Emin Sabitoğlunun 75  illiyi qeyd edilib

 

    Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun 75 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka fortepiano üçün poema yazıb: “Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi”.

F. Əlizadə Emin Sabitoğlu 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib: “Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü doğru-dürüst bilmirdi”.

Daha sonra Azərbaycan Dövlət Televiziyasının bəstəkar haqqında ekranlaşdırdığı yeni sənədli film nümayiş olunub.

Mərhum bəstəkarın qızı, professor-musiqişünas Ceyran Mahmudova atasının çox istedadlı insan olduğunu deyib: “Atamın sayəsində lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu. Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idiheç kimə bənzəməmək” .

Yubiley mərasimində iştirak edən xalq yazıçısı Anar, xalq artisti Sevda İbrahimova əməkdar incəsənət xadimi Zemfira Qafarova Emin Sabitoğlu haqqında xatirələrini bölüşüblər.

 

 

Günel

 

525-ci qəzet.- 2012.- 2 noyabr.- S.7.