Xəlil Rzanın 80
illiyinə“Mən bu əsrin gur səsiyəm!..”
Əsrlər
boyu poeziya mənəvi sərvət sayılıb, şair
sözü bütün dövrlərdə müqəddəs
tutulub. Ədəbiyyat peşə olmaqdan öncə sənət,
yazı olmaqdan əvvəl alın yazısı, taledir.
Şairlik doğuluşdan Xəlil Rzanın da alnına
yazılmışdı...
Azərbaycan poeziyasının orijinal ədəbi
siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın
görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, filosof və
mütəfəkkir şair, milli-demokratik hərəkatımızın
yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında
türkçülük, azərbaycançılıq və
istiqlalçılıq ideologiyasının ən
yaxşı davamçılarından biridir.
Təxminən 45 il davam edən sənətkar
ömründə son nəfəsədək yorulmaq bilmədən
yazıb-yaratmış Xəlil Rza Ulutürk maraqlı və
məhsuldar bir yaradıcılıq yolu keçmişdir. Gənc
sovet şairi olaraq fəaliyyətə başlamış Xəlil
Rzanın ilk şeirləri o vaxtkı şairlərin əsərlərindən
məzmun və formaca bir o qədər də fərqlənmirdi.
O da bir müddət kommunist ideyalarının tərənnümçüsü
olmuşdur. Bu da təbiidir, axı “insanlar ata-analarından
çox zəmanələrinin övladlarıdır.”
Şairin göz açıb gördüyü,
böyüdüyü mühit, cəmiyyət bunu təlqin
edirdi. O vaxtlar hələ “Xəlil Xəlilov” imzası ilə
yazan şairin “Bahar gəlir” (1957) adlı ilk şeirlər
kitabı altı siyasi-lirik şeirdən və “İyirmi
altılar” poemasından ibarət idi. İyirmi altılar,
oktyabr, Lenin təkcə Azərbaycanda yox, o zamanlar sovetlər
ölkəsində tanınmış qələm sahiblərinin
ən çox müraciət etdiyi mövzular olmuşdur.
Baxmayaraq ki, kommunist ideologiyasını tərənnüm edən
əsərlərində Xəlil Rza səmimi olaraq
düşünüb hiss etdiklərini yazırdı, illər
sonra o özünü buna görə çox
qınayırdı. Şair Lefortovo zindanında olarkən o
vaxta qədər olub-keçənləri,
yaşayıb-yaratdıqlarını götür-qoy edərək
yazır: “Universitet illərinə (1949-54) düşən gəncliyimdə,
hələ xeyli sonralar da gör nə qədər qafil, kal və
nadan olmuşam ki, “İyirmi altılar” poeması tipində əsərlər
yazmışam, 1918-ci il mart döyüşlərində
Bakı türklərini qanına bələyən
Şaumyanı tərənnüm etmişəm. Ar olsun, Xəlil,
səni dama nahaq basmayıblar.” Bu sətirlər Xəlil
Rzanın bir insan və sənətkar olaraq özünü tənqid
etmək bacarığından yaranmışdır.
Çağdaşları kimi, ədəbiyyata
gəlişi ənənəvi sovet mövzuları ilə
başlasa da, illər keçdikcə Xəlil Rzanın
şeirləri cilalanır, milli ideoloji əhəmiyyət kəsb
edərək istiqlaliyyətə çağırış
motivləri üzərində qurulur. Lakin onun
yaradıcılığında bu cilalanma birdən-birə, mərhələdən-mərhələyə
kəskin keçidlərlə baş verməmişdir. Belə
ki, hələ 1960-cı ildə “Azadlığı istəmirəm
zərrə-zərrə, qram-qram”, – deyə hayqıran X. R.
Ulutürkün 1982-ci ildə nəşr etdirdiyi “Ömürdən
uzun gecələr” kitabında “Üzvü olduğum kommunist
ittifaqı partiyasına” epiqrafı iə verilmiş “Mən sənə
bənzəyirəm” şeiri ənənəvi
mövzuları davam etdirirdi. Lakin azadlıq, milli-istiqlaliyyət,
ikiyə parçalanmış böyük Azərbaycanın
birliyi ideyası şairi daim narahat etmiş, poeziyasının
ana xəttini təşkil etmişdir. Bu baxımdan onun
kiçik həcmli “Afrikanın səsi” şeiri ilk addım
hesab oluna bilər.
Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram;
Qolumdakı zəncirləri qıram gərək!
Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb
kimi, dərman kimi;
İstəyirəm GÜNƏŞ kimi! SƏMA
kimi!! CAHAN kimi!!!
Çəkil! Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq! Mən
ümmanlar təşnəsiyəm!!
Zahirən, müstəmləkə
altında olan Afrika ölkələrinin protesti kimi təqdim
olunan bu şeir, əslində, vətənpərvər
şairin sovet imperiyasına qarşı etirazının səsi
idi. Diqqətlə oxunduğu zaman “Afrikanın səsi”
şeirinin həqiqətdə Azərbaycan xalqının səsi
olduğunu sezmək çətin deyildir. Odur ki, bu şeir
sonrakı illərdə nəşr olunduğu zaman artıq
kitablarda başqa adlarla – “Şairin səsi”, “Azərbaycanın
səsi”, “Xalqımın səsi” , “Mənim səsim”
başlıqları ilə yer almışdır. Xəlil Rza Ulutürk bir çox
müasirlərindən vətəninə aşırı dərəcədə
sevgisi ilə fərqlənirdi. Bu sevgi onun bənzərsiz
şair taleyi yaşamasına səbəb olmuşdur. Azərbaycana
məhəbbət, milli ənənəyə, kökə
bağlılıq kimi fərdi xüsusiyyətlər
üzündən başı çox bəlalar çəkmişdir.
Lakin həyat yolunu izləyərkən heç bir qadağa və
məhrumiyyətin onu qorxutmadığının,
ideallarından çəkindirə bilmədiyinin, əksinə,
şairin daim öz inandığı həqiqətlər
uğrunda mübarizə apardığının şahidi
oluruq.
Türkçülük məfkurəsi
Ulutürk poeziyasında ön sıralarda yer alır. Azərbaycanda
M. F. Axundzadənin yaradıcılığından qaynaqlanan
milli türk özünüdərki XX əsrin əvvəllərindən
etibarən F. Köçərli, C. Məmmədquluzadə, Ə.Haqverdiyev,
Ö.F.Nemanzadə, Ü. Hacıbəyli, Y. V. Çəmənzəminli
və N.Vəzirovun fəaliyyətində daha geniş təbliğ
olunaraq yeni vüsət kəsb etmişdir. Keçən əsrin
son iyirmi ilində yaradıcılığında
türkçülük ideyalarının əks olunduğu sənətkarlardan
biri, bəlkə də, birincisi Xəlil Rza olmuşdur. Hətta
şairin həbs edilərək təcridxanaya
atıldığı gün özünə “Ulutürk” təxəllüsünü
götürməsi və ömrünün sonunadək
özünü bu adla təqdim etməsi də “türk”
sözünə məhəbbətindən və hörmətindən
qaynaqlanırdı. Bədxahları Xəlil Rzanın bunu
reklam və konyuktura tələbləri xatirinə etdiyini desələr
də, bu təxəllüslə şair özünün
böyüklüyünə, ucalığına deyil, məhz
türkün ulu olduğuna diqqət çəkmək istəmişdir.
Ulutürk poeziyasının
özülünü milli dəyərlərə məhəbbət,
hörmət və onların müdafiəsi və
qorunması uğrunda mübarizə təşkil edir. Belə
ki, şeirlərində türklüyümüzə yüksək
qiymət verdiyi kimi, dilimizi də daim əziz tutmuş, ana
dilinin saflığı, təmizliyi uğrunda yorulmadan
mübarizə aparmışdır. Dil xalqın bütün
yaddaşını və tarixini özündə birləşdirən
ən qiymətli xəzinədir. Odur ki, ana dili mövzusu X.
Rzanın yaradıcılığından qırmızı xətt
kimi keçir. Dil insanı vətənə bağlayan amil,
milli varlığın daşıyıcısı, xalqın
mövcudluğunun mənəvi pasportudur. Xəlil Rza ana
dilimizin mümkün qədər alınma sözlərdən
təmizlənməsinə çalışmış və
onların qarşılığı olaraq yeni sözlər
işlətməyi təklif etmişdir. Onun hələ 1965-ci
ildə qələmə aldığı “Adımız,
soyadımız” poeması başdan-başa ana dilimizin
başqa dillərin çox güclü təsiri altında
olması məsələsinə həsr olunmuşdur. Şair
bu əsərində şikayətlənir ki, şəxs
adlarımızın böyük bir qismi, o cümlədən,
elə onun öz adı da ərəb dilindən gəlmədir.
Müəllif poemada sırf öz dilimizə məxsus şəxs
adları yaradan Cəfər Cabbarlını təqdir edir, millətin
dilinin qeydinə qalan bu qiymətli sənətkarı təkcə
elə bu xüsusiyyətinə görə dahi hesab etməyi
doğru bilir və onun ruhu qarşısında baş əyir.
Poemada müəllif özü də saysız-hesabsız
türk mənşəli şəxs adları çəkir və
övladlarımıza bu adlardan verməyi tövsiyə edir.
Bundan əlavə, şairin “Laylam mənim, nərəm mənim”,
“Azərbaycan türkçəsi”, “Xiyabani yurdunda” kimi
şeirləri ana dilimizə qayğıkeş münasibətin
parlaq təzahürünə çevrilmiş nümunələrdir.
Vətənimizin
taleyi mövzusu Xəlil Rza yaradıcılığında bir
mərhələ və ya dövr deyildir, onun bütün ədəbi
fəaliyyəti boyu davam etmiş aparıcı mövzudur.
1989-cu ilin 28 may tarixində qələmə aldığı
“Davam edir 37...” adlı şeirinə görə X.R.Ulutürk
M. F. Axundzadə mükafatına layiq
görülmüşdür. Bu şeir possovet məkanında
azadlıq hərəkatının qızğın
vaxtlarında qələmə alınmışdır.
Şair xalqın tarixi yaddaşına nüfuz edərək
çox da uzaq olmayan qaranlıq keçmişə
işıq tutur, korşalmış yaddaşları silkələyib
oyatmağa çalışır, “unuda bilmərik”, – deyə
hayqırır. Xəlil Rza sosial-siyasi hadisə və faktlara fərdi
münasibət bildirərək Vətənin taleyini və
xalqımıza dəyən maddi və mənəvi zərbələri
ümumiləşdirir; milli sərvətimiz olan muğam, papaq
və saza “daloy” deyərək rədd edənləri lənətləyir,
bütün bu cinayətlərə zirvələrdən baxan
saf, təmiz əqidə qulu olan repressiya qurbanlarını təqdir
edir. Bunun dalınca xalqın şairi haray qoparır, milləti
ayıltmağa çalışır ki, o qansızlar hələ
də var, o əzab-əziyyətlər hələ də davam
edir və xalqımızı bu haqsızlıqlara boyun əyməməyə,
siyasi-ideoloji cəbhədə birliyə, əzmli və
mübariz olmağa çağırır.
Nə qədər
ki, bir milləti yetmiş yerə bölənlər var,
Nə qədər
ki, rütbə üçün, şöhrət
üçün ölənlər var,
Nə qədər
ki, kabineti, vəzifəni gözlərinə təpənlər
var,
Tiranların
yambızını bir az altdan öpənlər var,
Nə qədər
ki, istedadı addım-addım pusanlar var,
Xalq dərdini
hayqırmağın əvəzinə, əqrəb kimi
susanlar var.
... Nə qədər
ki, cəzasızdır
“Mən bu əsrin gur səsiyəm!..”
Xankəndində evlər yıxan, ürək
yıxan yırtıcılar,
Davam edir 37 –
Daha kəskin, daha ciddi!
X.R.Ulutürkün proqram şeirlərindən
biri olan “Davam edir 37...”nin ən böyük uğuru ondadır
ki, Stalin rejiminin xalqımızı məruz qoyduğu
repressiyanı zamanın fövqünə qaldıraraq
ümumbəşəri miqyasda mənalandırmışdır.
Şeirin poetik nailiyyəti göz önündədir və əsər
öz qüvvəsini millətin sarsılmaz iradəsindən
və qüvvəsindən almışdır. Şairin təkcə
“Davam edir 37...” şeiri yox, bu ad altında toplanaraq 1992-ci ildə
geniş oxucu auditoriyasına təqdim olunan kitabındakı
şeirlərin böyük əksəriyyəti ədəbiyyatımızda
siyasi lirikanın ən mükəmməl nümunələri
hesab oluna bilər.
Azadlıq carçısı X. R.
Ulutürk Qara Yanvar faciəsinə qədər və ondan
sonra təşkil edilmiş mitinqlərdəki odlu
çıxışlarına, müqəssirlərin cəzalanması
və Vətənimizin düşmən qüvvələrdən
təmizlənməsini tələb etdiyinə görə, 26
yanvar 1990-cı il tarixində həbs olunmuşdu. Lakin düz
8 ay 13 gün Lefortovonun izolyatorunda saxlanılan şairin
mübariz ruhu sarsılmamış, düşmənə
qarşı daha kəskin və barışmaz mövqe
tutmuşdur. Böyük şair hələ bir il öncə
“Qorx ki, bir gün Vətən deyə: “Xəlil balam qurban
getdi” – deyəndə də, ondan çox-çox əvvəllər
də milli ideallar uğrunda mübarizəsinin onu zindana
doğru apardığını duyurdu, hiss edirdi, amma bu yol onu
əsla qorxutmur, öz mübarizəsindən çəkindirmirdi.
Ulutürkün zindan şeirləri Azərbaycan
ədəbiyyatında “Həbsiyyə” adı ilə
tanınmış Xaqani şeir ənənəsinin müasir ədəbiyyatda
davamıdır. X. Rza həbsdə olarkən 2000 səhifədən
artıq əsər yazmış, azadlığa
çıxdıqdan sonra 197 şeirini çap etdirmişdir.
Böyük şairin ağır məhbəs həyatının
ən böyük fərəhi, sevinci qəlbini göynədən
fikirləri ağ vərəqlər üzərinə
köçürmək idi. Onun məhbəsdə belə,
susmaq bilməyən ilhamının mənbəyi şairin ləyaqətindən,
məhəbbətindən və dünyaya humanist münasibətindən
qaynaqlanırdı. “Özüm kamerada, yarı canımsa bəşərin
uğrunda mübarizədə”, – deyən şairin zindan
şeirlərinin mərkəzində hər zaman Azərbaycan
obrazı dayanır, ruhunun sarsılmamasına Vətən məhəbbəti
səbəb olur.
Xəlil Rzanın lirikası xalqın iradəsinin
tərcümanı səviyyəsinə yüksəlir.
Şairin mənəvi gücü də ondadır ki, əsərlərindəki
lirik “mən” tarixlə qırılmaz əlaqədədir və
həyatda baş verən yeniliklər, sosial-ictimai dəyişikliklər
qəhrəmanın daxilindəki keyfiyyət dəyişikliklərini
şərtləndirir. Onun yaradıcılığı
yalnız Azərbaycan xalqının istiqlal məfkurəsi
baxımından əhəmiyyətli deyil, ümumbəşəri
xarakterlidir. X. Rzanın poeziyası hər bir xalqın
istiqlaliyyət uğrunda mübarizəsi üçün
nümunə ola bilər.
Xəlil Rza yüksək amalları çərçivəsindəki
hər kəsə, xüsusən də, ailə üzvlərinə
təlqin etməyə çalışmışdır. Nəsihətlərində
oğullarına onları qarşıda gözləyəcək
çətinliklərə hazır olmağı, əyilməməyi,
sınmamağı tövsiyə etmiş; Xiyabani təki, Səttərxan
kimi əzmli, inadkar bir qəhrəman olmağı, ağlın
gücü ilə qol zorunu özlərində cəmləşdirməyi,
Vətəni hər şeydən uca tutmağı nəsihət
etmişdir. Xalq şairi Ulutürkün, ata Xəlil Rzanın
övladlarına ömür boyunca nəsihətləri,
tövsiyələri hədər getmədi, övladları
oddan törəyən kül olmadılar, əsl vətəndaş
olan Ulutürkün adına layiq oğullar oldular. Xəlil
Rzanın ilki Təbrizin düşmənə nifrəti
atasının qanı ilə bərabər damarlarından
axıb biləklərində güc-qüvvəyə
çevrildi; yurdun ağır günündə gizlənib
daldalananlardan olmadı, iki qız atası ön cəbhəyə
– döyüş meydanına atıldı. Ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı alan
oğul X. R. Ulutürkün fəxarət yeri oldu. Oğlu qəhrəmancasına
həlak olduqdan sonra şairin qələmə
aldığı ən təsirli əsərlərdən biri
“Qarabağ şəhidlərinə ağı” şeiridir.
Varım-yoxum, cismim-canım Təbrizimi
itirmişəm.
Bağ-bağçamı, gülşənimi,
nərgizimi itirmişəm.
Yetim qalan bir dalğayam, dənizimi
itirmişəm,
Dürdanəmi, yeganəmi, əzizimi
itirmişəm.
İtirmişəm başım üstə
kəhkəşanı, çilçırağı,
Qaytar mənim çırağımı,
Odər yurdu, Od torpağı!
Bu misraları oxuduqca ömrü boyu əqidəsi
uğrunda mübarizələr aparmış vətəndaş
şairin, oğlunu itirərək qol-qanadı qırılan dərdli
bir atanın ürək sızladan ah-naləsi, qəlb
göynədən fəryadını eşidirik. Nə qədər
əzmkar olsa da, Xəlil Rza Ulutürk də bir atadır, nə
qədər qüdrətli olsa da, oğul itkisi onu da
sarsıdır. Bu sətirlər təkcə şairin deyil,
bütün şəhid atalarının – başını
uca tutsa da, ürəyi parçalanan bütün şəhid
valideynlərinin ürəyinin səsidir.
Ulutürkün
yaradıcılığı təkcə ictimai lirika ilə məhdudlaşmır,
onun məhəbbət mövzusunda da gözəl şeirləri
var. Şairin bu mövzuda sadəliyi, səmimiliyi ilə ruhu
oxşayan şeirlərində çox vaxt obyekt birdir: Xəlil
Rza sevgi dolu sözlərini, demək olar ki, həmişə
üzünü ömür-gün yoldaşı Firəngiz
xanıma tutaraq söyləyir. Onlarla şeirini oxuyarkən
şairin bu qadına məhəbbətinin, hətta pərəstişinin
şahidi oluruq. X. Rza öz qadınının sədaqətini
həmişə görür, duyurdu. Odur ki, şeirlərində
dönə-dönə sevdiyinə – ömür-gün
yoldaşına minnətdarlıq edir, dar gündə
dayağı olduğu üçün təşəkkürlərini
bildirirdi. Vəd etdiyi ağ günü, səadəti bəxş
edə bilmədiyi Firəngiz birgə udduqları təmiz
havanı belə ən böyük səadət
sandığı üçün X. Rzanın ən yaxın
dostu, həm də onun xoşbəxtlik mələyi idi.
Sən mənim bəxtimə göylərdən
enmiş
İlahi bir gəlin, mələk bir
qadın.
Neçə qüsurumun bircəsini də
Heç yerdə, heç vədə
üzə vurmadın.
Ulutürk poeziyasının başlıca
məziyyəti humanizm, insansevərlik, həyat uğrunda
mübarizədir. Hər misrasını oxuduqca belə bir qənaətə
gəlmək olar ki, bu şair bütün yaradıcılığı
ilə daim döyüşmüş, inandığı
yüksək ideallar uğrunda mübarizə
aparmışdır. X. Rzanın lirik düşüncələrini
əks etdirən fəlsəfi tutumlu şeirlərində
lirik-psixoloji vüsət, mənalı fikirlər axını
orijinal intonasiya çalarları ilə əyaniləşir.
Şairin insan ömrünə verdiyi qiymət belədir:
Səncə ömür nədir?
Məncə bir lampa:
Yanır, işıq verir və
sönüb gedir.
Yox ömrü günəşə
döndərmək gərək,
Günəşi heç bir şey
söndürə bilmir.
Həqiqətən, Ulutürk ömrü
necə dəyərləndiribsə, elə də
yaşayıb. O, sağlığında əqidəsi, məsləyi
və bu yolda külüngə çevirdiyi qələmi ilə
özünə əbədiyyət qazananlardandır. X. Rza elə
yaşamağı tövsiyə edir ki, ömrümüz sona
yetdikdən sonra da əməllərimiz bizi yaşatsın.
Günəşin nuru əbədi olduğu kimi, belə
insanların da ziyası sönməzdir. “Lapdan ümman ləngərini
hiss edəndə öz sinəmdə, inadım ki, əbədiyəm”,
– deyən Ulutürkün bu sözləri özündənrazı
bir şairin düşüncələri deyil, xalqın məhəbbətini
duyduqca, bu məhəbbətə, həqiqətən, layiq
olduğunu hiss etdikcə Azərbaycan xalqının
yaddaşına həmişəlik həkk olunacağına
inamın ifadəsidir:
İtib-batmaq üçün
yaranmamışam:
Dünənəm!
Bu günəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə
qəm,
Dünyaya təzədən gələcəyəm
mən!
Mətanət
VAHİD
525-ci qəzet.- 2012.- 1 noyabr.- S.7.