Memorialda 8 gün... 

 

... Axı, hər cərrahi əməliyyat haqqında yazmırlar. Mənə elə gəldi ki, bu əməliyyat əvvəlki dörd əməliyyatdan daha ağır keçdi...

Qələmi əlimə alandan təxminən bir saat əvvəl şair Zəlimxan Yaqubu yuxuda gördüm. Gördüm  şairi bir rayonun orta məktəbinə oxucularla görüşə çağırıblar. Zəlimxan müəllim məni ora dəvət edib. Müəllimlər, tələbələr məktəbin böyük həyətinə toplaşmışdılar. Şairlə görüş hələ başlanmamışdı. Zəlimxan müəllim məni görən kimi yeyin addımlarla yaxınlaşdı. Qucaqlaşdıq. Bu görüşümüztəntənəsinəgörə əvvəlki görüşlərimizdən çox fərqli idi. Həyatda onunla tez-tez görüşürük, telefonla danışırıq, amma heç zaman belə görüşümüz olmayıb...

Oyananda öz-özümə fikirləşdim: Bu gün oktyabrın 21-dir. Yanvarın 21-i deyil ki, Zəlimxan müəllimin anadan olduğu gün yuxuma girsin. Nədənsə, İstanbulun Memorial Xəstəxanasına yerləşəndən bəri Zəlimxan müəllimi tez-tez xatırlayırdım. Xəstələnmiş şair onsuz da bir an yadımdan çıxmırdı. Mənə zəng etməməyinin səbəbini onunlaəsaslandırdımki, Türkiyədəki telefonumun nömrəsini bilmir...

Yatağımda bu düşüncələrdə ikən ANS TV- sağlığında müəllimim olmuş böyük şair Xəlil Rza Ulutürk haqqındaÖlümündən 24 saat əvvəlverilişinə baxdım bir daha ürəkdən kədərləndim. Yadıma şairlə əlaqədar son xatirə düşdü. Ölümündən bir gün əvvəlYeni Azərbaycanqəzeti redaksiyasına zəng vurmuşdu. Deyirdi ki, “ayağım yerimir, sizin redaksiyaya verdiyim poemanıƏdəbiyyat qəzeti”nə təqdim etməyinizi xahiş edirəm”. Bəli, onda müəyyən çətinliklər üzündənYeni Azərbaycançıxmırdı... Qəribədir, uzun müddət qonşu olduğum Xalq artisti Yaşar Nurini, Əməkdar artist Baloğlan Əşrəfovu da xatırlamağa başladım...

Dörd gün əvvəl, oktyabrın 17-də əməliyyat olunmuşdum. Bakıya evimizə tez qayıtmaq istəyirdim, yaxınlarımla, doğmalarımla görüşməyə can atırdım. Hələ yatağımdan qalxa bilməsəm də, məşhur həkimin cərrah, professor, doktor Koray Acarlıdan xahiş etdim ki, məni iki gündən sonra – oktyabrın 23-də evə buraxsın. O isə dedi: “Hələ biz bilmirik sənin vəziyyətin necə olacaq. Əməliyyat ağır keçdi...” Koray bəy bu fikirlərilə yaranın təzəliyini, müəyyən fəsadların ola biləcəyini nəzərimə çatdırmağa çalışırdı. Bu həmin Koray Acarlıdır ki, Xalq artisti Yaşar Nuri və Əməkdar artist Baloğlan Əşrəfov üzərində ağır əməliyyatlar aparmışdı. Çox istedadlı və məşhur cərrahdır. Əməliyyatdan bir neçə ay əvvəl Memorial Xəstəxanasına gedib onunla görüşmüşdüm. Söhbət zamanı soruşmuşdum ki, “Koray bəy, mən bu əməliyyatdan sağ çıxacağam?” O da mənə cavab vermişdi: “Maşına minib evə getmək istəyirsən, bilirsən ki, sağ-salamat çıxacaqsan?” Onda yaman qorxmuşdum. Amma sonra öz-özümə fikirləşdim ki, həkimə elə sual verərlər? Elə sualın cavabı da elə belə olar! Bir dəfə də soruşdum ki, “professor, deyirlər, əməliyyatdan sonra fəsadlar çox olur, bu, doğrudur?” Koray bəy də cavab verdi ki, “bəs bilmirsən, bütün əməliyyatlar riskdir?” Onun bu bəzək-düzəksiz danışığı məni əməliyyatdan yaxşı çıxacağıma inandırırdı. Çünki ağıllı fikirləri ağıllı adamlar söyləyə bilərlər. Hələ bir dəfə mənə dedi ki, “istəyirsən sənə təsəlli verim ki, hər şey yaxşı olacaq?”

Əməliyyatdan əvvəl Azərbaycanda qohum-əqrəbalarının hamısı bir-birinə dəymişdi. Mənə tez-tez zəng vururdular, deyirdilər ki, “qorxma, hər şey yaxşı olacaq”. Elə bil, balaca uşağa təsəlli verirdilər. Amma ürəkləri narahat idi. Əllərindən başqa nə gəlirdi ki?! Həm də bu, mənim üzərimdə aparılacaq beşinci cərrahiyyə əməliyyatı idi: boğaz badamcıqlarının götürülməsi, kor bağırsağın kəsilməsi, ürəyimdə baypas əməliyyatı, qaraciyər kistinin alınması, bu dəfə də həmin əməliyyatın təkrarı. Qaraciyər kisti ona görə yenidən əmələ gəlir ki, əməliyyat zamanı alınan kistdən bir qətrə ciyərin başqa yerinə düşür. Koray bəydən onu da soruşmuşdum, bir qətrə yenə də sıçraya bilərmi? O da cavab vermişdi ki, “ola bilər, ona heç kim zəmanət verə bilməz”. Belə doğru-dürüst danışan həkimi sevməmək olarmı? Xəstəyə yalandan təsəlli verməyin nə mənası var?

Balalarım çox narahat idilər, deyirdilər ki, “atamıza bir şey olsa, biz necə yaşayacağıq?” Çünki ali təhsilli olmalarına baxmayaraq, işsizdilər, gələcəyə heç bir ümidləri yoxdur...

Ona görə də fikirləşdim ki, nə olur-olsun, sağ qalmalıyam, vəssalam!

Əməliyyat iki saat çəkib. Bu müddətdə mənimlə birlikdə İstanbula gedən qızım Şəhla əməliyyat otağının qabağında min dəfə ölüb-dirilib... Yenə sağ qalmışam, bu mənə bəsdir!

Əməliyyatdan sonra həkim mənə “Andazol” adlı bir dərman yazmışdı. Vaxtında içmirdim. Koray bəy yarızarafat, yarıəsəbi şəkildə dilləndi: “Özün bil, istəyirsən heç ümumiyyətlə, içmə! Kist yüzdə-yüz yenidən əmələ gələcək!” Mən də dərman içməyi qərara aldım.

Memorial Xəstəxanasında divarlara yapışdırılan böyük həcmli reklamdan oxudum ki, Koray bəyin işlədiyi Memorial Şişli Xəstəxanasının orqan köçürmə mərkəzində artıq 1000-ci ciyər köçürülüb. Divardakı çoxlu qəzet məqalələri bu böyük və müqəddəs işlərdən bəhs edir. Onların bir neçəsinin başlığını oxuculara çatdırmağı özümə borc bilirəm. “15 min kişi orqan gözləyir”, “Qəzetçilər orqan bağışladılar”, “Anası 44 il sonra ikinci dəfə həyat verdi”, “Uşaqdan uşağa ilk qaraciyər köçürüldü”, “30 min insan orqan köçürülmədiyi üçün ölür”, “Gənc televiziya əməkdaşı 5 kişiyə can verdi”, “Bir ölüm, dörd həyat” və s.

Bu qəzet başlıqlarını cib dəftərimə köçürüb otağıma yenicə qayıtmışdım ki, Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov məni ziyarətə gəldi. Həsən müəllimi 20 ildən çoxdur tanıyıram. 90-cı illərdə dövlətçilik uğrunda xalqımızın rifahı naminə mübarizələrdə birlikdə olmuşuq. Son dərəcə dəyərli bir insandır. Sözündən-söhbətindən doymaq olmur. O, mənim sevdiyim, hörmət bəslədiyim çox az adamlardan biridir. Çünki Həsən müəllim sadədir, həm də milli xüsusiyyətləri özündə cəmləşdirmiş bir insandır. Bir-birimizdən ayrılmaq istəmirdik. Çünki çoxdan idi görüşmürdük...

Ayrıca çox səmimi insan təsiri bağışlayan konsul Nuru müəllim də mənə baş çəkməyə gəlmişdi. Naxçıvanda təhsil naziri olmuş rəhmətlik atası Ələkbər müəllimi birlikdə xatırladıq. Ələkbər müəllim mənim qəlbimdə yaxşı bir insan kimi əbədi qalıb...

Bakıya qayıtmamışdan bir gün əvvəl oktyabrın 24-də doktorum Koray bəy otağıma gəlib mənimlə son dəfə görüşdü. Qurban bayramı münasibətilə bir-birimizi təbrik etdik. İndi də mən zarafata keçərək dilləndim: “Koray bəy, bu brilliantları nə zaman sökəcəksiniz?” Mən yaramın tikildiyi parıltılı dəmir saplara işarə edirdim. Koray bəy üzünü yanındakı doktorlara tutub soruşdu: “Bu nə istəyir?” Və əlavə etdi: “A bala, hələ tezdi. Bakıda sökdürərsən”.

Koray bəylə son görüşümüz belə bitdi.

Amma mən doktorlar Nəsimi bəyi, Yücəl bəyi, Nuray xanımı da heç zaman unutmaram. Çünki onlar hər sabah mənə baş çəkirdilər. Onur Çoknak, Pınar Tmese, Həsən Çalışkan, Şərifə Mətin gecə-gündüz qayğımı çəkirdilər.

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, indiki prezidentimiz cənab İlham Əliyevin boynumda böyük haqq-sayları var. Heydər Əliyev İngiltərənin London şəhərindəki Kromvel Klinikasında 1999-cu ildə keçirilən ürək əməliyyatına, İlham Əliyev isə son cərrahiyyə əməliyyatının həyata keçirilməsinə müstəsna diqqət və qayğı göstəriblər. Onların heç zaman unudulmayacaq xeyirxahlıqları qəlbimdə sonsuz minnətdarlıq hissləri yaradır.

Yeri gəlmişkən, məni düşündürən bir sual var! Niyə azərbaycanlılar başqa ölkələrdə müalicə olunmağa üstünlük verirlər? Onlarla fakt söyləyə bilərəm, lakin bu ayrı mövzunun materialı olduğundan birini misal gətirəcəyəm. Azərbaycanda həkimlər iki ildir məni şəkər xəstəsi kimi qeydiyyata alıb, “Diabeton” adlı dərman qəbul etdirirlər. İndi Türkiyədə məlum olur ki, mən ümumiyyətlə, şəkər xəstəsi deyiləm. Nəslimizdə heç kimdə də belə xəstəlik olmayıb. Nə isə...

Bir əlavəmdə var. Bizim bəzi tanınmış adamlar öz xəstəliklərindən şan-şöhrət kimi istifadə edirlər. Qəzetlər  yazır, “Filankəs bu gün Vətənə qayıdır”, Filankəsin müalicəsi başa çatıb”, “Filankəs xəstədir, ona pul toplamaq lazımdır...” və s. və i.a. Biri də əməliyyatdan sonra ekrana çıxıb deyir ki, mən həyata yenidən qayıtdım, indidən sonra ad günümü iki dəfə keçirəcəyəm”. Bir deyən yoxdur, a bala, sənin ad günün kimə lazımdır, axı? Mən 5 əməliyyat keçirmişəm, deməli, 5 dəfə ad günüm olmalıdır? Vallah, belə sözləri eşidəndə adamın olan-qalan  əti tökülür!

Mən bu yazını mənə xeyirxahlıq, diqqət qayğı göstərən, çətin, ağır dəqiqələrdə kömək edən insanlara minnətdarlığımı çatdırmaq üçün yazdım...

 

 

Xeyrəddin Qoca

 

525-ci qəzet.- 2012.- 3 noyabr.- S.28.