
qeyd etmək istərdim. Professor Nərgiz Paşayevanın
librettosu əsasında
yazılan bu əsər, Azərbaycanın
bu günkü reallığına görə
ən aktual məqamlara toxunan bir mövzudur. Bu əsərdə yazıçı-bəstəkar tandemi biri-birini çox dolğun şəkildə tamamlamışdır.
Bu qədər gərgin yaradıcılıq
işlərinin arasında
F.Əlizadə ictimai
işlərdən də
geri qalmır. O,
Avstriyada V.A.Motsart adına keçirilən
müsabiqəsinin jüri
üzvü kimi –
Berlin İncəsənət Akademiyasını təmsil
edir. Müsabiqənin vacib əsəri
kimi F.Əlizadənin
“Dastan” pyesi proqrama daxildir.
F.Əlizadə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
kimi də çox böyük işlər görür. Onun gəlişiylə,
İttifaqın köhnə-yeni
binasına qayıdışıyla,
gənc bəstəkarların
musiqi həyatında bir canlanma əmələ
gəlmişdi. Gənclərə öz köməyini əsirgəməyən F.Əlizadə,
Azərbaycan musiqisinin
inkişafı naminə
maraqlı proyektlərlə
imza ataraq, Azərbaycan Bəstəkarkar
İttifaqında yaradıcı
insanlarla görüşlər,
musiqi gecələri təşkil edir. Bəstəkarların əsərlərindən ibarət plenumlar, festivalların keçirilməsi
də İttifaqın
gərgin işinin bir parçası, F.Əlizadə həyatının
bir mərhələsidir.
İnsanın həyatı davam
etdikcə bu mərhələlər davam
edir. F.Əlizadənin də yaradıcılıq
yolunda hələ uzun bir mərhələlər
dövrü var. Yeni zirvələrə, yeni mərhələlərə addımlayan
bu yolda biz də öz növbəmizdə Firəngiz
xanıma uğurlar arzulayırıq.
Həcər BABAYEVA,
əməkdar incəsənət
xadimi
525-ci qəzet.- 2012.-26 may.- S.15.