Səmimi sözün hikməti
Əlli illik zəngin yaradıcılıq yolu keçmiş şair Əvəz Mahmud Lələdağ poeziyasının leytmotivi vətənə, el-obaya olan tükənməz məhəbbətdir. Onun şeir və poemalarında qürbətdə qalan yurd yerlərimiz ürək ağrısı ilə anılır. Əvəz Mahmud Lələdağ bir şair kimi ulu sözün səmimiyyətinə qəlbən inanır və bu səmimiyyətə böyük hörmətlə yanaşır. Sözün nazını böyük ustalıqla çəkən şair təkcə sözü yazmır, əksinə özünü sözə sevdirməyi bacarır. Məhz bu keyfiyyəti ilə başqalarından fərqlənməyi bacaran şairlərimizdəndir Əvəz Mahmud Lələdağ. Oxucunun qəlbini duyaraq, gözəl söz demək qabiliyyətinə məxsus olan şairdir. Yuxarıda qeyd etdiyimiz kimi, zəngin yaradıcılıq yolu keçmiş şairin bədii irsi çoxçeşidlidir. Onun böyük bir ilhamla qələmə aldığı şeirləri içərisində qoşma, gəraylı və təcnisləri xüsusilə diqqət çəkir. Şairin aşıq şeiri üslubunda qələmə aldığı bu janrlar yüksək poetikliyi və dilinin sadəliyi ilə oxucunu heyran edir. Hal- hazırda ömrünün müdriklik çağını yaşayan ustad- şair Əvəz Mahmud Lələdağın aşıq şeiri üslubunda yazdığı janrları içərisində ustadnamələri xüsusi çəkiyə malikdir. Ustadnamə ustad sözü, ağsaqqal öyüd- nəsihəti kimi qəbul edilir. Deməli, zaman- zaman ağsaqqal babalarımız və ağbirçək nənələrimiz öz müdrik kəlamları ilə gənclərə dəyərli öyüd- nəsihət vermiş və onların tərbiyəçisi olmuşlar. Öz tarixi mənbəyini müdrik xalq deyimlərindən- atalar sözü və məsəllərdən alan ustadnamələr günü bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Ustadnamənin başlıca xüsusiyyəti insana yüksək əxlaqi keyfiyyət və nəcib sifətləri aşılamaqdır. Şairin “Olmaz” rədifli ustadnaməsində oxuyuruq:
Könül, bəmdə dayan, çəkmə çox zilə,
Zildən bəmə enənləri görmüşəm.
Atını oynatma belədən-belə,
Çərxi geri çönənləri görmüşəm.
Ömrü boyu öz zəhmətilə yaşayan şair el malına göz tikməyi özünə əskiklik sayır. Min bir zəhmətlə qazandığı halal çörəyini isə əsl nemət bilir. Bir sözlə, halal anlayışı insanın cəmiyyətdə yüksək mövqeyinin və təmiz adının ifadəsi kimi düşünülməlidir. Mayası zəhmətlə yoğrulmayan təmənnalı niyyətlə dolanan adamlar isə şairin nəzərində həmişə tənqid obyektinə çevrilib. Deməli, haram anlayışı isə düzlüyün, doğruluğun, təmizliyin əksinə olaraq, əyriliklə qazanılan var- dövlətin məzmununu ifadə edir. Şair müasir gənclərimizi təmiz zəhmətlə qazanılan vara, təmiz ada çağırmağı özünə borc bilir. İnsanın mənəvi yoxsulluğunu əks etdirən boşboğazlıq, sözün işlə, əməllə uyğunsuzluğu şairin ustadnamələrində haqlı olaraq tənqid olunur. Şairin fikrincə, insan gərək çox bilib az danışmağı bacarsın. Məclisdə adamları ağıllı və bilikli saysın. Təkcə öyrətməyə deyil, öyrənməyə də meyl etsin. Heç bir əsası olmadan özünə güvənən, lovğalıq eləyən adam hər zaman özünü pis vəziyyətə salır. Düşdüyü məclisdə danışığına məhəl qoymayıb, dildə çoxlu vədlər verən , ancaq işə gələndə, dediklərinin əksinə hərəkət edərək, elin gözündən düşər. Şair öz oxucularını bu cür insanlardan kənar durmağa çağırır:
Yekə məclisində yekə danışma,
Dilin bəlasına, bala, düşərsən.
Özgənin oduyla yanma, alışma,
Bir gün olar, qalmaqala düşərsən.
Əxlaq gözəlliyi və mənəvi
ucalıq kimi qiymətləndirilən dostluq Azərbaycan poeziyasında geniş şəkildə tərənnüm
edilən əsas mövzulardandır. Belə ki,
insanların həyatda üz-üzə gəldiyi çətinlikləri
aradan qaldırması üçün
dostluq hər zaman güclü amil olub. Dostluq daha
çox çətin anlarda,
insanın sarsıntılı vaxtlarında sınanır.
Möhkəm dostluq çətin günün dostluğudur.
Məşhur xalq deyimində olduğu kimi “Dost yolunda boran olar, qar
olar.” Əsl dost, dost yolunda qarşılaşdığı
hər bir çətinliyə sinə
gərməyi bacarmalıdır.
Öz sədaqəti ilə dostuna arxa və
kömək olmalıdır.
Necə deyərlər, əsl dostluqda xəyanətə
yer yoxdur. Şair Əvəz Mahmud Lələdağın təbirincə
desək;
Dostsan əgər, dosta xəyanət etmə,
Xəyanət eyləsən el qınar səni.
Müdrik
şair öz oğlunun timsalında bugünkü cəmiyyətin
üzvlərinə, xüsusən
də, gənc nəslə üzünü
tutaraq nəsihət edir ki, insanın
sədaqəti və ləyaqəti onun mənəvi paklığı
ilə əlaqədardır.
Mənəvi cəhətdən
pak olmayan insanda isə vəfa, sədaqət və ləyaqət ola bilməz. Şair insanın mənəvi- əxlaqi keyfiyyətlərinin üzə
çıxmasında irsiyyətin
rolunu yüksək qiymətləndirir:
Dedim, oğul, bədəsilə
calanma,
Onda vəfa olmaz, sədaqət olmaz.
Şöhrət sevən bir nəsilə calanma,
Şöhrətpərəstlərdə ləyaqət
olmaz.
Şair
Əvəz Mahmud Lələdağın
xalqımızın gələcəyi
olan gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə alaraq, böyüməsinə
öz müsbət təsirini göstərə
bilən ustadnamələri
onlarcadır. Söylədiyimiz
fikirlərin təsdiqi
kimi bir nümunəyə diqqət
edək; Torpaq səcdəgahdır
hər bir insana, Torpaq həyat verir canlıya, cana, Torpaqdır dünyada ən gözəl ana. Torpağı müqəddəs sayasan gərək. Əvəz Mahmud Lələdağın
ustadnamələrindəki dəyərli
öyüd və nəsihətlər müasir
gənclərimizin əsl
vətənpərvər kimi
formalaşmasında mühüm
rol oynaya bilər.
Balakişi İSKƏNDƏROV,
Sumqayıt
Dövlət Universitetinin
əməkdaşı,
folklorşünas
525-ci qəzet.-
2012.- 2 noyabr.- S.7.