Azərbaycan dialektologiyasına dəyərli bir töhfə

 

 Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Milli varlığımızı mədəni təməllərə bağlayan məhz ana dilimizdir. Ana dilimiz millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda ilk növbədə ana dilimiz yada düşür. Bu dilin birbaşa xalqla bağlı olan, onu daha dərindən öyrənən müəyyən bir sahəsini göstərmək, fərqləndirmək, tədqiq etmək zəruridir. Bu barədə bəhs edərkən dilçilikdə məhz dialektologiyanın bu elmin fundamentini təşkil etdiyini və ya bunların bir-birindən ayrı mümkünsüzlüyünü vurğulamaq lazım gəlir. Beləliklə, Azərbaycan dilinin dialekt və şivələri bu günə qədər həm ümumi şəkildə, həm də ayrılıqda regionlar üzrə öyrənilmişdir. Hətta bəzən bir kəndin şivəsi belə araşdırma obyekti olmuşdur. Bu mənada Naxçıvan qrupu dialekt və şivələri dialektoloji araşdırma baxımından həmişə böyük maraq doğurmuşdur. Bu aktuallıqdan irəli gəlir ki, həmin regionun dil materialları daim öyrənilir və öyrənilməkdədir. Filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın müəllifliyi ilə çapdan çıxan yeni tədqiqat əsəri də bu baxımdan Naxçıvan qrupu dialekt və şivələrini öyrənmək üçün mühüm mənbə ola bilər. 

Bu günlərdə işıq üzü görən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın “Azərbaycan dilinin Şahbuz şivələri” adlı monoqrafiyası Naxçıvan Muxtar Respublikasında elan olunan “Milli dəyərlər ili”ndə dilçilik elminə layiqli bir töhfədir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Nizami Xudiyev, rəyçisi  AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir.

Monoqrafiya giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Müəllif zəngin məhəlli dil faktları ilə yanaşı son illərin nəşri olan 130-a yaxın elmi ədəbiyyatdan da istifadə etmişdir. Əsərdə Şahbuz şivələrinin fonetikası, morfologiyası və sinaksisi təsviri şəkildə, Azərbaycan və türk dillərinin dialekt və şivələri ilə müqayisəli planda tədqiq edilmişdir. Müəllif indiyə qədərki Azərbaycan dilçiliyində bu şivənin tədqiq olunma səviyyəsinə də öz mövqeyi və münasibətini bildirir. Şahbuz şivələrini Azərbaycan dilində olan müxtəlif dialektlərin fonunda, əsasən də Azərbaycan ədəbi dili sistemində yerinin və mövqeyinin müəyyənləşməsində elmi əhəmiyyətə malik arqumentlər irəli sürür, həmçinin oxşar və fərqli xüsusiyyətləri izaha cəlb edir. 

Əsərin birinci fəslində Şahbuz şivələrinin fonetikası elmi cəhətdən araşdırılır. Burada müəllif Şahbuz şivələrinin fonetik xüsusiyyətlərinin araşdırılmasına köklü surətdə yanaşmışdır. Uzun illərin bəhrəsi olan bu tədqiqat işinin sanbalı onun əhatə etdiyi nümunələr və irəli sürülən müddəlarda özünü aydın şəkildə ifadə edir və gənc tədqiqatçının bu əsərinin elmi dəllilərə əsaslanmasına zəmin yaradır. Şahbuz rayonu ərazisindən böyük zəhmətlə toplanan dialektoloji materiallar elmi-tədqiqat əsərinə bir dilçilik mənbəyi kimi sanbal qatır və müəllifin düzgün təhlil və nəticə çıxarma imkanlarına istiqamət verir. 

Birinci fəsildə müəllif Şahbuz şivələrində özünü göstərən olduqca maraqlı sait və samit səslərin variantlarından bəhs edərək təhlilə cəlb edir. Tədqiqatçı bu qənaəti ifadə edir ki, Şahbuz şivələrində saitlərin və samitlərin ədəbi dildən fərqli bir sıra variantları mövcuddur. Bu da şivənin özünəməxsusluğunu səciyyələndirir. Burada müəllif Şahbuz şivələrində özünü göstərib digər dialekt və şivələrdə az rast gəlinən səslərlə bağlı faktlara daha çox üstünlük verir. Çox nadir görünən səslərlə bağlı müəllifin araşdırma və təhlilləri monoqrafiyanın üstünlüyünü artırır. Müəllif bu fəsil daxilində həmçinin Şahbuz şivələrində özünü göstərən fonetik hadisə və qanunları da tədqiqata cəlb edir, maraqlı fikir və mülahizələr irəli sürür. 

Əsərin ikinci fəsli Şahbuz şivələrinin morfologiyasına həsr olunub. Müəllif maraqlı təhlillərlə Şahbuz şivələrinin morfologiyasında özünü göstərən şivə xüsusiyyətlərini təqdim edir. Bu kimi özünəməxsus cəhətlərlə təqdim olunan Şahbuz şivəsinin Azərbaycan dilinin  digər dialekt və şivələrindən fərqli olduğu fikrini ortaya qoyur. Öz tədqiqatlarında müəllif şivədə mürəkkəb fellərin çox qədim bir formasını da təhlilə cəlb edir.  Tədqiqatçı “qar qarrıyır, dən dənniyir, bağ bağlamaq, ot otdamaq” kimi felləri  çox qədim dil faktları kimi ortaya çıxarır. Gənc tədqiqatçı köməkçi nitq hissələri ilə də bağlı Şahbuz şivələrində rast gəlinən maraqlı faktları təqdim və təhlil edir.  Əsərin elmi cəhətdən maraq doğuran fəsillərindən biri də onun Şahbuz şivələrinin sintaksisinə həsr olunan üçüncü fəslidir. Şahbuz şivəsinin maraqlı linqvistik təzahür formalarından olan sintaktik nümunələr müəllifin elmi təhlillərilə işıq üzü taparaq yeni elmi nəticələr müəyyənləşdirilir. Bu faktlar və nümunələr işığında Şahbuz şivəsinin özünəməxsus səciyyəvi linqvistik-dialektoloji xüsusiyyətləri təqdimini tapır. Şahbuz şivələrində sintaktik əlaqələrdə, təyini söz birləşmələrində, cümlə üzvlərinin sıralanmasında, sadə cümlənin müxtəlif növlərinin işlənməsində, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və söz birləşmələrinin işlənməsində, mürəkkəb cümlələrdə özünü göstərən bir sıra ədəbi dildən fərqlənən sintaktik xüsusiyyətlər maraq doğuran təhlillərlə tədqiqat əsərinə sanbal qatır.  

Ümumiyyətlə, Azərbaycan Respublikasının dialektoloji baxımdan zəngin bölgələrindən biri kimi Cənub qrupuna daxil olan Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri tədqiqat baxımından olduqca böyük maraq doğurur. Naxçıvanın dialekt və şivələri mənəvi bir xəzinədir. Məhz elə bu bölgənin belə zənginliyi və tükənməzliyi səbəbindən uzun illərdir ki, bu sahədə çox qiymətli, orijinal tədqiqatlar aparılır. Dialekt və şivələrin öyrənilməsi dil tarixinin, eləcə də xalqın milli-etnik mənşəyinin və onun etnoqrafiyasının tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Çünki bu və ya başqa dialektdə elə dil faktları vardır ki, onlar müasir dildə ya işlənmir, ya da tamam başqa məna daşıyır, uzun illərdən bəri işlənərək öz forma və məzmununu dəyişmişdir. Bu kimi dil faktları xalqın uzaq keçmişindən xəbər verir və dünəni ilə səsləşir. Ədəbi dilin zənginləşməsi üçün də dialekt leksikası zəngin material verir. Azərbaycan dilinin başqa dialekt və şivələri kimi Cənub qrupu şivələrinin leksikasını öyrənmək məhz yuxarıda dediklərimiz baxımından çox faydalıdır və onun tədqiqi vacibdir. 

Beləliklə, Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinin Şahbuz şivələrinə həsr olunan bu monoqrafiya olduqca faydalı tədqiqat əsəridir. Bu kitabın Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, onomalogiya sahəsi üçün, bütünlükdə xalqımızın soykökü, etnoqrafiyası, tarixi, coğrafiyası üçün xüsusilə faydalı olacağı şübhəsizdir.

 

 

Zülfiyyə İSMAYIL,

AMEA Naxçıvan Bölməsinin elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 2 noyabr.- S.7.